Cəfər kişi - Şərif Ağayar yazır...

Cəfər kişi   - Şərif Ağayar yazır...

10 İyun 2024 10:59 142


Bizim məhəllədə kiçik toy məclisi keçirilirdi. Biz uşaqlar həyətdə oynaşır, ora-bura qaçırdıq. Kənddə xeyir işə ən çox uşaqlar sevinir, bilirsiniz yəqin...

Elə bu sevinc havasının qaçdı-tutdusunda qəfil özümü toy keçirilən evin zirzəmisində gördüm.

İçəridə bir başdaşı vardı!

Ötən əsrin 80-ci illəri... Laçın... Rayon mərkəzindən 60 km şimalda yerləşən ucqar bir dağ kəndi... 8-9 yaşlı bir uşaq... Zirzəmi... Başdaşı...

Təsəvvür etmək çətin deyil. Qorxdum, əlbəttə. Qorxu içində həm də bir maraq bürüdü məni. Sanki sehrli filmlərdəki kimi bir qapıdan keçib paralel dünyaya düşmüşdüm.

Başdaşının üstündəki yazını oxudum. Evin yaşlı sakini Cəfər Hümmət oğlunun adı yazılmışdı. Doğum tarixi vardı, ölüm tarixinin yerini boş saxlamışdılar.

Cəfər kişi sağ idi. Əlində əsa, başında buxara papaq kəndin aralığında çox görmüşdüm. Yaxşı yadımdadır, buxara papağın altından dəsmal da bağlayırdı.

Cəfər kişi sağlığında folklorlaşmışdı. Əsasən ovçu kimi tanınırdı. Çoxlu ov söhbətləri yayılmışdı. “Camal yurdu”nda kəklik ovlamasında, “Ordil”də dağ kəllərini vurmasından... O ayı da ovlayırdı. Deyilənə görə, nişangaha qoşa gəldiyi vaxt iki ayını bir gülləyə yerə sərmişdi.

Onun ahəngdar və xırıltılı səsi ilə ov əhvalatları danışdığı bir kaset də dinləmişdim. Kəndin gənc ovçuları yazdırmışdı bu səsi. Söhbətlərin birində deyirdi ki, uzun buynuzları palıdı rəngdə bir dağ kəlini vurdum, başını kəsəndə buynuzları ağarmağa başladı...

Başqa bir söhbətində xoruz kəkliyi vurmasından, fərə kəkliyin çığıra-çığıra şığıyıb qanadlarını yerdə yuvarlanan xoruza çırpa-çırpa onu qaldırmaq istəməsindən danışırdı. Deyirdi, elə bil insan çığırırdı, tüklərim biz-biz oldu, bundan sonra kəkliyə bir daha güllə atmadım...

Deyirdilər, Cəfər kişinin 130 yaşı var. Tanınmış el sənətkarı Aşıq Umbay bir şeirində bu haqda yazmışdı:

Yüz otuz yaşında ovçu Cəfərin,
Atdığı gülləsi unudularmı?

Başqa bir el şairi Kürd Möhbalı isə qəlbi dağların qocaman ovçusunu belə vəsf eləmişdi:

Ağbulaqlı ovçu Cəfər,
Ov-ovlayıb sizdə nələr.
Qalmayıb gəzməyən yerlər,
Gəzib başdan-başa, dağlar.

Aclıq illəri Cəfər kişi kəndin bir çox sakinlərini ov əti ilə saxlamışdı, ölməyə qoymamışdı.

O həm də müdrik bir el ağsaqqalı idi. Böyüklərdən eşitdiyim qədər, ən yaxın adamlarının mənafeyinə zidd getsə də doğrunu deyər, haqqı nahaqqın ayağına verməzdi.

Ancaq sən demə uzaq qohum olsaq da şəxsən mən Cəfər kişini yaxşı tanımırmışam. Bu yaxınları redaktor kimi baxdığım bir kitabda onun haqqında bəzi faktları gördüm, sözün düzü, heyrətləndim. Ən axırda isə belə bir igid adamla həmyerli olmaqdan qürur duydum.



Sən demə, Cəfər kişi ovçuluqdan və ağsaqqallıqdan əvvəl bir qəhrəman imiş...

Xosrov bəy Sultanov Qarabağa qubernator təyin ediləndən sonra erməni silahlı qüvvələrini bir-bir sınaqdan çıxartdı. Belə bir zamanda Osmanlı İmperiyası tərəfindən sıxışdırılan Andranik öz qoşunu ilə Zəngəzura gəlir və Qarabağa keçmək üçün Sultan bəydən yol istəyir. Sultan bəy qardaşı, general Xosrov bəylə məsləhətləşir. Təbii, nəyin bahasına olur-olsun Andranikin qoşununu Qarabağa buraxmaq olmazdı. Lakin buraxmasalar da, daşnaklar Zəngəzurun, Göyçənin kəndlərində qırğınlar törədir, camaatın mal-mülkünü talayırdı. Demək, Andraniki Qarabağa buraxmamaq az idi, onun nizamlı qoşununu məhv eləmək lazım idi.

Xosrov bəyin məsləhəti ilə Andraniki aldadıb qoşununu Laçın şəhərinin altındakı dərəyə gətirirlər və orada darmadağın edirlər.

Lakin bu hadisə o qədər də asan başa gəlmir.

Əvvəla, bizimkilərdə döyüş silahları az idi.

İkincisi, bizim dəstələr könüllülərdən, Andranikin əsgərləri peşəkar hərbçilərdən ibarət idi.

Deməli, həm Osmanlıdan silah gətirməli, həm də Laçının kəndlərindən igid adamlar seçib daha güclü silahlı dəstə yaratmalı idilər.

Bu vəsilə ilə Cəfər kişi də gəlib Sultan bəyin dəstəsinə qoşulur.

O, uşaqlıqdan ovçuluqla məşğul olduğu üçün quşu gözündən vururdu.

Silahlar da gəlir, erməni qoşunu da Laçının altınacan buraxılır və Qiyamət başlayır...

Cəfər kişi hadisəni belə xatırlayır: “Mən üç nəfərlə körpünün üst tərəfinə düşdüm. Bizə ciddi tapşırıldı ki, yuxarıda top atılanda atəş açmağa başlayın, o vaxta qədər silah işlədən cəzalandırılacaq. Andranikin qoşunu gəlib körpüyə dirəndi. Üstü sarınmış silah arabaları da körpüyə çatdı. Yüz nəfərdən artıq adam sıx şəkildə körpünün üstünə yığıldı. Siqnal topu atılmırdı. Dözə bilmirdik. İstəyirdik atəşə başlayaq. Ancaq cəzalanmaqdan ehtiyat edirdik. Birdən top atıldı, atışma başlandı. Andranikin qoşunu neçə min nəfər idi, bilmərəm, hamısının məhv edilməsi heç yarım saat çəkmədi. Körpünün üstdəkilərini qırıb çaya tökdük. Çay qan gedirdi. Çoxu özünü körpüdən çaya atdı. Silah yüklü arabalar qənimət kimi Sultan bəyə verildi. Meyitlərin içində Andraniki çox axtardıq, tapa bilmədik. Bir o qədər qoşundan cəmi on-on beş nəfər salamat qalmışdı. Onlar da çaydan boğulmadan çıxanlar idi. Onlardan birinin Andranik olduğu ehtimal olunur. Bir ilə yaxın Zabux-Laçın yolu işləmədi. İydən-üfunətdən getmək mümkün deyildi. O gündən həmin dərəyə “Qanlı dərə” deməyə başladılar”.

Hoçaz daşındakı döyüşdə də xüsusi qəhrəmanlığı ilə seçilir. Erməni qoşunu Sultan bəyin qoşunu ilə üz-üzə dayanıbmış. Birdən erməni snayper yüksəklikdəki daşın arxasına sürünür. Həm çox çətinliklə görünür, həm də məsafə çox uzaqdır. Nişan alıb vurmaq mümkün deyil. O süründüyü daşın arxasına keçsə, bizim döyüşçülərimizi bir-bir dənləyəcəkdi. Dərhal Ovçu Cəfəri çağırırlar. Bircə güllə ilə snayperi başından vurub zərərsizləşdirir. Bundan sonra bizimkilər rahat hücuma keçib düşməni qovurlar.

Qəhrəmanlığına görə Sultan bəyin sərkərdəsi Seyid Həmid Ovçu Cəfərə o vaxt az tapılan mauzer silahı və çoxlu patron hədiyyə edir.

O gündən Seyid Həmidlə Cəfər Hümmət oğlunun dərin dostluğu başlayır...

Bəhs etdiklərim Ovçu Cəfərin iştirak etdiyi çoxsaylı döyüşlərin yalnız bir qismidir.

“Laçın” qəzetinin Sultan bəyin anadan olmasının 140 illiyinə həsr edilmiş 18 aprel 2012-ci il tarixli xüsusi buraxılışında Cəfər Hümbət oğlundan ətraflı bəhs olunur və o, Sultan bəyin ən yaxın silahdaşı kimi qiymətləndirilir.

Bəli, adam bəzən gözü ilə görüb ünsiyyət saxladığı qohumunu da dəqiq tanıya bilmir. Ömür boyu onunla bağlı həqiqətə başdaşına baxan o uşaq kimi baxır: həm həyəcanla, həm də maraqla...

Ancaq ən yaxşısı insanları tanımaq, onları dürüst qiymətləndirməkdir.

İllah da o, vətən, torpaq üçün can qoyan bir qəhrəmandırsa.

“Vətən Səsi”