Əsrə bərabər 3 saat

Əsrə bərabər 3 saat

13 Martt 2024 09:07 119


İlqar Rəsul

Əvvəl dəvə gəldi. Sonra yağış yağdı. Əməlli-başlı yağış. Hamı islandı. Yağış məni tutmurdu. Amma iki dəfə qeyri-ixtiyari eynəyimi çıxardıb, şüşəsini sildim. İkinci dəfə siləndə düşündüm ki, əgər bu darmacalda dəvə gələ, yağış yağa bildisə, demək ki, ocaq da olacaq. Elə də oldu. Ocaq yandı, tüstüsü ətrafa yayıldı. Dərindən nəfəs alıb tüstünü qoxladım. Yağışdan fərqli olaraq tüstü məni xəfif də olsa tuturdu. Tək məni yox, əlbəttə. Bu, unutmayacağım bir qoxu oldu. Həmin an üçün dünyanın heç nə ilə üstələnməyəcək ətri. O tüstünü mənimçün daha maraqlı edən ocağının həmişə adət etdiyimiz yerlərdən xeyli fərqli məkanda yanması idi. Həm də dvədən və yağışdan sonra...

Əslində mənim ən çox sevdiyim və heç vaxt unutmadığım tüstü qoxusu başqadı... Nə isə, bu barədə sonra. Dediyim kimi: dəvədən, yağışdan sonra ocaq da oldu, tüstü də. Amma ocaqdan əvvəl qar yağdı. Məni tutmasa da, küləyini, soyuğunu aşkar hiss etdiyim qar. Böyüklərin yıxıla-dura altında sürgün yaşadığı, qadınlı-kişili hamının fəhləlik etdiyi, uşaqların qaça-gülə içində oynayıb-sürüşdüyü, qışqırıb şənləndiyi qar...

Sonra qatar gəldi. Əvvəldə gəldiyi kimi. Sonra qatar getdi. Əvvəl getdiyi kimi. Adamları sürgünlərə gətirən, adamları edamlara aparan qatar. Stansiyadakı bir sürü adamın gözünün qabağında gəlib-gedirdi bu qatarlar. Ömürləri fitə basıb keçirdi o stansiyadan bütün qatarlar. Ölü basdırmağa yer tapmayıb, cənazə çiynində bir əsr sərgərdan sərgərdan gəzən, ağlayan, yol axtaran adamların ömrünü...

Hamının həyatından qara yel kimi keçib gedirdi hamısı bu qatarların. Bir dayanacağında manqurtlaşdırılmış övladlar anaya ox atır, bir dayanacağında manqurt övlad atasının meyidinə sahib çıxmır, başqa bir dayanacağında vaxtilə faşistlərin əsarətində olmuş müəllimi gündəlik yazdığına görə həbs edirlər, başqa bir dayanacağında daha nələr... Bütün bu dayanacaqları özündə birləşdirən "Boranlı stansiyasıyası" isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsidir. Və qatarlara yol göstərən, dayanacaqları, adamlı-dəvəli – dəmiryolu stansiyasını yağışa, qara, ocağa, tüstüyə tutan rejissor Mehriban Ələkbərzadədir...

Yola saldığımız bazar günü Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” tamaşasının premyerası idi. Dediyim kimi, tamaşanın müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Tamşa haqda fikrimi qısa ifadə edərək deyim ki, indiyəcən Azərbaycan səhnəsində o masştabda hazırlanmış tamaşaya baxmamışdım. Səhnnin möhtəşəmliyi, aktyor heyətinin qüdrəti barədə uzun-uzadı danışmayacam (Azdrama gerçəkdən də Milli Teatrımızın Baş Məbədidir və onun səhnəsinə çıxan, bu çıxışı hər hansı formada öz əməyi ilə təmin edən hər kəs haqda əslində uzun-uzadı və ayrıca danışmaq, yazmaq həmişə lazımdır və başqa teatrlarımız da bu diqqətdən kənarda qalmamalıdır)... Bircə onu deyəcəm ki, hər şey çox gözəl idi. O qədər gözəl ki, bilmirdim tamaşanı izləyim, mahiyyətə diqqət kəsillim, ya rejissordan aktyor heyətinə, bəstəkardan, geyim, işıq üzrə rəssamlardan tutmuş plastika, qrafika, montajçıyadək nəhəng bir yaradıcı qüdrətin – bütöv bir təbiətin sənhədə yaratdığı möcüzəni seyr edim. İksini də paralel seyr etmək məcburiyyətində idim əlbəttə. Etdim də. Etdim və sonda o qənaətə gəldim ki: Çingiz Aytmatöv qüdrətinin yaratdığı əsrə bərabər günü Mehriban Ələkbərzadə istedadı, ustalığı “Əsrə bərabər üç saat” edib. Və çox da uğurla edib. Əlbəttə ki, həm də aktyorların və bütovlükdə yaradıcı heyətin möhtəşəmliyi sayəsində.

Tamaşaboyu “gör indi rejissor, aktyorlar bu işi ərsəyə gətirmək üçün məşqlərdə nə tərlər töküb, nə canlar qoyublar” fikri bir an belə məni tərk etmədi. “Kütləvi səhnələrdəki hərəkətlilik, dinamika zalda rahat oturmuş məni təngənəfəs edirsə, gör indi səhnədə nə yorğunluqlar yaşanır” – düşünürdüm. Eşq olsun aktyorlara! Həqiqətən eşq olsun! Bu, sadəcə səhnədə rol oynamaq deyildi, yağışın, qarın altında vurnuxaraq, küləşin-samanın içində yıxılıb-duraraq, bəzən hətta çapalayaraq əsrə bərabər günü yaratmaq və yaşamaq idi. Burada hansısa aktyorun fədakarlığından ayrıca danışmamağmın yalnız bir səbəbi var: digərlərinin adını çəkməyib əməyini kölgələmək qorxusu. Çünki səhnədə ayrı-ayrı barmaqlar yox, bütöv bir yumruq var idi. Eyni anda açışıb yumulan barmaqların yaratdığı yaradıcı yumruq. Eyni ritmlə döyünən böyük bir ürək. Eyni templə verilib alınan sabit nəfəs...

Tamaşada rol alan uşaqların fədakarlığı ayrıca mövzudur: qorxursan ki, indicə nəyisə düz etməyəcəklər, ya lap elə qəfil səhnəni unudacaq, qaçıb gedəcəklər çöldə-bayırda gerçəkdən oynamağa. Amma yox, onlar da böyüklərdən geri qalmır, rejissor tapşırığının öhdəsindən böyükcəsinə gəlirdilər...

Teatrdan çıxıb bir qədər piyada getdim. Narın yağış yağırdı. Mənim xoşladığım, sevdiyim yağış. İlk dəfə idi ki, belə yağış mənə həmişəki kimi maraqlı gəlmirdi. Niyəsə mənə elə gəlirdi ki, əsl yağışı bir az əvvəl Azdramanın səhnəsində qoyub çıxdım. Bütün səhnəni, aktyorları gerçəkdən isladan və tamaşaçının ruhunu ayazıdan yağışı idi o...

“Sevdiyim yağış” demişkən, yazının əvvəlində sevdiyim tüstü qoxusu barədə yarımçıq qoyduğum söhbəti də tamamlayım.

Deməli, əslində mənim ən çox sevdiyim və heç vaxt unutmadığım tüstü qoxusu bir vaxtlar payızın, indi olmayan şəhərimdəki qalmayan həyətimizə tökdüyü xəzəli qışın sonunda – yazqabağı qardaşımla toplayıb yandırmağımızdan çıxan tüstünün qoxusu olub. İllərdir hər yazın əvvəli o tüstünün qoxusunu gəlir burnuma xəyalımdakı xəzəl ocağından. Yaş yarpaqların quruları rahat yanmağa qoymadığı ocağın tüstüsünün qoxusu. Sütül yaz günəşinin altında “yanım-yanmayım” deyə tərəddüd edən nəm ocağın üstündə vurnuxan tüstünün sehrli qoxusu. Ölənədək heç unutmayacağım tüstü qoxusu. Mehriban Ələkbərzadə o gün həmin o sehrli ocağı mənimçün (tək mənimçün yox əlbəttə) sözün bütün mənalarda Akademik Milli Dram Teatrın səhnəsində qalamışdı....

Epiloq

Evə çatıb gödəkcəmi soyunanda “üstümdən tüstü iyi gəlirmi” deyə paltarlarımı qoxladım. Gəlmirdi. Amma ilk dəfə idi ki, istəyirdim gəlsin o sehrli qoxu paltarlarımdan. Xəyalımda hardasa uzaqda – olmayan şəhərin xarabalıqları arasında iki balaca oğlan yazqabağı qışın qarında islanmış payız yarpaqlarından tüstüləyən bir ocaq qalamışdı. Sakitcə dayanıb nəhayət ki, ocağın gurlaşmasını gözləyirdilər. Birdən sarışın, mehriban bir qızcığaz gəlib üstünə bir çəngə qupquru yarpaq ataraq ocağı alovlandırdı...


P.S. Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur. Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey), Əli Nur (Tansıkbayev-müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis), Almaz Amanova (Baş nəzarətçi), Elnar Qarayev (Paritet kosmonavt 1-2), aktyorlar Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Afət Məmmədova (Əbilovun arvadı), Rüstəm Rüstəmov (Qalibbəy), Cavidan Novruzov (Leytenant Tansıkbayev), Cümşüd Zeynalov (trofim və yolçu qonaq 2), Ramin Şıxəliyev (Maşinist), Elçin Nurəliyev (I əsgər), Tural İbrahimov (II əsgər), Vüsal Mustafayev (Juanjuan 1), Elsevər Rəhimov (Manqurt 1), Elçin Nurəliyev (Manqurt 2), Tural İbrahimov (Manqurt 3), Dilarə Nəzərova (Nayman – qadınlar 1), Ləman İmanova (Nayman – qadınlar 2), Firuzə Balayeva (Nayman – qadınları 3), Elnur Qədirov (Paritet kosmonavt 2-1), Elçin Əfəndi (II Mühəndis), Lalə Süleymanova (Konvensiya əməkdaşı), Rada Nəsibova (Astronavt 1), Nəzrin Abdullayeva (Astronavt 2), Elsevər Rəhimov (Şagird 1), Ramin Şıxəliyev (Şagird 2), Aydan Həsənzadə (Şagird 4), Aylin Həşimova (Şərafət), Dilarə Məhərrəmli (Səulə), Rüzgar Qasımzadə (Ermek) və Amir Muradov (Daul) iştirak edirlər. Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur. Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə edib.