İmtahanda eşq - Lalə Qasımlının hekayəsi

İmtahanda eşq   - Lalə Qasımlının hekayəsi

22 Dekabr 2023 10:46 310


İkinci sırada üçüncü oturacaqda oturmuşdu... O isə birinci sırada birinci oturacaqda. Əyri bir xətlə birləşirdilər. İki nöqtə, birləşmək üçün çəkilən xətt və əldə edilən nəticə: Parça – bir bütün.

– Siz hansı universiteti bitirmisiniz?
– Bakı Dövlət Universitetini.
– Sizdə Elşad müəllim var idi, mənə dərs deyib.
– Bəli, dekan idi.

Sonra başqaları qarışdı söhbətə. Onların müəllimləri, universitetləri... Baxışlarını hələ də üzündə hiss edirdi. Gözünü qaldırıb baxmağa çəkinirdi. Ancaq onun heç kimə bənzəməyən təbəssümünü görmək istəyi qalib gəlir və oğrun baxışlarla o təbəssümü axtarırdı.

Gözündə qalın şüşəsi olan qara çərçivəli eynək vardı. Oqtayınkı kimi. Əsmərin Oqtayı. Saç forması da onunku kimi idi. İlahi, insan insana necə də bənzəyər! Əslində, Oqtay həyatın enişli-yoxuşlu yollarından keçdiyini göstərən bir simaya sahib idi. O isə həyatdan xəbərsiz bir üzə. Hələ eynəyinin qalın şüşəsinin arxasında qalan gözləri... Hansı əsərdən peyda olmuşdu? Hansı romanın qəhrəmanı idi? Niyə bu qədər diqqət edirdi axı?

Nəzarətçi hər kəsin adını çəkərək imtahan vərəqlərini paylayırdı. Onun növbəsi idi:
– Eldostu.
Elə bil, doğrudan da, hansısa romanı oxuyurdu. Adı belə həyatdan uzaq idi; Arif, Kamil, Tural, deyil, Eldostu... Bəlkə, Cabbarlıdan idi? Yox, Cabbarlıda Oqtay Eloğlu idi. Eldostu... Bu adı ürəyində bir neçə dəfə təkrar etdi.

Səssizlik var idi otaqda, ölü bir səssizlik. Hər kəs sualları cavablandırmaq təlaşında idi.
– Necə yazdınız?
– Yəqin, keçərəm. Siz?
– Çingiz Aytmatovla bağlı sualı cavablandırdım. “Cəmilə” hekayəsi haqqında yeni oxumuşdum.

Cəmilənin əlacsızlığı, axtarışları... Qulağımda oxuduğu nəğmənin səsi vardı.
– Sonra?..
– Nə sonra?
– Maraqlı danışırsınız...
– Doğrudan?
– Həm də çox. Bəlkə, bir yerdə oturaq?
– Dondurma olarsa, etiraz etmərəm.
– Çox sevirsiniz?
– Bir saatdır (bir saat belə deyildi) tanıdığım birisi ilə dondurma yeməyə qərar verəcək qədər çox, – deyə gülümsündü.
– Elə isə dondurmaya təşəkkür! – təbəssümünə qarşılıq verdi.
Ürkək, eyni zamanda da şıltaq bir əda ilə:
– Hə, deyəsən, dondurmaya borclu qalacaqsınız.

İçərişəhər... İlin hər çağı, günün hər anında insanlarla dolu sevimli qədim şəhər. Qəlbinin hüzur tapdığı əyri-üyrü, dolanbac küçələr. Nə idi, görəsən, hər dəfə onu bura çəkib gətirən? Sanki şəhərin ruhu sərin mehlə üzünə toxunur, saçlarını oxşayırdı. Yoxsa, sevgilinin əli idi saçlarını oxşayan? Onu – İçərişəhəri, bütün ruhu ilə duyurdu. Səssizcə və yavaş-yavaş addımlayırdılar qədim küçələrlə. İkisinin də qorxaq əlləri yanlarına sallanmışdı.

Milli üslubla döşənmiş qədim karvansaraya çatdılar. Ən sevimli məkanı idi. Qapı birbaş ikinci mərtəbəyə açılırdı. Dar və hündür pilləkənlərlə aşağı endilər. Mərkəzdəki əncir ağacının solundakı mətbəxə yaxın həmişəki yerinə keçdi.

Ofisiant yaxınlaşdı.
– Vanilli, – üzünü ona çevirərək soruşdu. – Sən necə istəyirsən?
– Sizin kimi mütəxəssisə həvalə etsəm?
– Olar. Bir şərtlə, mənə “sən” deyə müraciət edəcəksən, – üzünü ofisianta tutaraq əlavə etdi: – İki vanilli.

Niyə belə etdiyini özü də bilmirdi. Artıq “sən” deyəcəkmiş... Niyə axı? Bu nə çılğınlıq idi?
– Görəsən, qəbul olacağıq?
– Siz bəli.
– Dedim axı sən. Bəs sən, qəbul olmasanız, əsgərliyə getməlisiz? – ancaq özü “siz” müraciətinə keçməyə çalışdı. Yeni tanış olub ilk dəfə söhbət etdiyi adamla nəyə lazım idi axı bu səmimiyyət?
– Fərq etməz. Gələndən sonra yenidən imtahan verərəm.
– Belə çıxır ədəbiyyatı sevirsiniz.
– Elədir. Siz sevmirsən?

Birbaşa “sən” deməyə cəsarəti çatmamış, şəkilçidə düzəliş etmişdi.
– Mən... nə bilim, mənəm də...
– Yəni?
– Heç özüm də bilmirəm. Əslində, ədəbiyyatla məşğul olmaq məni qorxudur, ancaq maraqlıdır. Bir də ki... – Susdu, sonunu gətirmək istəmirdi.
– Bir də ki?..
– İçimdə başqa şeylər var... keçmiş...
– Necə yəni?
– Dəyişək mövzunu.
– Demək, qaçırsan. Necə istəyirsən, elə olsun.

Bu mövzunu açmamalı idi. Bu gün bir yay yağışı idi; keçmişsiz çılğın bir yay yağışı... Bircə Xacivatla Qaragöz yox idi.
– Belə çıxır, bu günün padşahı mənəm. Onda sabah da siz padşah olarsınız.
Niyə belə edirdi? Heç özü də özünü anlamırdı. Sadəcə, adını biləcək qədər tanıdığı biri ilə oturub dondurma yediyi azmış kimi sabah üçün də plan qururdu.
– Sabah?..
– Sabah dəniz kənarına getmək istəyərdim.
– Niyə də olmasın?! Amma sabahkı gün üçün də padşahlığını elan etdin.

Onun “sən” müraciətindən bir qədər qorxmuşdu, deyəsən. Bunu ondan özü istəsə də, indi özü ona “siz” deyirdi.
– Çox hazırcavabsınız. Yaxşı, buyurun, saatı təyin edin. Günün vəziri də siz olun, – yenə şıltaq bir əda ilə dedi.
Onun isə üzündə qayğısız, dünyadan xəbərsiz kimi bir təbəssüm var idi.
İmtahanın son dəqiqələri idi. Bir saata yazıb qurtarmışdı. O isə hələ də yazırdı. Bitirsə də, otaqdan çıxmağa tələsmirdi. Yoxsa, onu gözləyirdi?

Protokola imza atmaq üçün qalmışdı. Hər şey çox qarışıq idi, nəyi niyə etdiyini heç özü də bilmirdi. O da yazıb qurtardı və bir neçə nəfərlə otaqdan çıxdı. Baxdığını bilirdi. Nəzərlərini üzərində hiss edirdi çünki. Gözlərini qaldıra bilmədi. Bəlkə, baxsa, “Sizi gözləyəcəyəm” deyəcəkdi. Ancaq baxmadı...

Protokola imza atdı. Köhnə binanın pilləkənləri ilə aşağı endi. Gözü kimi isə axtarırdı. Lakin o kimsə yox idi...

Buludlar sanki insanların istiyə dözümsüzlüyünə acıyaraq gözlərini bir anda sıxmış, bir yay yağışı yağmışdı. Ancaq artıq ətrafda yağışdan bir iz qalmamışdı. Yağış qoxulu sərin meh saçlarını dalğalandırdı... Küləyin əlindən tutub İçərişəhərə doğru addımladı...