Fitsceralddan hekayə: Çipsaydlı Tarqunyus

Fitsceralddan hekayə:   Çipsaydlı Tarqunyus

15 Fevral 2022 15:18 405


Bu hekayə tələbəlik illərimin məhsuludur. Redaktə etdikdən sonra 1921-ci ildə “Smart Set”-də yayımlatdım. Hekayənin rüşeymləri yaranan illərdə bircə arzum vardı – şair olmaq.

Bu hekayəmə xüsusi sevgim var. Amma düşünürəm ki, bu sevginin səbəbi sırf hekayənin yaşıdır.
Frensis Skott Fitscerald

1.

Qaçan ayaqların səsi... Seylandan gəlmiş qəribə, dəriyə oxşayan parçadan hazırlanmış yumşaq dabanlı yüngül çarıqlar sürətlə qaçır. İki cüt tünd mavi, ulduzlu çəkmə ay işığını kor parıltı və ləkələr şəklində əks etdirərək onu təqib edir. Ayaqda boş qalan iri çəkmələr bir daş atımı məsafəsindədi.
Yumşaq çarıqlar ay işığında zolaq-zolaq görünən qaranlıq və işıqlı yerlərdən sürətlə keçir, kor arxa küçə labirintinə dalır və qabaqda qucağını açıb onu gözləyən qaranlıqda itir. Ağır çəkmələr, sallanan qısa qılınclar Tanrıya və Londonun qaranlıq küçələrinə lənət yağdırırlar.
Çarıqlı kölgəli bağça qapısının üstündən tullanır. Məftillərin arasından keçir. Ağır çəkmələr də ardınca...
Ahh! Qorxuncdur! Bir az irəlidə gecə növbətçiləri var – qorxunc sifətli, qatil qiyafəli, mizraqlı iki əsgər sanki Hollandiya və İspaniya cəbhələrində dayanıblar.
Heç kimi köməyə çağırmaq üçün qışqırmaq fikrinə düşmür. Çarıqlı sürətli hava axını kimi iki əsgərin arasından qaçıb keçir. Növbətçilər söyüş söyürlər. Mizraqlarını dikəldib yolu bağlayırlar. Havada qovuşan mizraq ucları yekə bir əl kimi ay işığının önünü kəsir.
Əl ayın önündən çəkilir, ayın solğun şüaları yenidən pəncərə-qapı kənarlarını işıqlandırır. Növbətçilər toz-torpağın içinə səriliblər. Ağır çəkmələrdən biri qaça-qaça paltarının boynundan cırdığı parça ilə yarasını sarıyır...
Növbətçilərin işi də çətindir. Şeytan bu gecə küçələrdə sərbəst dolaşır... Deyəsən, şeytan bir az əvvəl bağça qapısından aşan o adam idi... Şeytan Londonun qaba həvəslərə meylli bu bölgəsində azad dolaşır... Bu küçələr rəsmlərdəki kimi get-gedə daralır, evlər bir-birinə daha da yaxınlaşır, bir-birinə tərəf əyilir və cinayətlər üçün əla bir səhnə yaradır...
Qabaqda qaçan, tər damcılarından önünü görə bilməyən adam çarəsiz baxışlarla sağa-sola boylanıb hərəkət sahəsini gözdən keçirir. Bir az dayanır. Sonra geri dönüb qaranlıq küçəyə girir. Küçə elə zülmətdir ki, elə bil, yer üzündə sonuncu buz dağı sınan gündən bəri buralara nə günəş işığı düşüb, nə də ay.
İki yüz metr getdikdən sonra dayanır. Divardakı oyuğun içinə girir. Bir təhər büzüşüb oyuğa yerləşir. Sakitcə nəfəs alır. İki cüt ağır çəkmə yaxınlaşır. Geri gedir, sonra yenə yaxınlaşır. Onu itiriblər. Öz aralarında danışırlar:
- Səsini eşidirdim, birdən dayandı.
- İyirmicə addım qalmışdı.
- Gizləndi.
- Bir-birimizdən ayrılmayaq. Qabağını kəsək.
Səs azalır. İndi sadəcə, bir çəkmənin səsi eşidilir. Çarıqlı daha gözləmir. Üç sıçrayışla dar küçəni keçir, divarın üstünə dırmaşır. Böyük bir quş kimi bir an orda dayanır. Anidən qeyb olur. Qaranlıq yenidən onu udur...

2.

“Şərab içəndə də oxuyurdu, yatanda da
Nəfəs aldıqca ucadan oxuyurdu
Hər düşüncəsi ölümlə qol-qola gəzərdi
Nəhayət, öldü oxuya-oxuya”...

Pits Hillin yaxınlığındakı köhnə J.Jeyms qəbristanlığını ziyarət edən hər kəs Vezel Kaksterin qəbri üstündə Elizabet dövrünə aid bu mənzum parçanı hecalayıb oxuya bilər. Deyirlər ki, o, öləndə otuz yeddi yaşı varmış. Amma biz bu qaçdı-tutdu hekayəsində onu hələ sağ görürük və hələ ki, oxuyur.
Donuq baxışları vardı. Göbəyi də biraz qabağa sallanırdı. Əlinə keçəni oxuyurdu. Tanrı adamlarının dostluq hekayələrini oxumuşdu. Yaramaz, bütün günü zarıyan boşboğaz şairlərin hamısını oxumuşdu. “Manqa Foliya”nın nəşr edildiyi mağazaların önündə vaxt öldürmüşdü. Gənc teatr yazarları öz aralarında qırışıb-dalaşarkən sakitcə bir tərəfdə dayanıb onları dinləmişdi.
Bu gecə də əlində bir şeir kitabı vardı. Qafiyəsiz, vəznsiz olsa da, bəyənirdi. Möhtəşəm siyasi baxış bucağı olduğunu düşünürdü. Edmund Spenzerin “Pərilər ölkəsinin şahzadəsi” adlı kitab titrək şam işığında qarşısında açılmışdı. Kantonun birini bitirib o birinə başlamaq üzrə idi.
Birdən pilləkənlərlə dırmaşan ayaq səsləri eşitdi. Qəfildən kimsə qapını açıb özünü içəri atdı. Nəfəsi kəsilirdi. Hıçqıra-hıçqıra qalmışdı.
- Vezel, - dedi boğulan adam, – məni gizlət, Məryəm eşqinə.
Kakster ayağa durdu. Kitabı bağladı. Hər ehtimala qarşı, qapının arxasını da bağladı.
- Məni tutmaq istəyirlər, – Çarıqlı hayqırdı, – and olsun Tanrıya, xəncərli iki adam gəlir ardımca. Tutsalar məni qiymə-qiymə doğrayacaqlar. Arxa divardan tullananda gördülər.
- Səni bu dünyanın intiqamından qoruya bilmək üçün ən azı bir-iki tabor əsgər, ya da, üç donanma lazımdır, – Vezel onu qəribə baxışlarla süzdü.
Çarıqlı bir az rahatlaşdı. Gülümsədi. Hıçqırığı dayanmış, nəfəsi qaydasına düşmüşdü.
- Çox təəccübləndim, –Vezel dilləndi.
- Qorxuncdurlar. Ayıya oxşayan iki nəfərdir.
- Yəni, üç nəfərsiz?
- Məni niyə qatırsan? Məni tutmağa gəlirlər. Ay kişi, qalx ayağa, bir göz qırpımında içəri soxulacaqlar. Gördülər məni deyirəm.
Vezel küncdəki mizraq sapını götürdü. Ağacı uzadıb tavandakı taxta qapını yana itələdi. Tavan arasına açılan keçid göründü.
- Amma pilləkən yoxdur.
Vezel stul gətirdi. Çarıqlı stulun üstünə çıxdı. Əvvəlcə, çömbəldi. Anidən tullanıb əliylə yuxarıdan yapışdı. Bir az havada sallandı. Yenidən təkan verdi, qollarıyla özünü yuxarı dartıb qaranlıqda qeyb oldu. Keçidin qapağı bağlananda qaçışan siçanların ayaq səsləri eşidildi. Ardınca səssizlik çökdü.
Vezel kitab oxuduğu masaya qayıtdı. “Britomartis əfsanəsi və ya iffətə dair” adlı kitabı açıb gözlədi. Bircə dəqiqə sonra sürətlə pilləkənə dırmaşan ayaq səsləri eşidildi. Qapını yumruqladılar. Vezel şamdanı götürüb ayağa qalxdı.
- Kimdir?
- Qapını aç!
- Kimsiniz?
Vezel hürkmüş halda qapını iki barmaq araladı. Şamdanı yuxarı qaldırdı. Kübar, çəkingən və narahat edilmiş ev sahibi rolunu oynayırdı.
- Heç olmasa, gecələr bir-iki saat səssizlik. Bunu da istəməyə haqqımız...
- Boş-boş danışma. Qan-tər içində qaçan bir adam gördün?
Vezel şam işığında diqqətlə onlara baxdı. Geyimlərindən alicənab olduqları bilinirdi. Birinin əli yaralanmışdı. İkisi də qəzəbli idilər. Vezeli itələyib qapıdan içəri soxuldular. Xəncərlərini havada yellədə-yellədə otağın bütün qaranlıq künclərini axtardılar. Sonra da Vezelin yataq otağına baxdılar.
- Burda gizlənir?
- Kimi deyirsiniz?
- Səndən başqa kimsə varmı evdə?
- Məndən başqa siz varsınız.
Birdən Vezel qorxdu. Elə bildi, xəncəri qarnına soxacaqlar.
- Pilləkəndə ayaq səsləri eşitdim. Beş dəqiqə əvvəl. Yuxarıya qədər çıxmadığına əminəm, – kişilərdən biri dedi.
- Neynəyib ki, qovduğunuz adam?
- Təcavüz edib, - əli yaralı kişi dilləndi, – mənim bacıma, – Allah eşqinə, burdadırsa, onu bizə təslim et.
- Kimdir ki, o adam?
- Bilmirəm. Kim olduğunu bilmirik. Bu yuxarıdakı taxta qapaq nədir ? – Kişi tavanın arasına açılan keçidin qapağını göstərdi.
- Açılmır o qapaq. Mismarlıdır. İllərdir istifadə etmirəm, – Vezel yalan danışarkən gözü küncdəki payada idi. Xoşbəxtlikdən adamlar payaya fikir verməmişdilər.
- Ora çıxmaq üçün pilləkən ya da nərdivan lazımdır, - əli yaralı olan kişi dilləndi, – təbii ki, havada mayallaq vura bilmirsənsə.
- Mayallaq vurmaq, ahhahahah, mayallaq vurmaq, – o biri kişi qəhqəhə çəkdi.
Vezel çaşqınlıqla onlara baxırdı.
- Havada mayallaq. Gülməkdən öldüm. Hə, ora ancaq havada mayallaq vurmaqla qalxa bilərsən.
- Qonşu evlərə baxaq. Çox uzaqlaşa bilməz, - əli yaralı adam dilləndi.
Çıxıb getdilər. Vezel qapını örtdü. Arxasını bağladı. Bir qədər qapının arxasında dayandı. Qaşları çatılmışdı.
“Ayy”, – deyə bir səs eşitdi və yuxarı boylandı. Çarıqlı keçidin qapağını açıb aşağı boylanırdı.
- Bunlar dəbilqələrini çıxardanda başlarını da çıxardıb orda qoyurlar, – hiyləgər təbəssümlə gülümsədi, – amma biz-ikimiz hiyləgər tülkülərik.
- Allah canını alsın, – Vezel qəzəblə bağırdı, – onların dediklərini eşidəndən sonra sənin necə bir it olduğunu anladım. Şeytan deyir, vur, təpəsini dağıt.
Çarıqlı ona göz vurdu. Özünü qapaq boşluğundan aşağı buraxdı. Bir qədər havada sallanandan sonra yerə tullandı.
- Bir siçan vardı. Qurman kimi qulağımın dadına baxmaq istəyirdi, – Çarıqlı əllərinin tozunu şalvarının yanlarına sürtdü, – siçan dilində ona dedim ki, mən öldürücü bir zəhərəm. O dəqiqə qaçıb getdi.
- Danış görək, bu gecə nə işlər qarışdırmısan?
Çarıqlı baş barmağını burnuna dayayıb o biri barmaqlarını onun ətrafında oynatdı.
- Küçə uşağı, – Vezel donquldandı.
- Kağızın var?
- Nəyə görə sənə kağız verməliyəm?
- Bu gecəki əyləncəli hekayəmi öyrənmək istəyirdin. Mənə kağız, mürəkkəb və bir otaq ver, hekayədən xəbərin olsun.
Vezel bir qədər düşünüb “rədd ol” – dedi.
- Özün bilərsən. Dünyanın ən maraqlı hekayəsini qaçıracaqsan.
Vezel təslim oldu. Çarıqlı yazı ləvazimatlarını alıb yan otağa – Vezelin yataq otağına keçdi. Qapını örtdü. Vezel də “Pərilər ölkəsinin şahzadəsi” kitabını yenidən açdı. Ev sükuta qərq oldu.

3.

Saat üç oldu... Dörd oldu... Otağın işığı solğunlaşdı. Bayırdakı zülmət nəm və soyuqla qarışdı. Vezel başını əllərinin arasına alıb cəngavərlər və pərilərlə dolaşır, gənc qızların kədəri ilə üzülürdü. Saat altının yarısında bayırdakı dar küçədən gülüşmə səsləri eşidildi.
Günəşin ilk şəfəqləri ilə birgə duman qalxdı. Saat altıda otaq bozumtul-sarı rəngə büründü. Vezel barmaqlarının ucunda qalxıb sakitcə yan otağa tərəf getdi. Qapını açdı. Qonaq çevrilib ona baxdı. Bənizi dümağ olmuşdu. Gözləri qan çanağı kimi qıpqırmızıydı. Masanın üstündə kağızlar qalaqlanmışdı. Qonaq səhərə qədər yazmışdı.
Vezel içini çəkib uzaqlaşdı. Səhər açılmışdı. Yatağını geri istəmədiyi üçün özünü axmaq hesab edirdi. Yenidən kitabın üstünə əyildi.
Bayırda küçəni döyəcləyən çəkmə səsləri ilə qoca qarıların pıqqıltıları bir-birinə qarışmışdı. Vezel stulda mürgüləmişdi. Çiyninə yumşaq bir əl toxundu. Vezel qışqırıb yuxudan dik atıldı. Qonaq əlində bir dəstə kağızla onun başının üstündə dayanmışdı.
- Çox maraqlı hekayə alındı. Amma bir də göz gəzdirmək lazımdır. Xahiş edirəm, bunu hardasa gizlət. Və mənə yatmaq üçün bir yer göstər.
Cavab gözləmədən əlindəki kağız dəstəsini Vezelin əlinə verdi və şüşədən tökülən maye kimi küncdəki divanın üstünə axdı. Divana sərilən kimi yuxuya getdi.
Vezel əsnədi. Əlindəki kağız dəstəsinə baxdı. Alçaq səslə ilk səhifəni oxumağa başladı:

“Təcavüz edilmiş Lukrestiya

Mühasirəyə alınmış Ardeada hamı öz işinin başında idi. Yalançı arzuların güvənilməz qanadları üzərində, şəhvətlə nəfəs alan Tarqunyus Roma izdihamını tərk edirdi”...

Tərcümə: Fəridə