Yazıçı Elçini bürüyən qorxular - Rasim Qaraca yazır...

Yazıçı Elçini bürüyən qorxular   - Rasim Qaraca yazır...

05 Avqust 2025 11:30 59


Dünyadan bir qələm adamı gedərsə...

Elçinin ölümünə

Yazıçı Elçinlə cəmi 3 dəfə görüşmüşəm və ya rastlaşmışam, o da kitab sərgilərində. Hər dəfə Alatoran stendinin yanından keçəndə bir anlıq da olsa ayaq saxlayıb. Mənimlə danışmağa, söhbətləşməyə ehtiyacı olduğunu hiss etmişəm. Bir dəfə isə nisbətən geniş söhbətimiz olub. Keçmiş yazıçılardan nəsə bir xatirsəini danışanda, mən (adətim üzrə), Elçin müəllim, nə üçün memuarlarınızı yazmırsınız, deyə soruşmuşam. Cavabı qəribə olub: "Yazsam, gərək hər şeyi yazam". Bu çoxmənalı cümlə Elçin haqqında çox şey deyir - onun yazmağa cəsarət edə bilməyəcəyi bir çox mətləblərdən xəbərdar olmasını, yazıçı kimi ehtiyatlılığını və s.

Elçini müəyyən məhdudiyyətlər və daxili senzura altında yazan, cəsarətli düşüncəsi olsa da, onu ifadə etməkdə tərəddüd edən və ya özünü senzura edən sənətkar kimi xarakterizə etmək olar. "Düşüncələri güzgüdə buxarlanan söz adamı” obrazında bir hekayə yazmaq istəyən olsa, Elçin, məncə, prototip kimi çox uyğun olar – yəni fikirləri olan, ancaq bu fikirləri aydın görünməyən bir yazıçı tipi, çünki onu bürüyən qorxular və ya sosial-ictimai məhdudiyyətlər vardı. Sanki gəlib-gəlib sözün sərhəddində dayanmışdı bu yazıçı – özünü bir ömür yetişdirib, dünya ədəbiyyatının altını-üstünə çevirib, böyük döyüşlərə hazırdır, ədəbiyyatın nəhəng burulğanlarının bir addımlığındadır, yazının imkanlarını bilir, amma addım atmağa ürək etmir. Yazdıqları həqiqətin qarşısında pıçıltıya çevrilir – cəsarət yerinə ehtiyatlılığı seçir. Elçin və bu qəbildən olan yazarlardan birləşdirici ümumi bir özəllik var ki, onun da adı Özünüsenzuradır – yəni yazmaq istədiyi mövzuları bilərəkdən ötürür, qorxur və ya uyğun zaman olmadığını düşünürlər. Sistemə uyğunlaşmaq onlar üçün ən yaxşı çıxış yoludur – yazmaq istəyir, amma eyni zamanda sistemin tumarının da üzərindən əksik olmaması onun üçün vacibdir, mövqeyini itirməmək istəyi onu susmağa məcbur edir.

Elçinin el üçün nələrsə yazmaq və ya etmək istəyinin olmasına şübhə etmirəm, lakin daxili ziddiyyətlərin onu daim susmağa vadar etdiyini də ürək ağrısı ilə qeyd etməyə bilmirəm – ürəyi yanan, amma dili danışmayan yazıçı bu gün həyata vida etdi. Vicdanla qorxu, sözlə sükut arasında qaldı, 83 illik həyatı bu cür mənəvi çarpışmalar içində keçdi. Yaradıcılığı təhkimli torpaq kimi oldu – yazırdı, amma azad deyildi. Zamanla ədəbi kompromislərin ustasına çevrildi – heç nə demədən də çox şey deməyə çalışdı, amma nəticədə nə birini, nə o birini tam deyə bildi. Bəlkə də onun yaradıcılığı haqqında belə demək olar: "qorxunun estetikaya bürünmüş formasını ustalıqla yarada bilirdi” – yazırdı, amma həqiqətin özünə yox, kölgəsinə toxunaraq.

1993-cü ildə, ölkədə azadlıq rüzgarlarının əsdiyi o illərdə Elçin mənim "Yol" qəzetində çap olunan şeirlərim haqqında geniş bir tənqidi məqalə yazaraq "Azərbaycan" qəzetinə dərc etdirmişdi. Adətən, dövri mətbuatda çıxan yazılarını toplayıb sonra kitab şəklində nəşr etdirirdi və eyni məqalələr sonralar çoxcildliyinə də salınırdı. Lakin mənim şeirlərim haqqında yazdığı o məqaləni belə, cəsarət edib məqalələr toplusu kitablarına salmadı. Rastlaşdığımız zamanlarda da bu mövzuda söz salmadım. Mənə maraqlı deyildi və buna ehtiyacım da yox idi.

Son olaraq... Rusiyadan başlayan və Azərbaycana da yayılan ədəbiyyatdakı 60-cılar dalğasının daha bir nüfuzlu nümayəndəsi dünyasını dəyişdi. Bu ölüm Rusiyanın ölkəmiz üzərindəki təsirinin get-gedə azaldığı bir dövrə təsadüf etdi. Elçinin timsalında o ölkənin, o mədəniyyətin önəmli bir təmsilçisi əbədiyyətə qovuşdu. Sanki bu məqamda metafizika qanunları dövrəyə girib və bu ölüm hadisəsində gizli bir məsaj olmaqdadır - ədəbiyyatımızın əsarətdən qurtulacağı gün yaxınlaşır. Divin canı şüşədə olduğu kimi, bizi sömürən güclərin də canı nüfuzlu ədəbiyyat adamlarındadır. Yeni dövrün başlanması üçün onlara "Açar adlar" kimi baxa bilərik.