Uzaq şəhərlərin göy üzü - Günel Mövlud yazır...

Uzaq şəhərlərin göy üzü   - Günel Mövlud yazır...

05 Martt 2024 09:03 299


Bu dünyada şəhərlərin göy üzü iki yerə bölünür, Tiflis səması və başqa şəhərlərin göy üzü...Tiflis səması, Tiflis göyündəki ay, ulduzlar mənə bu dünyanın əbədi olmadığını, Günəş sisteminin bir gün məhv olacağını xatırladıb, özüm adına yox, bəşəriyyət adına ekzistensional dəhşət yaşatmaqla bərabər, hələ qarşıdan gələn milyonlarca illərin yaşanacaq hadisələri, hekayətlərinin gözəlliyini də sirli bir dildə nəql edirdi...

Sevmədiyi yerlərin daşına-torpağına, otuna-ağacına da düşmən kəsilər insan. Ən çox da sevmədiyi yerlərin səmasını sevməz. Başını qaldırıb sevmədiyi şəhərlərin göy üzünə baxmaz heç vaxt. Mən də Tiflisdən köçəndən sonra yaşadığım şəhərlərin göy üzünə baxmıram.
Amma bir neçə həftə əvvəl küçədə getdiyimiz yerdə oğlum dedi ki, mama, göy üzünə bax, gör, nə gözəl ay çıxıb. Sən axı Ayı sevirsən, bax!

Başımı qaldırıb göy üzünə baxdım. Doğrudan da, dilimlənmiş ay parçası elə gözəl idi ki, oğluma mənə bu gözəlliyi göstərdiyinə görə sağ ol dedim. Sonra da düşündüm ki, işə bir bax, indi mənim bu şəhərdə başımı qaldırıb göyə baxmağımı təklif edən balaca bir adam var. O balaca adam ki, mən o daha gözəl yerlərdə yaşasın, daha gözəl yerlərə Vətən desin deyə, öz Vətənimdən uzaqda, qürbətdə diri ikən ölü kimi yaşayıram.

Sonra da düşündüm ki, işə bax, bir gün bu balaca adam böyüyəcək, mən ona daha lazım olmadığımı hiss edən kimi, öz doğmalarımın məzarları olan torpaqlara, yəni Vətənimə qayıdacam və orda qocalıb, öləcəm.

Daha sonra da dəhşətlə düşündüm ki, mənə göy üzünə baxmağı təklif edən bu balaca adam böyüyəndən sonra, mən gedib Vətənimdə ölsəm, yaşadığı bu ölkə onun da Vətəni olmayacaq. Zira, doğmalarımızı dəfn etmədiyimiz yerlər bizim Vətənimiz ola bilməz...