Qızım, mənə borcun yoxdur - Elnaz Eyvaz

Qızım, mənə borcun yoxdur   - Elnaz Eyvaz

18 İyul 2022 13:13 951


Qızıma ikinci məktub

Elnaz Eyvaz

Salam, qızım.

Demişdim axı zaman-zaman sənə məktublar yazacam. Birinci məktubumdan illər keçir. Bu məktubu hər ikimizin doğum günü ərəfəsində yazıram.

Yadındamı, bir dəfə yaşımdan danışdım, dedim, ömrümü, bəlkə də, yarı eləmişəm.

Sən bunu özünə dərd elədin, dedin ki, ana, bir də o söhbəti eləmə. İstəmirəm, istəmirəm sənin yaşın çoxalsın. Öləcəksən, mən tək qalacam...- və hönkür-hönkür ağladın.

- Tək niyə qalırsan, qızım?! Baban, nənən, dayın var, ailən olacaq, həyat yoldaşın, uşaqlaırn. Dürüst insan olarsan, çoxlu dostların olar. Ananın dostları hamısı sənin xalan, dayın sayılır...

- Yox, ana, yox. Saydıqların heç biri ana deyil...Heç Allah da ana deyil...

Heç vaxt yaşımın artmağından qorxmadım. Yaş – yaşadıqlarındır. Mən çox yaşamışam, 80, bəlkə, 100 yaşım var mənim, Qızım. Ancaq ruruhm gəncdir, içimdəki həyat eşqi çox gəncdir. Çünki o Eşqin dadını doya-doya çıxarıb qocalda bilmədim. Şən, şıltaq, qəhqəsinin cingiltisi divarları dələn, dinlədiyi mahnıların səsi çölə-bayıra yayılan, zümzümələrinə qonşuların qulaq kəsildiyi Qız hələ də mənim içimdə qısılıb qalıb. Səsini boğdular, baxışlarını qırdılar, öldürə bilmədilər...

Günlərin bir günü Sən doğuldun. Yaşamadığım gözəl nə varsa, sən yaşayasan istədim. Yanlış anlama, ürəyimdə qalan arzularımı sənə sırımaq istəmədim. Sən başqa adamsan, Sənin öz arzuların var. Sən doğulandan arzularım yerini, yolunu dəyişdi, sənə döndü, sən oldu. O gün-bu gün özüm üçün nəsə istəmədim, nə etdimsə, nə istədimsə, Sənin üçün... Bəlkə də, deyəcəksən, analıq borcundur, bütün analar belə edir, belə olur. Haqlısan. Ancaq mənim başqa analardan çoxlu başqa fərqlərim də var.

Bax, Gözəlim, yük ağır olar, yük daşındıqca ağırlıq edər. Övlad yeganə yükdür ki, nə bətnində daşıyanda, nə doğulandan sonra yormaz adamı. Başqa yüklərə bənzəməz. Daşıdıqca ləzzət edər, qürur duyarsan, güclənərsən. Ancaq övlad həm də elə bir yükdür ki, tək daşımaq ağır olar, ağır gəlməz ha, ağır olar...övlad iki adamlıq yükdür. İki adamın ərsəyə gətirib axıra qədər də qarşısında borclarını yerinə yetirməli olduqları varlıqdır. Sənin Ananın fərqi ondadır ki, iki adamlıq yaşadı, iki adamın yükünü daşıdı. Var, mənim kimi analar çoxdur. Aşağı-yuxarı fərqlərlə yaşayır bu qadınlar. Hərə öz üslubunda, hərənin öz yolu...

İkimizin də doğum günü ərəfəsidir. İkimiz də bir yaş böyüyürük. Fəqət aramızdakı yaş fərqi eyni qalır, təbiidir. Sən yenə mənim üçün körpə, tombul yanaqlı, şorqoğalı kimi yupyumru, bal kimi şipşirin körpəmsən. Nəyi bilirsən, bilirsən, eşitmədiklərini, demədiklərimi anlayırsan, hiss edirsən, hərdən üzümə vurursan, hərdən anlamırsan kimi edirsən. Olacaq bunlar. Bilməni istədiyim özəl şeylər var, mütləq var, mütləq bil.

Həyatım iki yerə bölünür mənim. Sənə qədər, sən doğulandan sonra. Və bu həyatı elə yaşamağa çalışdım ki, zamanla suallarının qarşısında utanmayım, sənə haqsızlıq etməyim. İstəsəydim, başqa övladlarım da olardı, buna dəfələrlə şansım olub, bilirsən də, bilmirsən də. Ancaq istəmədim. İstəmədim ki, ürəyinə xal düşsün, onları səndən çox sevdiyimi düşünəsən. Qorxdum ki, haçansa mən həyatda olmayanda onlar səninlə öz aralarında ögey-doğmalıq qoyub səni ayırarlar. İstəmədim ki, sənin boynunda kiminsə minnəti olsun, kiməsə borclu olasan.

Niyə yazdım bu məktubu? Niyə indi, niyə bu il, bu gün? İlk dəfədir nədənsə qorxuram, ilk dəfədir bu qədər narahatam. Ölümdən, zərrə qədər qorxmuram, yaşım neçə olur-olsun, haqqımız olanı yaşayacağıq hamımız. Əvvəllər düşünürdüm, mənsiz necə olarsan?! Ancaq onda da bu qədər qorxmurdum. İndi gənc qızsan, ömrünün ən gözəl illərini yaşayırsan, şükür. Tələbəsən, daha əlimizdən tutmadan təhsil ocağına gedib-gəlirsən, yol-iz bilirsən. Hər şey zamanla yoluna düşür.

Bəs nədir qorxduğum? Nədir məni bu qədər narahat edən?! Bütün yaşadıqlarımızın, yaşadıqlarımın qarşılığında səndən heç nə istəmirəm, mənə borcun yoxdur. Nə etmişəmsə, Ana kimi haqqımı ödməyə çalışmışam, həyat budur. Anam mənim üçün edib, mən sənin üçün, sən də öz övladların üçün edəcəksən. Sənə pis numunə olmamışam. Gecəmi gündüzümə qatmışam, göz yaşımı içimə axıtmışam, əzab çəkmişəm, əziyyət çəkmişəm, ancaq sənə bir tikə haram yedirtməmişəm. Başını dik tutub gəzəsən, heç kimin yanında utanmayasan deyə, yükümü ağır etmişəm. Analıq haqqım halalın olsun!

Səndən iki ricam, istəyim var. Sözümü eşitsən, ricamı qəbul etsən, o zaman İnsan kimi də haqqım hala olar! Ancaq o zaman rahat yaşayıb, haçansa rahat ölərəm.

Səndən ricam, dürüst ol! Dürüst ol! Dürüst ol! Əxlaq nədir? Düzlük, yalansız, vicdanlı, ləyqətli olmaq, haramdan uzaq olmaqdır, bəşəriyyətə, Vətənə, xalqa faydalı, ziyansız olmaqdır. Və bütün bunların kökündə dürüstlük dayanır. Nə qədər böyüyürsən böyü, nə qədər ucalırsan ucal, inkişaf et, dünyaya çıx, böyüklə böyük, kiçiklə kiçik olmaqdan vaz keçmə. Haqsızlıq etmə, ədalətsiz olma. Axına qoşulma, öz yolun olsun, hazır izlərə düşüb itmə.

Və bir də... dünyanın bu günündə, ətrafın bu qədər dağınıq olduğu məqamda Ana kimi də, insan kimi də səndən ricam: seçimlərinə diqqət et, ürəyinin təmizliyi sənə düşmən olmasın. Yanlış adamlarla yoldaşlıq etmə, çörək kəsmə. Əxlaqı əxlaqına zidd olan insanlardan uzaq ol. Heç gördünmü düz əyrini düzəldə? Mən görmədim, ancaq əyrinin düzü öz yoluna çəkdiyi saysız misallar çəkərəm. Deyirlər e, qozbeli qəbir düzəldər. Yalandır, gözümün işığı. Qozbeli qəbir də düzəltmir, sadəcə, eyibini örtür ki, görən olmasın. Dostunu da, həyat yoldaşını da yüz dəfə, min dəfə ölç-biç, seç! Əlini atıb götürmə. Həyat yoldaşı – övladlarının atasıdır həm də, təkcə sənin ərin yox! Elə seç ki, mərd olsun, ləyaqətli, dürüst adam, yaxşı ATA da olacaq! Elə seç ki, övladların atasından utanmasın.

Dost - canının yarısıdır, necə dost olmağı öyrətmişəm sənə, görmüsən anandan. Çörək kəsmək ağır söhbətdir. Kəsdinmi, haqqı var boynunda, tapdamayasan gərək. Hər adam bilməz bunu. İlk yanlışında arxandan zərbə vurub, sirrini-sözünü yayıb, yerinə başqasını qoyanlar duz-çörək qədri bilməz. Haram çörəklə böyüyənlər, halallıq bilməz. Alma armud ağacının dibinə düşməz. Hər meyvə öz ağacının altına düşər. Elə et ki, sonra canın yanmasın. Mən həyatda olaram, olmaram...yaxşı, dürüst, əxlaqlı dostların olsun ki, gələcəkdə oğluna-qızına, sən də mənim kimi, deyə biləsən, baxın bu, xalanız, bu, dayınız....Kiminlə oturub-durarsan, ona bənzərsən. Bunu mən kəşf etməmişəm. Elm də sübut edir ki, insan kimlərlə çox ünsiyyətdə olursa, beyni onun beyni kimi düşünməyə başlayır. Mövlanə nə deyib?! “Kim olduğunu bilmək istəyirsənsə, kimləri sevdiyinə bax”, Konfutsiyə görə, əxlaqı ilə tayınız olmayan adamları özünüzə dost etməyin. “Kitabi-Dədə-Qorqud”da: “Oğul atadan, qız anadan görməyincə öyrənməz,”- deyir.

Sağlamlıq, uzun ömür, gözəl günlər arzumdur. Allahın sənə verdikləri ilə lövğalanma, insanlara yuxarıdan aşağı baxma, şükür et. Qazandıqlarınla, öz zəhmətinlə əldə etdiklərinlə qürurlan.

Məndən Sənə qiymətli, bahalı əşyalar, ev, maşın, qızıl-gümüş qalmayacaq. Mənim mülküm, varım Sənsən! Amma mülk ləzzətini aldığımız deyil təkcə, hesabını verəcəyimizdir. Sənə dürüstlüyü, halallığı, ədaləti əmanət edirəm, miras qoyuram. Mənim ən gözəl əsərim Sən ol! Üstündəki haqqım xətrinə, bunları qoru. Qoru ki, eşit ki, yaşadıqlarımın mükafatı olsun, qoru ki, çəkdiyim əzab-əziyyətləriə dəysin həyatım. Qoru ki, başın dik, alnın açıq, üzün ağ olsun! Qoru ki, sənin də övladların deyə bilsin: “Yaxşı ki bizim anamız sənsən!”

Yenə də totuq yanaqlarından öpürəm.

Anan Elnaz
17.07.2022