Evlənməyin faciəvi zərərləri - Təvəkkül Boysunar yazır...

Evlənməyin faciəvi zərərləri    - Təvəkkül Boysunar yazır...

04 Yanvar 2023 11:51 63



Bu günlərdə yenidən həm ürəyimdə, həm də ucadan Allaha şükrlər edirəm ki:

İlahi, sənə çox minnətdaram, mən yenə də sərsəmləməyə başlamışdım, az qala evlilik haqqında müsbət şeylər düşünəcəkdim, sən mənə kömək etməsən və həqiqəti göstərməsən, elə o cür sərsəmləməyə də davam edəcəkdim, ətrafdakıların təsirinə uyaraq tələyə düşəcəkdim və durduq yerdə, bu gəncəcik zamanımda, bu 28 yaşımda evlənib həyatımı mayıf eləyəcəkdim. Amma sən mənə kömək olub yenidən gözlərimi açdın. Sən qoymadın ki, mən bu uçurumdan kəlləmayallaq şəkildə aşağı yuvarlanım və yerə yapışım.

Bəli, əziz oxucular, mən bir daha əmin oldum ki, qadın gözəlliyini ən pik səviyyədə duyan adamlar üçün evlilik sadəcə və sadəcə rəngarəng, sirrli bir dünyaya vida etmək deməkdir.

Təsəvvür edin, Allah sizə çox az adamda olan, xüsusi, sehirli bir gözlük verib və siz bu gözlük sayəsində Allahın sənət əsərlərini, tablolarını heç kimin görmədiyi şəkildə daha yaxından, daha dərindən görə bilirsiniz. Heyrətdən imanınız artır.

Bu cür insanlar üçün evlilik, yaxud hər hansı münasibət sadəcə və sadəcə o gözlüyü çıxarıb yerə atmaq və ayaqlarının altında əzmək deməkdir. Dünyaya hər kəs kimi adi gözlərlə baxmaq deməkdir.

İlahi, bu nə səhv qərar və nə böyük itkidir!

Yox, əziz oxucular, mən demirəm ki, evlənən hər kəs səhv edir. Yox, elə deyil.

Evlilik gözəl və mükəmməl bir şey ola bilər.

Amma kim üçün?

Əgər siz qarşı cinsin gözəlliyinə Allahın sənət əsəri kimi yanaşanlardan, o gözəlliyi poeziya kimi görənlərdən və "heyrət, ey büt, surətin gördükdə, lal eylər məni," deyənlərdən deyilsinizsə, rahatlıqla evlənib xoşbəxt ola bilərsiniz.

Fikrimi necə izah edim sizə? O gözəlliyi duymağın necə bir şey olduğunu hansı şəkildə izah edim sizə?

Bir dəqiqə.

Bilirsinizmi, məni kim anlayar?

Əminəm ki, dahi Füzulini Kərbəladakı qəbrindən oyadıb ona bu yazını göstərsələr, rəhmətlik şair 500 il sonra açdığı gözləriylə telefon ekranındakı işığa yandan baxa-baxa fikirlərimi səbirlə dinləyər, toz-torpaqlı əlləriylə məni alqışlayar, rəğbət hissi duyaraq:

- Məni bu gədəylə tanış eləyin, - deyər və görüşə hazırlıq üçün üstünün toz-torpağını yumağa, hamama gedərdi. Hələ üstəlik hamamdan çıxıb saçını, saqqalını qurulaya-qurulaya:


- Başqa nə yazıları var o uşağın? Onları da oxuyun, görüm. Deyəsən, məndən sonra ədəbiyyat ölməyib, - sözləriylə öz sevincini ifadə edərdi.

Əminəm ki, Füzuli öz şedevrlərini yazarkən, xanımından, yəni Fəzlinin anasından da boşanmışdı, çünki onun qadın gözəlliyinə duyduğu heyrət yalnız tənhalıqla əldə edilən bir şeydir.

Yox, dostlar, məni yenə də səhv anladınız. Baxın ha, mən demirəm ki, bütün şair və yazıçılar evlənməməlidir. Yox, əzizlərim, elə deyil.

O qədər zəif və ortabab şairlər, yazıçılar var ki, onlara evlənmək hava və su kimi lazımdır.

Məsələn, deyək ki, Vüqar Van, Orxan Həsəni, ya da, nə bilim, Kazım Kazımoviç... Onlara necə demək olar ki, evlənməyin.

Onları hətta tutub zorla evləndirmək lazımdır ki, heç olmasa başları ailəyə, uşağa qarışsın, ədəbiyyatdan yana boş-boşuna vaxt itirib avaragor qalmasınlar və bəlkə, nəticədə, ədəbiyyatımızdakı duzsuz, zəif mətnlərin də sayı bir qədər azalsın.

Amma ey istedadı Füzuli qədər olan gənclər, varsınızısa, sayınız lap üçdürsə də, beşdirsə də, etməyin bu səhvi! Siz sıradan adamlar deyilsiniz. O möhtəşəm gözəlliyi və sehri adiləşdirməyin. Adiləşdirməyin ki, heyrət hissini itirməyəsiniz. Sevgidən daha üstün olan, məhz o heyrət hissidir.

Əgər yolkanın üstündəki işıqlar sizə xoş gəlirsə, kənardan baxıb zövq alın, əlinizi uzadıb toxunmayın ki, elektrik cərəyanı sizi vurub gəbərtməsin.

Nəysə... Daha ətraflı izah etmirəm; sözümü burda bitirirəm və Allaha bir də ona görə təşəkkür edirəm ki, fikrimi ifadə edə bildim.

Amma, əziz dostlar, etiraf edim ki, üç həftə öncə olduqca qəribə bir təsadüf, metronun 28 May stansiyasında məni eynən Füzulinin heyrət etdiyi qədər gözəl olan bir qızla tanış etməsəydi, o zaman bu yazı da olmayacaqdı.

İzləmədə qalın, o əhvalatı da danışacam. Danışmasam, olmayacaq. Ürək doludur.

04 dekabr, 2022