Allahı öldürən filosof - Fəxri Uğurlu

 Allahı öldürən filosof   - Fəxri Uğurlu

14 Fevral 2023 14:05 315


Dionis elçisinin dörd ünsürü

Yeni Avropa fəlsəfəsində irrasional xəttin banisi Artur Şopenhauer təbiətin, insanın, bütövlükdə varlığın kor bir iradənin əlində oyuncaq olduğunu deyəndə vahid dünya iradəsini nəzərdə tuturdu, elə bir qüdrətli iradəni ki, onun dalğaları kainatın bütün nöqtələrini vurur, onun damlaları həyatın hər anına sıçrayır, onun seli ölü daşların belə içini isladır. Şopenhauer klassik alman idealistlərinin, ələlxüsus Hegelin konturlarını cızdığı kosmosa, harmoniyaya daban-dabana zidd bir model ortaya qoyur, şüurun yerinə iradəni, nizamın yerinə xaosu, zərurətin yerinə mütləq təsadüfü oturtmaqla həyatın yeni düsturunu təqdim eləyirdi.

Bu baxış Avropa düşüncəsinə təsirsiz qalmadı, “Dünya iradə və təsəvvür kimi” traktatının işıq üzü görməsindən (1818-ci il) sonrakı onilliklərdə Qərb düşüncəsi neçə-neçə irrasional ədəbi-fəlsəfi cərəyan icad elədi. Bunların bir qismini ümumiləşdirib adını “həyat fəlsəfəsi” qoydular. Fridrix Nitsşenin təlimi də bu qismə aid olunur.

Ancaq Nitsşenin iradəsi Şopenhauerin iradəsi kimi qlobal, nəhəng, qollu-budaqlı ümumdünya iradəsi deyil, onun fəlsəfəsi iradə plüralizmi üzərində qurulub. Kainatdakı bütün varlıqlar, bütün zərrəciklər hakimiyyət uğrunda fasiləsiz yarışırlar, güclü gücsüzü, qoçaq əfəli sıradan çıxarır, heç kim heç kimə rəhm eləmir, üstəlik, bu proses bir göz qırpımınca belə ara vermir. Ustadının təlimi ona güclü təsir göstərmişdisə də, adına Qərbin Buddası deyilən Şopenhauerin gəldiyi, əgər belə demək olarsa, passivist nəticə, sükunət mövqeyi, həyata seyrçi münasibət Nitsşeyə tamamilə yabançı idi. Nitsşenin yaratdığı Fövqəlinsanın nərəsi eynən Vaqnerin “Valkiriya”sı kimi sinirləri son həddə qədər tarıma çəkir, qulaqları deşirdi. Elə bil dünyaya ün salmaqla o, Şopenhauerin sükutunu batırmaq istəyirdi.

***

Nitsşenin təlimi xristianlığın tərsinə çevrilmiş variantıdır. Onun hətta üslubu da Bibliya üslubunun təsiri altında, onun astarı kimi formalaşıb. Filosof hesab eləyirdi ki, xristian əxlaqı kölələrin, qulların yaratdığı bir əxlaqdır, çağdaş Qərb sivilizasiyası, demokratiya, liberalizm, humanizm xristianlığın sekulyar don geyindirilmiş versiyasından başqa bir şey deyil. Zəiflərin uydurduğu bu əxlaq gücə, güclülərə, aristokratizmə, təbiətə qarşıdır, insanı heydən salır, seçkin fərdlərə, təbiətdən nəsibini almış azmanlara kin, nifrət aşılayır. Bu isə, onun fikrincə, mənəvi tənəzzülə, dekadansa gətirib çıxarıb, başqa sözlə, bu əskimiş, köhnəlmiş əxlaqı yaradan Allah ölüb. Aydındır ki, söhbət xristianlığın tanrısından gedir.

Nitsşe xristianlığı yamanlamağa Sokratdan, Platondan başlayırdı, xristian dinini “sürü üçün platonizm” adlandırırdı. Onun fikrincə, həyat iki mənbədən, iki başlanğıcdan qidalanır - bunlardan biri Apollon (müdriklik, harmoniya, rasionallıq), o biri Dionis (ehtiraslar, xaos, irrasionallıq) başlanğıcıdır. Sokratdan başlanan fəlsəfə məktəbi Apollonu önə çəkib Dionisi arxa plana keçirməklə kölələrin əxlaqını ümumbəşəri normaya çevirib, kütlələrin fövqündə duranların, güclülərin əl-qolunu bağlayıb. Ona görə də insanlıq çoxdan unutduğu əzəli əxlaq normalarını dirçəltməli, təbiətlə həmahəng yaşamağa qayıtmalıdır. Onun tarixi eninə-uzununa biçib keçmiş dahi canilərə, nəhəng qatillərə, göz qırpmadan ölkələrin, xalqların üstünə gedən fatehlərə, bütöv elləri, ulusları qılıncdan keçirən tiranlara heyranlığı da elə buradan qaynaqlanırdı. Bir sözlə, Nitsşe özünü qədim yunan tanrılarından biri olan Dionisin peyğəmbəri elan eləyib, Apollonun bəndələrinə savaş açmışdı.

Nitsşe təliminin prinsipləri İsa Məsihin ortaya qoyduğu əxlaq kodeksinin müddəalarına daban-dabana zidd getmək üzərində qurulub. Başqa sözlə, o özünü İsa peyğəmbərin anipodu kimi dərk eləyirdi. Bu, onun bütün yaradıcılığında, xüsusən də “Antixristian” əsərində aydın görünür. Bu traktatında Nitsşe sələfinin sevgi, mərhəmət çağırışlarına amansız bir hücum çəkir, “yıxılanı itələyin, qoy bütün zəiflər, şikəstlər məhv olsunlar, onları nəinki xilas eləmək, əksinə, onlara ölmələri üçün yardım göstərmək lazımdır” deyir. Yeri gəlmişkən, həmin əsərdə filosof islam dinini tərifləyir, “islama kişilər gərəkdir” yazır.
Allahı öldürsə də, Nitsşe onun taxtına yeni Tanrı çıxara bilmədi. Onun fövqəlinsanı Allah deyil, İsa Məsihin timsalında yaradılmış ilahi insan (“boqoçelovek”) obrazının kölgəsi, neqatividir. Ruslar buna bəzən “çelovekoboq”, bəzən də “sverxçelovek” deyirlər. Ayrı sözlə, biri Tanrının, o biri İblisin elçisidir. İlahi insan Tanrıya, fövqəlinsan dünyəvi hakimiyyətə can atır. Məgər Tanrı ən böyük hakimiyyət deyilmi? Ancaq Nitsşe ilahi başlanğıcı nəzərə almır, kainatı başdan-başa Şeytanın şəriksiz mülkü kimi qələmə verirdi. Bu isə Tanrını taxtından salmaq, Allahı yıxmaq üçün yetərli deyildi. Köhnə Tanrını yalnız yeni Tanrı yaratmaqla “işdən çıxarmaq” olar.

Nitsşe fəlsəfəsi dörd başlıca imperativ, ehkam, prinsip üzərində qurulub:

a) bütün dəyərlərin yenidən dəyərləndirilməsi;
b) hakimiyyət iradəsi;
c) fövqəlinsan;
d) əbədi qayıdış.

Birinci müddəanı filosof azmış bəşəriyyəti doğru yola qaytarmaq, yəni Apollon ümmətini Dionisin sərəncamına vermək məqsədilə ortaya atmışdı. Onun fikrincə, Sokratdan, Platondan başlanıb xristianlığın yayılmasıyla yekunlaşan, əslində yekunlaşmayan, bu gün də davam eləyən bir proses, humanizmin bəşəri dəyər kimi qələmə verilməsi bir aldanış, illüziyadır. Xristianlığın başlıca dəyər saydığı mərhəmət təbiətə ziddir, insanı zəiflədir, varlığı tənəzzülə uğradır. İnsanlara mərhəmət hətta Allahın özünü də öldürüb. “Allah ölüb, onu bir özgəsi yox, biz özümüz öldürmüşük”, deyir Zərdüşt (Bilənlər bilir ki, Nitsşenin Zərdüştünün tarixi Zərdüştə - “Avesta”nın müəllifi, qədim İran peyğəmbəri, Əhəmənilərin, Sasanilərin pərəstiş obyekti Zərdüştə heç bir aidiyyəti yoxdur). Bu məsələdə o, İncil əxlaqını astar üzünə çevirib yeni mənəvi imperativlər irəli sürür.

Nitsşe materialist olduğuna görə ruhun, onun bir atributu, xassəsi kimi əxlaqın əbədiliyinə inanmırdı, o sadəcə kölələrin əxlaqı kimi qələmə verdiyi humanizmi aristokratların, ağaların əxlaqıyla, təxminən Sparta əxlaqıyla əvəzləmək təklifini irəli sürürdü: təbiətdə bərabərlik, qardaşlıq, mərhəmət deyilən bir şey yoxdur, insan cəmiyyəti də təbiət qanunlarıyla həmahəng yaşamalıdır. O özünün yeni etik kodeksini öz fəlsəfə qayığında “xeyirlə şərin o tayına” (bu adda əsəri də var) adlatmışdı.
Halbuki əxlaq heç vaxt dəyişməyən əbədi bir dəyərdir, onun yalnız ifadə formaları, şəkilləri, necə deyərlər, donu dəyişir. Yetkin cəmiyyətlərin tapındığı normalar, sivil qanunlar əxlaqi dəyərlərə layiq olmağa, obrazlı desək, onun əyninə oturmağa çalışır. Nə vaxtsa əxlaqın məzmunuyla forması tam üst-üstə düşəndə, forma tam təkmilləşib məzmunu olduğu kimi ifadə eləyəndə bu, əbədi əxlaqın, Tanrı əxlaqının yer üzündə zəfəri, təntənəsi olacaq. İnsan hüquqlarını müqəddəs tutan bütün çağdaş sənədlər, qanunlar, bəyannamələr həmin o pozulmaz əxlaqa söykənir, ondan güc alır. Nitsşe isə bütün bunları görmək, tanımaq istəmirdi, İsa Məsihə cəng açmaqla əslində onun kölgəsinə, dəccalına çevrildiyinin fərqinə varmırdı.

Bir daha vurğulamaq istəyirəm: dəyər heç vaxt dəyişmir, dəyişən onun ifadə vasitələridir, bu vasitələr təkmilləşə-təkmilləşə əbədi əxlaqın boyuna biçilməyə, ona layiq olmağa can atır.

Nitsşenin “hakimiyyət iradəsi” Şopenhauerin “yaşamaq iradəsi”nin bəslənib-böyüdülüb cəngavərlik rütbəsinə çatdırılmış yetkin versiyasıdır. Filosofun iddiasına görə, hakimiyyət iradəsi haqdır, onun istədiyi, aldığı, qamarladığı nə varsa, halalıdır. Heç bir fatehi, insanlıq qatilini, kütlələrin qanını içən tiranı əməllərinə görə qınamaq olmaz, çünki o, təbiətin hökmünü yerinə yetirir, qondarma yasaqların, uydurma normaların, qorxuların üstündən aşıb, canındakı ağalıq ehtirasına, hakimiyyət instinktinə azadlıq verir. Bunlar nəinki qınanmalı, tam tərsinə, təbiətin şah əsəri kimi müqəddəs tutulmalı insanlardır. Kütlələr, adi adamlar onları əməllərinə görə sorğu-suala çəkə, mühakimə eləyə bilməzlər, kölənin ağanı sorğulamağa ixtiyarı çatmır.

Sonralar alman faşistləri bu doqmadan yetərincə yararlandılar, filosofun bacısının da yaxından yardımıyla Nitsşeni faşizmin peyğəmbərinə, Hitlerin mənəvi atasına çevirdilər. Belə güman olunur ki, Nitsşe özü buna razılıq verməzdi, ancaq kim nə deyir desin, onun fəlsəfi üvertürasında faşist əsgərlərinin ayaq səsləri aydın eşidilir. Hər bir fikir adamı dediyi sözün məsuliyyətini daşımalıdır. Karl Marksı Lenin-Stalin kommunizminin, Fridrix Nitsşeni Hitler faşizminin cinayətlərindən tam arındırmaq mümkün deyil, onlar bütün bunlara görə hansısa dərəcədə məsuliyyət daşıyırlar.

***

Nitsşenin fövqəlinsanını siyasətə transfer eləsək, üçüncü reyxin amansız füreri Adolf Hitler alınacaq. Fəqət öz doğma müstəvisində o, insan azadlığının simvolu, mənəvi qüdrətin zirvəsi, yüksək iradənin təcəllasıdır. “Zərdüşt belə deyərdi” adlı şah əsərində Nitsşe yazırdı ki, insan - heyvanla fövqəlinsan arasında körpüdür. Bəzən onun təlimini anarxizmlə (siyasi yox, individual anarxizmi nəzərdə tuturam) qarışdırırlar, ancaq bu da doğru yanaşma deyil. Anarxizmin banisi Maks Ştirner mütləq azadlığı ayrıca götürülmüş hər bir fərdə tanıyır, Nitsşe isə belə bir haqqı yalnız fövqəlinsana qıyır. Başqa sözlə, qəzəbli filosof adi anarxist, sadə nihilist yox, anarxizmin, nihilizmin peyğəmbəridir (antipeyğəmbər, antixrist də demək olar). Onun baxışına görə, İsa Məsih özü də fövqəlinsandır, ancaq həvariləri (xüsusilə də apostol Pavel) onun təlimini təhrifə uğradıblar. “Antixristian” əsərində filosof belə yazırdı: “Birinci-sonuncu xristian çarmıxda öldü”.

Nitsşenin təlimini ehkama çevirmək olduqca təhlükəlidir, ancaq onun istedadının qüdrətinə, parlaq yazı manerasına dəyər verməyin, ondan yaradıcı şəkildə bəhrələnməyin qəti qorxusu yoxdur. O, iyirminci əsrin ədəbiyyatına, fəlsəfəsinə çox güclü təsir göstərmiş barmaqla sayılacaq dahilərdən biridir. Yeri gəlmişkən, Maksim Qorkinin bığları da gəncliyində qəzəbli filosofun pərəstişkarı olmuş yazıçıya Nitsşenin yadigarıydı.

***

Nitsşe özünü Dionisin elçisi, təbiət peyğəmbəri elan eləmişdisə də, əbədiyyətə, ruhani başlanğıca inanmırdı. Fəqət peyğəmbər əbədiyyətsiz keçinə bilməz, onun metafizikası, dərgahı, mifi, qibləsi, cənnəti-cəhənnəmi olmalıdır. Məsələn, Nitsşe dininin cənnəti əfsanəvi şimal ölkəsi Hiperboreya idi.

Sağalmaz xəstəliyi, amansız başağrıları üzündən tez-tez qaçıb sığındığı İsveçrə dağlarının qoynunda, nazənin bir dağ gölünün qırağındakı iri qaya parçasının yanında, dəniz səviyyəsindən altı min beş yüz fut yüksəklikdə otuz yeddi yaşlı filosofa ana təbiətin qüdrətindən belə bir mif nazil oldu (Nitsşe söyləyirdi ki, bu ideyanı o düşünüb tapmayıb, bu mif onun qəlbinə, şüuruna vəhy kimi enib): sən demə, kainatda baş vermiş, baş verən, baş verəcək nələr varsa, bəlli bir zamandan sonra eynən təkrarlanacaqmış, üstəlik, bu tsik?lərin əvvəli-sonu yoxmuş. Yəni qarşıda bizi yaşadığımız, yaşayacağımız hər ana əbədi qayıdış gözləyir ki, bu da elə ilk növbədə Nitsşenin öz təliminə ziddir: elə isə niyə əlləşib-vuruşub özümüzə tale yazmağa çalışırıq, niyə fələklə çarpışıb azadlığa dartınırıq? Bunun dinlərin təhəmmül resepti olan alın yazısı haqda mifdən mahiyyətcə nə fərqi var? Madam ki, fələyin çarxını dayandırmaq, yaxamızı onun pəncəsindən qoparmaq, həyatımızın bir saniyəsini belə dəyişmək gücümüz yoxdur, dünya adlı bu tələdə çabalamağın bir mənası-faydası varmı? Heç nə dəyişməyəcək, hər şey həmişə təkrar olunacaqsa, bu həyatın pəncərəsindən özümüzü atmaqdan, fələyin kəndirini boğazımıza dolamaqdan ayrı çarəmiz varmı? Daha doğrusu, heç bunlar da çarə deyil, çarəsizliyin ta özüdür.

Fəqət Nitsşe çarənin yox, çarəsizliyin; optimizmin yox, pessimizmin; humanizmin yox, nihilizmin; harmoniyanın yox, xaosun; mənanın yox, absurdun; ruhun yox, təbiətin; Apollonun yox, Dionisin peyğəmbəri olmağı seçmişdi. O, əbədi olmayana əbədiyyət donu geyindirməyə, yoxluğa dirilik suyu içirməyə, heçliyi varlıq kimi qələmə verməyə çalışırdı. Onca parlaq zəkanın (hələ tələbəykən universitetdə professor vəzifəsinə təyin olunmuşdu) bundan böyük faciəsi ola bilməzdi. Apollon əlini onun çiynindən biryolluq götürəndən sonra Nitsşenin zəkası söndü, vəsf elədiyi Dionisin kor instinktləri onu xaosun dibsiz qaranlığına sürüklədi. Ömrünün son on ilindən çoxunu dahi filosof öz içinin zülmətində, xəstə vücudunun dustaqlığında keçirdi. Dionisin etibarı bax budur.

"Yeni Azərbaycan"