11 Sentyabr 2022 19:38 782
Nizami Bayramlı
Mətndə fikrin lakonik şəkildə ifadə olunması standartlaşmanı bir qədər də asanlaşdırır. Bir növ, lakonizmdəki fərdi üslubun keyfiyyətini artırır və mahiyyətini böyüdür. Mətnin yazılı oxunuşunu (qavranılması, başa düşülməsini) sürətləndirir. Məzmunun başqa hadisələrə yozulması imkanlarını genişləndirir və s. Ədəbi qavrayış fərdi şəkildə prinsip etibarı ilə prosesəçevrilmədən uzaqlaşır və şübhəsiz ki, əsas göstərici və yaxud daha çox bədii meyillənmə özünü qəlizlikdə qalmaqdan xilas edir.
Mehdi Dostəlizadənin “Şənbə qanlı olacaq” şeirinin məzmununu bir neçə hadisə üzərinə kökləmək olar. Məsələn, “20 Yanvar” hadisəsində baş verən hadisələr, yəhudilərin “Şabbat” günü kimi və s.
Məlumat üçün bildirim ki, “Şabbat" və ya "Sebt" yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb.
Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan “Yaradılış kitabı”nda bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar.
Şeiri oxuduqda bir anlıq ağıla gələ biləcək ilk iki hadisə yuxarıda adını göstərdiyim faktlardır.
Palata divarına kəllə vuran veteran,
Sanitar, tibb bacısı, isti otaq, həyəcan,
Bütün xəstələr indi oyanacaq yuxudan,
Kəsin bunun səsini!
— Şənbə qanlı olacaq!
Əvvəlcə Mehdinin şeirə söz seçimi haqqında bir neçə cümləni nəzərə çatdırım. Söz şeirin libasıdır. Necə ki, hansısa bir məclisə gedərkən ən yaxşı libas seçilirsə, eyni qayda söz seçimi zamanı da dəyişməməlidir. Şeirin əyninə ən yaxşı sözləri geyindirmək lazımdır. Yəni söz seçimini şeirin zövqünə görə etmək. Kobud ifadələrlə fikir qurmaq məqsədini darmadağın eləmək, xüsusən də şeir sərbəst deyilsə, hansısa bir ölçüyə məhkum edilibsə, kobud ifadələrlə aparılan mübarizəni müharibəyə çevirmək də olar.
“Şənbə qanlı olacaq” şeiri də ölçülü şeirlər silsiləsinə daxildir və müəyyən bir çərçivəsi var. İkinci bir məsələ, hadisəni başqasının dilindən danışmaq cəhdi (eksplisit) natamam şəkildə alınsa da (sona çatdırılmasa da), hiss olunur ki, müəllif bunun üçün əziyyət çəkib, başqasının baxış bucağına fərqlilik qatmadan onun sadəcə tərzini dəyişmək istəyib (təbii ki, bu üslubda yazılan şeirlərlə olan müqayisədən gedir söhbət). Mətnin oxucusunun ilk gördüyü şey müəllifin çatışmazlıqları görməzdən gəlməsidir. Diqqətlə baxsaq, görərik ki, ilk bənddə “Kəsin bunun səsini” əmrinin “Şənbə qanlı olacaq” ardıcıllığına keçidi mühakimənin süni olmasını çox böyük həcmdə büruzə verir.
Hələ ki, mətbuatın önünü kəsmək olmur,
Şəhidlər Xiyabanı, Milli Məclis, deputat,
Polis! Qolumu burax! Zəng vururam bu saat,
Ulduzlara baxanda adam olur narahat.
— Şənbə qanlı olacaq!
İkinci bənddə ilk görünən və adamı həm görüntüsü ilə, həm də səslənməsi ilə narahat edən “narahat” sözüdür. Demək olar ki, müasir, ölçülü şeirlərdə ön şəkilçili sözlər şeirin effektini, yazılacaq fikri, şeir incəliyini yüzə otuz faiz aşağı salır. Məsələn, Salam Sarvanın şeirindən bir nümunə gətirək:
Həkiməm, xalatım kəfən, qəm iynəm
dəliyəm-doluyam sevda qəmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə… (bu bənd şeirin ilk versiyasıdır)
Ümumiyyətlə, söz şeirin tale məsələsidir, sözdən bəxti gətirən şeirlər poeziyamızda xeylidir. Bizim şeirlərin gileyi ifadələrdir. Yuxarıda göstərdiyimiz bənddə “sevda” sözünü çıxartsaq, şeirin effekti yüzə əlli faiz aşağı düşəcək. Nümunə üçün nəzərdən keçirək:
Həkiməm, xalatım kəfən, qəm iynəm
dəliyəm-doluyam sevgi qəmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə…
Diqqətlə baxsaq, “sevgi” sözü ilə əvəzləndikdən sonra bənd bundan öncəki effekti vermir (Bunu sadəcə gözün öyrəşməyi üçün nümunə şəklində verdik ki, gənc şairlər həmin effekti izahlı şəkildə görsünlər). Bu nöqteyi-nəzərdən analiz etsək, görərik ki, “narahat” sözü də eynən, “Şənbə qanlı olacaq” şeirində bəndi müəyyən mənada narahat edir. Amma ümumən bənddə olacaq hadisənin həyəcanı dolayı yolla, qaranlıq qalan məqamlarla birgə çatdırılıb.
Mətn haqqında maraqlı təsəvvürlər irəli sürmək olar. Göstərilən məkanlar, obyektlər mətnin hansı ab-havada yazılmasından asılı olmayaraq, onu da qeyd etmək lazımdır ki, müəllif şeirdəki sujet xəttini özü yaradır, kompozisiyanı istənilən anda mətnə sərf eləyən tərəfə çəkə bilir, bunu da müəllifin individual yanaşması və yaxud texnikanın əsas göstəricisi hesab etmək olar.
Şeir-kədərin ən sevincək hadisəsidir. Söhbət düşünülməmiş kədərdən gedir və yaxud yaşanılacaq kədərdən. Gənc müəllif də həmin kədəri qismən də olsa, oxucularla bölüşüb. Qazanılacaq uğurun kökü də elə buradadır.
Son olaraq, Mehdi Dostəlizadəyə sənət yolunda uğurlar arzu edirəm. İnanıram ki, ondakı potensial, həvəs onu bu yolun axırına qədər aparıb, mənzil başına çatdıracaq.