Mətanət Vahid
Ənənəvi, birtərəfli yanaşsaq, bədii həqiqətlərin “müəllif burada nə demək istəyir?” mesajı arayışına çıxsaq, Əli Zərbəlinin bir çox hekayələrindən əlimizi üzüb “yaza bilmir” deyəcəyik. “Hər şey dəyişəndə” toplusundakı hekayələr isə yeni çağın, yeni ədəbiyyatın mətnləridir – fərqliliyə, ən azı, cəhdlər var. Aylar öncə Əli Zərbəlinin toplusunu müzakirə edərkən dediyim kimi, “Ürəkbulanma” hekayəsini kitab üçün çox da uğurlu başlanğıc hesab etmədiyimdən ondan əvvəldə bəhs etməyi uyğun bilmirəm. Kitabda ən çox sevdiyim, ustaca yazılmış hekayə, məncə, gənc müəllifin ən uğurlu mətnidir.
Əli Zərbəlinin “Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti” hekayəsi yazı prosesinin özünü yazıya çevirən (Ulucayın “Nərgiz” hekayəsi kimi), müəlliflik və yaradıcılığın fərdi ifadə imkanlarına vurğu edən eksperimental mətndir. Klassik süjet yerinə, fraqmentarlıq, lüğəvilik, unudulduğu üçün təkrarlanan detallar (!) və hallüsinasiyavari təsvirlər gənc müəllifin “yaradıcı çılğınlığı”nın ifadəsi kimi ön plandadır.
Əli Zərbəlinin hekayəsi mənə Patrik Züskindin “Ədəbi amneziya” essesini xatırlatdı. Alman yazıçı ədəbi yaddaşsızlığ(ın)a ironiya edirsə, gənc müəllifin hekayəsində “itmiş sözlər” dilin və bu kontekstdə kimliyin unudulması ilə bağlı rəmzi çalar qazanır. Hər iki əsərdə yaddaşın itməsi nə qədər fərdi xarakterli kimi görünsə də, ədəbi\mədəni nəticələri nişan verir. Məncə, Əlinin hekayəsində ədəbi-mədəni müasirliyin (demək, gələcəyin də) milli\tarixi və fəlsəfi-psixoloji kontekstlərdə dil yaddaşı ilə bağlılığı da qabardılır.
Əsas fikri yaradıcı orijinallıq və təkrarlar\bənzəmələr üzərində qurulan hekayədə eyni “kitab”ı yazdıqlarını düşünən Musa və Məmməd (ad seçimindəki dini-tarixi vurğu gözardı edilməməlidir) adlı iki yazıçı bir-birini ideya oğurluğunda ittiham edir. Hər ikisinin “yaradıcı axtarışları” yalnız özünəməxsus olacaq qədər fərdiliklə yanaşı, həm də inanılmaz dərəcədə ortaq\bənzərdir. Bir-birini təkrarlayıb eyni şeyləri yazan, bir növ, bir-birinin içərisindən boy verən Musa və Məmməd yaradıcı insanın ikiyə ayrılmış “mən”i, yazı prosesindəki daxili dialoqun proyeksiyası, Z. isə bu iki səsin müşahidəçisi kimi də qəbul oluna bilər. Hekayədə yazı müəllifin varolma çabası ilə yanaşı, özünə nəzarəti itirmə prosesinə çevrilir.
Müasir yazıçının orijinal olma imkanlarının sürətlə daraldığını göstərən hekayədə yazmaq bacarığı ilahi vergi olduğu qədər, həm də lənətdir: qəhrəmanlar fərqində olmadan oxuduqlarını yazırlar, yazdıqlarını unudur, unutduqlarını tapıb cırır və yenidən yazırlar. İzahlı lüğət formasında qurulmuş hekayədə “yazmaq”, “oğru”, “cırmaq”, “kitab(lar)”, “narahatlıq”, “xoşbəxtlik” və s. anlayışlar leksik izahlarla yanaşı, həm də psixoloji açıqlama ilə təqdim olunur. Hekayədə sözlər sabit məna daşımır, situasiyaya və subyektə görə dəyişir.
Yazıçının öz yaratdığı “kölgə” ilə psixoloji toqquşması yaradıcılığın heç vaxt tamamlanmadığı fikrinin bədii ifadəsidir. “…bəzən bir cümlə onlarla səhifə davam edirdi gözlərimi yumub xəyalımda beynimi yarırdım və fasiləsiz qaynayan qanlı qeyzer – bunlar o axtardığım sözlər idi – boş vərəqlərin üzərinə fışqırırdı ancaq birdən saatlarla günlərlə hətta aylarla yazdğım mətnlərin əslində mənə aid olmadığının fərqinə varırdım mən necə sarsaq necə sərsəri işlərələ məşğul olurammış bir də ayılırdım ki əslində aylar bəlkə də illər öncə oxuduğum kitabların üzünü köçürürəmmiş dəhşətdir sən demə həmin o vəcdə gələrək yazdğım sözlər mənə məxsus deyil imiş”. Z. obrazının öz mətninin içindən keçməsi, yazdığını “yaşaması” və hekayənin sonunda cümləni tamamlayıb stula yayxanması ilə Əli Zərbəlinin hekayəsi sonsuz dövr(iyy)əyə girir.
Yazanın nə dərəcədə müəllif, nə dərəcədə surət\kölgə olduğunu sorğulayan hekayə yazı prosesinin əsl mahiyyətini qabartmaqla, sözə pəncərə deyil, güzgü kimi yanaşır. Ədəbiyyatın əsas qəhrəmana çevrildiyi, ideya, ilham, yaddaş, mətn, plagiat, müəlliflik anlayışlarının çək-çevir edildiyi bu metamətndə oxucuya əhvalata aludə olub süjetin arxasınca düşmək yerinə, YAZInın daxili mexanizmini izləmək təklif olunur.
Əli Zərbəlinin “müəllif ölümü”nü gerçəkləşdirdiyi bu mükəmməl hekayəsində çatışmayan tərəf yalnız oxucudur. Müəllifi “parçalanmış”, yoxa çıxmış “Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti” hekayəsindən zövq ala bilmək üçün oxucu müşahidəçiliyi buraxıb, “yazıçının yeri”ni almalıdır. Hər yaxşı oxucu yazmağa başlayıb içindəki yaratmaq potensialını yazı ilə öldürməməli, oxu prosesi ilə onu daim diri saxlamalıdır.
Əli Zərbəlinin qara yumor üzərində qurulmuş, sosial-psixoloji motivli, pritçavari “Qəhqəhə” hekayəsi kəndin reallıqları ilə yanaşı, bir ailənin faciəsi və ona münasibət timsalında usandırıcı yeknəsəqlik və rəngsizliyin içərisində bir damcı rəng arayışıdır: “Usandırıcı yavaşlığın hökm sürdüyü vaxtlarda heyrətamiz olaylar yekrənglikdən və bezginlikdən çatlayan ürəklərə məlhəm olur, misgin həyatlara rəng qatır, sıxıntıdan köks ötürən fağırların dadına çatır. Bu gözlənilməz, sirli vaqiələrin kədərli, yaxud ürəkaçan olması o qədər də əhəmiyyətli deyil, əsas odur, bu hadisə rəvayətlər, fərziyyələr doğsun, gözləri təəccübdən bərəltsin, barmaqları ağızlarda qoysun.” Süjeti qeyri-adi, hətta absurd hadisə üzərində qurulan hekayədə adamın gülməkdən ölməsi metaforadır. Abbasın sonunu gətirən qəhqəhəsi hekayənin ilk cümləsindən təsvir edilən “can sıxıntısı”ndan qurtuluşdur, isterikadır, susduqlarını hayqırıb ölməkdir – kamikadzelikdir. Hekayə xəbərlərin ildırım sürətilə yayıldığı və şayiələrin şişirdilib böyüdüldüyü, televiziya efirləri və sosial medianın ömrümüzə hakim kəsildiyi bu zamanın gərdişinə atılan gurultulu qəhqəhədir – gülürük ağlamalı halımıza… Baş verən qəfil faciəyə deyil, ona yanaşmaya olan zərif ironiya mətn boyu hadisələri izləyir.
İnsanlara sehir, əhvalat, dedi-qodu edə biləcəkləri mövzu, situasiya, bir sözlə, “əyləncə” lazımdır. Bir hadisənin məntiqi izahı, qanunauyğun nəticəsi varsa, o, gözdən düşür, şüuraltı olaraq həmin əhvalata min cür don geydirib ətrafına sirr pərdəsi çəkirlər. Abbasın qeyri-adi, heyrətdoğuran ölümünü həkim Fətəliyev tibbi cəhətdən izah etsə də, kənd əhalisinə bu versiya maraqlı və cəlbedici gəlmədiyinə görə tez unudurlar. Əli Zərbəli bu hekayə ilə cəmiyyətə həqiqətin deyil, tamaşanın gərəkli olduğunu gülməkdən ölən Abbasa münasibət timsalında nümayiş etdirməyi, sosial motivi uğurlu bədii həll vafriantında təqdim etməyi bacarır.
Abbas “gülən ölü” kimi, qayınatası Hafizi təəccübləndirir; hekayədə “Abbas, həqiqəqtən, ölüyə bənzəmirdi” fikri təkrarlanaraq başqa ölülərdən fərqliliyi təsvir edilir. Bu təsvirdən isə oxucu bir ölüdən daha çox, gülməyə hazırlaşan cavan oğlanı “görür”. Sonda “kopya atası” olan Nihadın hər qəşş edib güləndə anası Sənubərin ürəyinin düşməsi detalının hekayənin başlanğıcındakı cümlələri qapatması Əli Zərbəlinin mətnyaratma prinsiplərinə bələdliyindən xəbər verir.
Hekayənin uğursuz cəhəti isə zaman anlayışında, bir növ, qarışıqlıq olmasıdır. Həmçinin Sənubər və Abbas gənc ailə olsa da, müəllif onları vaxtsız “qocaldır” – davranış və nitqləri ilə yaşlarından xeyli böyük görünən bu obrazlar inandırıcı təsir bağışlamır. Başqa bir tərəfdən, absurd üzərində qurulan hekayədə bunlar gənclərin “qocalığı”nı vurğulamaq üçün müəllifin düşünülmüş seçimi də ola bilər.
“Ürəkbulanma” hekayəsində Emilin Rokantensayağı (J.P.Sartr “Ürəkbulanma”) ürəkbulanması həm yorucu günü arxada qoyub mənzil başına çatmağa çalışan, tıxacları yarıb evə dönən qəhrəmanın sıradan bir günə reaksiyasıdır, həm də beləcə mənasızlıq içrə yaşanıb gedən iyirmi doqquz illik ömrə münasibətdir.
Doğum gününə tələsən Emil tıxacdakı dəhşətli ölüm səhnəsinə şahid olur. Dostunun evinə gələndən sonra da bütün məclis boyu nə o mənzərə gözü önündən çəkilir, nə özü xoş əhvala köklənə bilir. “Ürəkbulanma” cansıxıcı əhvalatın boz atmosferinə uyğun sıxıcı bir təhkiyə ilə də davam edir. Bu mənada, müəllifin yaratdığı tablo üçün bilərəkdən solğun rənglər seçməsi anlaşılandır. Varlıqla yoxluq, həyat və ölüm, xeyirlə şər arasında keçən ortabab ömürlərin yaratdığı mənasızlığı ifadə edən hekayədən oxuyandan sonra heç nə qalmır – qovuq-ömür kimi: “Ona elə gəldi ki, yatmamışdan əvvəl həyat haqda nəsə çox vacib bir qənaətə gəlmişdi. Gözlərini qaranlığa zilləyib nə qədər fikirləşsə də, bu qənaətin nə olduğunu xatırlaya bilmədi.”
Kitabın ən təsirli hekayəsi olan “Adamlar və çinarlar”da nə döyüş var, nə düşmən, müharibənin heç keçməyəcək fəsadları, silinməz izləri var. Gənc müharibə iştirakçısı Nurlan döyüşlərdən aldığı travmaya görə uşaqlıq dostu və cəbhə yoldaşı Cavidin ölümünü qəbul edə bilmir. Hallüsinasiya halında gah dostu, gah da qatar qəzasında həlak olan anası ilə danışır: “Deyirlər, o çinarın min yaşı var. Mən doğulanda atam kəndimizdə çinar əkibmiş. Babam deyərdi ki, övladı dünyaya gələn ata çinar əksə, uşaq uzunömürlü, xəta-bəladan uzaq olurmuş.” – Cavidin bu sözləri arzu və gerçəklik arasındakı təzadı əks etdirir: inanclar bir şey deyir, müharibə, güllələr başqa şey…
Ümumiyyətlə, gənc yazıçılar sələflərinin bir çoxundan fərqli olaraq müharibəni döyüş meydanı və cəngdən daha çox, insan faciəsi olaraq görürlər. Mövzunun uğurlu bədii həllinə nə dərəcədə nail olduqları hər yazarın təcrübə və ədəbi yanaşmasından asılı olaraq dəyişir. Gənclər özlərindən öncəki ədəbi nəsil(lər)dən fərqlənmək, ədəbiyyata yeni ölçü və dəyərlər qatmaq, hətta mümkünsə, köhnə relslərdən çıxarıb yeni istiqamətə üz tutmaq istəyirlər. Bəs buna nə dərəcədə nail olurlar? Məsələn, Əli Zərbəlinin yaradıcılığı ədəbiyyatımız üçün nə dərəcədə yenidir?
Fərqli texnikalarla qurulmuş, fərqli üslublarda yazılmış hekayələr “Hər şey dəyişəndə” kitabını eksperimentlər toplusu kimi görməyə imkan verir. Əli Zərbəlinin ən çox ekzistensial vakuumu nişan verən mətnlərindən yeni dövr ədəbiyyatının nəsr potensialı boy verir. Bu potensialı gerçəkləşdirmək daha çox zəhmət, bir az da öz təcrübəsindən dərs çıxarmağı tələb edir. Gənclərin öz yaradıcılıqları ilə köhnəliyə meydan oxuma meyilləri, eksperimentlərə çalışması təqdir olunasıdır. Təki bunlar mətnlərdə ilğım kimi görünüb ədəbi yaddaşa keçməyən spontan aktlar olmaya. Çünki istənilən uğurun əsas səbəblərindən biri davamlılıqdır.