Xoşqədəm Hidayətqızı itirilmiş teatrın axtarışında - Aliyə

Xoşqədəm Hidayətqızı itirilmiş teatrın axtarışında   - Aliyə

15 Fevral 2022 09:30 900


Aliyə
“Bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi”.

Bu gün belə bir etirafı indi ancaq kitabdan oxuya bilərik, sanıram.

Hər şey bizə təsir edir, oxuduqlarımız, eşitdiklərimiz, baxdıqlarımız – amma həlledici olaraq, nə bizə toxuna bilər? Sənətin insana, onun həyatına əvvəlki təsir gücü varmı?

Biz kədərli mahnıların təsirilə intihar edirik (hətta TikTokda bir qız canlı açaraq intihar etmişdi), duyğulu mahnıların altında aşiq oluruq, filmlər qərarlarımızı möhkəmlədir, tamaşalar unudulmaz şəxsi xatirəyə çevrilir - sənət hansısa məqamda biz insanları dünyaya, bəlkə, ovsunlanmış, bəlkə, aydınlanmış, bəlkə, sadəcə qapanmış gözlərlə baxmağa vadar edir.

Amma qəti olaraq “bu tamaşa, bu film, bu tablo mənim qərarımı dəyişdi” deyə bilirikmi?

Bu gün sənətin “katarsis” kimi dərdi varmı ki?

Bu sualları burada qoyub günün xəbərinə keçirəm. Prokurorluq açıqlama yayıb. Məlum olub ki, jurnalist-aparıcı Xoşqədəm Hidayətqızının verilişində bütöv bir cinayət işinin üstü açılıb.

Cinayətin şahidlərindən birinin etirafına nail olan Xoşqədəm xanım xətm olunmuş işin yenidən açılmasına, araşdırılmasına səbəb olub. Səbəb nədir, hətta bu işin açılmasının müəllifi Xoşqədəm xanım və onun komandasıdır. Bəli, daha onun bizi qıcıq edən lovğa tonunu, “mənəm”çi haşiyələrini nə deyib həzm etməyək?

Xəbərin altında oxucular ədliyyə və istintaq orqanlarının fəaliyyətsizliyindən, sözügedən hadisənin araşdırıldığı Ağcabədi rayon Prokurorluğunun fərsizliyindən şikayətlənirlər. Mənim kimi az adamın ağlına teatr gəlir. Teatr deyəndə, çoxları kimi verilişdəki hadisələrin qurama bir “teatr” olmasını qəsd etmirəm. Mən bildiyimiz, səhnəli-mizanlı teatrı nəzərdə tuturam.

Xoşqədəmin verilişlərinin reytinqinə istehzayla yanaşan teatr adamlarına müjdə:

O, teatrın itirdiyi gücü öz verilişində bərpa edə bilib. Bəli, Xoşqədəm Hidayətqızının verilişi teatrdır: amma güldüyümüz mənada yox. Əlimiz çatmayan, itirdiyimiz teatrdır.

Teatr etirafdır. Xoşqədəm xanım öz verilişində etirafa nail olur.

Teatr necə antik dramlarda qəhrəmanını mistik-mifik Tale obrazı ilə qarşı-qarşıya qoya bilirdisə, bunu Xoşqədəm xanım da bacarır. Yalnızca tale sözünü xüsusi intonasiya ilə deməklə verilişə gələnlər tale küləyinin amansız soyuğunu iliklərinədək hiss etdirir.

Yenə antik teatrda xor necə bir gücə sahib idisə, verilişdə əyləşən canlı tamaşaçıların da belə qınaq gücü, qınaq haqqı var.



Bu arada Brextin epik teatrında da belə məqamlar olurdu: qəhrəmanlar donur, kadrarxası səs onların situasiyasına uyğun qınaq, qəzəb, həmrəylik və öcalma kmi nidalar yağdırırdı.

Bütün dövrlərin teatrında olduğu kimi bu verilişdə də musiqi əsas rol oynayır. Müəllifin ustalığı onun hansı məqamda verilməsidir.

Rejissor dostumuz İntiqam Hacılının bu gözəl fikrini təkrarlamaqdan yorulmuram: faciə insanın tək qalması deyil, faciə insanın tək qaldığını hiss etməsidir.

Xoşqədəm Hidayətqızı qəhrəmanlarını bu sakral məqama çatdıra bilir.

Etiraflar, intriqalar, məkrlər, məhəbbətlər, xəyanətlər bir dramaturq sərvəti kimi Xoşqədəm xanımın verilişinə yağır.

Tamaşaçı da minlərlə.

Amma tamaşaçı ilə ən önəmli olan baş verirmi?

Tutalım, adı ərinin qohumu ilə sevgi hekayəsində hallanan, qayınanasının qətlinə şahid olub gizlətdiyini etiraf edən Əfsanənin əhvalatını nəfəs çəkmədən izləyən tamaşaçı nə hiss edir?

Tamaşaçını burax, Əfsanənin göz yaşları katarsisdir, yoxsa ucuz vəcdəgəlmə?

Biz bir TV proqramından çox şey istədik.

Bu, müəllifin uğuru deyilmi?

“On milyon tamaşaçı qarşısında” sözünü dəfələrlə işlədən və xüsusi vurğulayan Xoşqədəm Hidayətqızı verilişinin iştirakçılarını etirafa, şok açıqlamaya vadar edə bilir: “On milyonun qarşısında” olmaq həm də heç vaxt olmadığı kimi görünən olmaqdır və bu, artıq fövqəladə vəziyyətdir.

Hadisənin qəhrəmanı “on milyon tamaşaçı qarşısında” özünü bir obraz olaraq hiss edir və bu başgicəllənmə onu duyğusallaşmağa, etiraf etməyə, özünə və həyatına başqa gözlə baxmağa gətirib çıxarır.

“On milyonun qarşısında” sehrli sözdür.

Xoşqədəmin daha bir uğurlu üsulu qəhrəmanı haqda üçüncü şəxsdə danışmaq, onu da üçüncü şəxsdə təhkiyəylə danışmağa vadar etməkdi.

Məsələn, sözügedən gənc qadın Əfsanə də özünü obraz kimi görür: “Əfsanə əfsanə oldu” deyə özü haqda üçüncü şəxsdə danışmağa başlayır.

“Qismət!”, “Amansız Tale!” kimi nidalarla tale küləyi əsdirməyini də bayaq dedik.

Bu qədər ustaca metodlara baxmayaraq, Xoşqədəm xanım bu teatrın baş rejissoru, müəllifi olmaq istəmir, olsa-olsa Müəllif obrazına girir.

Çünki yaxşı bilir: müəllifin əsas cizgisi ustalıq deyil, heç bədiilik, dərinlik də deyil – Ağrıdır.

Gündəlik bu qədər ağrı ilə fiziki olaraq yaşamaq, nəfəs çəkmək, özü demişkən, “yarım kub” hava udmaq mümkün deyil...