Kürəyinə bıçaq saplanan həqiqət - Şərif Ağayar

Kürəyinə bıçaq saplanan həqiqət   - Şərif Ağayar

21 Noyabr 2022 09:23 469


Rafiq Tağı üçün

Şərif Ağayar

Dünyada kürəyinə bıçaq saplanan nə ilk, nə son həqiqətsən...

Qatili tapılmayan böyük insanlar da olub və nə yazıq ki, olacaq...

Eynəkli doktorlar da çoxdur həyatda...

Doktor yazıçılar da...

Yazıçı doktorlar da...

Gözəl insanlardan da xali deyil dünyamız...

Olmayacaq da...

Amma nə sirdirsə, aradan illər keçdikcə yerinin boşluğu daha çox hiss olunur...

Səndən sonra söz mülkündə bir yetimlik, bir kimsəsizlik, bir güvənsizlik hakimdir, ustad!

Hansı ki, bu güvənsizlik elə Seyid Əzim məscid divarına sıxılıb öldürüləndə də, Yusif Vəzir acından qan qusanda da, Məhəmməd Hadi donmuş əlləriylə şeirlərini satanda da vardı...

Səninlə daha da dərinləşdi, daha da cavanlaşdı, daha da zalımlaşdı...

Səndən sonra hamımızın kürəyində bir bıçaq giziltisi, hamımızın arxasında təngnəfəs qaçan, ona çata bilən-çata bilməyən bir qatil hənirtisi, bir qatil vahiməsi var...

Bütün bunlara rəğmən sözün rast gəlinən, adın zikr olunan yerdə həmişə bir işıq parıldayır...

Elə bir işıq ki, dünyanın bütün əclaflıqlarını o işığa bağışlamaq olar...

Arxamızca keçmişin qaranlığına bürünmüş qatilin yüyürür, önümüzcə gələcəyin işığına boyanmış idealların...

Və yolumuz o işığa doğrudur...

Qaranlıq bizə çatmamış, biz o işığa qovuşacağıq.

Bu, sənin hüzurunda namus sözümüz olsun!

Buna görə, rahat uyu...