Tolstoyun, Çexovun, Dostoyevskinin arzulamadığı Rusiya - Gündəm

Tolstoyun, Çexovun, Dostoyevskinin arzulamadığı Rusiya  - Gündəm

18 Martt 2022 09:40 480


YeniAz.Az Fəxri Uğurlunun “Universal zamanın sahilində” essesini təqdim edir.

Məşhur rus jurnalisti, tənqidçisi Aleksey Suvorin 1901-ci ildə yazırdı: “İndi bizim iki hökmdarımız var: biri çar II Nikolay, o biri Lev Tolstoy. Hansı daha güclüdür? Nikolay padşah Tolstoya heç nə eləyə bilməz, onun taxtını laxlada bilməz, ancaq Tolstoy istəsə, çar nəslinin xanədanını başına uçurar”.

Bu günlərdə Rusiya yazıçılarının Putinə müraciəti yayıldı. Müraciəti imzalayanlar sülhə çağırış adı altında Kremlin Ukrayna siyasətinə dəstək verdilər. Onda mən Suvorinin sözlərini, rus ziyalılarının mənhus taleyini bir daha xatırladım...

Yeri gəlmişkən bir məsələyə toxunum: belə bir deyim var ki, ziyalı həmişə hakimiyyətə müxalif mövqe tutmalıdır. Mən bu fikirlə razı deyiləm. Zənnimcə, gerçək ziyalı həmişə hakimiyyətdə olmalıdır (əlbəttə, sözün hərfi mənasında yox). Ziyalının təmsil elədiyi dəyərlər hər zaman cəmiyyətin lokomotivi, mühərriki rolunu oynamalıdır, xalq da, dövlət də gələcəyə aparan doğru yolu o dəyərlərin işığında tutub getməlidir. Məsələn, biz Azərbaycanda Üzeyir bəy Hacıbəyliyə müxalif bir hökuməti təsəvvürümüzə gətirə bilərikmi? O hökumətin aqibəti nə olar, məncə, burası hamıya bəllidir.

Çağdaş dövrdə ziyalı institutu, elm, təhsil mərkəzləri məbədi əvəzləyir. Yaxşı hökumət o məbəddə istehsal olunan ideyaların keşiyini çəkir, onları həyata keçirməyin qayğısına qalır; pis hakimiyyət məbəd əhlini öz nökərinə çevirməyə çalışır, onu bəşər nəslini doğru yola yönəltmək kimi əzəli təyinatından sapdırıb, Boleslav Prusun “Firon” romanında olduğu kimi, yalan, nifaq, riya fabrikinə çevirir. Başqa sözlə, bəylər, xanlar Dədə Qorqudun göstərdiyi yolla getməyəndə qardaş qardaşa, oğul ataya asi düşür, fəlakət olur, qardaş qanı tökülür...

Rusiyada ziyalının yolu heç vaxt hamar olmayıb, çünki Kreml əksər hallarda öz siyasətini ziyalı çağırışlarıyla uzlaşdırmayıb. Nəticədə mənəvi hakimiyyətlə siyasi hakimiyyət, beyinlə əl arasında uçurum yaranıb. Son iki yüz ildə Rusiyanın böyük fəlakətləri, rus xalqının bəlaları hər zaman bu uçurumdan boy göstərib. Zalım çar I Nikolayın təqribən otuz il sürən hakimiyyəti dövründə əvvəlcə mütləq monarxiyaya son qoymaq istəyən dekabristlərə divan tutulması, sonradan bir çox nüfuzlu ziyalının həbsə atılması, Gertsen kimi parlaq zəkaların üstəlik ölkədən didərgin salınması, Puşkin, Lermontov kimi milli dahilərin qətlə yetirilməsi (deyilənə görə, hər iki şairin ölümündə çar xəfiyyələrinin əli olub), söz azadlığına qatı senzuranın tətbiq olunması Rusiyanı həm mənəvi, həm də mədəni tellərlə möhkəm bağlı olduğu Avropa yolundan ciddi şəkildə sapdırdı. Ölkədə Rusiyanın əlahiddə, seçkin bir ölkə olduğu haqda illüziya qondarıldı, mif yaradıldı, təxminən üç yüz il ondan əvvəl ortaya atılmış “Üçüncü Roma” ideyası (“Üçüncü reyx”lə necə də səsləşir!) yenidən dirçəldildi, rus xalqını dünyaya qarşı qoyan slavyanofil ideyalar aktuallaşdırıldı. Dostoyevski kimi dahi yazıçı, Solovyov kimi böyük filosof “Rusiyanın öz yolu”, “rus ideyası” kimi universallıqdan uzaq, təməlsiz məfkurələrin əsirinə çevrildilər. Hətta böyük yazıçıların əsərlərinə, ölməz sənət örnəklərinə də bu pəncərədən baxmağa başladılar. Məsələn, “Anna Karenina” romanının sonunda savaş pərdəsi altında intihara gedən Vronskinin Balkanlarda türklərə qarşı savaşan slavyan qardaşlarının əzablarına biganə qalması, romanı çox yüksək qiymətləndirdiyinə baxmayaraq, Dostoyevskini hiddətləndirmişdi.

Doğrudur, I Nikolaydan sonra taxta çıxan II Aleksandrın dövründə Rusiyanı yeniləşən, müasirləşən Avropaya qarşı qoymaq tendensiyasına bir balaca ara verildi. Bu dönəmdə təhkimçilik hüququnun ləğv olunması rus ziyalılığının, rus ədəbiyyatının böyük qələbəsi sayılmalıdır. Deyilənə görə, çar bu tarixi qərarı verməkdə çətinlik çəkirmiş, mühafizəkar əyanların ağır basqısı altındaymış; fəqət Turgenevin “Ovçunun qeydləri” silsiləsindən hekayələrini oxuyandan sonra II Aleksandrın bütün tərəddüdlərinə son qoyulub. Bəli, güc mənəviyyata tabe olanda belə gözəl nəticələr ortaya çıxır.

Ölkəsini mədəniləşdirməyə, xalqını sivil xalqlar sırasına qoşmağa cəhd göstərən II Aleksandr qətlə yetiriləndən sonra imperiya əvvəlki kursuna qaytarıldı. Rusiyanın əlahiddəliyi, rus ruhunun bənzərsizliyi kimi cəfəng ideyalar yenidən gündəliyə gətirildi, rus vaqonu yenidən tarix qatarından açılıb biyabanda hərəkətsiz buraxıldı. Rusiyanın ayrıcalığının, orijinallığının, unikallığının nədən ibarət olduğunu isə bu günə qədər də kimsə izah eləyə bilmir. Bu ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında yaxşı nə baş veribsə, maarifin qanadlarıyla ucalan Qərbin total yüksəlişi kontekstində, Avropa ədəbiyyatının, incəsənətinin, elminin, fəlsəfəsinin təsiri altında meydana gəlib. Rus xalqını o kontekstdən çıxarmaq onu tarixdən kənarda qoymaq deməkdir.

Universal zamanın sahilinə atılan, öz başına çarə qıla bilməyən bir qövm dünyanın xilaskarına necə çevriləcəkmiş - bilinmir. Halbuki hər şey Dostoyevskinin düşündüyünə tamam tərs gəldi, onun slavyanofil ideallarıyla tarixi gerçəklik bir-birinə daban-dabana zidd çıxdı. Deyilənə görə, artıq Avropa universitetlərində Dostoyevski əsərlərini tədris proqramlarından çıxarmağa yönəlik çağırışlar səslənir. Mədəni küfr kimi səslənən belə əcaib çağırışlara qoşulmasam da, deməliyəm ki, o yol bundan “parlaq” nəticəyə gətirib çıxara bilməzdi.

Əlbəttə, dahilərin kəşfləri kimi səhvləri də böyük olur. Hegel müdrikliyinin zirvəsində olanda bu qənaətə gəlmişdi ki, Prussiya monarxiyası yer üzündə Allahın özünü ifadəsinin ən ali mərtəbəsidir; başqa sözlə, Prussiya monarxı Allah, Hegel də onun rəsuludur. Təbii ki, bu yeni “din” heç Prussiyanın özündə də yayılmadı. Dostoyevski də pravoslav rus imperiyasını İsanın varisi, dünyanın xilaskarı elan eləyəndə, şübhəsiz, özünü onun elçisi, carçısı qismində görürdü. Bu ideyanı da heç kim yox, elə yazıçının öz nihilist “şeytanları”, rus bolşeviklərin özləri puça çıxardılar.

Rusiyanın əlahiddəliyi haqqında iddiaların sonu tarixdə analoqu olmayan bir nəticəyə - bolşevik inqilabına dirəndi. Qərblə qarşıdurmanın yeni bir ideoloji səngəri qazıldı, avropalaşma, demokratikləşmə, plüralistləşmə kursu təkpartiyalı sovet Rusiyasında növbəti dəfə iflasa uğradıldı. Bolşevik hakimiyyətinin ilk illərində Trotski gileylənirdi ki, açıq fikirli ölkə ziyalılarının hamısını güllələmək üçün bəhanə çatmır, onları dinləmək isə görünməmiş məşəqqətdir. Lenin çıxış yolunu onlardan can qurtarmaqda gördü - 1922-ci ilin payızında Rusiyanın qızıl başlarını (təkcə Berdyayevin zəkasının işığı bütöv bir xalqın aydınlığa çıxmasına yetərdi) bir gəmiyə yığıb (sonralar həmin gəmi “filosoflar gəmisi” adlandırılacaqdı) ölkədən sürgün elədilər. O gəmidə qürbətə vasil olanlar arasında Rusiyanın əlahiddəliyi, rus xalqının seçilmişliyi iddiası üstündə israrla duranlar da vardı. Tarixin ironiyasına bax ki, onlar da bəyənmədikləri, Rusiyanı qısqandıqları Avropanın qucağına sığındılar. Russayağı paradoks belə baş tutdu: Rusiyanı Qərbdən təcrid eləyib sivil dünyayla üz-üzə qoyanlar, ilk növbədə ölkəsinin ayrıcalığını inadla car çəkənlərə qənim kəsildilər. Prinsipial dəyişiklik baş vermədi, ölkə bir qütbdən o birinə yuvarlandı, medalın bir üzü o biri üzünü divara çevirdi.

Dinə, kilsəyə, İsa təliminə bağlandığına görə ateistlərin nəzərindən düşmüş Pasternaka qarşı aparılan mənəvi terrorla rus pravoslav kilsəsinin saxtakarlığına, riyakarlığına, sapıqlığına savaş açan Tolstoya qarşı dindarların apardığı mənəvi terrorun prinsipcə heç bir fərqi yoxdur. Əslində, bu sayaq təqiblərin tarixi çox qədimdir: yer üzünə Allah ideyasını gətirmiş Sokrat da bir zaman oxşar mülahizələrlə ölümə məhkum olunmuşdu, onu Zevs dininə asi çıxmaqda, yəni allahsızlıqda, gənclərin tərbiyəsini pozmaqda suçlamışdılar; yəhudi tanrısının hökmünə qarşı getdiyinə görə Yahve kahinləri İsa peyğəmbəri çarmıxa çəkdirmişdilər; katolik kilsəsi insan ağlını Tanrının ən etibarlı silahına çevirmiş Dekartın kitablarına yasaq qoymuşdu; varlığın hər tərpənişində Allahın əl izlərini axtaran Spinozanı soydaşları sinaqoqdan qovmuşdular; nəhayət, yer üzündə Uca Ruhun kölgəsitək dolaşan, Onun dilindən danışan onlarla təriqət şeyxi, yüzlərlə sufizm klassiki, minlərlə dərviş şəriət bayrağına bükülmüş cəlladların fitvasıyla dara çəkilmişdi. Hamısı da din, həqiqət, “yeganə doğru” ideologiya adından. Tolstoyun pravoslav kilsəsindən çıxdaş olunmasıyla bunlar arasında bilmərrə fərq yoxdur, sadəcə zamanlar, məkanlar, bayraqlar, damğalar fərqlidir...

Rus xalqını Avropa ailəsinin üzvü olmaqdan yayındıran, tarixi inkişaf yolundan azdıran sapıq düşüncələr son illər rus ictimai fikrində yenidən dominantlıq qazandı. Ölkə vətəndaşında aqressiv təmayülləri dayanmadan körükləyən Rusiya kütləvi informasiya vasitələri, nəhayət, arzusuna çatdı, ölkədə alternativ fikrə yer saxlamadı, şovinizmi, faşizmi, imperializmi faktiki olaraq toplumun zehni rasionunun aparıcı komponentinə çevirdi. Beləliklə, qısa bir demokratiya fasiləsindən sonra imperializm qırmızı libasını soyunub qarşımıza bir ayrı qiyafədə çıxdı. Bu da rus ziyalıları, yazıçıları üçün yeni bir sınaq dövrü oldu. Neçə-neçə böyük sənətkar bu imtahandan kəsildi. Qırmızı imperiyanın çökməsi uğrunda misilsiz çaba göstərmiş Soljenitsın ölkəsinə qayıdandan sonra imperialist bəyanatlar verməyə başladı. Əgər bolşevizmin təməllərini sarsıdan romanlarını yazdığı zaman o özünü ziyalı məbədinin kahini, universal proqressiv hərəkatın cəngavəri kimi aparırdısa, Soljenitsının sonrakı mövqeyi onun öz qələmini, sözünü reqressiv şər qüvvələrin istifadəsinə verdiyini, məhəlli siyasi konyunkturun yedəyində getdiyini göstərdi. Odur ki, bu mövqe ona heç bir hörmət gətirmədi, tam tərsinə, əvvəlki fəaliyyətinin müqabilində qazandığı böyük nüfuzu əməlli-başlı zədələdi. Bu mənada Soljenitsınla Dostoyevskinin siyasi-ictimai aqibəti arasında bir oxşarlıq var.

Suvorinin pəncərəsindən baxsaq, bu gün Rusiyada vəziyyət yüz iyirmi il əvvəlkindən acımalıdır - misilsiz mənəvi potensialı olan bir ölkədə mənəvi çarın taxtı boşdur. Siyasi lider var, mənəvi lider yoxdur. Hətta kilsə rəhbərləri belə savaş təbliğatı aparırlar - Lev Nikolayeviçin goru yəqin neçə yerdən çat verib. Beş yüz yazıçıdan tək biri müharibə çağırışına qoşulmamağa özündə güc tapmayıb. Tolstoyun dahilər yetirmiş yurdunda mənəvi hakimiyyət güc hakimiyyətinin yedəyində sürünür. Kim bilir, neçənci dəfə ziyalı məbədi məmur sarayının əlavəsinə çevrilib. Bütün qlobal fəlakətlər, dərin böhranlar belə başlanır - əvvəlcə mənəvi iflas, sonra siyasi böhran, ardınca da iqtisadi çöküş. Ziyalısına, mənəvi liderlərinə müxalif olan, yaxud da onu öz qaranlıq niyyətlərinin ruporuna çevirən siyasi güc, əlində nə qədər qüdrətli silahlar olsa belə, bir gün çökəcək. Baş verənlər bizə yaxşı tanışdır, əlahəzrət Tarix buna bənzər məsələləri öz laboratoriyasında çox sınaqdan keçirib. Yenə həmişəki nəticə alınacaq, çünki bu məsələnin ayrı həlli, bu tənliyin ayrı cavabı yoxdur.