Minalanmış ərazilər: Allah, Söz, Müəllif...

Minalanmış ərazilər:   Allah, Söz, Müəllif...

13 Sentyabr 2022 09:16 139


Hədiyyə Şəfaqət

- Sizi cəhənnəmlə hədələyən bir Tanrını təsəvvür edə bilirsinizmi?
- Elədir, mən də təsəvvür edə bilmirəm..

***

Bu yazı tamam başqa şəkildə davam edəcəkdi. Amma yaxın günlərdə məlum ərazilərdə daha bir mina partlayanda, Salman Rüşti bıçaqlananda yazdıqlarımın məhəbbət dairəsindən qabarcıqlar kimi pırtlayıb eybəcər çopurluq yaradan şeyin də elə yaşadığımız dünyanın reallığı olduğunu bir daha fikirləşməli oldum. Nə baş verirsə bu dünyada baş verir və niyəsə Allahın adı altında maskalanaraq baş verir.

Mən bu şeyləri Allaha sahiblik etmək iddiası adlandırıram. Bəzən daha yumşaq formada “Allaha sahib çıxmaq” kimi ifadə olunması isə hiyləgər riyakarlıqdan başqa bir şey deyil: Hansı güclə və cəsarətlə?!

Bu qəlbən, ruhən yaradanı inkar edərək hansısa məqsədlər daxilində Allaha vəkillik etmək iddiası da deyil. Daha həyasız, daha haqsız və daha çirkin bir düşüncə və təsir tərzidir.

***

Əlbəttə, bu məsələdə Salman Rüşdi elə bil əhəmiyyət kəsb etmir. Mübahisəli mövzudur, amma o da var ki, bu mübahisəli mövzunun xırdalıqlarını birtərəfli nəzərdən keçirmək heç bir şəkildə mütləq mənzərəni ortaya qoymayacaq. Necə deyərlər, doğrusu ancaq Allaha məlumdur ki, bu da deyəsən Allaha ağalıq etmək iddiasına düşmüşlərin nəyinə lazım ola bilər?

Lakin ədəbiyyat həm də özü öz daxilində mina gəzdirən ərazi olaraq partlayışdan zövq adığından bu və bu cür məsələlərin açıq müzakirəsi, mübahisəsi, hətta dava – dalaşı da qansız-qadasız başa çatır. Çünki, Allah burada Söz məqamında yaradan və yaradılandır.

***

Həyatı boyu sənətə, əsasən də kitaba əhəmiyyət verməyən bir kütlə sən demə mürgü döyüb eləmir, necə deyərlər özünü yatmış göstərir və itilənmiş inam (iman) çatışmazlığnı gizlətmək məqsədindən uzağa getməyən bir ikiüzlülüklə özünü göstərməyə imkan gəzir. Budur, hardasa bir mina partlayır –Söz deyilir, yazılıq və ya oxunur, - yüzillik qanlı əyləncə hazırdır. Mehmet Ali Birand: “Bəlkə bu kitab milyonlarla oxunmayıb. Amma milyonlarla insanı ayağa qaldırmağa səbəb ola bilib”, - deyərkən öz dövrüncə haqlıydı, amma sonra milyonların oxuma təlabatına da çevrildi. Çox güman, iddia sahiblərinin qarşısında dayananların arasından çıxmış milyonların, amma milyonlarla ayağa qalxanın ayaqları altında yüzlərlə cinayət qurbanı, milyonların əlində onların qan ləkəsi qaldı...

Adamı yandıran budur ki, bütün bunlara ədəbiyyat səbəb oldu, bir müəllif, bir kitab, bir mübahisəli dini məsələnin bədiiliyə gətirilməsi səbəb oldu və bütün bunlar ümumi bir kortəbii hücumla həyata keçirildi.

Kortəbiilik barədə danışarkən kortəbiiliyin qızışdırılma nöqtələrini unutmuş deyilik.

***

Ziqmund Freyd hər kəsin Tanrını atasının obrazında gördüyünü deyir. Bəlkə də Salman Rüşdinin bu mövzunu bu qədər rahatlıqla qələmə almasının səbəbi də bununla bağlıdır. Dindar bir ailədə doğulmuş, inanclı olduğunu bildirən müəllifin babasıyla bağlı xatirələri insanın ürəyini ağrıtmaqla yanaşı dini pərdə altında yeridilən siyasi ambisiyaların iyrəncliyi qarşısında sarsıdır: “Babam Məkkəyə ziyarətə getmişdi, hər gün beş dəfə dua edirdi. Ancaq dinə bağlılığı onun dünyanın ən səbirli və dözümlü adamı olmağına mane olmurdu. Hətta ona Allaha inanmadığını da deyə bilərdin. O, sənin qolundan tutacaq və yanında otuzduracaqdı: "Belə. Hər şeyi bir-bir danış görüm", sonra da səninlə tamilə ciddi şəkildə, qəzəblənmədən söhbət edəcəkdi”.

Salman Rüşdi Yaradanı babasının simasında görürdü.

Səhv etmirdi, yanılmırdı. ən azı bu mənada...

“Onu deyim ki, nənəmizdən qorxardıq, çox zabitəli qadın idi...”

Zabitəli nənə obrazlı şəkildə desək əli dəyənəkli (bıçaqlı, avtomatlı, xəncərli, kəndirli) dayanıb nə zaman səhv edəcəyimizi və bizi cəzalandıracağını gözləyən hökm sahibi və ya hökm icraçıları rolundadır...

Salman Rüşdinin əsərində bəşəri dəyərlərə müraciət etmədən, necə deyərlər həssas nöqtəyə toxunmaqla başına (ədəbiyyatın başına) iş açdığını deyənlər haqsız deyillər. Lakin onun cəhdini Şərqin ərköyün oğlunun qanmazlığı hesab edib öyüd-nəsihətə məruz qoymaqla, ya da göz yumub hörmətsiz etməklə cəzalandırmaq yerinə əməlli-başlı qan davasına çevirən dini liderlərin törətdiklərinə məsumca ərköyünlük demək mümkün deyil.

Nəticədə müəllif və mətn qələbə qazanıb. Müəllifi nəyin hədələdiyini bütün dünya bilir. Lakin mətni aradan götürmək artıq mümkün deyil. Bu da bir siyasətdir və bu siyasətin də öz maddi, siyasi, necə deyərlər ərazi iddiasında olan liderləri var. Salman Rüşdi bu liderlərin qurduqları mexanizmin çarxları arasından əzab çəkə-çəkə, can verə-verə keçəcək. Mətn isə bu çarxdan kənardadır. Çünki müəllifi yüz yönə çəkmək, əldən ələ ötürmək, hər dəfə bir cür danışmağa məcbur etmək, özünü qoruma instikti ilə növbəti cəhdlərə aparıb çıxartmaq mümkündür. Mətn isə bitib, necə deyərlər ölüb və əbədi həyat qazanıb. Qadağan olunması belə daha çox tələb olunmasına rəvac verdiyindən Allaha yiyəlik (ağalıq) etmək iddiasında olanların qəzəbi haralardasa kapitala çevrilən vasitədir. Doludur, ya boşdur, haqlıdır, ya haqsızdır, yetkin mətndir, ya deyil, - fərqi yoxdur.

Bir müəllif sağdırsa, kitabları milyonlarla tirajla yayılırsa və milyonlarla insan tərəfindən müzakirə mövzusuna çevrilə bilirsə burada mütləq şəkildə o kitabda işarə olunan bir şeyə iddia edən, həqiqi mənada ağalığa iddia edən bir güc dayanır.

Əlbəttə, müəllifin xoşbəxtliyi həm də burdadır, amma şeytani arzuyla bəşəri arzunu bir - birindən ayıran kifayət qədər ciddi hədd var. Şeytani arzu, iblisanə ehtiras bəşəri yanaşma adı altında gizlənə bilməz.

***

Məlum hadisədən sonra yenidən bütün nəzərlər və ittihamlar İslam dünyasına çevrildi. Aydın məsələdir, gözləniləndir. Məsələn xristian kilsəsi: “Yeni doğulan uşaqlar azaddırlar. Bir uşaq doğulur, hələ ki vicdanı və şəxsiyyəti formalaşmayıb, bax, onun ən azad olduğu an o andır. Böyüdükcə çevrəsindəkilər onu başqalarına oxşamağa məcbur edəcək. Yəhudidirsə sinaqoqa, xristiandırsa kilsəyə, müsəlmandırsa məscidə aparacaqlar. Bəs bunun mənası nədir? Tanrının varlığına inanırsınızsa, onun birliyinə də inanmalısınız. Tanrı təkdir. Onun tanrısı, bunun tanrısı deyə bir şey yoxdur”, - deyən Joze Saramaqoya “İsanın incili”-nə görə barmaq yelləsə də onu açıq şəkildə ölümlə hədələmirdi. Hərçənd, səlib yürüşləri, cadugərlik ittihamlarıyla cəzalandırılmalar, inkvizisiya hadisələrində üzülmüş başların, axıdılmış qanların, kəsilmiş səslərin və eh!.. yandırılmış kitabların sayı-hesabı yoxdur.

Fərq zamandadırsa.. deməli, Paviç demiş: “Zaman şeytani, əbədiyyət ilahidir”..

***

Dostoyevski deyir: “Tanrı olmasaydı hər şey etmək olardı”...

Görünür, onun qoruyucusu olduğunu iddia edib ağası olmağa göz dikənlər də “O” – nun varlığına inanmamaqdaydılar.

"Bağışlayan və mehriban Allahın adı ilə...”- Salman Rüşdi barəsində verilən fətva bu sözlərlə başlayır. Lakin o, peşman olduğunu dilə gətirib bağışlanmasını xahiş edəndə fikir verən olmadı.

Lazım deyildi.

Allahdan dərs götürmək, Allahdan utanmaq və Allaha yaxınlaşmaq heç bir şəkildə söhbət mövzusu ola bilməzdi. Əvəzində edam hökmü qüvvəsini bu gün də qoruyur. Hədə təkcə bir müəllifin başının üstündə deyil, bu kitabla yaxından uzaqdan əlaqəsi olan bütün şəxslərin, təşkilatların başının üstündə əsir.

Halbuki, Salman Rüşdinin müdriklik nümunəsi olan babası deyərdi: “Hələ bir otur, de görüm nə dərdin var?”

***

...Ədəbiyyat bu dərdin, bu dərdlərin, insan qəlbinin əzablarının, təkcə özüylə bağlı deyil, başqalarının dərdlərinin və əzablarının hiss edilməsi və əks olunmasından ibarətdir. Ədəbiyyat insanla eyni taleyə məhkumdur. Dediyi hər sözün hesabını verməli olan, ədalətinmi, gücünmü yanında olmasıyla öyülən və qınanan canlı bütövlük. Əlbəttə, insandan daha uzunömürlü, amma eyni zamanda insanlığın tarixindən həmişə bir addım geri qalacaq mətn. Əbədiyaşarlıq qazanmış mətnərin hər birinin qəlbində Allah var. Çünki düşüncənin heyrətamiz nüfuzetmə gücü qarşısıalınmaz şüa kimi hər şeyi dəlib keçərək iki nöqtəni: Allahla Allaha qovuşanı birləşdirir. Bu şüanın hər şeyi dəlib keçdiyi yol boyu baş verən hər şey həyatdırsa və həyat bu qədər əldə tutulmaz kütlə kimi gah buxarlanır, gah buza dönür, gah su olub axırsa, bu axın birmənalı olaraq hər şeyi yoxluğa aparırsa Allahla aramıza girməyin...

***

Magik mətnin üstündə real və müdafiə haqqı verilməyən məhkəmə qurmaq, dialoqa dəvət etmədən günahlandırmaq həm də sözə göz dikməkdir. Sözü necə ittiham edə bilərsən? O ki Yaradana məxsusdur?

Bəzən bu kimi ittihamların və qərarların arxasında dayanan şəxslərin cahilliyi irəli sürülür. Razılaşmaq olarmı, - məncə yox. Kütlənin idarə olunması, əlinə silah (fətva) verib bir nöqtəyə doğru itələnməsi, bu yolda cənnət vəd edilməsi (bu yolda olan hər kəs əzabkeş kimi tanınacaq”... və “Allahın xeyir-duası həmişə sizinilə olacaq”... - kimi əminliklər cahil əminliyi deyil, buna görə də daha təhlükəlidir.

Allahın xeyir-duasının bizdə olması üçün göstərilən yol, əvəzi istənən bir “sevgi”... – “Öldür!”

Bu hökmün, fərmanın, hadisələrin içində, məğzində və kənarında yatan mətnin nəhəngliyi qarşısında adamın gözləri qaralır. Ümumi səs-küyün arasında dəqiq bir müəllif-qurbanın ölümüylə - ölümsüzlüyü nəyi dəyişə bilər? Bu əsərə dar ağacından asılmaq vəd edən özündənrazılıq və dişqıcanması qırılmış ipdən tökülmüş muncuq kimidir. Bu muncuqların hərəsi bir yerə düşmüş ola bilər. Heç vaxt da onları eyni sapa düzə bilməyəcəyik. Lakin onlardan hər biri cəmiyyətin nüvəsində yeni partlayış yaradacaq minadır.

***

Allah, Söz, Müəllif... – bunların hər birini təklikdə mina adlandıra bilməsək də üçünün bir yerdə olduğu əraziləri minalanmış adlandırmağımızda nə qədər haqlı olduğumuzu göstərən yüzlərlə nümunə mövcuddur. Məlum olanları məlum olmadan şəxsi maraqların intiqam cəngəlliyində it-bat olunmuş qətllərin və qətl fərmanlarının fonunda müəllif yenə də bu üçlüyün tərəflərindən biri olmağa iddialıdır. Bu iddiasından hansı səviyyədə çıxacağını kim deyə bilər? Salman Rüşdinin ədəbiyyat qəhrəmanı adlandırmaq mümkün deyil. Ən azı öldürülməsinə can atan əzabkeşlərdən daha yaxşı qorunduğu məlumdur. Təsəvvür edin ki, bir gün ortaya çıxır və deyir: “Məni Allah qoruyur!” Bunu deməkdə tamamilə haqlıdır, özünü Allahın vəkili hesab edənlərin bu iddia qarşısında susmaqdan başqa çarəsi qalmamalıdır. Vurub öldürüb sonra da: “Hanı Allah, səni niyə qorumadı?” deyəcək cəsarətdə bir iman sahibi varmı dünyada? Yoxdur. Amma görünür, bu Rüşdinin ya ağlına gəlməyib, ya da qarşısındakıların elə boyuna görə düşmən olduğunu yaxşı anlayır. Ağlına gəlməməsiylə daha çox razılaşıram. Çünki Yaradanın dərki elə ağlımızın daxilində mümkündür.

***

Allah itirilən və tapılandır – İnsan itirən və tapandır.

Müəllifi adi insanlardan fərqləndirən də məhz itirməklə tapmağın arasına axtarışı yerləşdirməsidir. Axtarış həmişə itik tələb edir, çox zaman isə itirilənin nə olduğu naməlum saxlanır ki, axtarış bitməsin.

Müəllif həm də adi insanlardan fərqli olaraq itkini, axtarışı və tapıntını təkrar-təkrar yaşamağa can atması və axtarışı sözlə ifadə etməsiylə tanınır. Bu onun eqoistliyidir, iddiasıdır. Mübarizəsi və rəqabətidir. Müəllif bunun adını həyat qoyur və bu yolla da başa vurur. Ortada qalan nə varsa adını itik və ya tapılan qoymaq mümkün deyil. Ancaq axtarış mətn olmağa qadirdir. Söz yox, axtarış birbaşa təqdim olunmayacaq. Biz sözbəsöz irəlilədikcə itkidən xəbər tutacaq və onun tapılıb-tapılmaması marağımızı çəkəcək. Əvvəl və Son. Amma bunların ikisi arasında oxuduğumuz nə varsa axtarışdır.

Müəllifin Allahlıq iddiası onu xoşbəxt edə bilməz. Onu minalı ərazilər özünə çəkir. Şüurun qatlarında baş verən qabarma-çəkilmələrin sonrasında üzə çıxan ərazilər çox vaxt minalanmış olur. Bu qabarıb - çəkilmələr adi insan həyatında təcrübə - dərs kimi qəbul olunub təkrarlanmamasına çalışılsa da müəllif ayağını hər an minaya basmağa hazırdır. O, başqalarını deyil, özünü hədəfə qoyub. Ölüm onun qorxu ərazisinə daxil deyil. O, oraya can atır.

Salman Rüşdi qorxub, onu Allahın adından hədələyənlərdən qorxduğu üçün vətənindən qaçıb. Qorxu insana xasdır.

Amma qorxutmaq Allaha xas deyil...

Ədəbiyyata da... amma ondan qorxurlar...