Yeni hekayə: Suqsvanq

Yeni hekayə:    Suqsvanq

17 Avqust 2022 12:31 1274


Suqsvanq

Adil Quliyev

Lidiyaya ithaf olunur

Payız artıq gəlmişdi. Qışın yaxınlaşdığını hiss edən torpaq, payızın qızılı yarpaqlarından düzəltdiyi yorğanı üstünə çəkmişdi. Səma yas saxlayan dul arvadlar kimi qap-qara buludlara bürünmüşdü . Hərdənbir ildırım çaxır, dalınca göy guruldayırdı, elə bil səmada dövrə vuran buludlar qəhqəhə çəkirdi.

Otağımın pəncərəsindən baxıb seyr etdiyim bu mənzərə getdikcə ürəyimi üşüdürdü. Sanki onu çıxarıb həyətin ortasına – küləyin, yağışın altına qoymuşdular. Külək əsdikcə qəlbimin qubar bağlamış qasnaqları bir-bir qopub kitab kimi vərəqlənir, olub -keçənlər kino lenti kimi gözümün önündən keçirdi. Yayda qızmar günəş şüalarını, yazda ağacların, çiçəklərin xoş ətrini mənə bəxş edən bu pəncərə, indi acı xatirələri yaşatmaqdan başqa heç nəyə yaramırdı. Pərdəni çəkib otaqdan çıxdım. Bir az buralardan, şəhərin hay-küyündən uzaqlaşmaq, sakitliyə çəkilib fikirlərimlə, xatirələrimlə baş-başa qalmaq istəyirdim.

Şəhərdən xeyli aralanmışdım. Deyəsən, buralara yağış yağmamışdı. Heç külək də əsmirdi. Göy üzü tər-təmiz idi. Günəş də heç nə olmamış kimi şəfəqlərini hər yana saçmışdı.

Maşını torpaq yola döndərib bir az içəri, meşənin dərinliyinə sürdüm və saxladım. Şüşəni aşağı salıb payızın gözəlliyinə tamaşa etmək istəyirdim. Burada təbiət min bir rəngə boyanmışdı. Sarı, qızılı yarpaqlar meşəyə əsrarəngiz gözəllik verirdi. Torpaq xəzəllə örtülmüş, ağaclar yaşıl donunu çıxarıb əyninə toya hazırlaşan adamlar kimi rəngbərəng paltarlar geymişdi. Ancaq...

Ancaq payızın bu gözəlliyinin, bu bayram əhval-ruhiyyəsinin içində bir narahatlıq, bir təlaş vardı.

Birdən tamamilə çılpaq bir ağac diqqətimi cəlb etdi. Ağacın bir budağında cəmi ikicə yarpaq qalmışdı. Yarpaqlardan biri nisbətən yaşıl, o biri isə sapsarı idi. Külək əsdikcə saralmış yarpaq yellənir, az qala o biri yarpaqlar kimi qopub yerə düşürdü. Ancaq son gücünü toplayıb küləklə ölüm-dirim mübarızəsinə qalxır, budaqdan bərk-bərk yapışıb təslim olmaq istəmirdi. Yarpağa yazığım gəlirdi. Əgər imkanım çatsaydı, onu əllərimlə örtüb küləyin hücumundan xilas edərdim. Ancaq təəssüf ki, əlimdən heç nə gəlmirdi. Və... Yarpağın gücü tükəndi deyəsən. Budaqdan ayrıldı. Havada kəpənək kimi dövrə vuraraq soyuq torpağın üstünə düşdü .

Əlbəttə , bu adi bir təbiət hadisəsi idi və hər gün milyonlarla yarpaq bu taleyi yaşayırdı. Ancaq nədənsə mən bu adi təbiət hadisəsini izləyərkən səni xatırladım. Axı nə vaxtsa sən də bu yarpaq kimi son gücünü toplayıb həyatdan yapışır, ondan qopmaq istəmirdin.

Həmin gün tezdən durmuşdum. Poliklinikaya bir yerdə gedəcəkdik. Axır vaxtlar tez-tez əhvalından şikayət edirdin. O vaxt sənin vur-tut on yeddi, mənim isə iyirmi bir yaşım var idi. Əl-ələ tutub şabalıd ağacları ilə əhatə olunmuş küçə ilə gedirdik. Sənin və bu ağacların ətri məni məst eləmişdi. Kefimiz kök idi. Yol boyu deyə-gülə zarafatlaşdıq . Poliklinikaya çatanda üzümüzə ciddi ifadə verib qapıdan içəri keçdik. Talon götürüb dar pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq və terapevtin qapısı ağzında dayandıq. Növbən çatanda artıq səndə yoldakı əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı , ayağını sürüyə-sürüyə içəri keçdin. Mən isə dəhlizdə dayanıb axşamı harada və necə keçirəcəyimiz haqqında planlar qururdum.

Həkimin qəbulu təxminən yarım saat çəkdi. Bayıra çıxanda o saat başa düşdüm ki, axşama qurduğum planlar baş tutmayacaq. Gözlərində qorxu və həyəcan vardı.

- Həkim nə dedi ? - tələsik soruşdum. Sən mənə baxdın, ancaq cavab vermədin. Mən bir də soruşdum.

- Deyəsən vəziyyət yaxşı deyil , - nəhayət səsin titrəyə-titrəyə mizildandın . - Məni müayinə olunmaq üçün Pesoçnıdakı onkologiya xəstəxanasına göndərirlər.

- Nə danışırsan? Nə onkologiya? Ola bilməz! - səni sakitləşdirməyə çalışdım.

Onda mən həqiqətən həkimə inanmadım. Fikirləşirdim ki, axı necə ola bilər, sənin kimi gənc, gözəl bir qız belə qorxulu xəstəliyə tutulsun.

- Həkimlərin sözünə fikir vermə, onlar tez-tez səhv edirlər, - inamlı səslə dedim. - Sən ruhdan düşmə, bax, görərsən, hər şey yaxşı olacaq. Ancaq yenə də hər ehtimala qarşı gedək müayinə olun.

- Elədir, düz deyirsən, mənim də inanmağım gəlmir, amma gedib yoxlanmaq lazımdı, yoxsa elə həmişə bu haqda düşünəcəm.

Sabaha saxlamadıq. Elektrik qatarına minib Pesoçnıya getmək üçün vağzala gəldik. Yol boyu çox çalışdım zarafat edim, səni şənləndirim, ancaq sən, sanki məni eşitmirdin, fikrin uzaqlarda idi. Cəhdlərimin mənasız olduğunu başa düşüb sənin kimi susmağa üstünlük verdim. Xəstəxanaya qədər beləcə lal-dinməz qaldıq.

Bu boz, tutqun rəngli, divarları kif bağlamış binaya baxanda adamı vahimə basırdı. Qapının ağzında xeyli dayandıq, içəri girməyə tərəddüd edirdik. Sən qorxudan xəzan yarpağı kimi əsirdin. Əlini tutub təlaş içində çırpınan gözlərinə baxdım:

- Qorxma, nə olur-olsun, yanındayam!

Yekə, ağır qapını güclə itələyib bu qorxunc binanın içərisinə girdik. Dəhliz rəngi saralmış, gözləri tuluqlamış, sifətindən ümidsizlik yağan adamlarla dolu idi. Biz onların arasından keçdikcə hamının maraqla bizə baxdığını hiss edirdim. Çox güman bu yaraşıqlı gənclərdən hansının o zəhrimar xəstəliyə tutulub onlarla eyni tale yaşayacağını ayırd etmək istəyirdilər.

Uzun dəhliz yazıları oxuya-oxuya, nəhayət, bizə lazım olan otağı tapdıq. Qapının üstündə sənə poliklinikadan verilmiş göndərişdəki həkimin soyadı yazılmışdı. İçəri keçməzdən öncə bir də dönüb mənə baxdın. Sanki mənim burda - yanında olduğumu dəqiqləşdirmək istəyirdin.

Vaxtı tez ötürmək üçün dəhlizin divarlarında nə qədər yazı, elan lövhəsi var hamısını bir-bir oxuyub qurtardım. Ancaq vaxt getmək bilmirdi. Sənə nə qədər ürək-dirək versəm də, doğrusu, özüm də qorxurdum.

Nəhayət, həkimlə bir yerdə çıxdın. Həkimin görünüşü mənə doktor Aybaliti xatırlatdı. Ağappaq bığı, saç-saqqalı və çox da böyük olmayan qarnı vardı. Doktor məni başdan-ayağa süzüb soruşdu:

- Sən kimsən?

- Dostuyam! - nədənsə farağat dayandım.

Doktor bir də məni başdan-ayağa süzüb dedi:

- Yaxşı dostsan.

Sonra üzünə ciddi ifadə verib davam etdi:

- Belə, cavan oğlan, yəqin bu gün sən evə tək getməli olacaqsan. Lida burda qalacaq. Bəlkə də onda ciddi bir şey yoxdur, ancaq bütün hallarda biz bəzi məsələləri aydınlaşdırmalıyıq . İndi isə get evə və sabah ona diş fırçası, bir də dəyişək ayaqqabı gətir.

Mənə elə gəldi ki, doktorla söhbətdən sonra əhvalın bir az düzəlmiş, özünə inamın artmışdı. Səni belə gördüyüm üçün mən də bir az sakitləşdim və vidalaşıb evə yollandım.

O gündən mən bu qorxunc binanın daimi ziyarətçilərindən birinə çevrildim. Mən bu binanı insan ruhu ilə qidalanan əjdahaya bənzədirdim. Xəstəxanada yatdığın bu bir neçə ayda hamı məni tanıdı. Elə mən də hamını tanıdım və nəyin harada, necə yerləşdiyini əzbərlədim. Hətta pilləkənin məhəccərlərindən çıxıb əlimi incidən mismarların da yerini bilirdim.

Xəstəxananın yolu çox yorucu idi. Şəhərin bu başından o başına avtobusla, sonra isə Pesoçnıya qədər elektriçkada xeyli yol getməli idim. Ancaq mənə ən çətin gələn dəhlizin başından sənin palatana qədər olan məsafə idi. Ağ-qara kafellər döşənmiş dəhlizin döşəməsi mənə şahmat taxtasını xatırladırdı: ağ fiqurlarla həkimlər, qara fiqurlarla ölüm oynayırdı. Hər gün burada yeni partiyalar oynanılır, bütün hallarda oyun qaraların qələbəsi ilə başa çatırdı.

Bütün lazımi müalicələr aparılsa da, sənin vəziyyətin gündən-günə pisləşirdi. Həbs müddətini başa vurmuş məhbus kimi sənin ruhun da azadlığa çıxmaq istəyirdi. Sən isə sanki zərif əllərinlə onu tutub saxlayır, buraxmaq istəmirdin.

Palata yoldaşların səni mələyə bənzədirdilər. Ağ pijamada, ağappaq yataqda, balışın üstünə tökülmüş sarışın saçlarınla sən həqiqətən də mələyə bənzəyirdin. Ancaq sən mənim üçün qəlbimə bahar gətirən, lakin tezliklə oranı tərk edib qara-borana çevirən qaranquşu xatırladırdın.

Mən həmişəki kimi əlini əlimə alıb sənə gülməli əhvalatlar danışırdım, sən isə diqqətlə qulaq asıb gülürdün. Danışıb qurtarandan sonra əlimi dodaqlarına yaxınlaşdırıb öpdün və:

- Nə yaxşı ki, sən varsan... - dedin.

Əyilib səni qucaqladım.

- Neçə gündür xəstəxanadayam? - qəfildən soruşdun

- Bilmirəm, - cavab verdim, - bircə onu bilirəm ki, bu gün ayın 10-dur.

Və o saat xatırladım - sabah sənin ad günündür!

- Sabah sənin ad günündür, yadından çıxmayıb? - gülümsəyib soruşdum.

- Hə, doğrudan, tamam unutmuşdum, sağ ol, sənin yadındadır.

Sonra sakit-sakit dedin:

- Xəstəxanaya gələnə qədər bu günü həsrətlə gözləyirdim, istəyirdim yaxşı makiyaj edim, əynimə qəşəng qırmızı paltar geyinim, böyük tort bişirim və çoxlu qonaqlar çağırım. İndi bunların heç biri yoxdur. Doğum günümü xəstəxanada keçirəcəyim heç ağlıma gəlməzdi.

Sonra qəhərlənib mələfəni üzünə çəkdin. Yenə əyilib səni qucaqladım və nə qədər arıqlayıb zəiflədiyini indi hiss elədim:

- Belə olacağı heç mənim də ağlıma gəlməzdi. Ancaq sən narahat olma, hər şey yaxşı olacaq, sən sabah hamıdan gözəl olacaqsan, hamı sənə həsəd aparacaq, inan mənə.

Ertəsi gün dırnaq üçün lak, pomada və göy karandaş alıb klinikaya gəldim. Palata yoldaşından səni makiyaj etməsini xahiş etdim. Manikürlə isə özüm məşğul olmağa qərar verdim. Zərif əllərini əlimə alıb xəstəliyin təsirindən saralmış dirnaqlarına lak sürtməyə başladım. Bu işdə təcrübəm olmadıği üçün bir az çox əlləşməli oldum, ancaq nəticə çox gözəl alındı. Axırda güzgünü götürüb sənə tərəf çevirdim:

- Necədir, xoşuna gəlir?

Gülümsədin. Gözlərin yaşla doldu. Başını razılıqla tərpətdin. Sonra əllərini qaldirib dedin:

- Əsas da dırnaqlarım...

Həmin gün həkimdən icazə alıb axşamacan yanında qaldım. Sən kürəyinə bir neçə yastıq qoyub çarpayıda oturmuşdun. Həqiqətən də bu gün çox gözəl görünürdün. Palata yoldaşlarından və məndən başqa Tümendən gəlmiş anan, bacın və xalan da burada idi. Hamı şən olmağa çalışır, deyib-gülür, zarafat edirdi. Nə qədər çalışsaq da, bütün bunlar mənə pis hazırlanmış tamaşanı xatırladırdı. Bütün palata teatra çevrilmişdi, hər kəsin öz rolu vardı, biz isə səninlə bu tamaşanın baş rollarını oynayırdıq. Beləcə 18 yaşını əzizlərinin və doğmalarının əhatəsində içkisiz, tortsuz qeyd etdik.

Bir neçə gündən sonra xəstəxananın girişində xalanla rastlaşdım. Elə bil ağlamışdı. Gözləri də qıp-qırmızı idi. Məni görcək titrək səslə dedi:

- Tez get. Lidya ölür!

Pilləkənə qaçdım.

-Baxılsız olmaz , - qarovulçu qabağımı kəsdi.

- Mən tələsirəm. Sevdiyim qız ölür. Xahiş edirəm buraxın! - deyib ona vəziyyəti izah etməyə çalışdım.

- Nə olsun, burada hər gün kimsə ölür - dedi.

Gündəlik işini yerinə yetirməyə adət etmiş bu qəlbsiz, ruhsuz insanla danışmağın mənasız olduğunu görüb sinəsindən itələdim və pilləkənə tərəf qaçdım.

- Ey, vəhşi, dağdan düşmüsən?! - dalımca qışqırdı.

Başqa vaxt olsa, cavabını verərdim, indi zamanım yox idi. Pilləkənləri sürətlə qalxıb palataya girdim. Sən xırıltılı səslə tez-tez nəfəs alırdın. Anan və bacın çarpayının ətrafında dayanıb çarəsiz, səssizcə ağlayırdılar. Sən arıq, zərif barmaqlarınla mələfənin kənarından bərk-bərk yapışıb onu ovcuna elə sıxmışdın ki, sanki həyatın özündən yapışıb onu əlindən buraxmaq istəmirdin. Məni görəndə bir qədər sakitləşdin. Sonra bir əlini güclə qaldırıb gülümsədin. Anan bunu görüb sənə tərəf atıldı:

- Qızım, nəsə istəyirsən?

Ancaq təkcə mən başa düşdüm ki, sən mənə laklı dırnaqlarını göstərirsən. Mən göz yaşlarımı güclə saxlayırdım. Bir söz də tapıb deyə bilmirdim sənə. Sən qəmli, bir az da geniş açılmış gözlərini mənə dikmişdin. Başa düşdüm ki, vidalaşmaq istəyirsən mənimlə. Yaxınlaşıb sənə tərəf əyildim, var gücünü toplayıb həyatla son mücadiləsini aparan ürəyinin döyüntülərini eşidirdim. Çox sevdiyim sarışın, pırpız saçlarını tumarladım, öpdüm səni. Həyatımın ən ağır, ən çətin anlarını yaşayırdım. Az qalırdı ürəyim partlasın. Qəm-qüssə ilə dolu isti göz yaşlarım bir-birinin ardınca yanağıma, oradan da döşəmənin üstünə tökülür, arzularımız kimi çilik-çilik olurdu. Vaxtı ilə sənə bəslədiyim sevgidən qəlbimə hopan bu damlalar indi elə damla-damla da içimi tərk edir, yerində böyük və dərin bir boşluq buraxırdı. Buz kimi soyuq əllərini əlimə götürüb dodaqlarıma yaxınlaşdırdım. Onları nəfəsimlə isitmək istəyirdim. Sən gözlərimin içinə baxıb çətinliklə dedin:

- Xahiş edirəm, ağlama, görürsən, mən ağlamıram, sən mənim yanımda olanda ağlamamalısan. Axı biz həmişə bir yerdə olanda ikimiz üçün də yaxşı olub.

Sonra güclə gülümsədin:

- İstəyirəm , sən həmişə məni belə xatırlayasan . İndi isə xahiş edirəm, get burdan.

Mən getmək istəmirdim, ancaq sənin axırıncı xahişini yerinə yetirmək qərarına gəldim. Palatadan çıxanda bir anlıq geri döndüm, baxışlarımız qarşılaşdı və özümü güclə gülümsəməyə məcbur etdim. Sonra üzümü çevirib dəhlizə çıxdım. Döşəməsi mənə şahmat taxtasını xatırladan dəhlizə... Bu gün də bu taxtada yeni partiya oynanılırdı. Ancaq bu gün məğlub olan, heç bir şansı qalmayan şahın yerində mənim Şahzadəm dayanmışdı.

Yavaş -yavaş, ağır addımlarla pilləkənləri düşdüm . Qəribədir, o qədər hay-küyün içində mən ayaqqabılarımın taqqıltısından başqa heç nə eşitmirdim. Bu taqqıltılar mənə sənin ürəyinin son döyüntülərinin əks-sədasını çatdırırdı.

Çıxışda qarovulçunu gördüm, ona yaxınlaşıb dedim:

- Yox , sən düz demirsən, hər dağdan enən vəhşi deyil. İusus Qolqof, Məhəmməd Ərafat dağından enmişdi.

Cavab gözləməyib xəstəxanadan çıxdım. Küçədə çiskin yağış yağır, soyuq şimal küləyi əsirdi. Arxama baxmadan, qaçırmış kimi iti addımlarla yeriyirdim. Ölümlə həyatın qarşılaşdığı bu lənətə gəlmiş yeri tez tərk etmək istəyirdim.

Deyirlər zaman hər yaranı sağaldır, ancaq nə qədər zaman keçsə də, bütün bunlar dünən kimi xatırlayıram. Hər dəfə olub-keçənləri bütün ağırlığı ilə təzədən yaşayıram.

Maşından çıxdım. Özümə bir cığır tapıb meşənin dərinliyinə yollandım. Ayağımın altında qalan xəzan yarpaqlar xışıldayır, elə ovaxtkı kimi soyuq şimal küləyi yağiş damcılarını üzümə çırpırdı.

Tərcümə: Tahir Dövlətoğlu