Sosial-siyasi və etnopsixoloji sferada müharibə anlamı

Sosial-siyasi və etnopsixoloji sferada müharibə anlamı

15 Aprelel 2022 10:37 791


Orxan Mehmanoğlu

(Vətən uğrunda döyüşən bütün əsgərlərə, qazi və şəhidlərə ithaf edilir)

Xülasə: Məqalədə müharibə anlamı müxtəlif elm sahələrinin kəsişməsi fonunda təhlil edilmişdir. Dünya dövlətlərinin az qala gündəlik rasionuna çevrilmiş müharibə bilavasitə 3 kontekstdə - milli-ideoloji, total yanaşma, innovasiya və ya tərəqqi kontekstində təhlil edilmiş, müxtəlif istiqamətlər üzrə fərqli müqayisələr aparılmışdır.

Açar sözlər: müharibə, kontekst, ekspansiya, innovasiya, etnopsixologiya, total yanaşma

Bəşər tarixinin vahid kütlə halında eskalativ (mütəmadi inkişaf və genişlənmə) olaraq təmərküzləşməsi, öz növbəsində qəbilə, tayfa, xalq, millət, dövlət, imperiya və digər anlamların formalaşmasına gətirib çıxartdı. Vahid kütlə və ya cəmiyyət formulasının genişlənməsi isə ən azından daha geniş əlverişli ərazi, mükəmməl coğrafi- geosiyasi məkan, böyük təbii resurs və digər tələbatların artımı ilə düz mütənasibdir. Nobel mükafatı laureatı məşhur filosof Elias Kanetti demişdir:

“Böyümək yanğısı - kütlənin birinci və ən yüksək xassəsidir.” [1, 7]

Bu baxımdan kütlə psixologiyasının təməl xüsusiyyətlərindən biri olan “böyümək yanğısı”na təkcə elm, mədəniyyət, linqvistika, milli ideologiya, incəsənət deyil , həmçinin ərazi iddiası, sosial-iqtisadi mənafe baxımından ekspansiya (işğalçılıq) siyasəti, hakimiyyət və nüfuz orbitinin genişləndirilməsi assosiasiyaları da daxildir. Seçim məsələləri isə həmin xalqın, cəmiyyətin koqnitiv mövqeyindən, o cümlədən dövləti idarə edən şəxsin fərdi yanaşma tezislərindən asılıdır. Klassik yunan fəlsəfəsinin ən böyük nümayəndələrindən biri olan Platonun fikirləri bütün zamanlar üçündür: “Dövləti idarə etməyə yalnız filosof hökmdar qabildir. Nə qədər ki, filosoflar hökmdar deyil, dünya kralları və şahzadələri isə fəlsəfənin ruhuna və hakimiyyətinə malik deyillər, müdriklik və siyasi liderlik eyni şəxsin simasında birləşməyib, nə şəhərlər, nə də bütövlükdə bəşər övladı xəstəlikdən qurtulmayacaqlar.” [2, 37]

Sivilizasiyanın təşəkkülünə məntiqi mahiyyət baxımından nəzər salsaq, təəssüf ki, bu cür “böyümək yanğısı” sonunun əksər hallarda məhz müharibə amili ilə nəticələnməsinin şahidi oluruq. Çünki böyümə və inkişafın, tərəqqinin konkret hüdudları, sərhədləri mövcud deyil. O, daim hərəkətdədir və stabil xarakter daşımır. Diaqram modeli üzrə isə yalnız bütün gücü ilə metafizik anlamda zirvəyə çatmağa hesablanmışdır. Məhz buna görə dünyada baş verən müharibə və kataklizmlərin real səbəblərindən biri də millətin, dövlətin “böyümək yanğısı”nın məqsədli olaraq bilavasitə siyasi-iqtisadi hegemonluq prinsipləri üzrə istiqamətləndirilməsi, fövqəlbəşər dövlət və millət metamodelinin bütün kainata (yer kürəsi deyil, məhz kainatı nəzərdə tuturuq) isbat etmək duyğusudur. Bu kateqoriyaya daxil olan dövlət üçün isə müharibə törətmək vacib və zəruri olmaqla bərabər, dövlətin təməl siyasətinin prioritet şaxəsidir. Məşhur amerikalı politoloq Uilyam Qraham Samnerin aşağıdakı fikirləri çox maraqlıdır: “Əgər müharibə istəyirsənsə, bir ehkam yarat. Ehkamlar insanların nə vaxtsa hədəf ola biləcəkləri ən qorxunc tiranlardır, çünki ehkamlar insanın öz düşüncəsinin içinə daxil olur və onun özünün yalan danışmasına səbəb olur. Sivil insanlar ən sərt mübarizələrini ehkamlar uğrunda aparıblar. Müqəddəs məqbərənin yenidən fəthi, “qüvvələr tarazlığı”, “ümumdünya ağalığının olmaması”, “ticarətin bayraq altında aparılması”, “quruya sahib olan dənizə də sahib olacaq”, “taxt və qurbangah”, inqilab, etiqad - bunlar insanların uğrunda öz həyatlarını verdikləri məfhumlardır.” [3, 666] Bu baxımdan sülh, elm, mədəniyyət və digər mənəvi substrat (təməl) prinsipləri öz doktrinasına daxil edən və ən əsası ona əməl edən hər hansı bir dövlət baş verən işğalçılıq siyasətindən kənarda qalması üçün ilk növbədə peşəkar ordu formalaşdırmalı, daxili və xarici siyasətində müharibə faktorunu heç vaxt istisna etməməlidir. Çünki ümumdünya tarixinin autentik (gerçək) səhifələrində baş vermiş konflikt, toqquşma və müharibədə ədalətlilik prinsipi çox kiçik bir mərtəbədə bərqərar olmuşdur. Sanki tarix elminin tədqiq etdiyi real gerçəklik müəyyən mənada fərd və şəxslərin həyatı üzərində qurulmuş sinxron rəqəmləri özündə birləşdirir. Məşhur hind filosofu Oşo ilə razılaşmamaq olmur: “Tarix qatillər, hakimiyyəti olanlar - dünyada hər növ fəlakət törədən insanlarla tutulmuşdur, bu insanlar başqalarına kömək, yaxud xeyirxahlıqla yox, qarğışla xatırlanırlar. Yeni bəşəriyyət yaranarsa, ilk növbədə bütün tarix kitablarını yandırmaq lazımdır.” [4, 139]

Bu yöndən konsolidasiya (mütəşəkkil vahidlik) prinsiplərinə uyğun dövlətin, cəmiyyətin qurulması birmənalı şəkildə yalnız bir təşkilati prinsip üzərində bərqərar olmalıdır: “Sülh istəyirsənsə, müharibəyə hazır ol.” Nobel mükafatı laureatı ABŞ prezidenti Teodor Ruzveltin “Böyük dəyənək siyasəti” də mahiyyət etibarilə demək olar ki, aşağıdakı şəkildə eyni mənbədən qidalanır: “Təmkinlə danış, lakin iri dəyənəyi əldən vermə, və sən çox uzağa gedərsən”. (bax: https://az.wikipedia.org/wiki/Teodor_Ruzvelt)

Müharibəyə hazır olmaq isə polisentrik (çoxmərkəzli) bir məfhumdur. Müharibəni sosial-iqtisadi, siyasi və digər formatlarda tədqiq edən polemalogiya elmi də mövcuddur. Zənnimizcə, müharibə məfhumu nəinki polemalogiya, az qala bütün elm sahələrinin ümumişlək termininə çevrilmişdir. Rusiya-Ukrayna müharibəsində geniş mənada tətbiq olunan sanksiyaların elm, təhsil, ədəbiyyat, incəsənət, idman hətta şəxsi münasibətlər sferasına qətiyyətlə nüfuz etməsi əyani bir sübutdur. Fikrimizcə, sülh prinsipini real olaraq dövlətin doktrina və konstitutsiyasına daxil edən istənilən suveren dövlətin strateji planlar silsiləsinə “təmərküzləşmiş Silahlı Qüvvələr “ anlayışı da daxil edilməlidir. Bu kontekstdən baxdıqda məşhur italyan mütəfəkkiri və filosofu N.Makiavellinin müəllifi olduğu “Hökmdar”əsərində dedikləri tam həqiqət sayılmalıdır: “Öz qoşunu olmayan dövlət möhkəm dövlət deyil, o, tamamilə taleyin şıltaqlığından asılıdır, zira şücaət çətin vaxtlarda onun üçün etibarlı müdafiə deyil.” [5, 83]

İnvent analiz (dəyişilmə dinamikasının təhlili) baxımından deyə bilərik ki, hər hansı bir sülhsevər dövlətin ən azından özünümüdafiəsi üçün baş verə biləcək müharibə hallarının müvəffəqiyyətli nəticəsinə hesablanmış propedevtik (əvvəlcədən müəyyənləşdirilmiş) hazırlığı müxtəlif kontekstləri özündə sintez edir. Bunların içərisində ən zəruri sayılan üç əsas konteksti təhlil etmək daha məqsədəuyğundur:

1. Milli ideoloji kontekst. Dövlətin sosial-etnopsixoloji fonda rəhbər tutduğu ümumi dəyərlər (elmi, əxlaqi, dini, mənəvi, hüquqi, siyasi və s.) toplusudur. Bu toplu dövlətin, cəmiyyətin sahib olduğu bütün elementlərə, mikro və metamodellərə hopmalıdır. Məşhur alman filosofu və mütəfəkkiri Qotfrid fon Herder demişdir: “Dil, vətən və xalq mədəniyyəti vasitəsilə müəyyən edilən hər bir xalq “anadangəlmə dühaya” malikdir və ona görə də özünüidarəetməyə əzəli hüququ vardır.” [6, 75]

Milli ideoloji kontekstin əsas sütunlarından biri də, millətin sahib olduğu milli tarixidir. Burada milli tarix anlamı çox təəssüf ki, bir çox mənbə və tədqiqatların az qala mahiyyətinə çevrilmiş müxtəlif hadisə və prosesləri sadəcə riyazi rəqəmlər, natural ədədlər fonunda təhlil edən elm sahəsi deyil, məhz gerçək genefondumuz, həqiqi arxetiplərimiz üzərində qurulmalıdır. Bu baxımdan türk tarixinin dünya şöhrətli tədqiqatçılarından biri olan İlbər Ortaylının qənaətləri müstəsna əhəmiyyətə malikdir: “Tarix şüurumuzu, milliyyətçiliyimizi müəyyənləşdirən hadisədir...Tarixi hadisələrə, bütöv bir tarixə biganə qala bilmərik. Tarix qarşısında neytral, biganə qala bilmərik. Tarixi hadisələri mütləq nəzərə almalıyıq. Tarixi öyrənməsək, bilməsək və vecimizə almasaq, o bir gün özünü bizə xatırladacaq.” [7, 18]

Ümumdünya tarixinin analizi fonunda məhz milli ideoloji kontekstləri rəhbər tutan, ona loyallıq (sadiqlik) nümayiş etdirən dövlətin, xalqın sanki əbədi bir “yaşam iksiri”nə sahibləndiyinin fərqinə varırıq. Bu yöndə olan isbatlar kifayət qədər çoxdur. XVI əsrdə yaşamış flamandiyalı diplomat, səfir Ojye Qislen de Busbekin qardaş türk xalqının sahib olduğu bənzərsiz ideologiyası haqqında olan təəssüratlarını aşağıdakı şəkildə bildirmişdir: “Səfərdə olan türk əsgəri gün ərzində bir, yaxud iki dəfə içinə bir neçə qaşıq unla ədviyyat əlavə edilmiş sadə soya şorbası və bir tikə çörək, ya da, varsa, suxarı ilə qidalanır. Bəzilərinin yanında qurudulmuş, toz şəklinə salınmış, un kimi şorbaya qarışdırdıqları kiçik torbada mal əti olur. Bəzən isə atlarının ətlərini yeyirlər... Bütün bunları sizə türklərin necə qənaətkarlıqla çətinliklərə sinə gərərək daha yaxşı günlərə çatmağı gözlədiklərini göstərmək üçün danışıram. Bizim səfər müddətində adi yeməkləri xor görən , ləzzətli təamlar və yaxşı bişirilmiş yeməklər istəyən əsgərlərimiz onlardan nə qədər fərqlidir. İstədikləri verilməyəndə üsyan edir və özləri özlərinin qurbanı olurlar, istədikləri veriləndə yenə də özlərinin qurbanıdırlar. Türklərin sistemini bizim sistemlə müqayisə etdikdə gələcəyin bizə nələr gətirəcəyini görərək titrəyirəm.” [8, 192] Mərhum diplomata adekvat mövqe sərgilədiyinə görə səmimi qəlbdən Tanrıdan rəhmət diləyirik. Çünki çağdaş dönəmdə türk ideologiyasının intibahı gerçəkliyində bu “titrəmələr”in nominal bünövrə olaraq böyük Turan ordusunun yaradılması ideologiyası fonunda istər dövlət, istərsə də fərdlərin ağır xəstəliyə tutulmasına gətirib çıxarmışdır. Ağır xəstəlik dedikdə biz, ən azından ağıla gəlməyən patologiyaları nəzərdə tuturuq.

Otuz ilə yaxın müddətdə səbr və təmkin nümayiş etdirən, sonda isə 30 ilin sadəcə 44 günlük rəqəm alternativi ilə əvəz olunması Azərbaycan xalqının tarix və milli şüur anlamının pik nöqtədə mövcudluğunun isbatıdır. Böyük ərazi iddiasında olan işğalçı birləşmələrin qısa bir zaman kəsiyində məhv edilməsi, cihad olaraq konfliktlərin həlli fonunda bütün dünyaya böyük bir örnəkdir. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin Ət-Tövbə surəsinin 14-cü ayəsində deyilir: “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.” [9, 188]

Tarixin müxtəlif dövrlərində təqiblərə məruz qalan yəhudi xalqının keşməkeşlı həyatı da böyük bir milli ideoloji nümunədir. Təkcə faşizm dövründə Holokost qurbanlarının sayı 6 milyona yaxın olmuşdur. Amma bütün bunlar xalqın əzmini qıra bilmədi. Müharibədən sonra qısa bir müddət ərzində möhkəm sütünlara malik bir dövlət yaratdı və lobbiçilik fonunda bütün dünyada böyük təsir mexanizminə sahib rezidentura formalaşdırdı. Texniki, humanitar, teoloji və digər aspektləri əhatə edən elm sahələrinə böyük töhfələr verən nəhənglər yetişdirdi. Demoqrafik qeydiyyatda dünya əhalisinin 0.2 faizini təşkil etməsinə baxmayaraq, təkcə Nobel mükafatı alan yəhudi əsilli alimlərin nəticələri statistik hesablama baxımından toplam olaraq 20 faizə yaxın təşkil edir.

Nümunələr siyahısını kifayət qədər artırmaq mümkündür. Nəticə etibarilə müvəffəqiyyət düsturunun əsas elementlərindən biri tarixi etnopsixoloji dəyərləri özündə sintez edən və sinenergiya (vəhdətli enerji) formalaşdıran milli ideologiya anlamıdır. İdeoloji nəsnələri qoruyub saxlamaq, nəsildən nəsilə ötürmək, inkişaf etdirmək hər bir xalqın, dövlətin borcudur. Çünki işğalçılıq siyasəti aparan dövlətlərin əsas taktiki prinsiplərindən biri məhz həmin dövlətin milli ideoloji sütunlarını məhv etmək, dövlətin daxilində “beşinci kolon” birləşməsini yaratmaqla onu daxildən rasional (idraki) olaraq parçalamaqdır. Milli-tarix şüurunun parçalanması, ideoloji sütunların dağılması isə məğlubiyyətin təməlidir. Eramızdan əvvəl III əsrdən dövrümüzə gəlib çatmış və müasir dönəmdə belə aktuallığını qoruyub saxlamış qədim Çinin Xan sülüləsinə aid 5 tələ yemində deyilir: “Gözləri şirnikləndirmək üçün onlara mərifətli geyim və pay-puş arabaları hədiyyə etmək lazımdır; ağızlarının dadını şirnikləndirmək üçün onlara əla xörəklər yedirtmək lazımdır; qulaqları şirnikləndirmək üçün qoy musiqi səslənsin və qadınlar cikkildəşsin; cismi şirnikləndirmək üçün onlara hündür evlər və anbarlar tikmək, onlara qulluq vermək lazımdır; idrakı şirnikləndirmək üçün isə imperator təzimə gələnlərə öz mərhəmətini göstərəcək, onları layiqli qəbul ilə qarşılayacaq və özü onlara yemək və şərab verəcək.” [11, 207]

2. Total yanaşma konteksti. Dövlətin, cəmiyyətin yaşam modelinin bütün elementlərinin (iqtisadiyyat, beynəlxalq əlaqələr, daxili və xarici siyasət, milli infrastruktur və s.) müəyyən bir məqsəd ətrafında təmərküzləşməsi məsələlərini əhatə edir. Təmərküzləşmə prosesinin müqəddiməsi isə bir nöqtədə cəmləşməlidir: vətəndaş rifahı. Qədim Yunanıstanın ensiklopedik biliyə malik olan filosofu Aristotel demişdir:

“Dövlət yalnız yaşamaq naminə deyil, başlıca olaraq xoşbəxt yaşamaq naminə qurulur, əks təqdirdə həmçinin qullardan, yaxud heyvanlardan ibarət dövləti də ehtimal etmək olardı, bu isə gerçəklikdə mövcud deyil, zira nə bunlar, nə də o birilər xoşbəxtliyə can atanların və özlərinə istədikləri kimi həyat quranların hamısı tək cəmiyyəti təşkil etmir.” [10, 101]

Total yanaşma elementlərinin icrası, adətən, müəyyən kateqoriyalara mənsub şəxslər tərəfindən (prezident, nazir, komandan, ictimai və korporativ təsisatların sədrləri və s.) yerinə yetirilir. Bu baxımdan rəhbər və təşkilat sədrlərinin hansı məsuliyyət və öhdəliklərə malik olmasını, bilik, bacarıq və müdrikliyinin hansı səviyyədə olmasını təsəvvür etmək o qədər də çətin deyil. Məhz totallıq prizmasından idarəetmə elementlərində diktator, tiran, lider, xalqın xilaskarı, fenomen və digər terminlər təşəkkül tapdı. Fərqlilik isə həmin şəxsərin idarəçilik xüsusiyyətləri ilə bağlıdır. Çağdaş dövrün ən mükəmməl hərbi traktatlarından biri sayılan qədim Çinin “Hərb sənəti”ndə deyilir: “Əgər hömdarın ləyaqəti kifayət qədər deyilsə, dövlət təhlükədə, xalq təlatümdə olacaqdır… Əgər hökmdar ləyaqətli və kamil dərəcədə müdrikdirsə, dövlət dinc, adamlar itaətkar olacaqlar. Xoşbəxtlik və bədbəxtlik səmavi mövsümlərdən deyil, hökmdardan asılıdır.” [11, 49]

Tarixin təməl elementlərində xoşbəxtlik və ya davamlı inkişaf fonunda olan idarəçilik faktları kifayət qədər çoxdur. Belə ki, orta əsrlər dövründə Frank imperiyasının tərəqqisinə nail olmuş, dövlətin maddi və mənəvi inkişafının meyarlarının qayğısına qalan Böyük Karlın tam titulu aşağıdakı kimi səslənirdi: “Ən xeyirxah ali, Tanrının taclandırdığı, qüdrətli cahangir-sülhpərvər, Roma imperiyasının hökmdarı, Tanrının lütfü ilə frankların və lanqobardların şahı Karl”. [6, 393]

Müasir türk ideologiyasının təməl yaradıcılarından biri, novatorluq fonunda Türkiyə dövlətinin fenomenal qurucusu olan Atatürkün fəaliyyəti bəşəriyyət üçün konseptual bir metamodeldir. Haqq dərgahına qovuşmasından sonra İndoneziyanın ilk prezidenti olan Əhməd Sukarnonun qələmə aldığı aşağıdakı nekroloq bu dahi şəxsiyyətin ilkin təsəvvürü üçün mükəmməl bir zəmin yaradır: “Kamal Atatürk sizin Prezidentinizdir. Kamal Atatürk sizdəndi, sizindi. Lakin bacılarım və qardaşlarım, bütün böyük insanlar yalnız öz millətlərinə deyil, bütün insanlığa aiddirlər. Hər böyük millətin özünəməxsus böyük insanları var. Lakin bunlardan da yüksəklikdə duran insanlar var ki, onlar ürəklərində gəzdirdikləri idealla birlikdə bütün bəşəriyyətə aiddirlər.” [12, 441] Azərbaycan xalqının ümummilli lideri olan Heydər Əliyev də bu qabildən olan nəhəng şəxsiyyətlər siyahısına daxildir. O, ölkədə baş verən siyasi çaxnaşma, ərazi işğalı, dəfələrlə edilən təhdid və digər neqativ hadisələr fonunda müstəqil Azərbaycan respublikasını vahid bir şəkildə formalaşdırdı. Azərbaycan dövlətini və xalqını bütün dünyaya suveren bir reform olaraq qəbul etdirdi. Torpaqlarımızın işğaldan azad olunmasını dəfələrlə çıxışlarında, sanki zamanı qabaqlayırmış kimi intuitiv olaraq bəyan etdi. Ümummilli liderin bu çıxışlarını isə birmənalı olaraq total yanaşma kontekstində milli şüur və etnopsixoloji ideyaların proloqu kimi qəbul etmək lazımdır. (bax:/www.youtube.com/watch?v=WAAOyQLWa0&ab_channel=XəzərXəbər)

Suveren dövlətimizin mərkəzləşmiş missiyalarını isə Ali Baş Komandan İlham Əliyev öhdəsinə götürdü. Bilavasitə rəhbərlik etdiyi Vətən müharibəsinin ədalətli mövqe üzərindən strateji prinsiplər əsasında aparilması müasir dönəmdə əksər dünya dövlətləri tərəfindən təqdirəlayiq şəkildə analiz edilmişdir. Malik olduğu siyasi erudisiya, yüksək intellekt və müdriklik elementlərinin hansı səviyyədə olmasının autentik (həqiqi) dərki üçün dövlət başçısının müharibə ərəfəsində jurnalistlərə verdiyi müsahibələrinə baxmaq kifayət edər. Konfliktlər formatında bəzi jurnalistlərin müsahibə zamanı qərəzli mövqedən manipulyasiya etmək cəhdləri isə, elə özlərinin sözün həqiqi mənasında hipnotik təsirə düşməsi ilə nəticələndi.

Total yanaşma kontekstində praktiki yanaşma baxımından dövlət idarəçiliyi prosesinin icrası eyni zamanda həmin rəhbərin fərd olaraq xarakterik cizgilərini də özündə birləşdirir. Hakimiyyət, varlanmaq, şəxsi ambisiyalarına uyğun hər şeyə sahiblənmək, Eldorado (hər şeyi qızıldan olan mifik sərvətlər ölkəsi) hökmdarı olmaq arzusu və digər fonlarda rəhbərin xarakterik neqativ çalarları, təhtəlşüurunda olan hərislik, natamamlıq kompleksinin müxtəlif qalıqları müəyyən müddətdən sonra özünü biruzə verir. Diktatorluq və tiranlığın mövcudluğu ilə əmələ gələn dövlət yekun olaraq daxili parçalanma, süquta uğrama, tənəzzül qismində məhvi ilə nəticələnmişdir. Bu istiqamətdə tarixi sübutların mövcudluğu heyrətamiz dərəcədə çoxluq təşkil edir.

Dövlət idarəçiliyinin özü isə empirik (təcrübi) yanaşma baxımından konsolidativ bir məfhumdur. Bu baxımdan dövlət idarəçiliyinə sahib olma müxtəlif elmlərə yiyələnməklə yanaşı fərdi psixoloji elementlərlə birgə nəzərdən keçirilməlidir. Misal olaraq XIV əsrdə yaşamış Dehli sultanı Məhəmməd bin Tuğluku göstərmək olar. Hələ kiçik yaşlarından fəlsəfə, din, riyaziyyat, poeziya, incəsənət və digər elmlərə yiyələnsə də, dövlət idarəçiliyi fonunda bunları tətbiq edə bilmədi. Sultanlığın iqtisadi-siyasi sütunları tədricən dağıldı və bütün strukturlara sirayət etdi. Nobel mükafatı laureatı olan məşhur filosof Elias Kanetti bu dağınıqlığı özünəməxsus bir şəkildə şərh etmişdir: “Dehli sultanı Muhəmməd Tuğlukun planları, hətta İsgəndər və Napoleonun planlarından da möhtəşəm idi. Bunların arasında Himalaydan keçməklə Çinin fəthi də vardı. Bu məqsədlə 100 min süvaridən ibarət bir ordu toplandı. 1337-ci ildə səfərə çıxan ordu bütünlüklə dağlarda məhv oldu. Yalnız on əsgər xilas ola bildi. Sağ qalmış on nəfər bu fəlakətli xəbəri Dehliyə çatdırdı və hamısı sultanın əmri ilə edam edildi.” [1,285]

3. İnnovasiya və ya tərəqqi konteksti. Dövlətin və ya cəmiyyətin sahib olduğu bütün baza strukturlarına səmərəli, novator, modern xarakterli element və modellərin nüfuz etməsi, o cümlədən təkmilləşdirilməsi prinsiplərini ehtiva edir. Bu kontekst kəşflər, ixtiralar, bütövlükdə insan övladının intellektual fəaliyyətinin yenilikləri üzərində qurulur. İstifadəçilərlə az qala rəfiqə və ya dost qismində ünsiyyət yaradan “Siri” ağıllı assistent proqramı, müasir dövrün işgüzarlıq fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş “Big data” məlumatlar toplusu, bəzi alimlər tərəfindən gələcəyin təhlükə mənbəyi kimi qiymətləndirdiyi, hətta post-humanizm dövrünün başlanğıcı hesab etdiyi “Süni intellekt” anlamı və digər yeniliklər məhz bu kateqoriyaya daxildir. Çağdaş dövrdə innovativ prinsiplər nəinki bəşər övladının, hətta əksər dünya dövlətlərinin yaşam tərzi, həyat fəaliyyəti, ictimai-siyasi balansının, daxili və xarici siyasətinin, silahlı qüvvələr təkmilləşməsinin əsas tərkib hissəsinə çevrilmişdir. Təkcə Körfəz müharibəsində tətbiq olunan yeni növ silah arsenalının kəmiyyət göstəricisi yüzə yaxın olmuşdur. Torpaqlarımızın azad olunması uğrunda həyata keçirilən 44 günlük Vətən müharibəsi dönəmində də innovativ yeniliklərin tətbiqi müharibənin taleyinə, yekun olaraq kapitulyasiya aktının imzalanmasında böyük rol oynamışdır. 400 km məsafəyə qədər hədəflərin məhvində yüksək dəqiqlik nümayiş etdirən İsrail istehsallı “LORA” kvasiballistik raketi, həmçinin bütün dünyada özlüyündə böyük heyrət yaratmış, Rusiya-Ukrayna müharibəsinin qəhrəmanlıq simvoluna çevrilmiş, hətta Ukrayna dövlətinin milli kultural məzmunda mahnı bəstələdikləri, qardaş Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatları və digər yeniliklər bu qəbildən olan müvəffəqiyyətlər sırasına daxildir. Məhz innovasiya və tərəqqi kontekstində Vətən müharibəmiz beynəlxalq mətbuatda “kiber müharibə”, “hibrid müharibə” anlamında da təhlil edilir.

Dövlət və ya cəmiyyətin təməl prinsiplərinin qorunub saxlanılması məqsədilə tərəqqi kontekstinin tətbiqi kifayət qədər selektiv (ayırd edilmiş) xarakter daşımalıdır. Çünki insanın yaşam modelinin bütün sahələrini əhatə edən innovativ prinsiplər çox güclü asılılıq yaradır və yekunda texniki manipulyasiyaya gətirib çıxarır. Qeyri-ixtiyari olaraq zərurət olmadan internet resurslarında vaxtını keçirmək, sosial şəbəkələrdə mənasız, səviyyəsiz yazışmalar, paylaşımlar etməklə “həqiqi” varlığını sübut etmək nəticədə böyük substansiyaya (mahiyyətə) sahib ictimai cahilliyə gətirib çıxarır. İctimai cahillik isə kollektiv təfəkkükrün prototipidir: “Kollektiv təfəkkür - dünyanın ən primitiv təfəkkürüdür. Hətta dəlilər də müəyyən mənada kollektiv səfehlikdən üstündürlər.” [13, 222]

İnnovasiya və ya tərəqqi kontekstinin tətbiqi ən azından milli ideoloji və total yanaşma kontekstlərinin qorunub saxlanılmasına, inkişafına xidmət etməlidir. Çox təəssüf ki, bu cür yanaşmada istisna mövqeyə sahib hallar da kifayət qədər mövcuddur. Tərəqqi konteksti manipulyasiya aləti olaraq demokratik dəyərlər sferasında hətta milli geyim və ədəb-ərkan məkanlarına da nüfuz etmiş, “İstədiyini et” və ya “Ağzına gələni danış” klişeləri (qəlibləşmiş ifadələr) az qala müasir “demokratiya”nın öldürücü silahına çevrilmişdir. Hər hansı bir dövlət haqqında neqativ imic formalaşdırmaq üçün işlədilən ifadə təxminən belədir: “Filan dövlətdə müasirlik və demokratiya yoxdur.” Zənnimizcə, real gerçəklikdə işğalçılıq tendensiyalarına malik dövlətlərin müharibənin ilkin cücərtilərinin yaratması üçün çox mükəmməl bir ehkamdır və tarixi faktlar da bunu isbat edir. İstənilən müharibənin ən uğurlu başlanğıcı “müasir demokratiya” adı altında rəqibin ideoloji-mənəvi özülünü dağıtmaqdır. Əgər bunu etmək mümkün olsa, əminliklə deyə bilərik ki, heç bir hərbi-strateji əməliyyatlara və ona xərclənən vəsaitlərə ehtiyac olmayacaq. Kontaktsız müharibədə qazanılan uğur isə həmin işğalçı dövlətin uğurlu məziyyətinə daxildir. Məhz bunlara görə istənilən sahədə (geyim, etnopsixoloji düşüncə tərzi, daxili və xarici siyasət,hərbi və mülki infrastruktur və s.) innovativ prinsiplərin tətbiqi həmin cəmiyyətin fundamental prinsiplərinə uyğunlaşdırılmış şəkildə həyata keçirilməli, onu daha da möhkəmləndirməlidir.

Bütün bəşəriyyətə örnək olaraq fenomenal dövlət başçısı Atatürkü yenidən xatırlatmaq istəyirik. O, 1925-ci ildə ölkənin müxtəlif diyarlarına səfəri zamanı xalqı ilə geyimin müasir və mədəni nümunələri barədə dəfələrlə söhbət etdi, həmçinin şapka taxmaq barədə qanun qəbul etdi. Ölkəsində müxtəlif təriqətlər fonunda fəaliyyət göstərən təkkələrin bağlanması üçün göstərişlər verdi. İslam dinini innovasiya fonunda modern mədəniyyətin sintezi olaraq qəlibləşdirdi. Çıxışlarının birində isə sanki müqəddəs hədislərə bərabər bir anlamda bu məsələyə aşağıda göstərilən qaydada aydınlıq gətirdi: “Ən doğru, ən həqiqi təriqət mədəniyyət təriqətidir.” [12, 354]

Nəhayət, Müharibə anlamı formatında apardığımız kiçicik araşdırmamızın nəticələrini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:

- İstənilən uzunmüddətli köklü struktura malik dövlət formaları həmin xalqın, cəmiyyətin uğurlu etnopsixoloji strukturu üzərində qurulur. Bu mövqedən məşhur fransız yazıçısı və şairi Marsel Proust demişdir: “Bir xalqın həyatı geniş miqyasda onu təşkil edən hüceyrələrin, sadəcə təkarıdır.” [3, 166]

- Kütlə psixologiyasının təməl prinsipinə daxil olan böyümək istəyi zaman çarxının istənilən dövrəsində (keçmiş, indiki və gələcəyi nəzərdə tuturuq) müharibənin mövcudluğunu istisna etməmişdir. “Böyümək istəyi” anlayışı burada millət və ya rəhbər şəxs fonunda ən azından geosiyasi məkan, təbii resurslara sahiblənmək, hegemonluq, kainatda supergüc dövlətə çevrilmə halları üzrə təhlil edilməlidir. Sülh və rifah prinsiplərini rəhbər tutan dövlətlər müddətsiz olaraq toqquşma, həmçinin müharibələrə bütün stereotiplər üzrə hazır olmalıdır. Məşhur amerikalı yazıçı və mütəfəkkir Robert Qrin demişdir: “Ən yaxşı strategiya - həmişə ən güclü olmaqdır; başlanğıcda, ümumiyyətlə, ardınca-müəyyənedici bəndlərdə... Qüvvələrini cəmləşdirmək zərurətindən uca və sadə qanun yoxdur... Qısaca birinci prinsipdə deyilir: son dərəcə konsentrasiya olunmuş şəkildə hərəkət et.” [14, 130]

- Milli ideoloji kontekst dövlət və millətin tarixən sahib olduğu bütün dəyərlərin məcmusudur. Metamodel olaraq fərddən tutmuş dövlətin sahib olduğu bütün meyarları özündə birləşdirir. Kontekstin əsasını isə etnopsixoloji, mənəvi-kultural dəyərlər, dini baxışlar və s. təşkil edir. Qeyd etmək vacibdir ki, həqiqi dini dəyərlərin təşəkkülü də bu kontekstin ayrılmaz tərkib hissəsidir. Müasir ABŞ siyasətinin patriarxlarından biri sayılan Nobel mükafatı laureatı Henri Kissincer İslam dininın intibahı fonunda söyləmişdir: “İslamın sürətlə üç kontinentə yayılması, deyə bilərik ki, möminlərə ilahi missiyanın doğruluğunun sübutunu verirdi. Bəşəriyyəti birləşdirmək və ümuməhatəli sülh gətirmək məqsədilə ilhamlanan islam eyni zamanda din, çoxmillətli fövqəldövlət və yeni dünya nizamı idi.” [6, 104]

44 günlük Vətən müharibəsi dönəmində çəkilmiş videoçarxların əksəriyyətində, hamımız döyüşçülərimiz tərəfindən səslənən eyni ifadənin şahidi olduq: Allahu-Əkbər! Çünki Əllahu-Əkbər Vətənin özüdür, Tanrı dərgahına qovuşmanın sinenergetik sevgisidir. Şübhəsiz ki, söhbət Tanrı yolunda, Vətən uğrunda cihad etmiş şəxslərdən gedir. Özünü reklam etmək xatirinə video və foto çəkilişlər aparmaq, yüksək rütbə və vəzifə sahibi olmaq üçün əlinə silah alıb özlərini gözə soxanlar, populist xarakter daşıyan sərsəm nitqlər, hamı tanısın-deyə cəmiyyətdə mövqe sahibi olmaq istəyənlər istisnadır. Seçim məqamları isə həmin fərdin şəxsi mövqeyinə və həqiqi niyyətinə aiddir. Bütün hallarda cihad anlamı hər kəsin vəzifə borcu olaraq dəyərləndirilir. İslam dininn müqəddəs kitabı olan Qurani-Kərimin Əl-Ənfal surəsinin 16-cı ayəsində deyilir: “(Düşməni aldatmaq məqsədilə yalandan özünü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya ( kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora ən pis dönüş yeridir.” [9, 177]

- Total yanaşma kontekstinin əsas mahiyyəti dövlət başçısı, həmçinin onun struktur sahələrində çalışan rəhbər şəxslər üzərində qurulmuşdur. Bu şəxslər isə ilk növbədə ideoloji prinsiplərə sadiq olmalı, dövlət idarəçiliyini, həmçinin politologiya, diplomatiya, milli tarix və digər elm sahələrini mükəmməl bilməlidir. Geniş və hərtərəfli biliyə sahiblənmək isə həmin rəhbərin əsas məziyyətlərindən biridir. Bütün bunlarla yanaşı bu statusa sahib şəxslərin fərdi xarakterik və psixoloji nəsnələri də həlledici amildir. Ən vacib amillərdən biri isə qərəzsiz və ədalətli idarəetmədir. Ən-Nisa surəsinin 135-ci ayəsində deyilir: “Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib-büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz işlərdən xəbərdardır. “ [9, 99]

- Bütün sahələrdə tətbiq olunan innovativ yeniliklər ilk növbədə cəmiyyətin ideoloji, etnopsixoloji prinsiplərinə uyğunlaşdırılmalı, daha dəqiq və diqqətli seçimlər üzərində qurulmalıdır. Əks halda bu tətbiqlər tədricən cəmiyyətin, dövlətin bütün sahə və kateqoriyalarına nüfuz etməklə onların tədricən aşılanmasına gətirib çıxaracaq. Çağdaş Amerika siyasətinin şahinlərindən biri olan məşhur politoloq Zbiqnev Bjezinski təkcə kütləvi informasiya vasitələrinin innovasiyası fonunda baş verə biləcək fəlakətlər prizmasından aşağıdakıları demişdir: “XX əsrin sonlarında kütləvi informasiya vasitələrinin ümumplanetar əhatəsi siyasi təlatümləri küçə mübarizəsinin kütləvi kurslarına çevirdi, indiyədək bir-birindən ayrılıqda və əlahiddə fəaliyyət göstərən siyasi qruplaşmalar bu kurslarda taktiki təcrübələrini bir-biri ilə bölüşə bilərdi... Yeni rabitə vasitələri sayəsində kütləvi siyasi təbliğat hazırda həm də birlikdə toplanmış təcrübənin coğrafi cəhətdən bir göz qırpımında yayılmasını nəzərdə tutur.” [15, 49]

İstifadə olunmuş ədəbiyyat:

1.Elias Kanetti. KÜTLƏ VƏ HAKİMİYYƏT Bakı, Qanun nəşriyyatı, 2019, 576 səh.
2.Uill Durant ” FƏLSƏFİ HEKAYƏTLƏR”. “Zəkioğlu nəşriyyati” Bakı-2006, 578 səh.
3.Hans Morgentau. DÖVLƏTLƏR ARASINDA SIYASƏT: güc və sülh uğrunda mübarizə. Teas Press Nəşriyyat evi, Bakı - 2017, 876 səh.
4.Oşho. “BİZƏ SEVGİDƏN DANIŞIN” Qanun nəşriyyati, Bakı - 2016, 240 səh.
5.Nikkolo Makiavelli. “HÖKMDAR”. “Qızıl Şərq” Bakı-2008, 159 səh.
6.Henri Kissincer. DÜNYA NİZAMI. Qanun nəşriyyatı, Bakı-2019, 416 səh.
7.İlbər Ortaylı. TÜRKLƏRIN QIZIL DÖVRÜ. Teas Press Nəşriyyat evi, Bakı-2019, 292 səh.
8.Reha Oğuz Turkkan, Toğrul Turkkan. FƏRDI EFFEKTIV SÜRƏTLİ OXU. Hədəf Nəşrləri. Bakı-2017, 236 səh.
9.Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov və V.M.Məmmədəliyev
10.Aristotel. “SİYASƏT. BÖYÜK ETİKA”. XXI-Yeni Nəşrlər Evi, Bakı- 2006, 432 səh.
11.U-Tszin. HƏRB SƏNƏTİ. Qədim çinin yeddi hərb qanunu), ”Zəkioğlu”, Bakı- 2009, 620 səh.
12.Edip Semih Yalçın. MUSTAFA KAMAL ATATÜRK. Həyatı və əsri “Xan” nəşriyyatı. Bakı-2021, 548 səh.
13.Osho “KİŞİLƏRİN KİTABI”. Qanun nəşriyyati, Bakı-2014, 248 səh.
14. Robert Qrin. HAKIMIYYƏTIN 48 QANUNU. Qanun nəşriyyati, Bakı-2014, 264 səh.
15. Zbiqnev Bjezinski. STRATEJI BAXIŞ. Amerika və qlobal böhran. Qanun nəşriyyatı, Bakı-2016, 304 səh.