Türkiyə türkcəsinə keçmək - Müşfiq Ötgün

Türkiyə türkcəsinə keçmək   - Müşfiq Ötgün

17 Fevral 2023 13:04 291


Naşir Şahbaz Xuduoğlu ilə söhbətimizdə eşitmişdim onun bu ideyasını. Türkiyə türkcəsinə keçmək barədə fikrini. Çox cəsarətli gəlmişdi mənə. Sonra statusda bunu yazacağını gözləməzdim. Amma yaxşı ki, yazdı.

Öz fikrimi bildirmək istəyirəm bu barədə. Nə qədər çətin qərar olsa da, mən də düşünürəm ki, ona getmək lazım gələcək. Dilimiz 30 ildir ki, dalana dirənib. Tərcümələr yetərli deyil, məhdud oxucu auditoriyamız da yazarları və naşirləri motivləndirə bilmir. Elə oynayırıq özümüz üçün. Azı 10 min, 100 min tirajla kitab buraxmaq şansın yoxdursa, heç bir qazancın ola bilməz sənin yazar kimi. Balaca ölkələrdə ən istedadlı müğənni restoranlarda oxumağa məhkum olduğu kimi, istedadlı müəlliflər də "çayxana" yazarı olmağa məhkumdur. Bu bir.

İkincisi, 100 il əvvələ gedək və Hüseyn Cavidi, Hadini, Müşfiqi... vərəqləyəq. Hansı dildə yazırdılar? O zamanın ədəbi dili nə idi? Əvət. Almas İldırımı, Cavidi, Müşfiqi asanlıqla türkiyədəkilər də anlaya bilərdilər. Sonra nə oldu? Ruslar bizdən "ayrı" xalq yapmaq yolunu tutdular. "Azirbican" xalqı (bir dəfə 60-ların videosundan dirijor Niyazi baxdım ki, elə deyir). Və o ayrı xalqın ədəbi dili həqiqətən də bir az Qazax, bir az da Şamaxı ləhcəsinin üzərində yığıldı. Zamanla Azərbaycanda hamı inandı ki, biz başqa türklərik, qazaxlar kimi, qırğızlar kimi. Amma biz elə məhz oğuz türkləriyik. Sadəcə son yüz il dillərimiz arasında xeyli məsafə yaratdı. İndi bu dillə nə elmin, nə fəlsəfənin çağırışlarını qarşılaya bilirik, nə də geniş auditoriyadan bəhrələ bilirik.

Üçüncüsü, yəni bu proses onsuz da gedir. Uşaqlar türk kanallarını izləyir, çağalarımız "Annem, çorabım nerede?" cizgi filmlərini izləyərək böyüyür, tələbələrimiz də Türkiyədən dərsliklər sifariş edib rahatca oxuyurlar, İngilis və rus dilini öyrənmək də lazım gəlmir (hərcənd lazımdır). Yəni bu təbii prosesin qarşısını nə qədər alacağıq? Hansı vasitə və resurslarla? Bilmirəm. Çox yaxın dillərdir. Və bəli, mən də hesab edirəm ki, "ortaq türk dili" ideyası fiksiyadır. Alınmayacaq. Türkiyə türkcəsi zamanla ortaq türkcəsi olacaq türk dövlətlərinin. Əgər bu birlik dərinləşəcəksə.

Və dördüncüsü. Bəs biz? İtkilərimiz necə olsun? İtkilər həmişə olacaq. Onlarla barışmaq lazım gələcək. Bir ara latın əlifbasına keçəndə o itkilərdən də çox qorxurduq. Amma biz balaca ermənistan deyilik. Bizim Türkiyə kimi resursumuz var. Onun kitabxalanaları, tərcümələri,.. və 80 milyonluq audotoriyası. Bundan yararlanmaq lazımdır. Anlayıram ki, çox cəsarətli və hər kəsin qavaraya bilməyəcəyi fikirdir.

Amma Şahbaz bəyə də cəsarəti üçün təşəkkür etmək istəyirəm.