Güzgülər yalan desin - Sevincdən şeirlər

Güzgülər yalan desin   - Sevincdən şeirlər

06 May 2022 12:14 605


Bu gün tanınmış şair-yazar Sevinc Elsevərin doğum günüdür. YeniYaz. Az Sevinc xanımı təbrik edir və onun bir neçə şeirini oxucuların diqqətinə çatdırır.

Uşaq üstündə

çox qorxurdum böyüməkdən
əziz ana,
çox qorxurdum...
sən böyümüş
ana olmuşdun
ayaqlarının damarları çıxmışdı
sən onları elə gizləmək istəyirdin
can evinə aparan
gizli xəritə kimi...

qorxardım onlara baxmaqdan
sən onları atama göstərər
daha doğrusu, atamın gözünə soxar
“uşaq üstündə oldu hamısı” deyərdin...

“evdə işlə
çöldə işlə
axırı da belə”- deyinərdin...
gedirdi əldən gözəlliyin
sakitliklə baxa bilməzdin
“uşaq üstündə oldu” –deyə
xatırlatmalıydın atama
səni başqa qadına dəyişməsin.

əziz ana,
utanardım içimdə
mənə görə olmuşdu hamısı
mənə görə
tək bununla bitmirdi
saçların ağarmağa başlamış
dişlərin tökülürdü
damaq xəstəliyin vardı
sən durmadan
həkimdən öyrəndiyin sözləri
atama təkrar eləyirdin:
“yod və vitamin çatışmazlığındandı
meyvə yemirik nə vaxtdı
bir də ki
uşaq üstündə oldu hamısı ”
köks ötürərdin
atam əlindəki siqaretdən
bir qullab alar
tüstünü sinəsindən keçirib ötürərdi
bilməzdik səninlə birgə odamı ah çəkdi?!

sənin ovaxtkı yaşındayam indi
üç uşağım var sənin kimi
damarlarım görünmür hələ
laxlamır dişlərim
şükür
saçlarım qara
nə vaxt başlayacağını
gözləyirəm qorxuyla...

Sevgidə kompleksli qadın

Sevimlim Yıldız Tilbəyə ithaf...

bükülüb otururam
kağıza soxuluram
qoca görünürəm
donqarlaşır belim
bilirəm...

ağladımsa
üzümdə artır qırışlar
bir az da böyüyür burnum
yekəlir ağzım
ötən yaz üst damağımdan çəkdirdiyim dişin
boş yeri görünür
güləndə gizlədə bilirəm halbuki
ordakı qara dəliyi
ağlayanda yadıma düşmür.

küsdümsə,
əyilir üzüm
çatılır qaşım
yığılır alnım
dodaqlarım büzülür
yaraşmır mənə küsmək...

hirslənsəm,
göyərir üzüm
xırıldayır səsim
qışqırsam, dilim görsənir nəyi var
dilimi göstərməkdən utanaram oysa həmişə...

yatanda necə göründüyümü
bilmək istədim
gözümü yumdum
şəklimi çəkdim
baxdım xeyli azalıb gözəlliyim
ağzım açıq qalır yatarkən
uşaqlığımdakı kimi yəqin...

indi yanında ölməyim gəlsə,
necə görünəcəyimi dərd edəcəm
əvvəlcə...

İki başqa insanlarıq

iki başqa insanlarıq səninlə
sevgilim
sən öz cinsinə güvənirsən
mən özümə
sən ətin bahalaşmasına üzülürsən
mən can bazarında
canını verən heyvanlara
sən çiçəyi dərməyi xoşlayırsan
mən əkməyi
çoxaltmağı
iki başqa insanlarıq səninlə
sevgilim

birimiz ayı sevir
birimiz günəşi
birimiz qarı
birimiz atəşi
sən yorğana bürünməyi sevirsən
mən sənə bürünməyi
iki başqa insanlarıq səninlə
sevgilim
görürsən ki
“iki canda bir ürək” deyə bir şey yox
uydurmuşlar

bu dar mənzilimizdə
“bir canda iki ürək” kimi dəyişə biləydik
bu düsturu
imkansız!

qəbul etməliyik artıq
iki başqa insan olduğumuzu
inadsız.

Güzgüdəki qadın

Onda ki, heç bir sirrin yox idi sənin
Təzə qar kimi soyuq və ağdın
Belə gizli-gizli heç ağlamazdın
Güzgüdəki qadın!

Gözlərini dəyişmək istəyirsən
Sürmələr, rənglər çəkirsən
Linzalar taxırsan rəngbərəng
Gözün yenə boylanır gözlər içindən
Sən bu baxışları sevmirsən çoxdan
Güzgüdəki qadın!

Yalan da olsa
gözəl görünmək istəyir
çəkdirdiyi şəkillərdə
hər qadın
Özü olmasa da olar şəkildəki üz
Görmək istədiyi kimi olmalı, sadəcə
Güzgüdə də eləcə
Xoşun gəlir güzgülər yalan desin
Güzgüdəki qadın!

Dur, sındırma güzgüləri
Güzgünün günahı yox
Sənin üzün köhnədi
Sənin ətin köhnədi
Buna güzgü neyləsin?
Gəlmə, üstümə gəlmə
Düşüb sınarsan
Güzgüdəki qadın!

Məni sevindirəndə

məni də tez-tez sevindirir Allah
küçədə qol saatım düşüb itir birdən
qayıdıb yerində tapıram
sevinirəm

barmağımdakı üzüyü unitaza salıram bilmədən
sular aparmır
aparmır
sevinirəm

uşağımı itirirəm
qələbəliyin içində
haylayıram
qışqırıram
qəfəsdəymiş kimi vurnuxuram
birdən peyda olur qarşımda
yenidən doğulmuş kimi
sevincimdən uçuram

pul itirirəm
düz adama rast gəlir
tapıb özümə qaytarır

marketdə böyük bir bağlamanı unuduram
dalımca qaçıb gətirir satıcı
sevinirəm

bütün bu sevinclər içində
lap başımı itirirəm
məni uşaq kimi sevindirir Allah
sevindirəndə