Gələcəyin tarixi - Qismət

Gələcəyin tarixi   - Qismət

21 May 2024 12:39 286


2013-cü ildə beş nominasiyada “Oskar” mükafatına namizəd olan və onlarından birində - ən yaxşı ssenari nominasiyasında qalib olan “Her” (“O”) filmində bəşəriyyətin gələcəyi təsvir edilib. Ancaq bu gələcək vərdiş etdiyimiz Hollivud filmlərindəki kimi deyil, bu gələcəkdə uçan maşınlar, lazer silahları, ağlasığmaz mutant məxluqlar yoxdur. Hər şey elə təxminən indiki, bugünkü kimidir, bircə fərq var ki, həddindən artıq ağıllı kompüterlər kəşf edilib. Onlar süni intellektə əsaslanan əməliyyat sistemiylə işləyirlər.

Bu ağıllı cihazların bircə bədənləri yoxdur, lakin yaddaşları, reaksiyaları, düşüncələri insanınkına yaxındır. Filmin qəhrəmanı Teodor Tuombli (rolda Hoakim Feniks) həyat yoldaşından boşanmış, böyük bir göydələndə tək-tənha yaşayan yazıçıdır. O, doğum günü, yeni il və digər özəl günlər üçün məktublar, açıqcalar hazırlayan bir büroda işləyir. Teodorun işinin qəribə tərəfi odur ki, artıq onun yaşadığı gələcəkdə bu cür cari yazı-pozu işlərini kompüterlər yerinə yetirir, o isə belə bir dünyanın içində bir növ “əntiq” işlə məşğuldur.

O, neçə illərdi həmin büroda başqaları üçün təsirli təbrik məktubları yazır və artıq müştəriləri arasında elələri var ki, onlar az qala bütün həyatını əzbər bilir. Bir gün Teodor reklamda gördüyü yeni əməliyyat sistemini satıb alıb noutbukuna yükləyir və həmin gündən qadın səsi ilə danışan əməliyyat sistemi ilə onun arasında duyğusal münasibət başlayır. Bədəni olmasa da, fikirləri, hissləri ilə Teodorun təkliyinə şərik olan Sementa adlı əməliyyat sistemi onun həyatını, yaşantılarını dəyişir, boz günlərinə rəng gətirir.

Filmə baxdıqca düşündüm ki, görəsən bizim indiki həyatımızda filmdə təklif olunan gələcək arasında nə qədər müddər var? Çoxmu qalıb o gələcəyə, ya bəlkə elə təsvir olunanlar heç gələcək deyil, elə bugündür, sadəcə biz fərqində deyilik?

Sənət tarixində öncəgörmələr çox olub, xüsusilə elmi-fantastik ədəbiyyatda. İlk ağlıma gələn, əlbəttə, Jül Verndir. Onun 1865-ci ildə çap olunan “Aya səyahət” əsəri hadisələrin kosmosda baş verdiyi ilk romandır. Sonralar Herbert Uelsin də müraciət etdiyi aya səyahət motivi XIX əsrdə ağlasığmaz görünsə də, bu gün ayrıca elm sahəsi olan kosmonavtika faktiki olaraq ədəbiyyat mövzusu olub. Siyahını uzatmaq olar: XX əsrin diktatorlarını görmüş bəşəriyyət üçün gerçəkliyinə şübhə qalmayan Meri Şellinin Frankenştaynı, yaddaşını könüllü surətdə hard-disklərin, vikipediyanın ixtiyarına verən yeni çağ insanını görəndə tezcə yadımıza düşən Rey Bredberinin kitabsız anti-utopik gələcəyi, yaxud Ayzek Azimovun məntiqi paradokslar içində çırpınan robotları...

Uçan xalçalarla, bir tük yandırmaqla peyda olan simurq quşlarıyla dolu nağıllarda mənə ən maraqlı gələn metafora sehirli güzgüdür. Çox deyilib ki, sehirli güzgü televizorun (bəlkə də internetin) məcazıdır, fikrimcə məsələ təkcə işin bu tərəfləriylə bitmir. “Ağca qız və yeddi cırtdan” nağılı yadınıza gəlirmi? Qəddar kraliça hər dəfə güzgünün qabağına keçib eyni sualı verir: “Güzgü, de görüm, varmı bu dünyada məndən gözəli?” Əgər sehirli güzgü haqqında min dəfə təkrarlanmış fikirlər düzdürsə, onda həm də belə demək olar ki, hər gün o sehirli güzgünün qabağında özünü özgələrlə müqayisə edən, yalançı bir təsəlli gəzən, dilində eyni sualı vird eləyən kral(iça) artıq bizik. Fəqət artıq sehirli güzgünün cavabı bir nəfəri nişan vermir deyə vəziyyət daha mürəkkəbdir.

Nə vaxtsa belə bir pritça yazmışdım: “O güzgünün qabağına keçib soruşdu, de görüm, məndən gözəli varmı? Güzgü susdu və o düşündü ki, susmaq razılıq əlamətidir.”

“Her” filmindəki gələcək artıq növbəti mərhələdir və deyəsən artıq bu mərhələdə bizim sükutumuz da, suallarımız da eyni şeyi nişan verir: arada həyatda da onlayn olmaq lazımdır.

Kitabçı
2014