Hekayə
2002-ci il idi. Onuncu sinifdə oxuyurdum. O vaxt hamını maraqlandıran bir məsələ vardı - ABŞ-a məktəb mübadilə proqramları. Sinifdə hamı bu proqramla maraqlanırdı. Biz - bir qrup uşaq, dərsdən sonra gedib formaları dolduraraq proqrama qeydiyyata düşdük. O vaxt iki mübadilə proqramı var idi. ABŞ Dövlət Departamentinin keçirtdiyi FLEX proqramı və Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) keçirtdiyi CCI proqramı. Hər proqram üç mərhələdən ibarət idi – bəsit bilikləri yoxlamaq üçün ilkin test, daha mütəşəkkil bilikləri yoxlamaq üçün ikinci test və müsahibə.
FLEX proqramının imtahanları payızda, CCI proqramınınkının isə qışda keçirilirdi.
Sinifdən müraciət edənlərin demək olar ki, hamısı FLEX-in ilkin testindən keçdi. O vaxt heç birimiz xüsusi hazırlığa da getmirdik, elə məktəbdə verilən biliklərə güvənirdik. İkinci testdə Nigardan başqa hamı kəsildi. Nigar təqaüd alıb, ABŞ-a getdi.
Sonra CCI proqramının da ilkin mərhələsindən keçdik. İkinci mərhələ üç aydan sonra baş tutacaqdı. Bu vaxt hazırlıq üçün ayrılmışdı. Mənim xüsusi hazırlığa nə həvəsim, nə də vaxtım var idi. Bu proqramlara da xüsusi əhəmiyyət vermirdim. Sadəcə hamı sənəd vermişdi deyə mən də getmişdim.
Amma atam mənim hazırlıq planlarım haqqında bir az başqa fikirdəydi. “Sən oxumalısan. Amerikaya getməlisən. Sənə müəllim tutacam.” dedi. Qəti şəkildə: “Ehtiyacım yoxdur. İstəmirəm. Amerikaya da getmirəm.” cavab verdim. Elə bildim, bu söhbət elə burada da qapandı. Amma necə deyərlər sən saydığını say, gör fələk nə sayır? Bu situasiyada fələk mənim dədəmdi. Səhəri gün məktəbdən evə gələndə gördüm ki, Rüstəm müəllim bizdədir.
Rüstəm Şahsuvarov ixtisasca bioloq idi, amma ingilis dilini də yaxşı bilirdi. Birinci sinifdə bizə “Sağlamlığın əsasları” dərsini keçirdi. Oxuduğum Avropa Liseyi eksperimental məktəb olduğu üçün məktəbdə rəsmi olaraq, qeyd edilən, amma əslində keçirilməyən dərslər var idi. “Sağlamlığın əsasları” da onlardan biri idi. Bu dərsdən yeganə yadımda qalan odur ki, dərslikdə təsvir olan bədən hissələrinin şəkillərini eynisini dəftərimizə çəkməli olurduq. Mən də yaxşı çəkə bilmədiyindən, həmişə onu kiməsə çəkdirirdim. Eyni şeyi sonra “Əmək” dərsində toxunma oyuncaqlarıyla, “Rəsmxət” dərsində isə çertyojlarla edirdim. Özüm çəkəndə çox səliqəsiz alınırdı deyə yüksək bal ala bilmirdim, bu isə mənim üçün çox vacib idi. İndi fikirləşəndə, bilmirəm kim daha çox haqsız idi, öz işlərimi başqalarına elətdirən mən, yoxsa kopyalamağa əsaslanan təhsil sistemimiz...
Rüstəm müəllim 40 yaşlarında ucaboy, mavigözlü, sarışın bir kişi idi. Çox maraqlı danışmaq tərzi vardı. Bütün hərfləri həddindən artıq dərəcədə aydın tələffüz edirdi. Hərdən auditoriya qarşısında çıxış etməyə hazırlaşanda, bütün hərfləri aydın dediyimizə əmin olmaq üçün güzgü qabağında durub, özümüzü izləyirik, bax, Rüstəm müəllim həmişə belə danışırdı.
Atam Rüstəm müəllimi cəbhədən tanıyırdı. 80-ci illərdə onlar bir yerdə mitinqlərə çıxmışdılar. İndi atam QHT rəhbəri, Rüstəm müəllim isə müəllim idi. Yenə də müxtəlif tərcümələri atam ona həvalə edirdi. İndi də qızının ABŞ-a hazırlığını ona tapşırmışdı.
Müəllim artıq evimizdə idi. Mən bu faktla barışmalıydım. Əlavə “İngilis dili” dərslərinə razılıq verməli oldum. Dərsləri nənəmin yataq otağında keçirdik. Bu otaqda qalın, yaşıl odeyallarla örtülmüş çarpayılar qoyulmuşdu. Dərs vəsaiti isə “Bonk” dediyimiz kitabdır. Dərslik hələ Sovet dövründə tərtib olunmuşdu. O vaxtı ingilis dilinin tədrisi üçün üç populyar dərslik var idi - “Bonk”, “Skulte” və “Eckirsley”. Dərsliklərin hamısının adı da müəlliflərin adı ilə gedirdi.
“Bonk” kitabında Sovet dövrü vaxtında vətəndaşların bir-birinə xitab etdikləri yoldaş (comrade) sözünə tez-tez rast gəlinirdi. Bir dəfə Rüstəm müəllim mənə comrade, seashore (yoldaş, dəniz sahili) sözlərindən ibarət cümlə qurmağı tapşırmışdı. Mən də I found corpse of the comrade on the seashore (Dəniz sahilində yoldaşın meyitini tapdım) cümləsini qurmuşdum.
Bu cümlə nədənsə Rüstəm müəllimin çox xoşuna gəlmişdi, bərk gülmüşdü.
Keçən ilsə eşitdim ki, Rüstəm müəllim rəhmətə gedib. O olmasa idi yəqin ABŞ-a gedə bilməzdim. Çox vaxt insanların bizim həyatımızdakı rolunu yalnız illər sonra anlayırıq, bir çox vaxt isə onlar öləndən sonra. Ona görə ilk başda bu dərslərə hirslənsəm də, sonradan xoşuma gəlməyə başladı.
Beləliklə, Rüstəm müəllimin köməyi ilə də imtahanın ikinci turundan keçdim və müsahibə mərhələsinə qəbul olundum. İntervyular “ISR Plaza”nın binasında keçirilirdi. O vaxtlar “ISR” Bakıdakı yeni stildə tikilmiş azsaylı göydələnlərdən biri idi. Müsahibədən əvvəl heç vaxt orada olmamışdım. Bu binanın salonları, otaqları mənə çox qlamur, pafoslu yer kimi gəlirdi. Ora böyük gözləntilərlə daxil olmuşdum. Girəndə isə görmüşdüm ki, içi çox sadə, tipik ofisdir. Yadımdadı ki, bir az məyus olmuşdum.
İntervüyə üç-üç qəbul edirdilər. Məndən başqa iki oğlan da var idi. Müsahibə paneli də üç nəfərdən ibarət idi – bir amerikalı qadın, bir amerikalı kişi, bir nəfər də azərbaycanlı kişi. İndi xatırladığım yeganə sual: “Bir xaricini Azərbaycan mədəniyyəti ilə tanış etmək istəsəniz, onu kiminlə görüşdürərdiniz?” idi. Mən: “Polad Bülbüloğlu” dedim. Deyəsən, sualı çox hərfi başa düşmüşdüm. Fikirləşmişdim ki, mədəniyyətdən ovaxtkı mədəniyyət nazirindən kim yaxşı danışa bilər. Yanımdakı oğlan isə: “Anam” demişdi. Onun cavabı mənə daha maraqlı və orijinal gəlmişdi. Amma o üçündən məni seçdilər.
ABŞ-a getmək üçün təqaüd qazanmaq xəbəri mənim üçün gözlənilməz oldu, amma yaxşı mənada yox. Orada keçirəcəyim bir il gözümdə min il idi. Təsəvvür edə bilmirdim orada bir ili necə gedəcəkdi. Bir ara öyrəndim ki, bəzi uşaqları bir illik təhsilə, digərlərini isə yay məktəbinə yollayırlar. Yay məktəbinə gedən qızla yerimi dəyişmək istədim amma icazə vermədilər.
Yəqin çoxları üçün belə davranışım qəribə gəlir. Özüm də özümü başa düşmürdüm. Niyə ətrafımdakı hər kəs (bizim qrupumuz 12 nəfərdən ibarət idi) Amerikaya getməsinə sevinirdi, kədərə boğulan niyə təkcə məndim? Əvvəllər düşünürdüm ki, bu ailəmə və sinif yoldaşlarıma çox bağlı olmağımdandı. Amma hamımız eyni ev tərbiyəsi görmüş uşaqlar idik, niyə o birilərində bu bağlılıq belə güclü deyildi? İllər keçəndən və psixoloqun yanına gedəndən sonra başa düşdüm ki, bu davaranışımın səbəbi dəyişikliklərə və yeniliklərə qapalı olmağımdan irəli gəlirmiş. Ömrüm boyu bu qorxunun üstündə işləməli, komfort zonamı tez-tez tərk etməyi bacarmalı idim ki, inkişaf edə bilim. 16 yaşım olanda ABŞ-a getmək istəməməyim də bundan doğurdu. O vaxt özümə qalib gəlib, gedə bilməyim isə inkişafım üçün çox böyük addım oldu.
Avqustda uçacağımı bilirdim. Beynim və ruhum bu fikirlə tam razı olmasa da, plan belə idi. Artıq bütün lazımi müqavilələri imzalamışdım, viza almaq prosedurları başlamışdı. İyun ayının dördü 16 yaşımı təntənəli şəkildə qeyd etmək istədim. Şənliyi “Dostluq” restoranında sinif uşaqları ilə birgə keçirtdim. Ad günüm yaya düşdüyündən, məktəbdə onu qeyd etmək imkanı olmurdu, amma bu il xüsusi idi. Demək olar ki, sinifdən hamı gəlmişdi. Üzərimdə uzun toxunma, bej rənglərdə yay sarafanı var idi. Saçımı düzləşdirmiş ucların isə yuxarıya doğru burmuşdum. Gözəl görünürdüm. Gözəl də gün oldu – yaxşı əyləndik, oynadıq, yedik-içdik. Sonra vidalaşma anı gəldi.
Şənlik restoranın ikinci, çıxış isə birinci mərtəbəsində idi. Uşaqlar mənimlə sağollaşdı və çıxışa doğru endi. Mən isə ikinci mərtəbənin eyvanında onlara baxmağa davam etdim. Birdən sanki, hamı sözləşmiş kimi eyni anda döndü və mənə əl elədi. Yaddaşımda da sevimli sinfimin şəklini belə həkk etdim.
Evə gələndə hədiyyələri araşdırmağa başladım. Çoxlarının kimə aid olduğunu anlaya bilmədim. Üstlərində yazı yox idi, hədiyyələrin verildiyi an da yadımda deyildi. Hətta anamla bir siyahı düzəltdik ki, çıxma üsulu ilə kimin nə verdiyini müəyyənləşdirim. O iki ağ göyərçin heykəlciyinin kimə məxsus olduğunu hələ də dəqiq bilmirəm. Amma onu saxlayıram.
ABŞ-a getməyimə yekun qərarımı verməyimə təkan isə heç gözləmədiyim yerdən gəldi. İyul ayı idi. Nardaranda, xalamgilin bağında idik. Xalam qızı qayınanasından danışırdı. Qayınanası həyatında 60 yaşında ilk dəfə təyyarə ilə Türkiyəyə səyahət edəcəkdi. “Yaxşı ki, qardaşı onun üçün bu imkanı yaratdı. Neçə yaşına çatıb, amma hələ də təyyarəyə minməmişdi. Bu gün-sabah birdən ölsə idi heç təyyarəyə minməyəcəkdi.” – dedi.
Mənim isə 16 yaşım vardı, mən də heç vaxt təyyarəyə minməmişdim. Halbuki, sinifdən neçə uşaq təyyarə ilə səyahət etmişdilər. Valideynlərimin də belə imkanı yoxdur. Birdən mən də bu şansı qaçırsam, heç vaxt təyyarəyə minməyəcəyəm - fikirləşdim. Ömrüm boyu təyyarəyə minmək qorxuma qalib gələ bilmərəm deyə, düşünüb, qərarımı verdim.
Səfər etdiyim gecəni yaxşı xatırlayıram. Reysim səhər saat doqquzda idi. Anam dedi ki, heç olmasa üç-dörd saat yatım, səhər saat altıda yola düşək. Mən iki saat yatdım. Səhər dörddə oyandım. Qardaşım da yatmamışdı. Kompüterdə “Texas” qrupunun “Dust in the wind” mahnısına qulaq asırdı. Mən də onun yanında oturdum və dinləməyə başladım. Mahnı çox qəmli idi. Dözmədim, bərkdən ağlamağa başladım. Günlərlə içimdə saxladığım gərginlik, narahatlıq, sıxıntı bir anda gözlərimdən süzüldü.
Atamla anam məni sakitləşdirməyə çalışdılar. Atam – “İstəyirsən, getmə” - dedi. Amma qərar artıq verilmiş, biletlər alınmış, mənə ABŞ-da host ailə tapılmış, hər şey düz-qoş olunmuşdu. Son anda fikrimi dəyişmək böyük məsuliyyətsizlik olardı. Bu isə mənim üçün yolverilməz idi. Ona görə də atama “Yox, gedəcəm” dedim.
Sonra qardaşıma aeroport və gediş haqqında suallar verməyə başladım. Üç il əvvəl o da eyni proqramla Amerikaya getmişdi. Təkbaşına uçurdum. Qrupumuzdakı uşaqlar artıq getmişdilər. Təkcə mən qalmışdım. Həyatımda ilk dəfə xaricə səyahət edəcəkdim. İlk uçuşumda dörd təyyarə dəyişməli olacaqdım. Marşrutum – Bakı-İstanbul-Çikaqo-Denver-Pueblo idi. Orada da məni ailəm qarşılayıb yaşayacağım Las Animas şəhərinə aparacaqdı. Çikaqoda terminal da dəyişmək lazım idi. Rəşid suallarıma başdansovdu cavab verirdi deyirdi ki: “Narahat olma, itməyəcəksən, orada hər yerdə işarələr var. Hər şeyi görəcəksən. Sadəcə işarələri izlə...” Onun üçün hər şey asan görünürdü. Mən isə çox narahat idim, əbəs yerə də deyildi. İngilis dilini bilsəm də, qorxurdum ki, həyəcandan nə isə unuda bilim və ondan bəzi ifadələri mənə deməyini istəyib, dəftərimə yazdım – “I miss my flight” (Mən reysimi qaçırtdım), “ I lost my luggage” ( Mən baqajımı itirdim). Elə bil, hiss etmişdim ki, gələcəkdə bu ifadələr mənə çox lazım olacaq.
Mənim 16 yaşım var idi və mən ABŞ-a getməyə hazılaşırdım.
Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb