Modern islamın 891 illik cəzası - Aqşin Yenisey

Modern islamın 891 illik cəzası   - Aqşin Yenisey

21 Dekabr 2022 09:16 281



Son zamanlar kimlərə görəsə gözlənilən, kimlərə görəsə gözlənilməz olan həbsi və cəzasının, az qala, üçüncü minilliyin sonuna uzanan müddəti ilə diqqət mərkəzindən düşməyən məşhur türkiyəli din adamı, Əməvi saray ruhunun reinkarnasiyası kimi zühur edən Adnan Oktarın Türkiyədə, daha doğrusu, islamda nə yapmaq istədiyini anlamaqda çətinlik çəkənlərin olduğunu görməmək mümkün deyil.

Adnan Oktarın Harun Yəhya sifəti bir islam teoloqudur. Yəni klassik islam etosunu modern çağın loqos və pafosuyla birləşdirmək istəyən və bu yöndə uğurları da olan bir teoloq.

İslam teoloqları Orta əsrlərdə də, xristianlıqda olduğu kimi, islamın teologiyasını yaratmaq istədilər. Ancaq anlayanda ki, islamı yunan loqosu ilə sintez etsələr, din özünün emosional gücünü itirəcək, onda bu sevdadan vaz keçdilər.

Məsələn, loqosun, məntiqin yolunun üstündə yatmış nəhəng islam əjdahası Qəzzali "Təhafütül Fəlsəfə” kitabında yazırdı: "Mən zəka və anlayış baxımından özlərinin digər insanlardan üstün olduğunu düşünən bir qrup şəxs gördüm ki, ibadətlərini tərgitmiş, namazlarını buraxmış, qadağaları məsxərəyə qoymuş və şəriətin qanunlarını pozmuşlar. Onların küfrlərinin yeganə mənbəyi Sokrat, Hippokrat, Platon və Aristoteldir. Onlar ağıllarının çoxluğu ilə məzhəbləri və şəriəti inkar edirlər. Dinin səbəblərinin uydurulmuş əfsanələr olduğuna inanırlar. Bu giclərin üzərində axmaqlığın bu qədər dərin iz buraxdığını gördükdə qədim filosofları rədd etmək, ziddiyyətlərini ortaya çıxarmaq, yollarının pis olduğunu göstərmək üçün bu kitabı yazmağa başladım”.
Ətraflı

Günümüzün Türkiyəsindəki Adnan Oktar da kitablarında başlanğıcda islamla modern elm arasında əlaqələr qurmağa çalışırdı, bu işi öz aləmində başa çatdırdıqdan sonra enerjisini islamla modern əxlaq arasında əlaqələr axtarmağa və qurmağa yönəltdi. Qərb modernizm tarixini xatırlayın. İnkivizisiyadan sonra Avropada dinlə elm arasında qarşıdurma güc və nüfuzun elmin əlinə keçməsi ilə səngidi, ilk maarifçilərin cəhdləri nəticəsində burjua ilahi dayaqlarını itirdi və bu proses hələ də burjuanın əlində güc olaraq qalan dini əsaslar üzərinə bərkidilmiş ictimai əxlaqa yönəldi. Maarifçilərdən sonra estafeti modernistlər ələ aldı və ilk modernistlərin işi burjuanın əlində qamçıya çevrilən (indi bizdə olduğu kimi) əxlaqi önyarğıları dağıtmaq oldu. Bundan ötrü modernistlər nə etdilər? İlk növbədə bədəni ictimai mühakimənin obyekti olmaqdan məhrum etdilər. Burjua əxlaqının cəmiyyət üzərində hakimiyyətini təmin edən və kapitalizm üçün gəlir mənbəyi olan ailə qurumunu hədəfə aldılar. Marks və Engels burjua ailəsini iqtisadi maraqlar üzərində planlaşdırılmış fahişəlik adlandırdılar. Arxasınca ilk modernist şair və yazıcılar, rəssamlar (Flober, Bodler, Mane və s.) qadın bədəni üzərindən əxlaqi mühakimə örtüyünü qaldırdılar, qadın bədənini burjua əxlaqının istismarından çıxarıb kütləviləşdirdilər. Kapitalizm üçün əsas gəlir mənbəyi olan ailə məsuliyyətini madam Bovarilər günlük ehtiraslara dəyişdilər və s.

Bu gün eyni proses islam dünyasında da baş verir; ənənəvi islam ailəsi anlayışına uyğun gəlməyən yarıçılpaq qadın gözəlliyi önə çıxarılır. Qadın bədəni islam çadrasından çıxıb kütləviləşmək, ictimailəşmək istəyir. Adnan Oktarın "kedicikləri” alternativ islam qadınları idi. Modern islam əxlaqını təmsil edən füqurlar. Amma bu modernizmdə çatışmayan iki vacib qüsur vardı; birincisi, alternativ kimi təqdim və təbliğ olunan bu yarıçılpaq qadınlar qərbli həmkarlarından fərqli olaraq üsyankar təbiətə sahib deyildilər, daha çox modern hərəmxananı təmsil edirdilər. Yəni nədən çadrada deyil, mini yubkada oturduqlarını özləri də bilmirdilər. Sabah yenidən onlara burka geymələri əmr edilsə, həmən bürünəcəkdilər. Bir növ, ictimai reflekslərdən məhrum soyundurulmuş kənizlər idilər.

İkinci çatışmazlıq Adnan Oktarın öz yanaşmasında idi; o, bir burjua əxlaqını dağıdır, amma yerinə azad seçim əvəzinə başqa bir burjua əxlaqı qoyurdu; kişidən asılı olan çadralı qadını kişidən asılı olan çadrasız qadınla əvəzləyirdi. Bu əvəzləmə qadına heç bir ictimai məzmun qazandırmır; bədənlər zahirən azaddır, ruhlar, düşüncələr isə əvvəlki dişi kölələrindir. Yəni bu qadınlar öz istəklərinə görə yox, kişinin istəklərinə görə soyunublar. Bu isə Qərb modenizmi ilə daban-dabana ziddir. Buna görə də mən yazının əvvəlində "islam modernizmi” anlayışından istifadə etdim. Fərdi azadlıq olmadığı üçün bu modernizm yaradıcı fantaziyadan məhrumdur, bu modernizm Qərb modernizmindən fərqli olaraq öz musiqisini, rəssamlığını, şerini, romanını yarada bilməz, çünki hər çılpaq bədən hələ azad bədən demək deyil. Ona qalsa, əməvilərin sarayı dolu idi lüt qız bədənləri ilə, çoxusu da pulla alınmışdı kölə bazarlarından.

Qaynar İnfo