Gənclər öz həmkarlarını tənqid edir: “Cümlələri bir az ütüləsə...”

Gənclər öz həmkarlarını tənqid edir:   “Cümlələri bir az ütüləsə...”

22 Avqust 2022 11:57 765

YeniYaz.Az “Dördün-biri” layihəsindən gənc yazar Təvəkgül Boysunarın “Kibritsiz şamlar" hekayəsinin müzakirəsini təqdim edir. Layihədə gənc yazarlardan dörd nəfər bir şeiri və ya hekayəni qiymətləndirirlər.

Rəvan Cavid

Müasir hekayəçilikdə, mənə elə gəlir ki, vacib olan əsas məsələ təhkiyənin dinamikliyi və vizuallığıdır. Təvəkgülün hekayəsi mənə hansısa qısa filmin kadrlarını xatırlatdı.

Redaktə problemlərini çıxsaq, mətnin dili də kifayət qədər uğurludur. Hadisələr və obrazların xarakterinə uyğun olan dil seçimi nasirin mətnə həssaslığından xəbər verir. Mən bəyəndim. Və bu isti yay günlərində hekayə mənə soyuq limonad kimi gəldi. Təvəkgülün hekayələrindən bu günə kimi "Börnaut" məni yaxşı mənada təəccübləndirmişdi. Bu hekayəni isə onun yaradıcılığının ən yaxşısı hesab edirəm.

Əlibala Əhmədov

Təvəkgül Boysunarın hekayəsi xoşuma gəldi. O mənada yox ki, bu şedevrdir, xeyr, lakin hekayəni oxuyanda sürətlə püxtələşən, peşəkar nasir olmaq yolunda irəliləyən bir müəllifin sətirlərini görürük.

Hekayədəki problem - gündəlik həyatın xırda-xırda anlarında yaşanıb, o qədər də səs çıxartmasa da, aktual və mühümdür.

Düşüncədə peşəkarlığın, bununla yanaşı, əqidə və empatiyanın yoxluğundan bəhs edir. Müəllif yaxşı süjet qurub. Məlum şamların sonuncu dialoqda "romantik masaüstü şamlar"a çevrilməsi yaxşı əlaqələndirmədir. Bununla belə, mənə elə gəlir ki, hekayədə bişməyən, yerinə oturmayan detallar da var.

Təvəkgül bəyin modernist təsvirlər yaratmaq cəhdini çox bəyəndim - bəziləri də yaxşı alınıb (Məsələn, aptek qapısının çölə açılıb getmək istəməsi), amma qarışıq və çiy olanları da var. Yenə də deyim ki, modernist, yenilikçi olan bütün gənc müəlliflərlə özümü ədəbi olaraq yaxın hiss edirəm.

Sonuncu dialoqda - baş qəhrəmanın çıxışında "sizi bağışlamayacam" tipli şeyləri kəsib, daha fərqli yazmaq olardı, məncə. Həmin hissə oturuşmayıb, bir az süni alınıb. Emosional əhvalın ifadəsində sanki təbiilik çatışmır.

"Axışına buraxmaq" kimi ifadələr də məndə eyni təəssüratı yaratdı. Yaxşı hekayədir. Müəllifə uğurlar arzu edirəm!



Nemət Mətin

Təvəkgül Boysunarın “Kibritsiz şamlar” hekayəsini oxudum. Hekayədə xoşuma gələn cəhət müəllifin rahatlığı idi. Ağına-bozuna baxmadan cümlələrlə “janqlyor” kimi oynayırdı. İstədiyi mövzunu genişləndirərək çox da uzağa getməməyi, əksinə bir məkan içində baş verən hadisəni böyütməyi üstün tutub. Cümlələri bir də "rəndələsə" yaxşı olar. Məsələn, "aptekin yaşıl rəngli işıqları" əvəzinə "aptekin yaşıl işığı" yazmaq kifayətdir. Sözlərə nə qədər ürəyiaçıqlıqla yanaşsaq da, bəzən simic olmaq lazımdır. Süjet xəttinə gəldikdə, müəllifin baş obraz kimi təqdim etdiyi oğlan qızların pıqqıldamasından psixoloji sarsıntı keçirir və onları cəzalandırmağa çalışır. Daha maraqlı yazmaq olardı. Sanki hadisə hansısa iri həcmli hekayənin bir hissəsidir. Ümumilikdə bəyəndim. Müəllifə uğurlar arzulayıram.

Səddam Laçın

Oxuduğum əsərləri bitirərkən özümə iki əsas sualı verirəm. Nə oxudum? Nə anladım?

Başlayaq birinci sualdan. Təvəkgülün "Börnaut" hekayəsini oxuyandan sonra başqa bir hekayəsini oxumaq maraqlı gəlirdi. Çünki adı çəkilən hekayə, zənnimcə, müzakirə elədiyimiz hekayənin əksinə çox ustalıqla işlənib. Əlqərəz, hekayəni bitirdikdən sonra suallarıma cavab tapmağa çalışdım. Nə oxudum?

Deyəsən, qəhrəmanımızın babasili var, xəstəliyindən və müalicə üsulundan utanır, aptekə girməyə belə "tərəddüd keçirir", nəhayət, aptekə girir, "otuzlu yaşlarda" aptekçi qız və ya qadın (yəqin ki, bunu xanımların qaşlarının formasına görə müəyyən edir) ya xəstəmizə gülür, ya da "reseptdəki cümlələr onları qıdıqlayır", o da bundan pərt olaraq heç nə demədən apteki tərk edir, səhəri gün 5 bakal yarım pivə içir, bütün utancaqlıqları ortadan qalxacaq şəkildə sərxoş olur, dünən axşam pərt olduğu aptekə geri dönür, ləhcə ilə sərxoş adama xas olmayan səlistliklə qız və ya qadınları danlayır və evinə dönür.

Həddən artıq gərəksiz cümlələrlə uzadılmış hekayə sonda qəhrəmanın həyatı ilə bağlı gördüyü yuxu ilə bitir.

Bu "nə oxudum?"un cavabı. Yaxşı, bəs nə anladım və ya anlamalıyam?

Kiminsə xəstəliyinə gülməyin düzgün olmadığını, əks halda onlardan birinin beş bakal yarım pivə içdikdən sonra geri dönəcəyini, məni adını belə bilmədiyim müdirimlə şantaj edə biləcəyini, sonra ancaq və ancaq yasında iştirak etmək müqabilində bağışlanacağımı anladım. Qəhrəmanımızın xəstəliyinin qocalıqla heç bir əlaqəsi olmadığı halda, hətta özünə "hələ cavanam" deməsinə rəğmən, qız və ya qadınlara "siz də qocalacaqsınız" deməsini isə anlamadım. Uzun sözün qısası, hekayəni, mövzusunu, işlənmə şəklini qətiyyən bəyənmədim. Düşünürəm ki, müəllif "Börnaut"dakı kimi sadə və səmimi cümlələrdən istifadə etsə, daha uğurlu hekayələr yazacaq.