YeniYaz.Az Maksim Qorkinin “Kitab haqqında” essesini təqdim edir.
Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam - hələ gəncliyimdə anlamışdım ki, incəsənət insanlardan daha comərddir. Mən kitabları sevirəm, onların hər biri mənə möcüzə kimi görünür, yazıçı isə sehrbazı andırır. Mən kitablar haqqında böyük həyəcanla, şövqlə, ruh yüksəkliyi ilə danışmaya bilmərəm. Bəlkə də bir az gülməli səslənəcək, amma bu, belədir. Bəlkə də deyəcəklər ki, bu bir yırtıcı həyəcanıdır, qoy desinlər. Mən islaholunmazam.
Hansısa qəhrəmanın icad etdiyi maşının köməyilə mürəttibin - o da hansısa mənada qəhrəmandır, - mətbəədə ərsəyə gətirdiyi yeni bir kitabı əlimə alanda mənə elə gəlir ki, həyatıma hansısa möcüzəli, danışa bilən canlı daxil oldu. Bu, insanın özü haqqında - dünyadakı ən mürəkkəb, ən müəmmalı və ən başlıcası, sevgiyə layiq olan, əməyinin və təxəyyülünün sayəsində yer üzündəki ən dahiyanə və gözəl nəsnələri yaradan varlıq haqqında yazdığı yeni kitabdır.
Kitab məni həyatın içindən keçirir, bu həyat mənə yaxşı tanışdır, amma o, insanda mənim daha əvvəl bilmədiyim və fərqinə varmadığım cəhətləri görməyimə kömək edir. Bəzən bütöv bir kitabda yeganə bir ifadədən başqa heç nə tapmırsan, amma məhz həmin söz səni insana yaxınlaşdırır, yeni təbəssüm və ya yeni mimika göstərir.
Ulduzlu səmanın nəhəngliyi, kainatın harmonik mexanizmi, astronomiya və kosmologiyanın ağız dolusu danışdıqları məni təsirləndirmir, vəcdə gətirmir. Mənə elə gəlir, kainat astronomiyanın təsəvvür etdiyi qədər heyrətamiz deyil, dünyaların doğuluş və ölümündə ilahi harmoniyadan qat-qat çox mənasız xaos var.
Hardasa “Süd yolu”nun dərinliyində günəş sönür və planetin bütün sistemi həmişəlik zülmətə qərq olur, bu, məni zərrə qədər mütəəssir etmir, halbuki heyrətamiz təxəyyülü olan Kamil Flammarionun ölümü məni çox kədərləndirir.
Bizim gözəl gördüyümüz hər şey insan tərəfindən söylənilib. Təəssüf ki, çox vaxt insanlar əzablar yaradır və onu dərinləşdirməli olurlar, necə ki, bunu Dostoyevski, Bodler və başqaları ediblər. Amma mən hətta bunda da həyatımızdakı əzabları, ədavətləri bəzəmək, əlvan rənglərə boyamaq istəyi görürəm.
Bizi əhatə edən və bizə düşmən olan təbiətdə gözəllik yoxdur, gözəlliyi insan özü qəlbinin dərinliklərindən ərsəyə gətirir, beləcə fin öz yurdundakı bataqlıqları, meşələri, cansız kollar bitən kürən süxurları təsəvvüründə gözəlləşdirir, beləcə ərəb özünü inandırır ki, səhradan gözəl yer yoxdur. Gözəllik insanın onu yaratmaq istəyindən doğulur. Məni dağ mənzərələrində üst-üstə qalanmış eybəcərlik deyil, insan təxəyyülünün ona bəxş etdiyi əzəmət heyrətə gətirir. İnsanın necə asanlıqla və comərdliklə təbiəti başqa şəklə salması məndə rəğbət doğurur, əgər bir az dərinliyə varsaq, görərik ki, yer üzü yaşamaq üçün elə də rahat yer deyil.
Zəlzələləri, qasırğaları, fırtınaları, daşqınları, istini və soyuğu, zərərli həşərat və mikrobları və minlərlə digər nəsnələri xatırlayaq. Əgər insanın qəhrəmanlığı və bütün bunların öhdəsindən gələcək gücü olmasaydı, bizim həyatımız dözülməz olardı.
Bizim mövcudluğumuz hər zaman və hər yerdə faciəlidir, amma insan bu saysız fəlakətləri incəsənət əsərinə çevirir; mən bu çevrilmədən möcüzəli və heyrətamiz heç nə tanımıram. Ona görə mən ulduzların soyuq sayrışması və ya okeanların mexaniki ritmində, meşələrin pıçıltısı və ya səhranın səssizliyində deyil, Puşkinin şeirlərində və ya Floberin romanında daha çox müdriklik və canlı gözəllik tapıram.
Səhraların səssizliyi? Rus bəstəkarı Borodin əsərlərinin birində onu çox parlaq ifadə edib. Şimal şəfəqi? Mən Uistlerin rəsm əsərlərini ondan üstün tuturam. Con Reskin “İngiltərədə günəşin qürub çağı Ternerin əsərlərindən sonra gözəl görünür”, deyəndə tamamilə haqlıydı.
Mənim yaşadığım dünya kiçik Hamlet, Otello, Karamazovlar, mister Dombi, madam Bovari, Manon Lesko, Anna Karenina, Don Kixot və Don Juanların dünyasıdır.
Bizim kimi əhəmiyyətsiz varlıqlardan yazıçılar nəhəng obrazlar yaradıb və onları ölümsüzləşdiriblər.
Mən elə bir dünyada yaşayıram ki, kitab oxumadan insanı anlamaq qeyri-mümkündür. Bizim alimlərimiz və söz ustadlarımız insan haqqında böyük əsərlər yaradıblar: Floberin “Sadə ürək” əsəri mənim üçün İncil qədər dəyərlidir. Knut Hamsunun “Torpağın bərəkəti” məndə “Odissey” qədər heyranlıq doğurur. Mən əminəm ki, nəvələrim Roman Rollanın “Jan Kristof” əsərini oxuyacaqlar və müəllifin ağlının və qəlbinin böyüklüyünə, bəşəriyyətə olan tərəddüdsüz sevgisinə rəğbət duyacaqlar.
Mən yaxşı bilirəm ki, bu sevgi indi “dəbdə deyil”, ancaq nə etmək olar? O mövcuddur, təsiri keçmir və biz onun sevinc və kədərləriylə yaşamağa davam edirik.
Hətta bu sevgi getdikcə daha da inamlı və mənalı olur, hərçənd bu onun zahiri təzahürlərinə əməli təcrübə və soyuq xarakter verir, amma həyat uğrunda mübarizənin daha da kəskinləşdiyi dövrdə heç bir halda rasionallığını azaltmır.
Mən insanlardan başqa heç nəyi tanımaq istəmirəm. Onlara yanaşmada kitab həmişə dostcanlı və comərd bələdçi olub. Və mən yer üzündə bütün gözəl və nəhəng nəsnələri yaratmış təvazökar qəhrəmanlara getdikcə daha çox hörmət və ehtiram duyuram.
1925
Tərcüməçi: Günel Natiq