Azərbaycan kişisinin bəlası - İlham Əziz

Azərbaycan kişisinin bəlası   - İlham Əziz

06 Avqust 2024 14:08 233


Azərbaycan kişisinin bəlasının kökünü tapmışam. Dünən axşamüstü yeni açılan "Nərimanov” parkında var-gəl edəndən sonra evə gedəndə yol qırağında çayxanalara diqqət elədim. Millətin kişiləri hamısı orada oturub: çay içən kim, pivə içən kim, domino çırpan kim.

Birdən öz-özümə sual verdim: görən, başqa hansı ölkədə bu mədəniyyət var?

Məncə, heç yerdə.

Kişilər çayxanadadır.

Almaniyada yaşayan dostumdan soruşdum ki, qardaş, oralarda səhərə kimi kişilər harada oturur?

Dedi ki, saat 21:00 dan sonra burda həyat dayanır, hamı ev-eşiyindədir. Bir cümə və şənbə günlər kluba içməyə gedirlər, o da daha səhərə kimi yox...

Bizdə isə dəhşətdir. On minlərlə kişi həftənin bütün günləri, yay-qış çayxanalardadır.

Çayxana həm də ailə münasibətlərinin düşmənidir. Kişi işdən gəlir, bir tikə olandan-olmazdan yeyib, qaçır çayxanaya. Bəs sual olunur: nə vaxt ər-arvad söhbət edirlər? Nə vaxt plan qururlar? Nə vaxt sevgi, münasibət yaranır?

Heç vaxt.

Çayxanadan gecə saat birdə evə gələn kişi arvadla nə danışacaq, nəyi həll edəcək?

Qadın da yoldaşını evdə bir saat boş tapan kimi bütün problemləri o saatda sadalayır, olur çoxdanışan. Adamlar evdə 4-5 saat bir yerdə olsalar, bu söhbətləri həmin saatlarda edər, eyni anda min dərənin suyunu qatmazlar...

Bu səfər kor döngə əmələ gəlir, kişi evə lap az gəlir, qadın lap çox deyinir, sonu da bəlli…

Çayxana həm də pis tərbiyə yeridir. Kişilər özlərinə bəhanə də uydurublar: çayxanaya gəlməyən kişi, arvaddan qorxandır. 5-10 faiz çayxanaya gəlməyən kişilərə lağ edib, vedrə qoşurlar. Öz aləmlərində bunlar qəhrəmandırlar: "Arvad qələt edir, mən istəsəm, heç evə getmərəm, gör yoldaşım bir söz deyə bilər, başın əzərəm”.

Cəhənnəmə get!

Hələ oranın bir qaydası da var: "Mən çayxanada oturanda yoldaşım məni yığa bilməz!”

Ev-eşik yansın, dağılsın, amma buna yığmaq olmaz! Kişi qəhrımanlıq edir, döyüşdədir, 8 saatdır çayxanada oturub.

Mən çayxanalarda gün keçirən adamların uğur qazanacağına qəti inanmıram. Ömrün ən faydalı, ən gözəl çağlarını çay içməklə yola verən məxluq nə fayda verə bilər?

Heç nə!

Hələ onu demirəm ki, bir zamanlar dövlətin siyasəti çayxanalarda müzakirə edildi, oradan siyasi liderlər çıxdı, axırda da elə çayxanalara gömüldülər.

Hamımız evdə uşaq böyüdürük. Çayxana əhli olan adam uşağa nə nümunə olacaq?
Evdə bir kəlmə öyüd-nəsihətlə iş düzələr?

Uşaq sənin danışığına baxmır, əməllərindən nümunə götürür. Onun ən ali məqsədi, böyüyüb atası kimi çayxanada altı qoşanı əlində öldürməmək olacaq. İnanın, bu, belədir. Ata uşağa vaxt ayıra bilmir, onunla danışmır, gəzdirmir, ikilikdə dialoq "yox" səviyyəsinə düşür.

Mən çayxanada oturanların birinin də xarici dil bildiyinə inanmıram. Əvəzində nə qədər istəsən, qeybət, çeynənmiş lətifə, əhvalat...

Ucuz çaydan içib ağzını qoyur Allahın yoluna, nə məsuliyyət qalır, nə ədəb, nə ərkan!
Siqaret, çay!
Evə girəndə də külqabı effekti!

Heç olmasa düşünmür ki, 4-5 kişi zorla çayın pulunu düzəldirik. Fikirləşmir ki, axı bu rəzalət haradan məni boğazlayıb?
Çayxana qripdən betərdir: tutdu, buraxmaz, getdinsə, gedəcəksən!

Çayxanada oturanlar qonaq gedə, ciddi tədbir tökə bilmir, fikri-zikri çayxanadadır.
Ömür çayxana stulunda əriyir, amma xəbəri yoxdur.

Siz indiyə kimi çayxanadan bir adamın çıxıb mühüm şəxsə çevrilməsinin şahidi olmusunuz?
Heç vaxt da olmayacaqsınız.

Arada elə bilirəm bu mərəzi bizə yoluxdurublar. Çayxana yaşı da cavanlaşır. Qədimdə eşidərdik ki, çayxanada yaşlı, təqaüd alan kişilər oturar, amma indi bu yaş 16-17-ə enib. Bu, fəlakətdir. Çayxanada o qədər qara çay içir ki, içi-içalatı qaralır, işığı sönür. Hələ orada baş verən dava-şavalar, "yaxşı oğlan” söhbətlərini demirəm. Kriminalın söhbətləri elit kafedə olmur, məskənləri cındırından cin hürkən o çayxanalardı...

Heç görümüsüz çayxanada şahmat oynasınlar? Görməzsinz, çünki ora düşünmək yeri deyil, avara meydanıdır. Lap indi gəlmisən çayxanaya xoş gəlmisən, iç bir çaynik çayı çıx get. Yoxsa 50 stəkan çayı hara içirsən, bu nə zülümdür, bu nə sarsaqlıqdır?

Harada bir qırıq yaşıllıq var, olur çayxana, bir çətən kişi oturur orada, yazıq qadınlar da o həndəvərdən keçə bilmir, yollarını uzadırlar.
Sonra da evdə problemlər yaranır, maddi çatışmazlıqlar baş alıb gedir, olur bədbəxt!

Milyard yarımlıq Çində çayxana yoxdur. Ölürlər?

160 milyonluq Rusiyada yoxdur, 330 milyonluq ABŞ-də yoxdur, bir bizdə var, bir orta Asiyada, bir də İranda, bərəkallah!

Çayxana diri kişi qəbiristanlığıdır! Bilin və agah olun!

Pandemiyada adamlar, içi mən qarışıq deyirdik ki, "hara bağlı olur, olsun, çayxana açılsın”, vecimizə də olmazdı. Bu da Azərbaycan kişisinin virusu, pandemiyasıdır.

Siqaretin tüstüsü ərşə çıxan, çay içməkdən ödü ağzına gələn adamdan nə gözləyəsən? Süni intellektin həyatın hər sahəsinə töhvə verdiyi dövrdə, Azərbaycan kişisi çayxanada ömür çürüdür.

Bu qədər tənqid ediriksə, məsələnin kökünü də araşdırmalıyıq. Kütləvi oturmaq, çoxlu dost qazanmaq təlabatı necə formalaşıb?

Bunun iki-üç zoğu var: Birincisi İslamdır. Allah "Quran”da insanı faili-muxtar yaratdığını deyir. Bizsə faili-muxtar olmağı anlaya bilmədik. Daha doğrusu, düz anlatmadılar. Biz hər şeyi Allahın edəcəyinə, bizə qarşı edilən haqsızlıqları "Qiyamət”ə həvalə elədik. Ona görə fərd ola bilmədik. Təklik ağır gəldi.

Başqa bir zoğ da Sovetdən qanımıza keçən "kollektivləşmə” prosesi oldu. Sovet də bizə fərd olmağı öyrətmədi. Öyrətdi ki, "bir nəfər hamı üçün, hamı bir nəfər üçün”.

Üçüncü rişə də odur ki, dövlət bizi elə sistemə salmalıdır ki, adama hər qəbildən dost lazım olmasın. Bizə ona görə çoxlu dost lazımdır ki, işimizi aşıra bilək, borc almağa yerimiz olsun, qanunla həll edə bilmədiyimiz məsələləri dostluqla həll edək.

Bütün bu amillər bizi çayxanalara yığıb, bədbəxt edir.
Ona görə də, elmimiz, ədəbiyyatımız, texniki nailiyyətimiz, sənət və s. çayxana səviyyəsini keçmir.

Məncə, bizi dünyadan min ağac geri salan illətin bir adı da "Çayxana”dır!

arqument.az