Qısa fasilələrlə altı gün külək əsdi. Günəşi, yağışı, qarı başa düşürəm. Küləklə heç cürə dil tapa bilmirəm. Külək əsəndə qanım it qanına dönür. Əlim heç bir işə yatmır. Küləyin vıyıltısı beynimə işləyir, bütün əsəblərim yerindən oynayır. Ələlxüsus, güclü külək əsəndə məndə hər şeyə, hamıya, həyata, bütün bəşəriyyətə qarşı dərin nifrət hissi yaranır. Əlimdə əlac olsa, güclü külək əsəndə girərəm yerin altına, bir də külək kəsəndə yer üzünə çıxaram.
Sinoptiklər xəbər verirdilər ki, küləkli hava şəraiti hələ on gün də davam edəcək. Mənim də bunkerim yoxdur. Ona görə qərara gəldim ki, böyük, süjetli, hadisələrlə, obrazlarla bol bir əsərin içinə girim. Bir müddət, ən azı, heç olmasa külək kəsənə qədər əsərin içində yaşayım. Açığı, süjetli, hadisələrlə, obrazlarla bol əsərlərin içinə girib, orda yaşayanda həm də özümü, dərdlərimi, problemlərimi nisbətən unuduram. Belə demək mümkündürsə, süjetli, hadisələrlə, obrazlarla bol əsərlərin içinə girmək bir növ mənim üçün ədəbi-bədii terapiyadır.
Beləliklə, lənətə gəlmiş, andıra qalmış küləkdən qorunmaq, özümü, dərdlərimi, problemlərimi unutmaq üçün Aleksandr Çakovskinin iki min yüz yetmiş (2170) səhifədən ibarət “Mühasirə” epopeyasının içinə girdim. Lakin qaş düzəltmək istədiyim yerdə, vurub göz çıxartdım. Əsərdəki aclıq səhnələri mənə çox pis təsir etdi. Füzuli demişkən, dərdimin üstünə dərd gəldi:
“... Pillələri çıxmaq çətin idi, amma Fyodor Vasilyeviç zəifliyini büruzə vermək istəmirdi. Əslində, elə bələdçisi də çox ağır-ağır qalxırdı. İkinci mərtəbəyə çatanda qadın dayandı, üzünü Valitskiyə (Valitski memardır, Leninqrad radiosuna çıxış etmək üçün çağırılıb - S. B.) tərəf çevirdi və:
– Dincələkmi? – dedi.
Başa düşmək olmadı ki, o, sual verirdi, ya təklif eləyirdi. İkisi də divara söykəndi. İki dəqiqəyə qədər dinməz-söyləməz dayandılar, sonra yenə qalxdılar.
Hərdənbir qarşılarına çıxanlar olurdu, amma Valitski ayırd eləyə bilmirdi ki, bu adam kişidir, ya qadın. Burda hamı bir cür geyinmişdi. Pambıqlı pencək və sırıqlı şalvar. Üstəlik də, pilləkən çox qaranlıq idi. İşıq düşmürdü. Üçüncü mərtəbədə onlar oturdular, amma dördüncü mərtəbədə təngnəfəs olmuş Valitski dedi:
– Bağışlayın, üzr istəyirəm. Bir az çətinlik çəkirəm, qalxa bilmirəm... Əgər icazə versəydiniz, bir az burada dayanardım... Ancaq siz gedin. Bircə onu deyin ki, hara getmək lazımdı... Yəni otağın nömrəsini... Özüm taparam. Sizin yəqin ki, işiniz var.
Qadın dillənmədi, yenə divara söykəndi. O da çətin nəfəs alırdı. Valitski nəfəsini dərəndən sonra dedi:
– Mən xəcalət çəkirəm, sizi məcbur eləyib məni qarşılamağa göndəriblər.
– Məni məcbur eləyən olmayıb. Mən zirzəmidəydim, onsuz da yuxarı qalxmalıyam.
Valitskinin heyi (aclıqdan - S.B) olmadı ki, bu qadından soruşsun, zirzəmiyə niyə düşmüşdü, burda nə işin sahibidi?
Göz-gözü görməyən, qara çıraq yandırılmış pillələri qalxıb, iki hündür mərtəbəni də başa vurana kimi azı beş dəqiqə keçdi. Birdən Valitskinin qulağına səs dəydi. Kim isə ağlayırdı. Qulaqlarına inanmadı, dayanıb dinşədi, səs getdikcə güclənir, hönkürtüyə keçirdi. Ağlayan kişi idi.
Valitski ona bələdçilik eləyən qadından soruşdu:
– Bu nədir?
Qadın çiyinlərini atıb:
– Bilmirəm – dedi.
Bələdçi qadın dəhlizlə bir neçə addım gedib, qapıların birini açdı. Hönkürtü daha da aşkar eşidildi. Valitski qapıya yaxınlaşdı, o nə edəcəyini bilmirdi. Kiminsə ağladığı otağa girməyi yersiz hərəkət, ədəbsizlik sayırdı. Ancaq onun bələdçisi artıq içəridəydi, bir dəqiqə ləngiyəndən sonra Fyodor Vasilyeviç də kandarı adladı. Gördüyü mənzərə Fyodor Vasilyeviçi sarsıtdı. Balaca otağda, yazı stolunun yanında, əynində pambıqlı olan bir adam başını aşağı salıb hönkürürdü. Babuşkin onun yanında dayanıb üstünə əyilmiş, əlini də titrəyən çiyninə qoymuşdu, onun da yanında, indicə Valitski ilə pilləkəni qalxan həmin qadın durmuşdu. Qadın ara vermədən eyni sualı təkrar eləyirdi?
– Lazar, sənə nə olub?
Bubuşkin qapının ağzında dayanan Valitskini gördü və ağlayan adama otağa kənar şəxs girdiyini başa salmaq üçün qəsdən çox ucadan dedi:
– Salam, Fyodor Vasilyeviç. Gəldiyinizə görə sağ olun!
Valitski özünü itirmişdi. Ömründə birinci dəfəydi ki, hönkür-hönkür ağlayan kişi görürdü. Babuşkin onun halını başa düşdü və gözlərinə baxmadan dedi:
– Bu adam Maqraçevdir. Bizim ən yaxşı reportyorlarımızdan biri.
– Nə üz verib ona? Yaxın adamı ölüb?
– Hələlik yox, ancaq, dəyəsən, axırı elə olacaq. Komitənin tapşırığı ilə o, hərbi hissəyə getmişdi. Bir həftəliyə. Bu gün qayıdıb gəlib evlərinə, görüb ki, atası, anası, bütün külfət ölüm ayağındadır. Demə, bir neçə gün qabaq atası çörək dükanına gedəndə kartoçkaları itirib. Bütün ailənin kartoçkasın.
Valitski, Maqraçevin faciəsini yaxşı başa düşürdü. Leninqradda itirilən kartoçkanın əvəzinə, nə şəraitdə olursa olsun, təzəsi verilmirdi. Ayın axırına isə hələ iki həftədən də çox vardı. Deməli, bu cavan oğlanın bütün ailəsi gözünün qabağında yavaş-yavaş öləcəkdi...”
Belə ağır səhnələri oxuyandan sonra zibil yeşiklərinin kənarlarına atılmış çörəkləri görəndə istər-istəməz düşünürəm: zibil yeşiklərinin kənarlarına atılmış bu çörəklər Leninqradda nə qədər adamı aclıqdan, ölümdən xilas edə bilərdi. Onu da düşünürəm ki, qurbanolduğum insanları ağıllandırmaq üçün göydən yerə babat bir aclıq göndərməlidir, harınlamış, qudurmuş insanların ipini bir az yığmalıdır. Elə bir aclıq ki, bu aclıq, çörəyi zibil yeşiklərinin kənarlarına atanlardan tutmuş itinə, pişiyinə oğlum, qızım deyənlərə qədər hamını öz “ağuşuna alsın”. Elə bil aclıq ki, insanlar oğlum, qızım dedikləri, gözəllik salonuna, manikürə - pedikürə, masaja apardıqları itləri, pişikləri kəsib yeməyə məcbur olsunlar.
Qudurğanlıq o həddə çatıb ki, itin, pişiyin cinsini soruşmaq artıq ayıb, ədəbdən kənar bir hərəkət sayılır. Deməlisən ki, bu oğlandır, yoxsa qız? Guya belə deyəndə tərbiyəli, mədəni görünürsən. Hətta bunun özü də, yəni oğlandır, yoxsa qız demək də artıq ədəbsizlik sayılmaqdadır. Deməlisən ki, oğlundur, yoxsa qızın?
Bəli, dünyada elə bir aclıq tüğyan etməlidir ki, insanlar oğlum, qızım dedikləri, masaja, manikürə-pedikürə apardıqları itləri, pişikləri kəsib yeməlidir. Qoy bir az ağıllansınlar? Niyə bir az? Çünki Adəm övladı unutqan varlıqdır. Bir balaca bolluq yaranan kimi keçmişini, bir tikə çörəyə möhtac qaldığı günləri asanlıqla unudacaq. Başına gələnlərdən ibrət dərsi, heç bir nəticə çıxarmayacaq. Yenə də israfçılıq edəcək. Yenə də çörəyi zibil yeşiklərinin kənarlarına atacaq. Yenə də itləri-pişikləri masaja, manikürə-pedikürə aparacaq.
***
Çakovski qrafomandırmı?
Söhbəti uzatmadan, ucundan tutub ucuzluğa getmədən suala qısa və konkret cavab verək.
Qətiyyən.
Bu cümlələrin müəllifinə qrafoman demək ədalətsizlik, böyük günah, vicdansızlıq, hətta əclaflıq olar:
"... Kürkə bürünmüş, onun da üstündən pərqu qadın yaylığı bağlamış adam başını döndərib baxmadan, ağır-ağır Zvyagintsevin yanından keçib getdi. Bu adam arxasınca kəndir bağlanmış taxtamı, fanermi sürüyürdü. Onun üstünə qardan seçilməyən mələfəyə bükülü ensiz, uzun bir şey sarınmışdı. Mələfənin qırağından çılpaq insan ayağı çıxmışdı. Meyit, görünür qarnı üstə uzadılmışdı. Mələfənin altından çıxan ayaq barmaqları qar üstündə sürünür, arxasınca nazik şırım açırdı. Qar üstündə uzun iz salan, yer üzündə axırıncı izi qalan yalın insan ayağı..."
Necə ağır səhnədir. “Qar üstündə iz salan, yer üzərində axırıncı izi qalan yalın insan ayağı” – təkcə bu cümlə Orxan Pamuk, Salman Rüşdi, Borxes-morxes kimi sintetik, surroqat yazıçıların bütün yaradıcılığından ağırdır.
Yaxud bu səhnəyə baxaq:
“Qar hələ də yağırdı. Maşının yeganə “süpürgəsi” çatdırıb işinin öhdəsindən gələ bilmirdi, ona görə də sürücü, yolu seçə bilmək üçün tez-tez sinəsini sükana söykəyib, üzünü az qala şüşəyə yapışdırırdı. (necə həyati detaldır – S.B.) Maşın Liteyni prospekti ilə şütüyür, şəhərin mərkəzinə yaxınlaşırdı. Qar pərdəsinin ara-bərəsindən evlərin xarabalıqları seçilir, ağ səkilərdə qar basmış, biçimsiz tayalara oxşayan şeylər qaralırdı. Bunlar adamlardır, adamlar. Acından ölən, soyuqdan donan adamlar. Ölüm onları harda yaxalayırdısa, elə orda da qalırdılar. Müəyyən vaxtlarda onları yığışdırıb aparırdılar. Ancaq əvəzində yeniləri peyda olurdu...”
Şübhəsiz, “Mühasirə” epopeyasında çoxlu yalanlar var. Tarixi bilən, hadisələrdən xəbərdar olan, tarixi nöqteyi-nəzərdən hazırlıqlı oxucular üçün bu yalanlar qorxulu deyil. Tarixi nöqteyi-nəzərdən hazırlıqlı oxucular əsərdəki hadisələri, səhnələri öz filtrlərindən keçirib, nəyin yalan, nəyin həqiqət olduğunu müəyyən edə biləcəklər. Lakin tarixi bilməyən, hadisələrdən xəbərdar olmayan, hazırlıqsız oxucuları əsərdəki yalanlar asanlıqla aldada bilər. Çünki Çakovski bu yalanlardan bir müəllif kimi çox peşəkarcasına istifadə etməyi bacarıb. Başqa cürə ifadə etsək, Çakovski yalanları çox peşəkarcasına yazıb. Onu da nəzərə almaq lazımdır ki, növündən asılı olmayaraq yüksək emosiyalar əlavə edilmiş yalanlar çox təhlükəlidir. Emosiyalı yalanların insanlara təsir etmə dərəcəsi daha yüksəkdir.
Dövrün şərtlərini nəzərə alsaq, Çakovski çox məlumatlı, həddindən ziyadə informasiyalı adam olub. Epopeyanı oxuduqca məni daima bir sual düşündürürdü. İstedadı, güclü qələmi, yüksək bədii təfəkkürü, çox güclü , geniş yazıçı diapazonu qoyaq bir kənara, bu qədər məlumatlı, bu qədər informasiyalı bir adam xidmət etdiyi sistemin dağılacağını, yıxılacağını, görəsən, niyə başa düşməyib? Ona nə mane olub? Görəsən, bu adam niyə başa düşməyib ki, xidmət etdiyi, mədh etdiyi sistem dağılacaq, sistem dağılan kimi yazdığı bu nəhəng əsər də aktuallığını itirəcək, zamanın, tarixin imtahanından salamat çıxa bilməyəcək.
“Mühasirə” epopeyası indi kimə lazımdır? Kimdir indi bu nəhəng əsəri oxuyan?
Mənim kimi psixopatlardan, xəstələrdən başqa heç kimə.