“Bu qaraçılıqdan qurtulmaq lazımdır” - Aqşin Evrənlə müsahibə

“Bu qaraçılıqdan qurtulmaq lazımdır”   - Aqşin Evrənlə müsahibə

17 May 2022 10:25 564


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən şair Aqşin Evrənlə müsahibəni təqdim edir.

- Aqşin, Cübran Xəlilin belə bir ifadəsi var, “Böyük şair – bizim sükutumuzu ifadə edə bilən şairdir”. Sən necə düşünürsən, hazırda ədəbi mühitdə sükutu ilə yaradıcılığının böyüklüyünü göstərən şairlər varmı? Bir də bu şəkildə olmağı sənə hansı təsirləri bağışlayır?

- Xəlil Cübranın bu maraqlı fikrinin yanından dolayı yolla keçərək deyim ki, sənətdə sükut mümkün deyil, çünki ortaya qoyulan hər bir mətn özlüyündə iddiadır, mövcudluq bağırtısıdır, səsdir. Hazırda ədəbi mühitdə sükut hələ üzə çıxarılmamış mətnlərdir: bunların böyük olub-olmadığını isə zamanla görəcəyik. Məsələn, mən yaxşı hesab etdiyim şeirlərimi hələ üzə çıxarmamışam. Çünki hələ ki, mənə onun mətn kimi qalması maraqlı və cazibədar görünür. O, iddiaya çevriləndə öz ilkinliyindən uzaqlaşacaq: dəmir idisə qılınca, günəş idisə alova, torpaq idisə daşa, palçığa çevriləcək.

Mənim üçün böyük şair öz içində, öz təfəkküründə sükutla səsin, həqiqətlə aldanışın, mövcudluqla yoxolmanın arasındakı incə qırmızı xəttin üzərində yeriyə bilən şəxsdir. Bu, sirat körpüsü deyil, sənət körpüsüdür. O körpü bizdən çox-çox uzaqlarda yerləşən və hələ bizim kəşf etmədiyimiz dünyalara qapı rolunu oynaya bilər. Bəşəriyyət ilkin inkişafını texnologiyadan deyil, sənətdən götürüb. İlk dəfə gördüyü nəhəng canlını qaya üstünə çəkərək digər insanabənzərləri də bu canlının varlığından xəbərdar edən insan məhz sənət vasitəsilə bəşəriyyətin inkişafını başladıb.

- Mənə də, oxuculara da maraqlı olan bir fakt var. Adətən, gənc yazarların içərisində bir-birini tənqid atəşinə tutan müəlliflər olur. Bəzən şou yaratmaq, bəzən də ciddi ədəbiyyatın yaranması xətrinə. Səncə, bu günün tənqidləri daha çox hansını aparıcı qüvvə hesab edir?

- Əsaslı və ciddi konturlara söykənən tənqidlə işim yoxdur, amma şairin, yazıçının nümayişkaranə şəkildə “ucuzvarı kritikologiya”ya yoluxması yaza bilmədiyi mətnlərin yaratdığı ağrıdan qaynaqlanır. Tənqidə qalsa, əksər şairlərin şeirlərinin içindən plagiat misralar, şablon intonasiyalar, arxaik, taftaloji ifadələr tapmaq mümkündür. Ümumiyyətlə, şair gedib şeirini yazsın da, tənqid üçün ədəbiyyatşünaslar, tənqidçilər var. Əgər şair ciddi ədəbiyyatın yaranmasını istəyirsə, bunu özü mətn yazaraq etməlidir, başqasının mətninə məhkəmə quraraq yox. Şairin nümayişkaranə tənqidinin altında bədniyyətlik yatır. Bu yarımpoetik qaraçılığın alt qatında bir əzilmişlik, altdaqalmışlıq kompleksi də var. Dediyim kimi, burada söhbət ciddi, fundamental, ikitərəfli tənqidi məqalələr yazan şairlərdən getmir.

- Yazarlardan biri deyir ki, mənim xəyalını qurduğum ədəbiyyatda “ənənəvi şeir” deyə bir anlayış yoxdur. Bu barədə nə düşünürsən? Səncə, ənənəvi janrda müasir nümunələr yaratmaq çətindir?

- Ümumiyyətlə, əvvəlcə müəyyən etmək lazımdır ki, onlar “ənənəvi şeir” deyəndə nəyi nəzərdə tuturlar? Ənənəvi olan həm də pis olan deməkdirmi? Kitab ənənəvidir, pdf modern – amma illərdir ki, bu sahədə ənənəvilik modernliyi üstələyir. Çox adam “ənənəvi şeir” deyəndə heca şeirini nəzərdə tutur. Səbəb budur ki, o adamlar forma və məzmunun ədəbiyyatda yerini, nə demək olduğunu bilmirlər. Mən əsasən sərbəst şeir yazıram, lakin heca, əruz vəznində yazılmış bütün şeirləri “ənənəvilik” adı altında qruplaşdırmaq səthi yanaşmadır.

Ənənəvi janrlarda modern mətnlər yaratmağa qaldıqda isə, bu, bəzən əlverişsiz olur. Məsələn, bir vaxtlar dünyanı cənginə alan poema janrı getdikcə sıradan çıxmaqdadır. İndi oturub 300 səhifə “qafiyə evləndirilməsini” oxumaq sıxıcı gəlir.

- Poeziyadakı hazırkı müəlliflərə münasibətin necədir?

- Bir neçəsi ilə yaxşı dostluq, mehriban qonşuluq münasibətlərimiz var. Allah hamısının canını sağ, uğurlarını bol eləsin.

- Deyirlər, ağıl nəticəsi ilə yaranan poetik nümunələr oxucularda ciddi maraq oyadır, ilham nəticəsində yarananlar isə kütləni şirinliyi ilə asanlıqla özünə çəkə bilir. Bunun bir çox səbəbləri var...

- Məncə, bu bölgüləri kənara qoymağın vaxtı çatıb. Birdəfəlik anlamaq lazımdır ki, insan bədənində düşünmək, fikir istehsal etmək funksiyasını daşıyan bircə orqan var – beyin. Bir də görürsən, kimsə yazır ki, filankəs şeiri beyinlə yazır, mən ürəklə. Bunların beynini çıxarıb yerinə ürək qoymaq lazımdır: yəqin, onda daha yaxşı yazarlar. Ürəklə yazılan şeir, ilhamla yazılan şeir, ağılla yazılan şeir... Bu qədər də mənasızlıq olarmı? Belə sərhədsiz mənasızlıqdan qurtulmaq lazımdır. Bu, təkcə anatomik savadsızlıq deyil, həm də saxtakar yanaşmadır. Şeirin yazılma prosesini heç kim izah edə bilməz. Necə olur ki, anidən şeir yaranır? – Bunun cavabı hələ ki yoxdur.

- Bəzən müəllifləri tez kitab çıxardığı üçün qınaq obyektinə çevirirlər. Ümumiyyətlə, bu, yaşdan asılı olan bir həvəsdir, yoxsa müəllifin imza əminliyi?

- Mümkünsə, gənclər 30 yaşa qədər kitab çıxarmasınlar. Çünki insanın həm özü, həm ədəbiyyat, həm də həyat haqda həqiqətləri dərk etməsi bir qədər uzun çəkir. Xüsusən şeir kitabı çıxarmağı mütəmadi təxirə salmaq lazımdır. Erkən kitab çıxarmaq bəzi ölüməməhkum mətnlərə əbədilik qazandırdığı üçün zərərlidir.

- Son olaraq, müasir poeziyada kimlərin imzası haqqında əminliklə deyə bilərsən ki, hazırda ədəbi mühitdə təsdiqini tapmışlardanır.

- Bizim gənc dostlarımızın ilk fəlakəti məhz buradan başlayıb. Bizdə müəllif ədəbiyyatda təsdiq olunduğunu şeirinə gələn “layk” sayı, “möhtəşəm!” şərhləri və özündən yaşca böyük müəlliflərlə oturub yeyib-içməklə müəyyən edir. Ədəbi mühitdə təsdiq olunmaq hələ ədəbiyyatda, ədəbiyyat tarixində təsdiq olunmaq demək deyil. Bunlar tamam başqa-başqa şeylərdir. Vaxtilə (bu sözdən xoşum gəldi nədənsə) bəzi müəlliflər öz dövrlərinin ən yaxşıları olublar, lakin zaman keçdikcə unudulublar. Bu mənada kimsə yuxarıda sadaladığım “elektron uğurlara” görə təsdiq olunduğunu düşünürsə, özünü yüksək dərəcədə, ətrafını çoxaltma dərəcəsində, ədəbiyyatı bilənləri isə azaltma dərəcəsində aldadır.

O ki qaldı kimlərin özünü təsdiq etməsi barədə yekun rəyimə, mən təsdiqometrlik etmək funksiyası daşımaq missiyasından çox-çox uzağam. Bu, tarixin missiyasıdır, Tarix isə amansızdır.

Nizami Bayramlı