Şərqin kamil insanı metafizik Mauqlidir - Aqşin yazır

Şərqin kamil insanı metafizik Mauqlidir   - Aqşin yazır

04 Noyabr 2022 09:48 275


Filosof dostum Mushfiq Shukurov yazır ki, Şərq insanı kamilləşdirir, Qərb isə əhliləşdirir. Tamamilə doğru təsbit olsa da, hocam məsələnin praktik tərəfinə toxunmur ki, bu da Şərq və Qərb mədəniyyətlərinin əsas ayrılma nöqtəsi, keçilməz qırmızı xəttidir.

Praktik gerçəklik bundan ibarətdir ki, Şərqin bir balaca kamilləşdiyini hiss edən insanları ya əhliləşmiş cəmiyyət axtarır və Qərbə üz tutur, ya da Müşfiq hocanın da çox sevdiyi Lao Tzı kimi öküzünü minib tərk-dünyalığa çəkilir, gözəl şairimiz Vaqif Bayatılı kimi heç bir insan övladının yaşamadığı "göy üzünün o üzünə" üz tutur.

Qərb necə əhliləşdi? Fəlsəfəni praktikaya tətbiq edərək. Ya da praktik fəlsəfə yaradaraq. Praktik fəlsəfə ortaya yeni insan tipi çıxardı: Faust! Həqiqəti allahla deyil, şeytanla birlikdə axtaran insan. Bu insan mənalandırılmış həyatdan qaçan insan idi. Faust şeytanla olan yolçuluğundan bu nəticəyə gəldi ki, həyatın mənası möcüzə filan deyil, əməldir, iş-gücdür. Həyatda möcüzə axtarmaq kamil insanın məqsədidir, ona görə Şərq insanı yola allahla çıxır və həyatdan, gerçəklikdən uzaqlaşır.

Kamilləşmək ehtirası Şərq insanını vəhşilikdən metafizik vəhşiliyə aparır. Onun praktik dəyərini sıfırlayır. Kamil insanı həyata qaytarmaq üçün onun özünü əhliləşdirmək lazımdır. Həqiqəti "göy üzünün o üzündə" axtaran Şərq şairini əhliləşdirməsən, qalaktik bir varlığa çevriləcək, nəinki praktik əhəmiyyətini itirəcək, ümumiyyətlə, günəş sistemində tapılmayacaq ki, yanan barmağını uzadasan. Qərb Faustu yaratmaqla insanı deyil, kamil insanı əhliləşdirdi. Bu, Qərb fəlsəfəsinin praktik uğuru idi.

Şərqdə praktik olan fəlsəfə deyil, dindir. Şərq fəlsəfəsi hələ də dinin Sanço Pansasıdır. Dinin xəyalpərəstliyinə nökərlik edir. Din iddia edir ki, dünyanın xilası insanın kamilləşməsindədir. Kamilləşməyin isə bircə yolu var; qəlbini allaha təslim etmək. Qəlbini allaha təslim edən kamil Şərq insanı da ya əhliləşmiş Qərb cəmiyyətlərinə qaçır, ya da "göy üzünün o üzünə" üz tutur. Kamilləşmək sufilikdə eqodan arınmaq kimi izah edilir.

Ancaq biz görürük ki, Şərqin kamil insanı öz eqosundan ona görə arınır ki, daha böyük, daha toxunulmaz bir eqo əldə etsin. Şərq insanı kamilləşmək adı altında allahlaşır. Onun əhliləşməyə meyilli olmamasının bircə səbəbi var - allah! İlahi eqoya sahibləndiyini zənn etdiyi üçün cəmiyyətdən qaçır və insani dəyərini itirir.

Nəticədə Şərqin kamil insanı metafizik Mauqliyə çevrilir!