- Səncə Qərb niyə libidosunu itirir? Cinsəllik burda azad olduğu halda, Şərqə nisbətən niyə daha azdır? Bəlkə bunun səbəbi elə azadlıqdır?
Vigdis Jort Norveçin ən məşhur yazıçılarından biridir. Erotika onun yaradıcılığında vacib yerlərdən birini tutur. Mətnlərində erotik komponentlər dərin, psixoloji, hətta ictimai aspektlərdən işlənir.
"Sevgililər günü"ndə onunla auditoriyaya açıq söhbətimiz baş tutdu. Mövzu Qərb və Şərq ədəbiyyatında erotik komponentlər idi. Əslində, daha çox Şərqdən danışdıq, çünki, onun özü demişkən, Qərbdə libido azalıb. Maraqlısı budur ki, o bu sualın cavabını məndən almaq istədi. Sualı da məhz belə qoydu:
- Səncə niyə Qərbdə cinsəllik azad olduğu halda, Şərqə nisbətən daha azdır? Bəlkə bunun səbəbi elə azadlıqdır?
Əslində, belə bir suala heç hazır deyildim, çünki daha çox ədəbiyyatda erotikadan danışmağa hazırlaşmışdım. Amma, sual var idi və ona cavab verməli idim.
- Mən daha sərt deyərdim. Qərbdə cinsəllik az deyil, Qərbdə libido sürətlə yoxa çıxır. Amma bunun səbəbinin azadlıq olduğunu düşünmürəm. Məncə, əsas səbəb Qərb insanının instinktlərindən sürətlə uzaqlaşmasıdır. Müasir Qərb insanı yataq otağına insan haqları, seks etikası, baş verəcəklərin hüquqi nəticələrini analiz edərək girir. Qərb insanının yataq otağında razılıq hər addımda, hər hərəkətdə lazımdır, soruşulur və alınan cavaba uyğun davam edir. Məsələn, Şərq qadınının yataqda "istəmirəm"i könülsüzlük, yoxsa işvə olduğunu Şərq kişisi onun səsinin tonundan, təbəssümündən, üzünün hərarətindən anlamağa qadirdir və buna uyğun hərəkət edir. Şərqin minilliklərdir eyni olan intim kodları hər iki tərəf üçün başa düşüləndir.
Amma Qərb qadınının "istəmirəm"ini Qərb kişisi yaxşı halda məhz elə könülsüzlük, pis halda isə "emotional blackmail" kimi qəbul edir. Proses dayanır. Münasibətlər dayanır. Ortaya, üstəlik, Qərb insanının özünə hörmət, qürur hissi və qarşısındakının haqlarına hörmət kimi humanist arsenal çıxır.
Şərq kişisi və ya Şərq qadınının gecənin yarısı, sübhün gözü açılmamış bir-birinə mesaj göndərmələri, zəng etmələri hisslərin, ehtirasın gücü kimi dəyərləndirilir. Qərbdə isə bu, partnyorunun şəxsi sərhədlərinə hücum kimi qiymətləndirilir. Bu, etik olaraq doğrudur, amma erotik olaraq doğru deyil...
Bir tərəfdən də, Qərbdəki kapitalist sistem Qərb insanını bütün münasibətlərdə özünə dəyər vermək, özünü qiymətləndirmək, öz prinsiplərindən zərrəcə vaz keçməmək kimi xülyalarla yedizdirib, onu tənhalaşdırır. Partnyordan, ailədən artan vaxt işgüzar həyata, istehsal prosesinə yönəlir, tənha insan sistem üçün daha çox işləyir. İnsanın normal ehtiyacları olan şəfqət, qayğı, sevgi və ehtirasın verdiyi xoşbəxtlik hormonlarını istehlak vasitəsilə kompensasiya etməyə məcbur edir. Buna görə də, müntəzəm seksual həyatı olan insanların "şoping" edib, stress atma vərdişi tənhalara nisbətən dəfələrlə azdır.
Nəhayət, Şərqdə libidonun hələ də çox güclü dekorasiyası var. Klassik və müasir Şərq ədəbiyyatının, Şərq folklorunun beynimizə hopdurduğu intim dekorasiyaların rolu çox böyükdür. Şərq gecəsi, Şərq rəqsi, əlvan rənglər, sehrli müsiqi, iqlimin istiliyi, cinsəlliyin konkret bir texnikadan daha çox bir oyun kimi başlayıb davam etməsi, libidonu gücləndirir və Şərq insanını öz baza instinktlərinə tabe etdirir.
P.S. Debatın geniş versiyasını bu günlərdə yazmağa hazırlaşıram.