Bu kitab alınıb - Əli Novruzov

Bu kitab alınıb   - Əli Novruzov

25 Noyabr 2024 11:34 119


Əli Zərbəlinin hekayələr kitabını bu dəfə oturub tam oxudum. Əvvəl istəyirdim geniş bir təhlil yazam, sonra fikirləşdim ki, həssasdır, Qabusnamənin təbiri ilə desəm, zərif qəlbli cavan oğlandır. Xətrinə dəyər. Ona görə qısaca burada qeyd edim.

Məncə bu kitabda iki mətn var. "Qəhqəhə" hekayəsi və "The rest". "Qəhqəhə" hekayəsi əsl ədəbiyyatdır, mənə bir az Süleyman Sanini, bir az magik realizmi, bir az da Səidini xatırlatdı. Amma əndazədə. Yəni axırda heç kim kəpənəyə çevrilib uçmur.

"The rest" isə başdan ayağa, təmiz, pure psixoanalitikadır. Bu kitabı göndərmək lazımdır psixoanalitik ədəbi tənqid kafedrasına, qoy onlar divana uzatsınlar. Bir lakançı dostum var, ona da tövsiyə edəcəm. Oxuyub sonra fikirlərini mənə desin.

Səhv anlaşılmasın deyə addendum verim. Kitab əslində xoşuma gəldi, çoxdan belə *yerli və çağdaş (ikisi bir yerdə) kitab oxumurdum (bundan əvvəl Naiqin kitabını deyə bilərəm). Hətta psixoanalitika dediyim hissələri də zövqlə oxudum, mətnlə ünsiyyət nə əsəbiləşdirmir, nə darıxdırmır.



Tülkülük etməyim, yaxşı qonorar verən bir media olsaydı (yaxşı dediyim də 30-40 manat yox, üçrəqəmli olsun), babat bir təhlil yazardım, ürəkdən, baxmazdım müəllifin gözünün yaşına. Bir də bu kitabı oxuyandan sonra özüm üçün iki qənaətə gəldim.

Birincisi, bədii mətni ekrandan, saytdan, onlayn oxumaqla olmur. Gərək kağızda oxuyasan. Bu kitabdakı bir-iki hekayəni əvvəllər saytlarda oxumuşdum, kağızdan və ekrandan oxumaq tamam ayrı tərcübədir. Bir daha buna əmin oldum.

İkincisi, yeni yazmağa başlayan növcavanlara yazmağı öyrənmək üçün bu kitabı tövsiyə etmək lazımdır. Müəllif müxtəlif müasir və klassik yazı texnikalarını çox peşəkar şəkildə təcrübədə tətbiq edib.

Bu kitab alınıb, müəllifi təbrik edirəm. Oxuculara da tövsiyə edirəm.