"Rəqqas yarpaqlar"- Mehindən esse

"Rəqqas yarpaqlar" - Mehindən esse

22 Oktyabr 2023 10:48 1083

YeniYaz Mehin Bilalzadənin "Rəqqas yarpaqlar" essesinin təqdim edir.


Gecədən yağmış yağışın qoxusu məni məst ediridi. Yarpaqların, çiçəklərin üzərində olan şeh damlaları inci kimi parıldayırdı. Gəzdikcə ayağımın altında xışıldayan yarpaqların səsi ruhumu dincəldirdi. Yağışın torpağa qovuşmasından sonra gələn o qoxunu içimə çəkirdim. Sanki bütün hər yer qızıla bürünmüşdü. Bu il payız daha tez gəlmişdi. Son vaxtlarımı evimdə keçirdiyim üçün daha yaxşı idim. Eləcə də bu gün digər günlərə nisbətən daha gümrah idim. Bəlkə də belə hiss etmək istəyirdim. Hər gün, hər saat, hər dəqiqə yaşadığım bu illərin xatirələri gözümdə canlanırdı. Tanıdığım xoş insanları, xoş günləri xatırlayırdım. Ancaq xoş günlər Xeyr, təbii ki. Həyat ancaq xoş, şirin günlərdən ibarət deyil. Bu acı həqiqət olsa da həyatın acı günləri də olur. Özdə lap çox. Amma əsas sənin bu acı günləri necə şirin günlərə çevirməyinlə bağlıdır. Təbii ki hər zaman bu sözdə deyildiyi kimi asan olmur. Bəlkə mən də artıq bunu edə bilməyəcəm və hər şeyi öz axarına buraxacam. Gəzdikcə uşaq vaxtı oynadığım həyətin yanından keçdim. Dəfələrlə yıxılıb dizlərimi qanatdığım və ağlaya-ağlaya anamın yanına qaçdığım vaxtları xatırladım. O an çəkdiyim acını sanki həyatda ən çox çəkdiyim acı bu imiş kimi hiss etdim. Amma belə deyil imiş. Uşaq olduqda təbii olaraq bunu anlamırıq.


Sonra həyətimizdə olan o ağaca gözüm sataşdı. Hansı ki, hər payız o ağacın altı sanki qızıl dənizə bənzəyirdi. Eləcə də yarpaqları tez tökülməyə başlayırdı. Dostlarımla ən sevdiyim şey o ağacın altında yarpaqlarla saatlarla oynamaq idi. Amma qəribədir ki, bu dəfə hələ də bir neçə yarpaq qalmışdı. Sanki bitməkdə olan amma hələ də yaşamaq istəyən bir ömrü göstərirdi. Bir külək vursa, uçacaqmış kimi görünən lakin o budaqdan bərk yapışan və qopmaq istəməyən bir yarpaq görürdüm. Sizcə də insan ömrünə bənzəmirmi?


Daha sonra 11 il oxuduğum məktəbə getdim.
Məktəb daha təmirli idi. Həyətindəki ağaclar dururdu. 7-ci sinifdə iməclik olanda bizim əkdiyimiz ağaclar idi. Artıq həmin kiçik, fidan ağaclar böyümüşdü. Məktəbin həyəti çox genişdir. Çoxlu ağaclar və çiçəklər var. Yazda həyət yamyaşıl olurdu.

Yorulduğum üçün biraz skamyada oturdum. Zəng vuruldu və şagirdlər yavaş-yavaş məktəbdən çıxmağa başladılar. Kimisi ağlaya-ağlaya, kimisi sevinclə valideyninin yanına qaçırdı. Bir qız həyəcanla anasını qucaqlayıb sevincək ona aldığı qiyməti göstərdi. O an yaşadığımız duyğu sanki həyatımızda ən xoş anı imiş kimi olur. Sanki ən böyük xoşbəxtliyimiz bu imiş kimi. Həqiqətən də məktəb illəri ömrümüzün ən qayğısız günləridi. Həyatın yalnız belə günlərdən ibarət olacağını düşünürük. Amma 11 il bir yerdə oxuduğumuz məktəbdən, müəllimlərimizdən və sinif yoldaşlarımızdan ayrılanda artıq həyatı anlamağa başlayırıq.

Amma bunula yanaşı yaşımızın ən gözəl vaxtları gəlir. Hər bir gənc həmin yaşları həmin vaxtları doya-doya yaşamalıdır. Çünki birdə 17,18…yaşlarına gəlməyəcəksən. Hər bir kəs nə qədər böyüsədə içindəki uşağı öldürməsin gərək. Çünki içimizdəki uşaq bizi yaşamaq, mübaizə aparmaq üçün ruhlandırır. Hər doğum günümüzdə tortumuz necə olcağına qərar verməyimizin, hər qar yağanda gecə yatmayıb qar topu oynamağımızın və s. belə kiçik həyəcanlarımız heç vaxt itməsin. Hava soyumağa başladı. Həmdə biraz ağrılarım var idi. Məktəbin yanında bir yer var idi hansı ki, orda dadlı bulkalar satılırdı. Yumru sifət, bəstəboy, mavi gözləri olan bir xala hər dəfə uşaqları xoş təssüratla qarşılayır, bişirdiyi isti, dadlı bulkaları satırdı.
Hansısa şagirdin pulu olmayanda təmənnasız verirdi.

Bir qış günü idi. Dərsdən pis qiymət almışdım və müəllim də məni danlamışdı. Anama şikayət edəcəyini demişdi. Məndə anamın məni danlayacağından qorxmuşdum. Həmin gün hava da çox soyuq idi. Və yadımdadır ki, həmim gün heç kefim yox idi. Dərsdən çıxanda ağlamaq məni tutdu. Evə getmək heç istəmirdim. Birdən həmin xala məni xoş təbəssümlə çağırdı və ağlamağımın səbəbin soruşdu. Olanları danışdım o isə gülümsədi və mənə bulka ilə isti çay verdi. Bunların keçici olduğunu bunları özümə dərd
etməməyi demişdi.
O an bu sözləri anlamamışdım. Hətta qəzəblənmişdim. Dediklərimi anlamadığını düşünmüşdüm. Ancaq yanılmışdım.
Bəzən həyatda həlli tapılmayan o qədər məsələlər olur ki, xırda şeyləri dərd etmək mənasız olur. Amma belə də düşünürəm ki, o an üçün o hadisə mənə çətin gəlmişdi. Çünki həyat öz acılığını bizə yavaş-yavaş öyrədir.
Oradan keçərkən ağlıma gəldi. Amma indi nə həmin yer nə də həmim xala var.
Artıq hava qaralırdı. Amma heç evə getmək
istəmirdim. Havanı doyunca, acgözlüklə udmaq istəyirdim. Sanki birdə nəfəs alamayacaqmışam kimi. Narın yağış yağmağa başlamışdı. Biraz da qalıb yağışda islanmaq, payızın gəlişini hiss etmək istədim. Sonra gözüm həmin ağaca sataşdı. Həmin budağın üzərində qalmış bir neçə yarpaq artıq yox idi. Küləyin, yağışın gücünə tab gətirə bilməmişdi artıq.
Daha sonra evə gəldim. Sürprizlə qarşılaşdım. Valideynlərim doğum günümü qeyd etmək üçün hazırlıqlar görübmüş. Bu gün doğum günüm imiş. Son dəfə ad günümd bütün hamını bir yerdə görmək məni duyğulandırdı və hönkürtü ilə ağladım. Amma daha sonra ilk doğum günüm imiş kimi həmin uşaqlıq sevinci gəldi.
Ağrılarım başladı və halsızlaşdım. Ona görə də yatağa keçdim. Və hər kəs başıma yığışmışdı. Sanki onlar da artıq hiss etmişlərdi. Mənim kimi. Payızın ilk səhəri keçirdiyim gün, yaşadığım hisslər, canlandırdığım xatirələr idi. Bəlkə də artıq yaza bilməyəcəm. Payızın ilk səhəri son səhəri olacaq.