Mədəniyyət necə “infarkt” olur? - Qismət yazır...

Mədəniyyət necə “infarkt” olur?   - Qismət yazır...

11:34 49


2012-ci ildə Almaniyada bir kitab çap olundu və aləm bir-birinə dəydi. Dörd peşakar mədəniyyətşünasın birgə yazdığı bu kitab belə adlanırdı: “Mədəniyyət infartktı: Hər şeydən hədsiz çox və hər yerdə eyni şey”

Kitab dövlətin mədəniyyət sahəsinə dəstək, dotasiya, subsidiya ayırmasını hərtərəfli təhlil edir. Müəlliflərin fikrincə, davamlı şəkildə artmaqda olan mədəni təklif tələbi üstələyir. Deyirlər ki, mədəniyyətə dəstək adına olan xeyli şey şişirdilir, süni ehtiyaclar yaradılır, beləcə, mədəni qurumlar, təşkilatlar ətalət içində eyni şeyin solğun surətini tələbatdan artıq istehsal etməklə baş girləyirlər.

“Kultur für alle” – hamı üçün mədəniyyət siyasəti uğursuzluğa düçar olub, çünki böyük maliyyə dəstəyi alan köhnə təşkilatların, qurumların tədbirləri yeni nəsilləri cəlb edə bilmir. Müəlliflərin fikrincə, çıxış yolu sadədir: mədəni təklifi azaltmaq, optimallaşdırmaq, yəni funksional olmayan altı min muzey yox, tutalım, min muzeyimiz olsun, yalandan səkkiz min kitabxana saxlamayaq, beş yüz işlək kitabxana olsun, qalanını xərcləyək rəqəmsal mədəniyyətə.

Bu fikrə xeyli etirazlar da oldu, ancaq sonrakı illərin faktları da göstərdi ki, müəlliflərin haqlı olduğu məqam çoxdur. Angela Merkelin vəzifədə olduğu 2005-2021-ci illər arasında dövlətin mədəniyyətə dəstəyi 60 faiz artsa da, nəticə dəyişmədi: yeni nəsillərin tələbatına, ehtiyacına, marağına uyğun olmayan “mədəni əmtəə”dən hədsiz çox təklif edildi, üstəlik, məlum oldu ki, hər yerdə eyni şeydir, hesabata xatir mürgülü tədbirlər, yəni ədalətin yox, ətalətin təntənəsi.

Bu kitab göstərir ki, niyə əvvəlki kimi təsirli əsərlər yazılmır, filmlər çəkilmir, mahnılar bəstələnmir sualının bir cavabı da işlək olmayan, son istifadə tarixi keçmiş metodlardan, formatlardan canımızı qurtara bilməməyimizdir. Süni zəka əsrində süni tənəffüs aparatına bağladıqlarımızdı mədəniyyətin qarşısını kəsən. Mədəniyyətin qan dövranını pozub onu infartk etməyimizdir. Yoxsa şair demiş, insan hər yerdə insandır...