Fanatik məntiqi və sənət - Esse

Fanatik məntiqi və sənət   - Esse

26 Oktyabr 2023 14:20 550


Rəşad Səfər

Aləmi cəhənnəmə çevirənlər onu cənnətə çevirmək istəyənlərdir. Bu deyimin özündə daşıdığı başqa gerçəklik də odur ki, aləmi cənnətə çevirmək istəyənlərin çoxu həm də mütləq həqiqət axtaranlar, ya da onu artıq tapmış olanlardır. O biri dünyadakı cənnəti və həqiqəti buraxaq təxəyyülümüzün və inancımızın öhdəsinə. Bu dünyada cənnət və mütləq həqiqət axtaranlar təhlükəli insanlardır. Hər şeydən öncə, özləri üçün təhlükədirlər. Özləri özlərinin, öz rahatlıqlarının və başqalarının rahatlığının düşmənidirlər.

Bu cür təfəkkürlü insanlar üçün cənnət yalnız onların inandıqları mütləq həqiqətin, ya da bir neçə mütləq həqiqətin bütün dünyaya, hətta kainata yayılmasıdır. Hər kəsin o mütləq həqiqəti sorğu-sualsız, şəkk-şübhəsiz qəbul etməsi, öz həqiqətinə çevirməsidir. Sən onun həqiqətini qəbul etdiyin halda onun dünyasında varsan, etmədiyin halda yoxsan.

Mütləq həqiqəti tapdığını zənn edənlərlə bir mühitdə yaşamaq çətindir. Onlarla danışmaq, müzakirə etmək bəzən qeyri-mümkün olur. Çünki onlarçün antitezis yoxdur, tənqid yoxdur, yanılma ehtimalı heç yoxdur. Uzağı, tapdıqları həqiqətə yetərincə qulluq edə bilməməyin narahatlığı, təəssüfü var. Onlar nəinki inandıqlarını, hətta inandıqlarına bənzəyənləri tənqid edəndə özlərini təhqir olunmuş hesab edirlər.

Bu cür doqmatik təfəkkürlü insanlar dünyanı bütöv halda qəbul edə bilmirlər. Bir rəngin, bir səsin, bir nöqtənin arxasınca getməkdən dünyanın bütününü, başqa rəngləri, başqa səsləri, başqa nöqtələri görmürlər. Onlar heç vaxt gözlərinin önündəki faktlardan ümumi olana, yəni yekun nəticəyə çatmağa çalışmırlar. Onlar üçün əvvəlcədən yekun nəticə, sarsılmaz qənaət mövcuddur. İndi bircə qalır o qənaətə, o nəticəyə uyğun səbəblər, faktlar, hadisələr toplamaq. Buna həm də fanatik məntiqi deyilir.

Fanatik məntiqi üçün faktların, ayrı-ayrı bilgilərin önəmi yoxdur. Çünki fanatik məntiqinə sahib mütləq həqiqət aşiqi artıq bütün bilgilərə çatdığını, ya da o bilgilərlə çatılmalı olan yerə çatdığını zənn edir. Ona görə də öyrəndiyi bilgilər yalnız ehkamını-mütləq həqiqətini möhkəmləndirməyə yönəlir.

Doqmatik insan üçün analitik mətnlərin, ümumiyyətlə dünyanı analiz etməyin önəmi yoxdur. Çünki onun ümumiyyətlə anlamağa ehtiyacı yoxdur. Başqasını dinləmək də onluq deyil. Onun yalnız anlatmağa, çatdığı həqiqət haqqında dayanmadan danışmağa ehtiyacı var. Ətrafınızdakı fanatik düşüncəli insanlara fikir verin: onların izah mahiyyəti daşıyan, ya da nəyinsə səbəbini tapmağa kömək edəcək analitik mətn oxuduğuna, bəyəndiyinə və ya buna istinad etdiyinə nadir hallarda şahid olarsınız. Bu tip insanlar aforizmlərə düşkündürlər. Bir fikri beş-on cümlə ilə aydın izah etmək əvəzinə, bir cümləlik şüarlarla, aforizmlərlə danışırlar. Hər şeyin dumanlı qalmağını istəyirlər; öz həqiqətlərinə mane olacaq şeyləri dumanlıqda daha rahat itirə bilirlər. Doqmatik insanlar fəlsəfəni də çox sevmirlər. Çünki mütləq həqiqətləri ilə tərs düşən izahları görmək və bir anlıq da olsa, tərəddüdə düşmək onları möhkəm qorxudur. Məhz bu qorxu, tərəddüd ehtimalı səbəbindən xeyli dəymə-düşər olurlar, tez inciyirlər, çox az adamla yola gedirlər.

Doqmatik insan üçün başqa insan yoxdur. Olsa da, yalnız Böyüklər var. Dahilər var. Kiçik insanlar heç yoxdur. Mütləq həqiqət bütün insanların üstündədir. Doqmatik insan öz mütləq həqiqəti üçün gözünü qırpmadan minlərlə insanı fəda edər. Çünki səbəbləri özü üçün o qədər aydın və mühümdür ki, onu yolundan çəkindirəcək gücə heç bir söz, heç bir ifadə, heç bir vəziyyət qadir deyil.

Mütləq həqiqət xəstəliyini biz siyasətdə, sənətdə, gündəlik həyatın müxtəlif sahələrində tez-tez görürük. Dini söyləmirəm, çünki zatən bu onun təbiətindədir. Doqmatik siyasi fikirlərə sahib birisi ətrafda baş verənlərdən, yaxud təhlil və araşdırmalardan yola çıxıb bir nəticəyə gəlmir. Əvvəlcədən ağlına bir nəticə qoyur, sonra ətrafda bütün baş verənləri, bütün təhlil və araşdırmalarını o nəticəyə uyğunlaşdırır. Bizim ən təbii gördüyümüz davranışlar doqmatik əxlaq tərəfdarları üçün bəzən dəhşətli bir günahdır, məcəllələrdə yazılmayan cinayətdir.

Təəssüf ki, mütləq həqiqət xəstəliyindən heç kim sığortalanmayıb. Bunun daha çox mütaliə ilə, daha çox insan tanımaqla, daha uzun ömür yaşamaqla əlaqəsi zəifdir. İti zəka ilə də rabitəsi etibarlı deyil. Bu, bir növ psixoloji durumdur, beynin işləmə şəklidir. Yoxsa, dühasına şübhə etmədiyimiz böyük insanların da müxtəlif dövrlərdə niyə fanatik məntiqi ilə davrandıqlarını izah etmək çətin olardı.

Sənət adamları da tez-tez bu xəstəliyə yoluxurlar. Bəzən onları buna yaşadığı şərait, cəmiyyət məcbur edir. Çünki tutunmağa başqa şey olmadığına görə, bir mütləq həqiqət tapıb kor-koranə, ikiəlli yapışırlar. Bu cür həqiqətlərdən möhkəm yapışmasalar, ayaqda qalmaq mümkün olmaz. İlk fürsətdə əzazil cəmiyyət onları silib atar. Bəzənsə, sənətçinin öz xarakteri, qidalandığı mənbələr, böyüdüyü mühit əvvəl-axır onu doqmatik düşüncəyə gətirib çıxarır. Sənətçinin doqmatizmə yuvarlanmağı ona ayaqda qalmağa kömək etdiyi qədər, çox vaxt elə özü üçün də təhlükə yaradır. Çəkisindən asılı olmayaraq, böyük sənətçilərin əsərlərində harada ki, fanatik məntiqi, mütləq həqiqət əmrləri işə düşür, orada sənət buxarlanır. Sənətin polifoniyası itir. Bir nöqtədən diqtə olunan hökmlər qalır yalnız. Sənətin ən böyük məziyyətlərindən biri gerçəkliklərindən yorulduğumuz, ya da gerçəkliyini qəbul etmədiyimiz dünyanın əvəzinə yeni dünya yaratmaqdır. Çoxsəslilikdir. Faktiki dünyada səsini eşidə bilmədiklərimizin səsini bizə çatdırmaqdır. Bu arzu ilə açdığımız kitabın səhifələrində, baxdığımız filmlərin parçalarında müəllifin doqmalarda ilişib qalmasını, öz mütləq həqiqətini gözümüzə soxmasını görmək bizi yorur. Ən böyük sənətçiləri də bəzən bu cür təəssüf və təəccüblə oxuyuruq. Dahi Tolstoyun belə, fanatik məntiqini cilovlaya bilmədiyi məqamlarda necə büdrədiyini görürük. “Hərb və Sülh”, “Anna Karenina” və “Kreyser Sonatası” əsərlərini oxuyanlar Tolstoyun bu üç əsərdə hadisələrə və insanlara əxlaqi yanaşması ilə sənətçi yanaşması arasında fərqin necə dəyişdiyini xatırlayarlar.

Doqmatik sənətçi təkcə yaratdıqlarında deyil, oxuduqlarında, baxdıqlarında, dinlədiklərində də çox vaxt doqmatizmə qapılır. Onunçün mütləq həqiqət anlayışını əvəz edən müəllif artıq onun tabusudur. O tabuya toxunmaq sənətçinin özünə toxunmaqdır. O, yalnız öz sevdiyi üslubu, sevdiyi mövzuları, sevdiyi müəllifləri mütləq sənət nümunəsi hesab edir. Digərləri onunçün dünyanın gərəksiz, cılız hissəcikləridir. Onların sevdikləri sənət əsərlərindən kənarda nümunə axtaranlar dərhal mənasızlaşır, zövqsüzləşir, cılızlaşır. Çünki onlar inandıqları mütləq sənətçiyə də artıq mütləq həqiqət kimi baxırlar. Mütləq həqiqət isə mütləq təkdir, onu əvəz etmək mümkün deyil. Ondan kənarda həqiqət axtarmaq da şirkdir.

Fanatik təfəkkürün həmişə eyni həqiqətə inanması məcburi deyil. Bu təfəkkür bəzən tez-tez fikir dəyişib yeni həqiqətlər tapa bilər. Amma bu həqiqətlər tapıldığı anda mütləqləşir. Bundan sonra doqmatik beyin yalnız bu mütləq həqiqətə xidmət etməyə başlayır. Növbəti həqiqətin tapılmasına və mütləqləşməsinə qədər.

Doqmatik sənətçi sözgəlişi “mən tənqidə açığam” deyər, amma demək istədiyi “mənə toxunmayın”dır. Bəyənmirsənsə, tənqid də etmə. Çünki onlar üçün öz əsərləri yaradıcı laboratoriyadan çıxmış, zaman keçdikcə daha da yaxşılaşa bilən bir sənət prosesi deyil. Onlar üçün öz əsərləri mütləq həqiqətin işığı ilə üzə çıxmış vəhy kimidir. Vəhyin yanlışı olmaz, çox güman, auditoriya düzgün anlamır.

Onlar mütləq həqiqəti tapdıqlarına görə şiddətli eqo yüksəlişindən əziyyət çəkirlər. Bu eqo insanın uğurlu olması üçün kifayət edəcək qədər deyil. Hər yaradıcı insana lazım olan bir eqo da deyil. Bu eqo elə həddədir ki, artıq şəxs özü ondan əzab çəkir. Hər şeyin, hər kəsin onun və yaradıcılığının ətrafında dönməyini istəyir. İstəmir, dönməli olduğundan əmindir. Amma hər dəfə reallıqla qarşılaşanda ciddi zərbə alır. Ona görə də, əbədi iztirab əl çəkmir. Bu iztiraba bəzən “ekzistensial ağrı”, “anlaşılmamaq dərdi”, “dünyadan qopmaq” kimi adlar qoyurlar. Amma kiçik bir etiraf bu iztirabı xeyli yüngülləşdirə bilər: dünya məndən və mənim mütləq həqiqətlərimdən ibarət deyil. Gerçək iztirab çəkənlər və bunu əsərlərində göstərə bilənlər ayrı, mövzumuz onlar deyil.

Aydın məsələdir ki, hər kəsin inandığı həqiqətlər, tutunduğu dəyərlər var. Bunlarsız nəinki sənətin, hətta yaşamağın anlamı bir anda yox olar. Mən bu yazıda həqiqət deyəndə üstün tutduğumuz dəyərlərimizi, özümüzə görə prinsip və qaydalarımızı, həyata baxışlarımızı, müdafiə etməli olduğumuz doğruları nəzərdə tutmuram. Mənə elə gəlir, mütləq həqiqət inancı və ona tabe təfəkkür özünü o qədər açıq və tez biruzə verir ki, bəzən izah etmək çətin olsa da, bunu kənardan asanlıqla ayırd etmək olur.