Əllərimə köçür yoxluğun – Şeirdən şəkillər

 Əllərimə köçür yoxluğun   – Şeirdən şəkillər

14 Yanvar 2022 09:41 497


YeniYaz.az Könül Arifin “Yoxluğun çərçivəsiz şəkilləri” şeir silsiləsini təqdim edir.

Şəkil 1

Qəfil atəş kimi
Onlarla göyərçin qanadları açıldı havaya
Sübh çağı!
Oyandım...
Öncə göyərçinlərin
Güllə kimi başıma sıxdığı
Sübhün açıldığını anladım.
Sonra
Yoxluğun düşdü yadıma...
"Durub ölüm" dedim,
Ağlayıb qaldım.

Şəkil 2

Qabları
Soyuq suyla yuyanda
Əllərimə köçür yoxluğun.

Şəkil 3

Sükut...
Sükut xofu!
SÜKUT XOFU!!!

Şəkil 4

Evdə insan səsləri,
Çöldə insan səsi,
İnsan gülüşü,
İnsan surətləri!!!
...və heç biri,
İlahi,
Heç biri
O deyil...

Şəkil 5

Saçlarımı kəsdirdim,
Telefonu söndürdüm,
Təzə paltar geyindim,
Daha nə qaldı?
Hə,
İndi
Ölə bilərəm.