Böyük mənaların kiçik biçimi - Cavanşir Yusifli yazır…

Böyük mənaların kiçik biçimi   - Cavanşir Yusifli yazır…

13:09 10


Yazmaq

Əli Kərim böyük mənaları çox kiçik, miniatür biçimli şeirlərində verirdi. Bu, onun üslubunun əsas keyfiyyətlərindən biriydi.

Məsələn,

Mən bir bulaq görmüşəm,
Əslində görməmişəm...

Hesab edə bilərsən ki, bu intonasiya özüylə böyük bir əhvalatın nəql olunmasını gətirəcək. Amma yox, şeir elə burdaca, bir neçə misradan sonra bitir. Bu nə deməkdir? Yəni, görməklə (real olaraq-!) görməməyin yüz ildə bir dəfə, bu şəkildə qarşılaşması gözəllik anlamına gəlir, şair bunun gözəllik olduğuna işarə edir və şeir bitir, bircə misra daha, o gözəllik əlində bir stəkan su kimi dağılacaqdı... Halbuki suyun dağılmasına heç bir səbəb yoxdu. İndi müasir şeirdə o stəkan yerdən yerə dəyir, stəkan, ya bardaq nə fərqi var. Bir həqiqət var: uşaqlıqdan ciddi əsərlərin oxunması, haqq aşıqlarını tanıman, nağıl və dastanların, həm də doğrudan eldən toplanan folklor nüumunələrinin oxunması gələcək üçündür. Cəmiyyəti bürüyən bu yalanlar səni vurub öldürməsə, gələcəkdə yaxşı mətni pisindən, gözəlliyi eybəcər mətnlərdən ayıra bilərsən. Səni daim danışan mövqeyə gətirən layihələrdə işin olmaz. İndi sosial şəbəkələri aç, kimsə, həm də vaxtilə istedadına inandığın adamlar danışır, hamıya dərs keçirlər. Deməlisən: daha bəsdir, otur yerində. İndi insanların yaza bilmədikləri mətn yoxdur. Çünki məna deyilən şey artıq lazım deyil, onun effektini yaradır, onun oyununu çıxarırlar.

Yazı zarafat deyil, onunla bu zarafatı eləməzlər. Hansısa klassik, yaxud ədəbi, həyati, ömrə bədəl hadisə haqqında yazı prosesində bir məqam gəlir, deməlisən: bu yazını yaza bilmirəm, amma elə həmin nöqtədə inad efib yazırsan, metaforaları atıb tutaraq, hökmən ixtisaslaşman lazım...

Bir ciddi məqam da var: nəyi tənqid edirəmsə, yarıdan çoxu elə mənə, özümə aiddir...

Burda susmaq lazımdı, hər şey ötüb keçəcək, izi-topzu qalmayacaq. Amma qalacaq... Nə? Məsələn bir haqsızlığa (elə ədəbiyyat, mədəniyyət sahəsində...) qarşı çıxa bilmədinsə indi, sonra günahkarlar cərgəsinin başına keçməlisən.

Könüllü şəkildə..