Təəssüf edirəm - Qorxmaz Quliyev

Təəssüf edirəm   - Qorxmaz Quliyev

21 Fevral 2024 10:11 333


Mən iki tam azad stixiya tanıyıram: bunlardan biri nəfəs aldığım hava, ikincisi danışdığım dildir.

Mən bunlarsız keçinə bilmərəm - hava mənim cismani, dil mənəvi-idraki mövcudluğumu təmin edir: nəfəs almasam, dünyamı dəyişərəm, danışmasam (mən "danışmaq" deyəndə laqqırtı vurmağı yox, xaricən fikrini sözlə ifadə etməyi, daxilən sözlə düşünməyi nəzərdə tuturam) mənəvi və şüurlu varlıq kimi məhv olaram.

Ona görə də bu stixiyalara yasaq prinsipi ilə yanaşmaq əbəsdir: onsuz da bütün qadağalara baxmayaraq ömrümün sonuna kimi nəfəs alacağam, danışacağam.

Elminiz çatırsa, mənə sağlamlığımı qorumaq üçün düzgün nəfəs almağı, dünyanın mürəkkəbliyini dərk etməkdən ötrü sərrast danışmağı öyrədin.

Stixiya ilə yasaq yox, götür-qoy dilində danışmaq lazımdır. Təklif olunan qaydalarda isə məsləhət ruhu qətiyyən hiss olunmur.

Məndə belə bir təəssürat oyanır ki, orfoqrafiya qaydaları ilə bağlı hansı instansiyada isə qərar qəbul olunmuşdur, müzakirə isə imitasiya xarakteri daşıyır.

Qaydaları təklif etməzdən əvvəl onların fəlsəfəsi haqqında düşünmək lazım idi.

Təəssüf edirəm.