Bircə məşhur romanından yazır: Bic

Bircə məşhur romanından yazır:   Bic

15 Noyabr 2022 09:25 1201


“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanına əlavələr silsiləsindən

Nənəm taxta doqqazımızı şaqqıltıyla örtüb, özünü fərməşlərə mitil qabğaran anama çatdırdı. Onun qulağına nə dedisə, anam ətli əndamını dolu fərməşin üstünə yıxıb əllərini üzünə atdı:

- Boooyy, Allah sən saxla! - deyib yanaqlarını cırdı.

İyun günəşi baş deşirdi. Dağa köçürdük. On beş yaşım dörd ay qabaq tamam olmuşdu. Bacımla mən anama bacardığımız köməyi eləyirdik.

Nənəm bir dolça suyun yarısını hortlatdı, yarısını təpəsi aşağı axıtdı.

Az keçmiş doqqazımız yenə şaqqıltıyla açıldı, böyük əmimin cinə oxşayan qızları bağırışa-bağırışa nənəmə sarı qaçdılar. Dallarınca gələn əmim əlində bir topa piran qızlarını qovarağa götürmüşdü. Qızlar hərəsi bir tərəfdən nənəmdən sallaşdılar:

- Ay nənə, qoyma, atam bizi öldürdü!
Nənəm qızları qomarıb oğluna bozardı:
- Nolub, əəə, kişilənirsən yenə?
Əmim piranı əlində yırğalayıb nənəmə sarı əyildi:
- Eşitdin də, gördün yarımamış neyləyib?
Nənəm üzü aşağı cığırlanan suyu əliylə sıyırıb sinəsinə tökdü:
- Eşitdim. Sən niyə körpələri qan-bağır eləmisən?

Əmim böyük qızının çilik biləyindən tutub uşağın qırmızı boyanmış dınqılı barmaqlarını nənəmin gözünə soxdu:

- Bax gör nə yaxıb əlinə! Sabah Vəlişin qızının yolunu gedəcək.
Nənəm qızları özündən qoparıb dədələrinin qabağına tulladı:
- Di al öldür!

Əmim arıq, qırcınbaş qızlarının çubuq baldırlarını piran topasıyla döyürdü. Başlarına nə gəldiyini bilməyən cələfsiz qızlar bağırışıb bir-birini qucaqlayırdılar. Nənəmlə anam tamaşaya durmuşdular.

İrəli yeriyib əmimi itələdim, qızlara su içirdim. Dırnaqları qarışıq əllərinin ətli yerlərini də boyamışdılar. Əmimə cocudum:

- Bu boyanı sənin erməni aşnan Anjela almayıb?
Kişi duruxdu:
- Hə, o alıb.
- Onda bu piranı götür get Anjelanın yekə götünə döy, denən bir də mənim qızlarıma belə şey alma.

Anam, nənəm, əmim üzümə düşmən kimi baxırdı. Qızları götürüb evin dalına keçdim, kor qəməltiylə onların körpəcə dırnaqlarının boyasını qaşımağa başladım.

Qonşumuzun gicələk qızı Gümüş çəpərin o üzündən boğazını bəri uzatdı:
- Bilirsən nolub?..

Gümüş məndən üç yaş yekəydi. Özündən böyük dörd bacısı vardı, onların bəzəkli qablardakı kremlərini, dodaq boyalarını, üstünə “Karmen” yazılmış qəşəng ənlik-kirşanlarını çırpışdırıb çəpərin dibinə gətirib mənə göstərirdi. Hərdən onlara əlimi vurmağa da imkan verirdi. Mən də o bəzək-düzəyə baxdıqca köksümü ötürürdüm. Bir dəfəsində də böyük bacısının lifçiyini gətirmişdi, mən onu quru sinəmə tutub üstündəki krujevaları sığallaya-sığallaya tezcə böyüməyi arzulamışdım. Nənəm bizi iş başında tutub yumşaq yerimi şapalaqlayandan sonra Gümüşü də anasına yaxşıca döydürmüşdü.

Anam məni bu qızdan qorğanırdı. İndi Gümüşü çəpərin dibində görcək səksənib qapımıza sarı boylandım. Heç kim görsənmirdi. Ürəklənib soruşdum:
- Nolub ki?
- Qonşu kənddə Vəliş var ey, bax onun qızı boğazdı.
- Boğaz nədi?
- Qarnında balası var.
- Nolsun, qonşumuz Adikənin də qarnında uşağı var.
- Ay qız, Adikənin əri var ey, toyu olub. Amma bu qız evlərində boğazdı.
Nənəm məni bir ağız çağırdı. Arvadın səsini eşitcək Gümüş çəpərin dibindən sivişib qaçdı...

***

Hər il kəndimizdən neçə qız ali məktəblərə sənəd verirdi, təhsil dalınca iri şəhərlərə – Bakıya, Gəncəyə, Xankəndinə üz tuturdu. O il heç kim qızını şəhərə buraxmadı. Sənədləri qoltuğunda qalan qız səsini çıxaranda atası, qardaşı onu mal kimi budayıb yıxdı evin küncünə. Arzuları gözündə qalan qızlar nalə çəkdilər:

- Allah, Səkinəni qarabəxt, qarayığval olsun! Vəlişin lopa bığında it küçükləsin!

Bakıda institutda oxuyan qardaşım tələbə inşaat dəstəsiylə Moskvaya getməliydi, özü də aylardı bu günü həsrətlə gözləyirdi. Yay olimpiya oyunları Moskvada keçiriləcəkdi, onlarla ölkədən gələsi idmançıların yarışacağı stadionda çalışacaqdı qardaşım.

Nənəm özünü yeyib tökürdü, yükü qabğarıb bizi dağa aparası atamdan bərk-bərk sallaşmışdı:

- Tərpən küçüyünü başa sal ki, urus qızlarından uzaq dursun, Vəlişin qızının oyununu bizim başımıza gətirməsin.

Atam qardaşıma bilmədim hansı məzmundasa bir teleqram vurandan sonra bizi götürüb yaylağa getdi.

Qoyun fermasının müdiri işləyən əmim də xeyli sonra dağa çıxdı. Atamla danışdıqlarını dinşəyib çinədanıma yığırdım:

- Vəlişə lap yazığım gəldi, - deyirdi, - partiya iclasında sədr üzünə tüpürdü, partbiletini əlindən alanda tir kimi kişi zülüm-zülüm ağladı. Onun qızının boyunu yerə soxum!

Yaylaqda da günümüz qara oldu. Üzündən gülüşü əskik olmayan mehriban atam mənlə danışanda gözümə baxmırdı. Arxacın bir dəstə qızına qoşulub çaylağa enən kimi anam qardaşımı körükləyib dalımca göndərirdi. Bedaza qardaşım axar suya saldığım ayaqlarımı gərməşov çubuğuna verəndən sonra məni qızlardan ayırıb çadırımıza aparırdı. Xınalı daşları isladıb dırnaqlarımıza xına yaxırdıq. Bir də görürdün qardaşımın beyni çöndü:

- Tez əlini yu təmizlə!

Xınası qurumamış əllərimi xışmalayıb basırdı bumbuz suya, dırnaqlarımın qırmızısı getməyəndə anam çığırırdı:

- Şor suyuna sal.

Bu səfər də isti şor suyunda pörşələnən əlimi dürtürdüm bulağın gözünə. Qardaşım bu cəzanı o qədər təkrarladı ki, axır qızdırmam qalxdı, göy öskürək tutdu məni. Beləcə, hamı Səkinənin hayıfını ocağının başındakı qızlarından alırdı.

Mən Səkinəni görməmişdim, tanımırdım. Kiçik bacı-qardaşı onun üzündən bir kəndi adlayıb gəlib bizim məktəbdə oxuyurdu. Qara şivərək bacısı məndən azca böyük idi. Məktəbdə heç kim o qıza yaxın durmurdu. Yuxarı sinfin uşaqları deyirdilər ki, yaxşı oxusalar da, müəllimlər o uşaqlardan dərs soruşmurlar.

***

İndi sizə Səkinənin qəziyyəsini söyləyim.

Bədbəxt qız bizim kolxozun idarəsində mühasib işləyirmiş. Harın kişilər Göy gölə gəzməyə gedəndə Səkinə də bunlara qoşulur. Orda qızın çayına nəsə atırlar, bizim kəndçimiz, idarənin məsul işçisi, dörd uşaq atası İsmayıl qıza sataşır.

Deyilənə görə, qız hüllükbaz kişilərin nə iş tutduğundan xəbərsiz olur. Bir müddət sonra öyüməyə başlayır, yeməkdən kəsilir, haldan-hala düşür. Evə qazanc gətirən təhsilli, başıaşağı qızı valideynləri həkimə aparırlar, işin üstü də onda açılır. Bəlkə də çoxbilmiş ailə olsaydı, məsələni ört-basdır eləyə bilərdi.

İş milisə düşür. Qız nə deyəcəyini bilmir. Getdiyi birinci-sonuncu məclisdəki üç kişinin adını verir. Kişilər bir-birinin üzünə dururlar, qara quş qonur İsmayılın təpəsinə. Onun da evində dörd uşağı, sevib-seçib aldığı arvadı, yaşlı ata-anası.

Çox keçmədən o nadürüst sıyrılıb işin içindən çıxdı. Tutulmağına tutulmadı, ancaq partiya biletini əlindən alıb özünü də işdən qovdular.

Nə oldusa Səkinəyə oldu. Ailəsini el içində lənətlənmiş, bəduğur, hörmətsiz elan eləyib təklədilər: atasını çayxanaya buraxmadılar, anasını ölü yiyəsi meyidinin başından qovdu, qardaşına kənddə heç kim qız vermədi. Hamı onları cüzamlı xəstə kimi barmaqla göstərib, onlardan gen dolandı...

İsmayılın da ailəsinə çaxnaşma düşmüşdü. Arvadı əriylə davaya qalxan kimi anası oğluna qahmar çıxırdı:

- Səsini kəs, yaxşı qızıydı, dibini qoruyaydı.
Gəlin də dilini dinməz yerə qoymurdu:
- Qanına bələnmiş oğlun xalxın çayına zəhər atmayaydı, - deyirdi.

Beləcə tutaşırdılar, qonum-qonşu çəpərlərin dibindən onların tamaşasına yığılırdı. İsmayılın qoca, baməzə atası arada atmacasını atırdı:

- İkinizin də üzü heç ağ olmasın, di gedin pirlifinizi (yəni naharınızı) eləyin, sonra təzədən başlayın.

İsmayılın dədəsi ikinci dünya müharibəsində almanlara əsir düşmüşdü, kəndə müharibə bitəndən üç il sonra gəlib çıxmışdı. Gec evlənmişdi, elə bircə uşağı vardı. İsmayıl çox ərköyün, yağ içində böyrək kimi bəslənmişdi. Kəndimizdə ilk maşını da diş həkimi Musadan sonra İsmayıl almışdı...

Bir gün kəndə hay düşdü ki, atası Səkinəni təzə doğulmuş uşağıyla birgə gətirib atıb İsmayılın qapısına. Nənəm bizi evə qatıb özü haraya tərpəndi. Gedir ki, qapıda zimzimədən, zinzilədən qulaq tutulur, haya gələnlər uşaq qucağında qapının ağzında büzüşmüş Səkinənin başına qapaz salırlar. İsmayıl qaçıb hardasa gizlənibmiş. Anası bic qundaqlı zavallının altına kətil də vermir:

- Mənim qapı-bacamı murdarlamasın!

Xəbər çatır kolxoz sədri Əlihəsən kişiyə. Əlihəsən dayı özünə görə savadlı, dünyagörmüş, insaflı bir kişiydi; gəlib uşağı gəlinin qucağından alır, onu döyənlərin hərəsini bir tərəfə dağıdır, sonra da üzünü İsmayılın anasına tutub deyir:

- O qancıq südü əməninə de ki, əgər bu uşağa adını-familiyasını versə, onu partiyaya da bərpa eləyəcəm, işinə də qaytaracam. Yox, verməsə, sizi bu kənddən köçürəcəm.

Həyətdə saçını yolan Maya arvadı sədr divara qısnayır:
- Ay Maya, o ətəyindəki nədi?
- Yundu, ay qağa.
- Onu didib neyləyəcəksən?
- Qızım nişanlıdı, ona cehiz düzəldirəm.
- Sırıdığın o yorğanda kim yatacaq?

Maya xala yaşmanıb özünü verir arvadların topasına. Kişi arvadı buraxmır, irəli durub qolundan tutub geri dartır:

- Bəri bax ey, o yorğan-döşəyin üzünü ipəyə, məxmərə tutacaqsan, eləmi?
- Hə, ay sədr.
- Getdiyi oğlan o döşəyin üstündə qızını neyləyəcək?
Maya arvad başını tutub çığırır.

- Bəri dur ey, artistlik eləmə. Özün öz əlinlə, zurna-balabanla qızını verəcəksən ki, İmranın oğlu ipək yorğan-döşəkdə tülkü toyuğu eşən kimi eşsin, eləmi? Bu bədbəxtin qızına onlar qismət olmayıb, qancıq əmcəyi tutan biri xeyir-duasız onu beyman eləyib...

Əlihəsən kişi Səkinəni aparıb atasına təhvil verir, kolxozun hesabına elə Vəlişin qapısındaca bir daxma tikib gəlini ora yığır. Əzəlki işinə də bərpa eləyir.

***

Sonralar mən Səkinə yaşadığı kəndə gəlin köçdüm. Qızı xeyli böyümüşdü, özü çalışıb komasını evə oxşatmışdı. Qızını kənddəki tay-tuşlarından yaxşı geyindirirdi. Ana-balanı ailədə tək atası dindirirdi. Səkinənin şaqqalı anası beş-altı inək sağırdısa da, qızına qatıq mayası belə vermirdi.

Evdə qarımış iki bacısı həftədə bir yol ana-balanı:
- Sənin qəhbəliyinə görə bizə yaxın duran olmadı, - deyib daşa basırdı.

Müdam qaraqabaq gəzən, heç kimə qarışmayan gəlin dönüb geri boylanmırdı, qızını sinəsinə basıb daxmasına qaçırdı.

Uşaq dərsə girəndə Səkinə dimdik dayanırdı məktəbin qabağında. Yalan-gerçək, bir dəfə eltim belə demişdi:

- Bacıları əllərini Qurana basıblar ki, fürsət düşən kimi uşağı öldürəcəklər. Ona görə Səkinə hamama-tualetə gedəndə də qızını özüylə aparır.

Barlı bağlarından balasına meyvə dərməyə qoymurdu qarımış bacıları. Qaynatam arada Səkinəni bizə çağırırdı, ağaca çıxarmağa adam tapmayanda uzun qarğıyla meyvələri çırpıb yerə tökürdü, tökülənləri vedrəyə yığıb verirdim arxasız gəlinə. İçimdə qarşısını ala bilmədiyim bir istək vardı – bu qadınla söhbətləşmək, onun nələr çəkdiyini öz dilindən eşitmək. Qaynatamın bir sözü Səkinəni mənim gözümdə ucaltmışdı:

- Ay qızım, - demişdi, - bu gəlin əxlaqsız olsaydı, yenə bir iş törədərdi. Səni and verirəm Allaha, o bu qapıya nəyə gəlsə, əliboş qaytarma.

Hər saat diləyə gələn deyildi. Qaynanam evdə olanda heç gəlməzdi. Arvadın da onu görən gözü yoxuydu. Bir dəfə də başısarıqlı qatığa gəlmişdi. Bankasını alıb evə keçdim. Baxdım Səkinə mənim sərgidəki güpürlü gecə köynəyimi yavaşca sığalladı, tez də əlini yanına saldı. Aramızda az yaş fərqi yoxudu. Onun bu hərəkəti mənə qəribə gədi, ürəklənib soruşdum:

- Başınıza nolub?
- Qardaşım yarıb.
- Niyə?
- Nə bilim, ürəyi belə istədi...

Vacib xəbərləri qaynım çayxanadan gətirirdi: Səkinənin qızı qapılarından keçən arxda çimirmiş, dayısı qalxıb körpə uşağı döyüb, anası harayçılıq eləyəndə əlinə keçən kərsəklə vurub bacısının başını yarıb:

- Bicini qıçına bağla, böyüyəndə anası kimi qəhbə olmasın...
Qaynatam deyirdi:

- Qaranlıqda halva yeyənin sirrini Allah bilər. Kaş bu yazıq dədəsi yaşda alçalqlara qoşulub o yolu getməyəydi. Qəzanın beş barmağı olar, işini görəndə iki barmağını adamın gözünə, ikisini qulaqlarına, birini də ağzına dürtər. Adam nə görər, nə eşidər, nə danışar. Qiyamət qəzadan sonra qopar.

Dünyagörmüş kişinin bu sözlərindən sonra Səkinəni hər görəndə gözümün önündə əcaib səhnə canlanırdı: qaranlıq meşə, kimsə qızın ağzına, qulağına, gözünə xırda-xırda çivlər çalır – pıtırlı odunu yarmaq üçün qardaşlarımın yonduğu o çivlərdən; cinə-şeytana oxşayan birisi onun sinəsinə çöküb qızı murdarlayır...

***

Səkinə qızını doğmalarının arasında işgəncəylə böyütdü.

Bir dəfə yenə əllərini arxasında cütləyib bizə gəlmişdi. Qaynatamı soruşdu, kişi harasa getmişdi. Qovağın dibində oturub üzümə xeyli baxdı – yığdığımız fındıqları qarzağından təmizləyirdim. Çay qoydum – içmədi, yemək verdim – yemədi. Qəfil hönkürdü:

- Qızımın ad günü oldu, ilk dəfə onun adına qazan asdım, süfrə açdım. Kənddən heç kim uşağını bizə yollamadı, dolu süfrənin başında ana-bala ikimiz oturduq.

Bu dəm qaynanam qəfil peydahlanıb gəlinə çəmkirdi:

- Mindin atın sağrısına, döz yanının ağrısına. Elə bilirdin el gəlib sənin xosmanda şingilim atacaq?

Bacarsaydım qıfıl olub arvadın ağzından asılardım. Gəlin kürsüdən dik qalxdı. Maral dolu əndamını yırğalaya-yırğalaya özünü yetirdi, qaynanamı evə sarı dartıb:

- Ay arvad, xoruzlanma, - dedi, - keç içəri,
Sonra gəlinin çiyinlərindən tutub kürsüyə basıb üzünü mənə çevirdi:
- Əmiqızı, bizə qulluq elə, nolar.

Olandan-qopandan süfrəyə düzdüm. Maral şirin danışığıyla gəlinə bir qucaq təsəlli verdi.

- Bax, sən bir də elə süfrə açanda bizi çağır. Balalarımı da başıma yığıb gəlməsəm, atamın çörəyi mənə haram olsun. Elə buna görə pis olmusan? Heç vecinə də alma.

Maral o ki var danışdı, güldü, söydü, söyləndi. Səkinənin könlünü aldı, arıtladığım fındıqdan da qızına bir torba pay tutub yola saldı...

Kəndin cavan gəlinləri ərlərini Səkinədən oddan qoruyan kimi qorğanırdılar. Yazıq gəlin yolun altıyla tək gedəndə arvadlar qaçıb doqqazlarının dalını qayırırdılar. Uşağa-böyüyə arayış lazım olanda balalarına bərk-bərk tapşırırdılar:

- Bax, dədənə demə ha, özüm gedib o yançaqları açılmışdan alacam.

Acıq eləyib aylarla dədəsi evində qalan gəlini əri qaytara bilməyəndə yolda dimdik dayanıb, başıaşağı gedən Səkinəyə uca səslə salam verirdi. Xəbər küskün gəlinin qulağına çatanda qaçaraq ər evinə qayıdırdı.

Bəzi axşamlar gəlin bic qızının əlindən tutub kəndin altındakı Dəyirman bağı deyilən yerə gedirdi, kimsəsiz bağda uşağıyla qaçdı-tutdu, gizlənqaç oynayıb geri qayıdırdı. Qaynatam həmişə uşağı anasına amanatlayırdı:

- Dəyirmanın bağı şəllikdi, çoxlu tülkü var oralarda. Başın qarışar, vəhşilər uşağa xətər yetirər...

Yaramazdan yara, xoryatdan söz götürə-götürə Səkinə uşağını böyüdə bildi. Qaynım balaları danışırdılar ki, heç kim anasını toya çağırmırmış deyə uşaq da məclislərə gedə bilmirmiş. Kənddə xeyir iş olanda ana-bala aralıdan durub toyu dinşəyirmişlər. Görən olmayanda qız çalğı səsinə anasının qabağında oynayırmış. Maral uşaqlarına deyirmiş:

- Mehrini də anasından alıb özünüzlə toy çadırına aparın.

Uşaqlar qıza toy aşı yedirəndən sonra gətirib bükəklərdə gizlənən anasına təhvil verirmişlər.

***

Beləcə zülümlə, zillətlə, xəcalətlə o qız da böyüdü, orta məktəbi bitirər-bitirməz anası havalanıb düşdü çöllərə. İllər boyu biləyi əlində, ətəyi yedəyində böyütdüyü qız gözləri açılmamış yenə qaldı yaman günlərə. Yağışda-qarda, günün şaxıyanında ayaqyalın gəzdi ortalıqda.

Deyirlər ki, qız anasını tapıb gətirib çimizdirirdi, saçının-başının dolaşığını açırdı, havalı qadın yenə qaçıb yaralı canını təpirdi samanlıqlara. Fürsət düşən kimi “eşşəyin anqırdı, itimin başı ağrıdı” bəhanəsiylə qardaşı, qarımış bacıları Səkinəni qanına bələyib girirdilər evlərinə.

Sonra müharibə başlandı, kənd-kəsək dağıldı, hərə başını götürüb bir səmtə pərən düşdü.

Deyir göydən güllə, bomba yağdığı günlərdə Səkinə adamsız kəndin küçələri boyunca o baş-bu başa qaçırmış, qızı da arxasınca...

Bu gəlini illər boyu içimdə qarayara kimi gəzdirdim. Onunla üz-üzə oturmağa, başına gələnləri öz dilindən dinləməyə fürsət tapa bilmədim.

***

Aradan xeyli keçdi. Bakıya köçdüm, şəhərli oldum.

Evimdən aralı mağaza vardı, həmişə bazarlığı ordan eləyirdim. Ətriyyat bölümündəki göyçək qız hər görəndə üzümə gülümsəyirdi. Şəhərdə üzügülər adama az rast gəlirdim deyə bu qızın mehribanlığı məndə xoş təəssürat yaradırdı.

Günün birində qız məni adımla çağıranda başımda tüklərim qabardı – axır bu böyük şəhərdə məni də bir tanıyan tapılmışdı.

- Siz Mahmud babanın gəlini deyilsiz?
Elə təntik təsdiqlədim ki, elə bildim geciksəm, qız sözünü geri götürəcək.
- Mən də o kənddənəm.
- Kimlərdənsən?

Qızın üzü dondu, suçuxdu. Əl çəkmədim:
- Atanın-ananın adı nədi, de, bəlkə tanıdım.
Qız məni dindirdiyinə peşman olmuşdu:
- Tanımazsız, - deyib başladı başqa müştəriylə danışmağa.

Ondan qopmaq fikrim yoxuydu, qəriblikdə məni adımla çağırmışdı. Yerimdən tərpənmədiyimi görüb ürəkləndi, başını irəli uzadıb alçaqdan dedi:
- Səkinənin qızıyam.

Xəyalım uzağa getdi – tənziflə sarıqlı başında qamqalaq boyda qan ləkəsi qızaran bir gəlin mənim ipdən asılı paltarımı sığallayırdı. İri qovağın təpəsində budaqlar oynaşırdı. İllərin o tayında iki qadın, iki ana üz-üzə dayanmışdıq. Balasını kiritmək üçün üzünə üz bağlayıb hər qapıya gedən, qolu qırılan, başı yarılan, xəcalətindən müdam yerə baxan, beli vaxtsız donqarlaşan, insanların qovub insan sırasından çıxardığı qadın, onun ətəyindən yapışıb qorxa-qorxa üzümə baxan qız uşağı zamanın dərinliyindən boy göstərib mənə sarı boylanırdı.

On il partada tək oturdulmuş, dövrəsində tay-tuşlarının oynaşdığı çal-çağırlı mağarlara gendən tamaşa eləmiş, körpəykən doğmalarından hər latayır eşitmiş, taleyi özündən xəbərsiz yazılmış bir məxluq illər sonra qəfil qarşımda bitib üzümə zillənmişdi.

Əlimdəkiləri yerə atıb ona sarıldım, onu doğmam kimi oxşayıb əzizlədim:
- Az, sən nə qəşəng qız olmusan!
- Sizi birinci görən kimi tanıdım. Utanırdım, qorxurdum özümü isnad verməyə.
- Anan hardadı, yazığın başına nə gəldi?

- Anam havalandı, ona görə oxuya da bilmədim. Xeyli vaxtdı burda işləyirəm. Gətirdim yanıma, həkimə apardım. Müalicənin köməyi olmadı. İri şəhərdi, saxlaya bilmədim. Başını alıb gedirdi, gecələr düşürdüm küçələrə. Kənddəki qonşumuz Tükəz xalaya hər ay pul verirəm ki, anama baxsın.

- Can, balam! Bəs xalaların, nənən-baban necoldular?
- Müharibə xalalarıma düşdü, dul kişilərə ərə getdilər. Nənəmlə babam da lap qocalıblar...

Bundan sonra tez-tez yolumu Mehrinin yanından saldım. Arada bir-birimizə pay-püş də verirdik. Bir gün onu çox kədərli gördüm.

- İşdən çıxdım, sabah gedirəm kəndə, anamın yanına.
- Niyə çıxdın işdən?
- Bilirsiz anam məni böyüdüncə nələr çəkib? Dünən gecə yatılı itin üstünə çıxıb, quduz dəymiş arvadın baldırını parçalayıb. Birdəfəlik yığışıb gedirəm ona baxmağa.

Adamınkı gərək əzəldən gətirə. Dönük fələyin dönəlgəsi döndüsə, yetimə, yesirə, fağıra baxmaz, qarşısına çıxanı xıncımlayıb keçər. Ana mənhus taleyinin qalığını göz bəbəyitək qoruduğu balasına ötürmüşdü. İndi də balası gedirdi taleyin boyunduruqlayıb kotan qoşdurduğu, qaratikan çölü əkdirdiyi anasına keşik çəkməyə.

Ayrılanda dedikləri cızdağımı çıxardı:

- Bir qarasaç, hündürboy oğlanla Emin dayının qəbrini ziyarətə gəlmişdiniz. Babam anamdan gizli məni qəbiristanlığa göndərmişdi ki, get dədəmin daşını sil, sabah qara bayramdı, gələn görsün kişinin yeri təmizdi. Siz gələndə üzünü görmədiyim ulu babamın baş daşının arxasına keçdim. Yanınızdakı oğlandan çox qorxdum.

- Niyə, ay qızım, nəyindən qorxdun onun?

- Elə bildim o oğlan mənim sizin kənddə yaşayan ögey qardaşımdı. Siz məni tanıyacaqsız, oğlan kimliyimi bilən kimi başımı qəbir daşlarına çırpıb məni öldürəcək. Yaxşı ki, siz orda çox ləngimədiz.

- Axı niyə elə düşündün, qardaşların çox da qəddar uşaqlar deyil, səni qəbul eləməsələr də, varlığınla barışıblar.

- Balacaydım, anamla bazara getmişdik. Bir yaşlı arvad anamı itələdi, məni də qolumdan bərk çimdikləyib getdi. Səsim bazarla bir oldu. Göyərmiş qolumu görəndə hamı elə bildi məni ilan-zad çalıb. Tələsik arvadı anama göstərib dedim, bax, o gedən nənə mənim qolumu çimdiklədi. Anam məni qucağına alıb bazardan qaçdı. Qolumun göyü də, ağrısı da gec çəkildi. Sonra bildim ki, bazarda qolumu burmatlayan ata nənəmmiş...

***

Qaynanam fironluq eləyəndə Mahmud əmi deyərdi: “Şabalıddan yağ çəkmə, gedər yağ-bal yaxmacın, süfrənə minər darı bulamacın”.

Bic deyib başına qapaz saldıqları, dolu qazanlarından bir tikə vermədikləri, kefləri istəyəndə qəlbi dirəkdən işığını söndürdükləri qıza möhtac qaldılar. Nənə-babası ölənəcən Mehri onların qulluğunda müntəzir dayandı...

Təzəlikcə öyrənmişəm ki, ailə qurub, ana olub, bir əliylə övladına, bir əliylə də xəstə anasına qulluq göstərir.

***

İynə deşiyindən baxıb qurulu evlər yıxan bəndə çox vaxt yıxdığı evin kölgəsində daldalanar...

İyun 2022-ci il