Burada qızlara ad olmur - Nizami Bayramlı yazır

Burada qızlara ad olmur  - Nizami Bayramlı yazır

29 İyul 2022 08:43 570


Bəzən elə poetik ifadələr olur ki, yaxşı ifadə olmasına baxmayaraq onu misra halına gətirmək bir ustalıq, məharət tələb edir. Düşünürəm ki, elə nəsr kimi saxlamaq daha məqsədəuyğundur. Bu tək yazmağa yeni başlayan yazarların deyil, ümumilikdə sərbəst şeir müəlliflərinin qaçılmaz problemidir.

Hecada, əruzda konkret olaraq bir qayda var və yazar həmin ölçünü müəyyən zaman kəsiyində öyrəndikdən sonra öhdəsindən asanlıqla gəlir, fərqi yoxdur ki, orada poetik yük var, yoxsa yox. Sərbəst şeirdə isə məsələ fərqlidir, yükün çoxu poetikanın üzərinə düşür. Amma poeziya tamamilə başqa bir hadisədir. Poetik yüklə yüklənmiş kobud bir cümləni rəndələyib ona misra yükü vermək. Hər hansısa qayda olmadığından müəllif bu qaydanı kəşf etməli, qaydasızlıqdan qayda yaratmalıdır. Yəni peşəkar oxucu oxuduğunun şeir olduğunu hiss etməlidir. Eyniylə Səddam Laçının "Adsız qız" mətnində olduğu kimi. Mətndə müəyyən qədər poetik yük var, amma müəllif onun misra olması üçün heç bir köməklik göstərmir. Bir növ mətnə biganə yanaşma da demək olar:

Biz tərəflər nə qəribə yerlərdi belə...
Burada eşitmədiyi adını təmiz saxlamaq üçün yaşayan qızlar
Bətnlərində uşaq, çiyinlərində uşaqlıq daşıyan qadınlar var

Yuxarıda göstərdiyim nümunədə göründüyü kimi “biz tərəflər” adı ilə işarə olunan məkan təsviri var. Aydın şəkildə başa düşülən dəyər məsələsi. Dəyər məsələsinə köklənən mətnlərdə müəlliflə mətn arasında istər-istəməz polemikanın temperaturu artır. Bununla yanaşı “mən”lərin sayı da çoxalır. Yəni sən hadisəni bir neçə şəxsin dilindən danışırsan. Səddam Laçının “biz tərəflər” kimi işarələdiyi məkanda baş vermiş hadisələr (sonrakı misralar) həmin yerdə yaşayan qadınların qınaq obyektinə çəkilməsi faktoru ilə simmetriya yaradır. Eşitmədiyi adını təmiz saxlamaq istəyən qadınlarla çiyinlərində uşaqlıq daşıyan qadınların qarşılıqlı ziddiyyət yaratması. Çox vaxt sərbəst şeir müəlliflərinin mətnlərində poetika ziddiyyətdən doğulur. Bu mətndə də Səddamın ilk dəfə ölçüsüz sərbəst şeir yazması kifayət qədər nəzərə çarpır. Onun modernlik yaratmaq niyyəti boğulur, müəllifdən nəfəs gözləyir. Dəyərlərin mentalitetdə yaratdığı fəsadları boğunuq bir təsvirlə canlandırır. Amma digər tərəfdən isə müstəqil baxış bucağı da var. Bu, əslində yaxşı bir haldır. C.Leçtin dediyi kimi: “Ümumilikdə modernlik - mütləq dəyərlərin aradan qalxması və şüurun müstəqil qüvvə qəbul edilməsi kimi başa düşülməlidir”. Müəllif mentalitet çərçivəsindən çıxmayan dəyərləri özünün başa düşdüyü kimi və yaxud cəmiyyətdə gördüyünü təsvir edir.

Burada qızlara adları sadəcə şəxsiyyət vəsiqəsi boş qalmasın deyə qoyurlar
Burada qızlara heç adları lazım da olmur.
Onları tanıyanlar da adları ilə deyil
Filankəsin böyük qızı, bəhmənkəsin ortancıl gəlini kimi tanıyırlar

Dəyərlərin mental dinamikada cərəyan etməsi, demək olar ki, bir qadını məhrumiyyət muzeyində saxlayır. İlk misrada əslində iki cür yanaşma var. Bunun biri müəllifin düşündüyüdür, ikincisi isə müəllifin görə bilib və ya bilmədiyi, ancaq mətnin verdiyi görüntü. Doğrudur, sonrakı misralarda başa düşülən mənalardan irəli gələn bir arqument var. Yəni müəllifin ifadə etmək istədiyi fikrin kökü. Bir sıra bölgələrdə, demək olar ki, qadınlara verilən ad hansısa əşyaya verilən ad kimi qiymətləndirilir. Yaşadığı ərazidə həmin adla çağırılmır. Bu görüntünün ümumən bağışladığı mənfi təsirlərə ədəbi mətnlərdə çox hallarda rast gəlinir. Eynən həmin insanların məişətində də qadınları kiminsə qızı və ya həyat yoldaşı kimi tanıyırlar. Müəllifin həmin mənzərələrlə cəmiyyətdə qarşılaşması mənəvi narahatlığa gətirib çıxarır, bu səbəbdən də həm diqqət mərkəzində saxladığı mövzuya qayğıyla yanaşır, həm də mövzu müxtəlifliyinin axtarışında olduğunu sübuta yetirir. Məsələ orasındadır ki, bu kimi aspektlərə yönəlmək həm cəmiyyətə mənfi, həm də müsbət təsir göstərə bilər. Uzun sözün qısası, mətni olduğu kimi qəbul eləyənlər də ola bilər, sarkazm kimi də.
Səddam Laçının “Adsız qız” mətnindən olan başqa bir parça haqqında bir-iki nüansı çatdırım, sonra keçək digər mətnə. Müəllif

“Zariyat” surəsindən şeirdə ayə gətirməklə həmin düşüncədə yaşayan insanlara inandıqları müqəddəs “Quran”ı işarə edərək mənəvi sarsıntı yaşatmaq istəyir. Düzünü desəm, mənim bu şeirdə ən çox bəyəndiyim hissə də budur. Siz “Quran”a inanırsınız, amma onu əməllərinizdə inkar edirsiniz. Həmin ayədə bildirilir:

"Biz hər şeydən cütlər (erkək və dişi) yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız".

Ardınca isə növbəti misralarda fikrini bu qaydada yekunlaşdırır - reallığın absurd iddia edilməsi:

Biz tərəfdə ateistlər belə Allahın bu kəlamına iman gətirir
Hətta xəyanətin belə erkəyinin, dişisinin olduğuna inanırlar
Kişilər xəyanət edəndə ayıb olsun,
Qadınlar xəyanət edəndə ölüm olsun deyirlər

Çox böyük təəssüflə qeyd edim ki, Səddamın bu maraqlı məqamlara toxunması bir sıra bölgələrdəki yaşayışın real görüntüsüdür. Kişilər özlərinin xəyanət etməsini çox asanlıqla qəbullanırlar, elə bil heç bir hadisə baş verməyib, təbii şəkildə qəbul edirlər. Sanki bu belə də olmalıdır. Amma qadının xəyanəti məsələsində “ölüm” hökmünün icrası həyata keçirilir. Mətndə "ayıb olsun-ölüm olsun" kişi-qadın qarşıdurması müəllifin individual baxışıdır. Görünür, o bu haqsızlığın əleyhinədir, cəmiyyətin düzəlməsi üçün ədəbi mübarizə aparır.

Dağınıq otaq...
Fonda Mozart... Rekviem- d minor
Kətan parça üzərində
Tələskən barmaqlar - tremor

İki dünya bir olur hər səhər
İki adam qovuşur hər axşam

Səsləri kəsən bəstəkar
Əlləri əsən rəssam

Notlara hakim adam

rənglərə kəniz qız
Bir gözü gölməçə,
Bir gözü dəniz qız

Səddamın bu şeiri, doğrusu, məni bir az təəccüb içində saxladı. "Karandaşla şeir çəkmək" ideologiyası ön xəttə keçir. Müəllifin mətnlə görüntü arasında təmtəraqsız şəkildə realizmə keçməsi. Hər bəndin ilk misralarını musiqi ilə son misralarını isə "rəsm"i təsvir etmək və ardıcıllıqların konstruktiv şəkildə tamamlanması. Bir də sürrealizmə qaçış. Mətnin ortasında "səsləri kəsən bəstəkar" - "əlləri əsən rəssam"ın çarpazlaşdırılması və sonunda məntiqi birləşmələr yaratmaq istəyi gözəl bir seçimdir.

Rəsmdə təsvir olunan gözün rəngi məsələsini rəsmə və gölməçəyə bənzətmək tam olaraq məqsədəuyğundur. Ola bilər ki, bir az oxucuya mürəkkəb qalan məsələlər var, bunu müəllifin uğursuz yanaşması, mətnə daha çox doğma olan sözlərdən istifadə etməməsi kimi yozuram.