“Xosrov və Şirin” yeni libasda - Fəxri Uğurlu

“Xosrov və Şirin” yeni libasda   - Fəxri Uğurlu

20 İyun 2022 09:13 378


Bəs Nizaminin romanlarını nə vaxt oxuyacağıq?

Fəxri Uğurlu

1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illiyi münasibətilə şairin əsərlərinin bədii tərcümələriylə yanaşı filoloji tərcümələri də nəfis tərtibatla nəşr olundu. Söhbət Nizaminin “Xəmsə” adı altında birləşdirdiyi beş poemasından, bir də lirik şeirlər toplusundan gedir.

Bu çətin işi o dövrün Rüstəm Əliyev, Qəzənfər Əliyev, Mübariz Əlizadə kimi azman mütəxəssisləri başa gətirmişdilər. Şübhəsiz, orijinaldan oxuya bilməyənlər üçün filoloji tərcümə müəllifin sənətkarlığı haqda aydın təsəvvür yaradan əvəzsiz mənbədir. Öz təcrübəmə söykənib deyə bilərəm ki, Nizami dühasının geçək qüdrətini yalnız həmin tərcümələri oxumağa başlayanda hiss elədim. Açığı, filoloji tərcümələrə əlim çatandan sonra bədii tərcümələrə marağım azaldı. Bunu deməklə, əlbəttə, Nizami əsərlərinin bədii çevirmələrini başa gətirmiş şairlərin, tərcüməçilərin böyük zəhmətinə kölgə salmaq istəmirəm.

O zamandan bəri “Xəmsə” silsiləsindən hansısa əsərin yeni bir filoloji tərcüməsinin ortaya qoyulduğunu xatırlamıram. Bu işə yenidən girişməkdə nəinki qəbahət yoxdur, əksinə, alternativ variantların olması şairin də, oxucunun da, mütəxəssisin də xeyrinədir. Rus dilində Şekspirin “Hamlet” faciəsinin onlarla, Hötenin “Faust” əsərinin mən bildiyim ondan artıq versiyası var. Bizdə belə ənənə hələlik yox dərəcəsindədir.

Bu günlərdə qələm dostumuz Etimad Başkeçidin filoloji tərcüməsinin timsalında Nizami Gəncəvinin “Xosrov və Şirin” dastanı yeni libasda təqdim olundu. Poemanın fars dilindən sətri tərcüməsi Əli Şükrünün əməyinin məhsuludur. Kitab Azərbaycan Tərcümə Mərkəzinin keçən “Nizami Gəncəvi ili”nə töhfəsi kimi işıq üzü görüb. Xatırladım ki, qırx il bundan qabaq nəşr olunmuş filoloji tərcümənin, izahların, qeydlərin müəllifi gəncliyində İrandan sovet Azərbaycanına, islam inqilabından sonra yenidən güney Azərbaycana köçmüş soydaşımız, mərhum professor Həmid Məmmədzadədir.



İki tərcüməni tutuşduranda gözümə xeyli fərq dəydi. Ola bilsin, bu fərqlər məzmunun fərqli qavranmasından yox, Azərbaycan dilində fərqli ifadə tərzlərinin seçilməsindən törəyib. Hər halda düzünü mütəxəssislər, nizamişünaslar bilər. Bizə düşən hər iki tərcümədən müqayisəli şəkildə yararlanıb Nizaminin ruhuna bir az da yaxınlaşmaqdır.

Filoloji tərcümələrin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı təəssüflə demək istəyirəm ki, belə tərcümələr kütləvi oxucu üçün nəzərdə tutulmayıb, yəni klassik əsərləri populyarlaşdırmağın, xüsusən də gənclərə sevdirməyin yolu bu deyil. Klassikaya müasir don geyindirməyin başqa yolları da var, amma məncə, ən effektli üsul iri mənzum əsərləri nəsrə çevirib yaymaqdır. Mədəniyyətin ən yüksək səviyyələrə çatdığı ölkələrdə geniş yayılmış bu üsulun bizdə də ənənəsi var. Mərhum yazıçı, ədəbiyyatşünas Mir Cəlal hələ filoloji tərcümələr işıq üzü görməmişdən çox əvvəl şairin 800 illiyinə töhfə kimi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasını nəsrlə çevirib nəşr etdirmişdi, yəni poemanı roman kimi təqdim eləmişdi. Başqa bir mərhum filoloq Sabir Əliyev Füzulinin “Leyli və Məcnun” poemasını nəsrə çevirib sözbəsöz sadələşdirmişdi. Yaxşı xatırlayıram ki, hər iki dahi şairin fikirlərini, ideyalarını anlamaqda bu tərcümələrin, sadələşdirmələrin erkən gəncliyimdə mənə böyük faydası olmuşdu.

Klassik dünyada epik-fəlsəfi əsərlər əsasən mənzum janrda yazılırdı - Şərqdə Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si, onun ardıcılları Əmir Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin, Əlişir Nəvainin dastanları, Qərbdə Dantenin “İlahi komediya”sı, Miltonun “İtirilmiş cənnət”i, Hötenin “Faust”u, Bayronun “Don Juan”ı bunun ən parlaq örnəkləridir. Ancaq bəşəriyyət yeni dövrə qədəm qoyandan bəri - təxminən iki yüz ildir dünya ədəbiyyatında roman (nəsr də demək olar) dominant janra çevrilib. İndiki cavanlara epik poemalar oxutmaq çox müşkül, az qala mümkünsüz məsələdir. Fəqət adını çəkdiyim-çəkmədiyim irihəcmli mənzum əsərləri roman qəlibinə sala bilsək, bəlkə də onları ədəbiyyatçıların monopoliyasından qurtarıb kütləvi istehlaka buraxa bilərik. Nizami dastanlarının filoloji tərcümələri əlimizin altındaykən bu, elə də çətin vəzifə sayılmamalıdır. Elə “Xosrov və Şirin”in Etimad Başkeçidin yenidən ərsəyə gətirdiyi filoloji tərcüməsini də çox çətinlik çəkmədən roman mətninə çevirmək olar. Məncə, Nizami dastanlarına yeni nəfəs verməyin vaxtı çoxdan yetişib. Ümidvaram yaxın gələcəkdə Nizami Gəncəvinin təkcə poemalarını yox, romanlarını da oxumaq qismətimiz olacaq.