Lalə Qasımlı
Hekayə
Sevməyin nə olduğunu bilmədiyim yaşda və ağılda idim. Dəqiq xatırlamıram yaşımı; məktəbə gedib getmədiyimi də xatırlamıram heç. Yay tətilində anam bizi kəndə nənəmin yanına aparar, sonra özü şəhərə qayıdardı. Neçənci ilinsə yayı idi, yenə anam bizi kəndə gətirmişdi. Kəndin qadınları anamın gəldiyini eşidib yığışmışdılar nənəmgilə. Atam anamı qaçırıb, toy edəndən iki il sonra şəhərə köçmüşdülər. Biz də şəhərdə anadan olmuşduq. Kənd insanı, xüsusilə, ucqar kənd insanları üçün biz şəhərlilər başqa planetdən gəlmiş kimi idik. Geyimdən tutmuş danışığa, yemək yemək qaydalarına qədər hər şey çox fərqli idi. Ancaq bunu o zaman çox da başa düşmürdüm. Sadəcə bizə fərqli baxıldığını müşahidə edə bilirdim. Müsbət baxış idi bu, sevgi dolu.
Nənəmin ikimərtəbəli evinin çox funksiyalı dəhlizi qadınlarla dolu idi. Yer süfrəsi açılmışdı. Süfrədə nə olduğunu xatırlamıram. Ancaq inanmıram ki, kənd camaatının süfrəsində sadəcə çay olsun. Ən azı pendir-çörək, daha doğrusu motal pendiri və yuxa, nehrə yağı, qaymaq, özü də camış qatığının qaymağı, bal olardı o süfrədə. Bəlkə, lobya yarpağı ilə dolma da bükmüşdülər; üzüm yarpağı yalnız şəhərdən göndəriləndə olurdu, dağ yerində nə üzüm. Süfrədə nə olduğunu xatırlamasam da, qadınların şirin-şirin söhbət etdikləri dəqiq yadımdadır. Mən və digər uşaqlar isə evdəkilərin söhbətindən sıxılıb çölə çıxdıq. Bizdən əvvəl çölə çıxan uşaqlar olmuşdu. Bəlkə də əvvəldən evə girməmişdilər heç. Qapıda o qədər çox ayaqqabı var idi ki.
Qapqara rezin qaloşların içində kəndə gələrkən təzə aldığımız, bir az da ayağımı sıxan al qırmızı ayaqqabılarmı tapa bilmirdim. Kəndə gəlməzdən əvvəl anam paltarlarımı yeniləyərdi. Bir neçə don və ayaqqabı almışdıq bu dəfə də. Bir də çoxlu aksesuar - eynək, boyunbağı, sırğa, bilərzik, çanta... balaca olsam da, bunlara diqqət edərdim. Lap böyüklər kimi hər şeyim olmalı idi. Sanki onlar olanda böyümüş olurdum mən də. Ayaqqabılarımı tapa bilmirdim. Birdən dayım oğlu dərisi qapqara balaca bir oğlanı göstərib dedi ki, Qara geyinib sənin qırmızı ayaqqabılarnı. Və məni qorxutdu ki, ayaqqabın ayağını sıxdığı üçün anan onları Qaraya bağışlayıb. Ağlaya-ağlaya evə anamın üstünə qaçdım.
Qaranın anası da orada idi. İkisi də çölə çıxdı. Qara ayaqqabılarımı vermək istəmirdi. Anası onu nə qədər dilə tutmağa çalışsa da, Nuh deyir, peyğəmbər demirdi. Oğlanların qız ayaqqabısı geyinməsinin doğru olmadığını deməyi də kar etmirdi. Ayaqqabılarmı çıxarmırdı ki, çıxarmırdı. Çox çək-çevirdən sonra bir təhər ayaqqabılarımı verdi. Gözünü üzümdən çəkmirdi. Ancaq qəzəbli də deyildi baxışları. Nə bu baxışı, nə də bir oğlanın qız ayaqqabısını geyinib çıxarmaq istəməməyini başa düşə bilmirdim. Baxışları elə qəribə idi ki, ayaqqabılarımı istədiyim üçün mən də məyus oldum. Ancaq nə edə bilərdim?! Qadın gülümsəyərək başımı sığallayıb anamla evə keçdi. Qara hələ də mənə baxırdı.
Sonra dayıoğlum söz çıxardı ki, bəs Qara sənə aşiq olub və ona görə ayaqqabılarnı geyinib. Və mən aşiq olmağın bir digərinin ayaqqabısını geyinmək olduğunu düşündüm uzun müddət.
Bir daha görmədim Qaranı. Ancaq heç vaxt unutmadım da...