"Yaysız bir il" haqqında - Seymur Baycan yazır...

"Yaysız bir il" haqqında   - Seymur Baycan yazır...

08:38 26


"Yaysız bir il" kitabının tərcüməsinə on ballıq sistemlə iki bal vermək olar. Bəzi yoldaşlara bu qiymət ədalətsizlik kimi görənə bilər. Tələsməyin, kitabdan gətirdiyim konkret misalları oxuduqdan sonra görəcəksiniz ki, tərcüməyə on ballıq sistemlə iki balın verilməsi tamamilə ədalətli qiymətləndirmədir.

İndi isə keçək konkret misallara. "Yaysız bir il"i tərcümə edən hörmətli Anar Rəhimovun xarüqələri ilə tanış olaq:

1. Hökumət binası qarşısında yaşananları nəzərə alsaq təhlükəsizlik haqqında məsləhətlər vermək üçün Oslodan bir polis işçisinin adaya gəlməsi anlaşılan idi. (Səh. 9)

Hörmətli Anar müəllim, “yaşananları” yox, "baş verənləri". “Anlaşılan” sözü də yerində istifadə olunmayıb.

2. Norveç təkcə İkinci Dünya müharibəsindən sonra ən böyük böhranını yaşamadı, eyni zamanda bizim sakit, hüzurlu, demək olar ki, nağıl kimi cəmiyyətimiz dəyişdi. (Səh. 13)

Hörmətli Anar müəllim, böhranı "yaşamırlar", böhranla "üzləşirlər".

3. Atası ilə Herald hotelin lobbisində oturub Əl-Cəzirə kanalında canlı yayında Oslodakı bomba sonrası yaşananları izləyirmiş. (Səh. 17)

“Yaşananları” yox, “baş verənləri”. “İzləyirmiş” yox, “baxırmış”.

4. Larş meşə zolağının bir addımlığındaykən elə bil arxadan onu dürtüblər. (Səh. 18)

Burda “dürtmək” sözünün hansı mənada istifadə olunduğunu başa düşmədim. Mənə elə gəlir ki, Anar müəllim, "dürtmək" sözünün mənasını bilmir.

5. O, istəməyib ki, nənə-babası nəvələrini basdırmaq acısını yaşasın. (Səh. 23)

Acını "yaşamırlar", acını "çəkirlər". "Acı" sözü də yerində istifadə olunmayıb. Türk seriallarının tərcüməçiyə göstərdiyi güclü təsir cümlədə açıq-aşkar görünür.

6. Qunvor nə baş verdiyi haqda daha çox bilgi əldə etmək üçün "CNN" kanalını açıb. (Səh. 25)

“Bilgi” yox, “məlumat, xəbər”. "Bilgi" sözünün cümlədə istifadəsi tamamilə yersizdir. Hətta bir az da yüngüllük kimi görünür.

7. Soyuq bədənini tamamilə bürüyübmüş, tez-tez əzələ qıcolması yaşayırmış. (Səh. 30)

Allah xətrinə, bir nəfər başa salsın görək "əzələ qıcolması yaşayırmış" nə deməkdir? Anar Rəhimov “yaşandı, yaşanır, yaşatdı” sözlərini harda gəldi, necə gəldi istifadə edib. Əzələ qıcolması necə yaşanır? Ay bəy, ay müəllim, niyə özünü dağa-daşa salmısan? Yaz ki, əzələsi qıc olurmuş. Məncə, Anar müəllim o qədər türk seriallarına baxıb ki, dilinin molatnı dilinə çevrilməsini artıq hiss etmir.

8. Bir azdan başqa polis işçisi onlara yaxınlaşıb və Larşı gözləməkdə olan maşına daşıyıb. (Səh. 31)

“Daşıyıb” yox, “aparıb”.

9. Bacısı uşaqlarından biri maşınla onu Oslaya götürməyi təklif edib. (Səh. 34)

“Götürməyi” yox, “aparmağı”.

10. Hər tərəf ucsuz-bucaqsız, yaşanılmayan çöllərdir. (Səh. 35)

Yaşanılmayan çöllər necə olur?

11. Heç zaman heç bir formada maddi sıxıntı yaşamamışdı. (Səh. 39)

“Maddi sıxıntı” yox, “maddi korluq”. “Yaşamamışdı” yox, “çəkməmişdi”.

12. Hər tərəfdə silahlı polis işçiləri gözə dəyir - bu Oslo üçün qeyri-adi görüntüdür. (Səh. 41)

“Görüntüdür” yox, “mənzərədir, səhnədir”.

13. Marte leysan yağışın səsini oyandıqda böyük məyusluq yaşanırdı. (Səh. 51)

Türk seriallarının tərcüməçiyə təsiri cümlədə sadəcə fışqırır.

14. Böyük zalda sıxlıq yaşanırmış. (Səh. 70)

“Yaşanırmış” yox, “sıxlıq varmış”, yaxud “sıxlıq hökm sürürmüş”.

15. Ütoyada qalmaq ekzotik yaşantı imiş. (Səh. 72)

Ekzotik yaşantı necə olur?

16. Uniformalı kişi sakit tərzdə qətliamı davam etdirib. (Səh. 79)

“Qətliamı” yox, “qırğını”.

17. Ütoyada nələr yaşayıb, güllə yarası necədi, sağalıbmı? (Səh. 87)

Nələr “yaşayıb” yox, nələr “görüb”, “başına nə gəlib”.

18. Şaxta olmasına rəğmən, gödəkcəsinin altından yalnız tşört geyinib. (Səh. 93)

“Rəğmən” yox, “baxmayaraq”.

19. O, müəyyən anlamda istədiyinə nail ola bilib. (Səh. 124)

“Anlamda” yox, “mənada”.

20. İkinci Dünya müharibəsi zamanı yaşananlara görə millətçiləri cəzalandırmasınlar. (Səh. 126)

“Yaşananlara” yox, “baş verənlərə”.

Kitabda “yaşandı, yaşanır, yaşatdı, yaşananlar” sözlərindən o qədər istifadə olunub ki, mən onların hamısını burda bir-bir qeyd etsəm, gərək kitabın yarsını yazıya köçürəm.

“Çəkici", "yayımlanan", "sərgiləyən", "ipucu", "aşırı", "gözlənti", "inanclı", "sıradan", "aşağılamaq", "görməzdən gələn" kimi sözlərdən heç danışmıram.

Bütün bunlar Anar Rəhimovun türk seriallarını çox sevdiyini, bütün gün türk serillarına baxdığını, dilinin aşınmaya məruz qalıb moltanı dilinə çevrilməsini açıq şəkildə göstərir. Eyni sözlər Qismət Rüstəmova da aiddir. Qismət müəllim də türk seriallarının böyük aşiqidir.

21. Milli kimliyimizi və fiziki varlığımızı sürdürmək üçün lazım olan hər bir vasitəyə əl atacağıq. (Səh. 128)

“Milli kimlik” yox, “milli mənsubiyyət”. Kimlik şəkilçisi yoxdur, mənsubiyyət şəkilçisi var.

22. Şiddət və döyülmə səhnələrindən söz açır. (Səh. 130)

“Şiddət” yox, “zorakılıq”.

“Zorakılıq” sözünün əvəzinə “şiddət” sözündən istifadə etdiyinə görə Anar müəllimi çox da qınaya bilmirəm. Zamin Hacı da artıq “şiddət” sözündən istifadə edir. Türk serialları Zamin müəllimin də təmiz dilini yaman günə qoyub. İndi görün ümumi vəziyyət hansı həddə çatıb ki, Zamin müəllim kimi ağsaqqal bir qələm adamının da dili türk seriallarına baxmağın nəticəsində aşınmaya məruz qalıb. Saçını və saqqalını yazı-pozu işində ağartmış Zamin müəllim kimi bir adam şiddət sözündən istifadə edirsə, Anar müəllimi qınamaq bir az ədalətsizlik kimi görünə bilər.

23. Şiddət nümayişinə görə və başqa cinayətlərə görə məhbusluq həyatı yaşayıb. (Səh. 136)

Şiddəti necə nümayiş etdirirlər? Məhbusluq həyatın necə yaşayırlar?

24. İnternetdə şiddəti təbliğ etməsi ittihamı ilə cinayət işi açılmışdı. (Səh. 139)

Sual təkrar olunur: Şiddəti necə təbliğ etdirirlər?

25. – Hər hansı şiddətə hazırlamısınızmı özünüzü?
– Biz şiddətlə, zülmlə məşğul deyilik. (Səh. 143)

Burda Anar müəllim bir tərcüməçi kimi yaradıcılığının zirvəsinə tərəf inamla irəliləyib.

26. Ütoyada yaşanan dəhşətin yalnız bir hissəsi eşidilir. (Səh. 166)

“Yaşanan” yox, “baş verən”. Anar müəllim, türk seriallarına az baxın.



27. Üç nəticədən ikisi onu ölümə götürəcəkmiş. (Səh. 186)

Ölümə götürmək necə olur?

28. Ətrafımda o qədər dəhşətli şeylər yaşanırdı ki! (Səh. 212.)

“Yaşanırdı” yox, “baş verirdi”.

29. Hoteldə yaşananları ikinci travma kimi qələmə verib. (Səh. 213)

And olsun bizi yaradana, “yaşandı, yaşanan” sözlərini oxumaqdan bezdim. Allah sənə insaf versin, tərcüməçi! Azərbaycanda sözün həqiqi mənasında bir qeyrətli oğlan meydana çıxmalıdır və “yaşandı, yaşanır, yaşanan” sözlərinə qarşı amansız müharibə elan etməlidir.

30. Valideynləri onun yaşadıqlarını mümkün qədər detallı şəkildə öyrənmək istəyirmişlər. (Səh. 215)

Sadəcə dəhşət.

31. Aralarındakı danışıqdan yenicə yaşadıqları dəhşəti görmək olurmuş.

Müsibəti-Fəxrəddin.

32. Nələr yaşadığını detallı şəkildə anlatır. (Səh. 221 )

Vəhşət.

33. Çox zaman insanlar yaşamadıqları şeyləri aşkar təsəvvür edə bilirlər. (Səh. 221)

Artıq deməyə söz tapmıram. Bilmirəm necə reaksiya verim. Anar müəllim çox mərifətli, qanacaqlı insandır. Xətrinə dəyməmək üçün özümü güclə saxlayıram.

34. Gecə keçdikcə övladlarını almaq üçün "Sundvolden" hotelinə axışan valideynlərin ardı-arası kəsilməmişdi. (Səh. 223)

Övladı necə almaq olar? Övlad bəyəm qarpızdı?

35. Yaşlı qadın Yarla yaxınlaşıb, hal-əhval tutub, onun nələr yaşadığını soruşub. Yarl yaşadıqlarını ona danışıb. (Səh. 228)

Burda tərcüməçi lap ağını çıxarıb.

36. Nəticədə ani ölüm yaşanıb. (Səh. 230)

İnsanda məsuliyyət yaxşı şeydir. Heç olmasa kibrit çöpünün başı boyda insanda məsuliyyət hissi olmalıdır.

37. Natia yaşadıqları haqqında kitab yazmağı düşünür. (Səh. 250)

Bir daha təkrar edirəm. İnsanda məsuliyyət yaxşı şeydir.

38. Necə dəhşətli səhnələr, yaşantılar olub. (Səh. 270)

“Yaşantılar” nə deməkdir?

39. Başı əməlli qaçmışdı. (Səh. 278)

Baş qaçmır, baş xarab olur. Və müşahidələr onu göstərir ki, bizim zəmanəmizdə baş əksər hallarda türk seriallarına baxmağın nəticəsində xarab olur.

40. Belə faciələri önləmək üçün cəmiyyətdə müəyyən dəyişikliklər etmək lazımdır. (Səh. 302)

“Önləmək” yox, “qarşısını almaq”.

41. Qızının bunu haqq etdiyini bilirdi. (Səh. 318)

“Haqq etdiyini” yox, “layiq olduğunu”.

42. Gözəl görüntüdən zövq alıram. (Səh. 339)

“Görüntüdən” yox, “mənzərədən”.

Kitab 400 səhifədən ibarətdir. 339-cu səhifədən sonra tərcüməçi özünü tamamilə buraxır. Necə deyərlər, "şiddət, yaşandı" sözünün biri bir qəpik...

Gətirilən misallardan göründüyü kimi kitabın tərcüməsinə on ballıq sistemlə iki bal verməklə böyük ədalətsizliyə yol vermişəm. Fikrimi dəyişirəm və səhvimi düzəldirəm. Kitabın tərcüməsinə mənfi on bal verirəm. Türk seriallarına gecə-gündüz baxmağın nəticəsində Anar müəllimin dili dəhşətli dərəcədə aşınmaya məruz qalıb. Xilas ola bilərmi? Ola bilər. Bunun yollarını ayrı-ayrı yazılarda dəfələrlə yazmışam.

***

"Yaysız bir il" kitabı 22 iyul, 2011-ci ildə Norveçdə baş vermiş terror hadisəsindən bəhs edir. Əvvəlcə, mənə elə gəldi ki, müəllif faciənin miqyasını böyüdür. 90-cı illərdə hər cürə hadisələrin şahidi olmuş bir adama, 90-cı illərdə hər cürə hadisələrin baş verdiyi bir ölkənin vətəndaşına 77 nəfərin öldüyü terror hadisəsi o qədər də faciəvi görünmürdü. Lakin mən hadisəyə bir Norveç vətəndaşının gözüylə baxmağa çalışdım və həqiqətən də faciənin miqyasın dərk etdim.

Azərbaycan, Rusiya, Hindistan, Pakistan, Türkiyə kimi ölkələrdə 77 adamın ölməsiylə Norveç kimi ölkədə 77 adamın ölməsi təəssüflər olsun ki, eyni şey deyil. Hardan baxsaq, bu bir həqiqətdir və burda yalandan politkorrektlik nümayiş etdirmək mənasızdır.

Kitabda bir nüans diqqətimi cəlb etdi. Norveçli valideynlər övladlarının ölümü haqqında sakit, soyuqqanlı tərzdə danışırlar, hadisənin mahiyyətini, Andres Breyvikin niyə, hansı səbəblərdən belə etdiyini başa düşməyə çalışırlar. Üçüncü ölkələrdən olan valideynlər isə övladlarının ölümü haqqında danışanda daha aqressiv görünürlər, qatilin edam olunmasını istəyirlər. Norveç hökumətinin 77 adamı qətl etmiş, yüzlərlə adamı yaralamış bir qatilə niyə belə tolerant münasibət göstərməsini başa düşmürlər. Hadisəyə, dəhşətə, itkiyə belə fərqli münasibətlərin olması normaldır. Bütün hallarda təhsil, coğrafiya, temperament, adət-ənənələr hər sahədə, hər işdə özünü göstərir, hər hadisədə öz sözünü deyir və fərqli baxışlar, münasibətlər ortaya çıxır.

"Yaysız bir il" kitabını oxuyandan sonra məndə belə bir fikir hasil oldu ki, gec-tez Avropada gəlmələrlə, xüsusən müsəlman gəlmələrlə yerlilər arasında, lap yumşaq şəkildə ifadə etsəm, münaqişə baş verəcək. Gec-tez, nə vaxtsa bu barıt çəlləyi partlayacaq. Müəllif bu barədə açıq heç nə yazmayıb. Yaza da bilməz, politkorretlik imkan verməz. Amma bu barədə kitabda olduqca incə eyhamlar var. Avropada müsəlmanlarla yerlilərin arasında münaqişənin baş verəcəyini hiss etmək üçün böyük düha sahibi olmağa ehtiyac yoxdur. Vitold Qombroviçin təbirincə desək, arada qəzet oxumaq bəs edər.

Bəzi yoldaşlar düşünürlər ki, indi dünya başqa dünyadır, daha belə şeylər ola bilməz. Elə qəşəng ola bilər ki... Tarixdə "belə şeylər ola bilməz" illüziyaları çox olub. İyirminci əsrin əvvəllərində kim düşünə bilərdi ki, bəşər tarixinə neçə-neçə dahilər bəxş etmiş, dünyanın ən mədəni xalqlarından biri qadın, uşaq, qoca demədən adamları qaz kameralarına dolduracaq, ölüm düşərgələrində adamların üzərində hər cürə dəhşətli eksperimentlər aparacaqlar.

Böhran yarananda insan haqları, humanizm, qardaşlıq-zad gedir işinin dalıyca. Böhran yarananda insanlar günah keçisi axtarışına çıxırlar. Əgər manifestlər varsa, bu manifestlər gec-tez özünə nə vaxtsa oxucular tapacaq. Əgər daxildə ciddi narazılıq varsa, bu narazılıq hansısa formada gec-tez üzə çıxacaq. Etiraf edək ki, müsəlman gəlmələrin çoxu öz hərəkətləri ilə yerlilərdə narazılığın yaranması və üzə çıxması üçün münbit zəmin hazırlayırlar. Futbol dilində desək, dayanmadan yerlilərə ötürmələr verirlər.