Həyatını və əsərlərini bir millətin inkişafına vəqf edən, ədəbiyyatın qayəsini xalqa xidmətdə görən Türk Ədəbiyyatı Vakfı Yönetim Kurulu başqanı Serhat Kabaklının “Öncə göyərçinləri vurdular” şeiri üzərinə düşüncələrimi yazdım.
Divan ədəbiyyatında beyt bütünlüyü önəmli olsa da, modern şeirdə Sərvəti-Fünun dönəmindən etibarən mövzu və anlam bütünlüyünə daha çox önəm verilmişdir. Sözügedən şeir də bu mənada uğurlu bir əsərdir. Əvvəldən sona qədər bu əsərin həm anlam və fəlsəfəsinə, həm də şeirin ümumi quruluşuna, ana temasına və poetikasına eyni dərəcədə diqqət edildiyi nəzərə çarpır. Bu şeirdə şairin hər kəlməni, misranı, anlamları, oyatdığı assosiasiyanın incəliklə seçməsinin şahidi oluruq. Şeirdəki simvol və metaforalar sadəcə estetik olaraq qalmayıb, şeirin ana fikrini sonuna qədər dəstəkləyir və gücləndirir. Şair hər bir bənddə, hər bir misrada, hətta hər bir kəlmədə vermək istədyi duyğunu incəliklə işləmişdir. Şeirə hakim olan duyğu və atmosferin (hüzn, təəssüf, sevinc, bəzən coşqu) oxucuya uğurlu bir şəkildə ötürülməsi gözlər önündə sərgilənir. Hər kəlmədən sonra gələn kəlmə şeirin ana mövzusuna xidmət edəcək şəkildə işlənmişdir. Şeir sosial-siyasi xarakter daşıyır və gələcəyə ümidlərin yenidən doğmasını arzulayır. Günümüzdəki dünyanın mənzərəsini vermək baxımından da aktual bir əsərdir bu şeir. Elə buna görə bu şeir haqqında fikirlərimi yazmaq arzusuna düşdüm.
“Öncə göyərçinləri vurdular” şeirini 5 hissəyə ayırmaq olar:
1-ci hissədə şair məhvə məhkum bir təbiət şəkli çəkir, 2-ci hissədə təbiətdən yuxarı göylə-yerin arasındakı bağlantıların korlanmasına, bağların qopmasına təəssüf edir, 3-cü hissədə xəyal dünyasını anladır, 4-cü hissədə bu xəyal dünyasının sakinləri olan biçarələri təsvir edir, 5-ci hissədə isə bütün yuxarıda sadalananların yekunu olaraq düşdüyümüz vəziyyətə dönür və təəssüflə kədərə sarılır.
Şeirdəki düşüncələr insanla təbiətin bağlantıları içərisində qıvrılıb poetikləşir və zamana, onun gətirdiyi mənfi dəyişikliklərə etiraz notlarıyla doludur:
Öncə yaşılı sildilər tablolardan
Qarayla yudular çəhrayı şəfəqləri
Qüssə üstümüzdən getməsin deyə
Viranəyə döndərdilər
Gözəlim çiçəklərlə bəzənən
Bağçanı, bağı.
“Öncə göyərçinləri vurdular” şeirində şair günümüzdəki olayların içinə baş vurur, mənəvi aşınmaları üzgüncəsinə ifadə edir, ümidsizliyi, gözəlliklərin sanki qəsdən yox edilişini poetik dillə anladır. Oxuduqca həm poetikasından zövq alırsan, həm də olayların içinə düşmüş kimi acı təəssüf hissi keçirirsən. “Öncə yaşılı sildilər tablolardan” misrasındakı “yaşıl” təbiəti, həyatı, təzəliyi və ümidi simvolizə edir. Tablolardan “yaşıl”ın silinməsi gözəlliklərin və canlılığın gözlər önündən yox edilməsi, hətta yaddaşlardan silinməsi anlamına gəlir. Bu, estetik və təbii dəyərlərin itməsinə poetik etirazdır. “Qarayla yudular çəhrayı şəfəqi” misrasında “çəhrayı şəfəq” yeni başlanğıcları, ümidləri, xeyirxahlıqları təmsil edir. Qarayla yumaq isə ümidin, aydınlığın qaralanması, yerini bozluqlara verməsidir. “Hüzn üstümüzdən getməsin deyə” misrasında isə şair baş verən mənəvi uçqunların, dağıntıların şüurlu şəkildə ortaya çıxarıldığını demək istəmişdir. “Viranəyə döndərdilər gözəlim çiçəklərlə dolu olan bağçanı, bağı” misrası ilk sətirləri tamamlayır: Bağça-bağ burada həyatın, bolluğun, əmin-amanlığın əksidir. Çiçəklərlə dolu yaşıl bir bağ-bağçanın viran edilməsi həyatın özünün, təbii düzənin, dincliyin və bərəkətin dağıdılmasına işarədir. Bu gün viranə qalan, yaşanmış həyatın o üzündəki, ideal, ülvi və xəyali bir aləmə bəslənən həsrəti ifadə edir.
Şeir həm keçmiş-kecəcəyin, həm də müasir günümüzün reallıqlarını əks etdirir. Şair yuxarıdakı misralarda yaxşılıq, gözəllik, ümid və həyat enerjisinin amansızcasına yox edilməsini və bu yox oluşun ardındakı qəsdi qələmə alır. Şeir bu qəsd və çarəsizlik duyğusunu oyatmaqla yanaşı, bu yoxolmanın səbəbkarlarının, insanların hüzn içində, qüssə arasında qalmasını arzulayan bir güc olduğuna da işarə edir. Bu, bir insan toplumunun düzəninə, ya da insan ruhuna kölgə salındığına işarədir:
Öncə bülbülləri susdurdular has bağçalarda,
Mehtab yox olsun deyə bir bulud yaratdılar.
Ən kiçik su gölməçəsindən belə
Parıltıları silib,
Bizi bir kor qaranlığın
Orta göbəyinə atdılar...
Bülbül oxuyan bağçalar, savaşsız, müharibəsiz, dinc bir həyatın göstəricisidir. Vay o gündən ki, bülbül səsi gəlməz ola, dünya firavanlığı, dincliyi pozulmuş ola. Göy üzündəki ayın gözəlliyini örtən buludun yaradılması, Yerdən göyə göndərilən ədalətsizlik kimi simvolizə edilir. Bir buludun bir ayı yox etməsi dünya düzəninin aşağıdan-yuxarıya pozulması anlamına gəlir. Ayı gizlədən buludlar bir gün dolub-daşar və Yerə su olub dönər. Bu buludun göz yaşları kiçik gölməçələr yaradar. Yaranan gölməçələr ayı, ulduzu, günəşi günün fərqli saatlarında əks etdirər və parıldar. O parıltıların silinməsi insan əlinin - ədalətsizliyə, düzənə, doğruluğa və təbiətin gözəlliklərinə uzanan kirli barmaqlarıdır. Bu barmaqlar ədalət tərəzisinin nizamını pozar, dəyişər. Suda əks olunan parıltılar ədalətin və göydən gələn gözəlliyin əksi, aynası, inikasıdır. İşıqları yox etmək insan oğlunu kor bir qaranlığa məhkum etmək deməkdir. Cəhalətin orta göbəyinə düşmək deməkdir. Şair buna işarə edir və bütün bu olanlara etirazını poetik dillə uğurlu bir şəkildə ifadə edir.
Öncə divanə dedilər Məcnun üçün
Çirkinləşdirdilər xəyalındakı Leylanı
Dolu könlümüzə özümüz güldük
Qovmağa çalışdıq başımızdan
əsrlər boyu
“Sevgi” deyilən bəlanı...
Şair bu sətirlərlə tarixin və əsrlərin içindən keçib gəlir. O tarix ki, “qılıncla qələm” əkiz idi. O tarix ki, sevgiylə nifrət əks qütblərdə idi. O tarix ki, sevgini Məcnunun gözlərində zaman daşına qazımışdı. Məcnunun gözləri sevginin doğulduğu və məzar olduğu yer idi. Sevgilər müqəddəs hisslərin təmiz olduğu əsrlərə həsəd aparır bu gün şairin gözlərində. Günümüzdəki Məcnun sevgisinin nə qədər kiçildiyini və cılızlaşdığını demək istəyir şair bu sətirlərdə. Sevgi də, sədaqət də, vəfa da insanlığın öz əliylə doğulduğu dövrə işarə edir. Bu sevgi müqəddəsliyinin gülməli hala düşdüyünün şahididir şair. O sevgilər də, o sevgilərin saflığı da əsrlərin o üzündə qaldı. Biz yol gəldikcə “Məcnun sevgisi”ni, “Leyla sədaqəti”ni əlimizdən salıb itirdik deyə şair buna dərin təəssüf hissi keçirir.
Öncə köçəri quşları saldılar mövsümlərin arxasınca
Gün oldu, quş mövsümdən qaçar oldu.
Məcnuna çölləri gəzdirən ümid,
Fərhada dağları yardıran ümid,
“sevgilisi üzünə baxmamış deyə”
Qaracaoğlan da
Naçar oldu...
Əsrlər, illər, fəsillər dəyişdi deyir şair bu hissədə. Dövran dəyişdikcə dəyərlər də dəyişdi, təəssüf ki. Bu dəyişimlərin nə qədər ümidsiz və sonu görünməyən bir ilğım kimi bəşəriyyəti uçuruma apara biləcəyini görür qələm ustadı. Amma ümidsizlənmir, yenə də dünyanı sevgi və gözəlliyin xilas edəcəyinə inanır.
“Gün gəldi ki, quşlar fəsillərdən qaçar oldu”. Quşların insanlardan qaçması insanlığın dəyişməsinə işarədir. Şeir boyu şairi təəssüfləndirən dəyişimlər şeirdə dərin poetik dillə əks olunmuş, klassikadan mayalanan nüanslarla bəzənmişdir. Vaxt var idi, Məcnun Leyla eşqiylə, sevdasıyla səhralarda gəzirdi. Nə sevgisindən, nə də ümidindən əlini üzürdü Məcnun. Vaxt var idi Fərhadlar Şirinlər üçün dağları yarardı, diləyinə yetişərdi. Əhdə vəfa var idi, vaxt var idi ki...
Sevgilisi üzünə baxmayan aşiqlərin naçarlığı ürəyini üzərdi. Bu gün... amma bu gün sevgililər yer dəyişir, eşq dəyişir, mənfəət ortaya girir. Bütün bunları görmək istəməyən şair isə qələmə sarılıb gücü şeirinə verir: bu sətirlərdə bir yandan təbiətin və insanın içindəki qaranlıq potensialı, digər yandan isə eşq və məhəbbətin gətirdiyi çətinlikləri və ya itkiləri ironik, yaxud da tragik bir dillə deməyə çalışır.
Öncə göyərçinləri vurdular günlər, gecələr boyu
Zeytunun hər budağını ağaca bağladılar...
Gün gəldi zeytun budağı öz-özünə uçdu.
Başlarını əllərinin arasına alıb
Hirsindən
Ağladılar!..
Sülh quşu göyərçinlərin vurulması əmin-amanlığın amansızca qətlə yetirilməsinə işarədir. Bu son bənd günümüz üçün nə qədər də aktual olmuş. Göyərçinlər tarix boyu sülhü, məsumiyyəti, azadlığı və ümidi simvolizə etmişdir. Onların vurulması sadaladığımız dəyərlərin yox edilməsi, bəzi şeylərin yolun başındaykən müdafiəsiz olduğu yerdə hədəf alınmasını göstərir. Bu, bir varlığın, bir inancın və ya bir həyat tərzinin qəsdən dağıdılmasına başlanğıcın təəssüf işarəsidir. “Günlər, gecələr boyu” ifadəsi isə bu parçalanmanın, dağıdılmanın davamlı və üzücü olmasını vurğulayır.
“Zeytunun hər budağını, qolunu bir ağaca bağladılar...” deyən şair nələrə işarət edir: zeytun ağacı, əsasən bərəkətin və kökə bağlılığın göstəricisidir. “Hər budağın ağaca bağlanması” ifadəsi zeytun ağacının azadlığının və təbii inkişafının məhdudlaşdırılmasına, hətta bəlkə də köklərindən qoparılmağa cəhd edilməsinə poetik işarədir Bu ifadələr ümidin və müqavimətin qırılmasına da vurğu salır.
“Gün oldu, zeytun budağı öz-özünə uçdu...” sətirləri bir dönüş nöqtəsi kimi səslənir. Gözlənilməz bir qurtuluşa işarət edir bu misra. Zeytun budağının öz-özünə uçması məhdudlaşdırılan bəzi şeylərin bir şəkildə azadlığını qazanması, bəlkə də gözlənilməz bir şəkildə xilas olması anlamına gəlir. Bu, bir ümid işığı, bir qarşı durmanın nəticəsi və ya taleyin bir cilvəsi də ola bilər.
“Başlarını əllərinin arasına alıb ağladılar...” – çox şey demək olar bu misralar haqqında.
Ən başda çox dərin bir kədəri ifadə etmiş şair. “Başını əllərinin arasına almaq” məqamı insan oğlunun bir çarəsizliyini göstərər. Ardınca “hirsindən ağlamaq” isə sadəcə dərddən deyil, eyni zamanda vəziyyəti dəyişdirə bilməməyin, yaxud da ədalətsizliyə qarşı dayana bilməməyin verdiyi bir təəssüflə, hirslə əlaqəli ağlamadır.
Göyərçinlərin vurulması gənc fidanların torpağa düşməsidir. Göyərçinlərin vurulması barışın, ədalətin tükənməsidir. Günümüz zamanında şeir poetik-fəlsəfi dillə insan oğlunun oyanışını, öz kimliyini qorumasını, ədaləti bərpa etməsini tövsiyə edir.
Son bəndin misraları ədalətsizliyə, təzyiqə və itirilən dəyərlərə olan təəssüfdən yaranan bir ağı xarakterindədir.
“Ağrının yazdırdığı şeir” deyərdim bu şeirə. Şeirdəki daxili səsin məyus və hüznlü olmasına baxmayaraq qurtuluş üçün ümidin olduğunu düşünür.
Şair bu şeirində yaxşılığın, gözəlliklərin, ümid və həyatın enerjisinin acımasızcasına yox edilişini və bu yoxolmanın ardındakı qəsdli niyyətin olmamasını arzulayır. Bunu qələminin gücü ilə bağırır, hayqırır. İnsanları gözəlliklər yaratmağa, yaradanın verdiyi gözəlliklərə sayğılı olmağa və onları qorumağa çağırır.
Serhat Kabaklı hocamın “Öncə göyərçinləri vurdular” şeirinin günümüzün reallığıyla səsləşməsi məni bu yazını yazmağa vadar etdi. Qoy, dünyada sülh olsun hər zaman, barış olsun, müharibə olmasın.
Həyat Şəmi
şair, yazar