“Anar hələ də yapışıb Təhminənin quyruğundan” - Seymur Baycanla müsahibə

“Anar hələ də yapışıb Təhminənin quyruğundan”   - Seymur Baycanla müsahibə

12:21 420


Yeniyaz.az yazıçı Vüqar Vanın yazıçı Seymur Baycanla müsahibəsini təqdim edir.

– Bu yaxınlarda “Park” Nəşriyyatında üç kitabınız nəşr olundu. Özünüzün seçdiyi və ən yaxşı yazılarınız hesab etdiyiniz “Həyata yekun vurarkən” ikicildliyi və həmmüəllifi olduğumuz “Pişiyə qalib gələn qəhqəhələr” hekayələr kitabı. Gəlin, əvvəlcə, “Həyata yekun vurarkən” kitabından danışaq. Kitabdakı yazıları hansı meyarlar üzrə seçmisiniz?

– Daha çox kitablar, filmlər, ayrı-ayrı yazıçılar haqqında yazdığım, aktuallığını itirməyən yazılara üstünlük vermişəm. Elə yazılara ki, üç ildən, beş ildən sonra da oxumaq, həzz almaq, faydalanmaq mümkün olsun. Yazılarım ora-bura dağılmışdı. Yaxşı yazıları bir yerə yığmaq lazım idi. Yazıları yığanda çox vasvasılıq etdim. Xeyli yazı kitabdan kənarda qaldı. Hərçənd başqaları həmin yazıları yazsaydı özlərini çox xoşbəxt hiss edərdilər. Başqa cür ifadə etsəm, mənim kitaba salmadığım, meyarlarıma cavab verməyən bir xeyli yazılar başqasının publisistikasının zirvəsi sayıla bilər. Kitabların pdf variantlarını görəndə özümə hörmətim artdı. Birdən-birə dərk etdim ki, həqiqətən də bu ötən illərdə xeyli yazılar yazmışam. Mirzə Cəlildən sonra Azərbaycan ədəbiyyatında heç kim bu dərəcədə aktiv publisistikayla məşğul olmayıb."Həyata yekun vurarkən" kitabı bir gəncə Azərbaycanın bütün ali məktəblərndən daha çox fayda verə bilər.

– Bəs bu cür aktiv publisistikanın bir yazıçı kimi sizə ziyanı olubmu?

– Heç bir ziyanı olmayıb. Ancaq xeyri olub. Publisistika nəyi yazıb nəyi yazmamağı, sözü, yazını, mövzunu hiss etməyi öyrədir. Qələmi cilalayır, daima formada saxlayır. Bunlar isə yazı adamı üçün çox vacib şərtlərdir.
Yeri gəlmişkən, gənclərin publisistikayla zəif məşğul olması çox mənfi haldır. Əhatəli, geniş yazılar çox az yazılır. Əsərlər haqqında yazılar çox az görünür. Məncə, bunun əsas səbəbi sosial şəbəkələrdir. Təkrar biliyin anasıdı. Bir dəfə demişəm bir daha təkrar edirəm. Sosial şəbəkələr düşüncənin, məhsuldarlığın qatı düşmənidir. Fikrin, mövzunun bişib, yetişib yazıya çevrilməsinin qarşısını alır. İndi sizin vəhşicəsinə oxuyan, öyrənən, yazan vaxtınızdır. Vaxtınızı və enerjinizi sosial şəbəkələrdə xərcləmək cinayətdir. Məhsuldar olmaq lazımdır. Yazmaq, yazmaq, yenə də yazmaq!

– İstər publisistikanızda, istərsə də, bədii mətnlərinizdə şəxsi təcrübələrə, xatirələrə geniş yer verirsiniz. Ümumiyyətlə, oxucu ilə bu qədər açıq danışmaq yazıçının xeyrinədir, yoxsa ziyanına? Yəni şəxsi həyatla ədəbiyyatın sərhədi haradadır? Yazıçı harda dayanmalıdır?

– Oxucuyla açıq danışmağı hər yazı adamı bacarmır. Oxucuyla açıq danışmaq üçün gərək yazı adamı səmimi, azad olsun. Məsələn, AZTV demişkən, uzağa getməyək, götürək Anar müəllimi. Yaşı doxsana yaxınlaşıb. Öz xatirələrini yazsa, nə qədər maraqlı olar. Şəxsən mən çox maraqla oxuyaram. Amma gərək səmimi, cəsarətlə, açıq yaza. Yaza bilər? Yox. Çünki azad deyil. Kreslo, tutduğu vəzifə səmimi olmağa imkan verməz. Yaşı doxsana yaxınlaşıb, hələ də Təhminədən, Zaurdan danışır. Bu dəqiqə onun yerlə-göylə əlləşən, ağır-ağır suallara cavab axtaran vaxtıdır. Bu insan hələ də yapışıb Təhminənin, Zaurun quyruğundan, buraxmır, buraxmaq istəmir.

Yaxud da götürək Rəşad Məcidi. Yazıçılar Birliyində baş verənləri yazsa, nə qədər maraqlı olar. Yazıçılar Birliyində mövzu qarışqa kimi qaynayır. Bəs Rəşad müəllim orda baş verənləri yaza bilər? Yaza bilməz. Çünki sərf eləmir. Bəs nə yazır? Sevgi mesajları. Ağsaqqal kişidir, hələ də sevgi mesajları yazır.

Bu dəqiqə nə qədər yazı adamı var ki, öz həyatları yazdıqlarından min dəfə maraqlıdır. Nə qədər adam var ki, mövzunun, həyatın içindədir, amma düşük-düşük şeirlər, həyatdan uzaq, ölü doğulmuş kitablar yazırlar. Çünki azad deyillər. Söhbət təkcə vəzifədən, kreslodan getmir. Ümumiyyətlə, azad deyillər. Biri ərindən qorxur, biri arvadından, biri qayınanasından, biri qayınatasından...

Bir xanım yazıçı öz həyatından çox maraqlı hadisələr nəql edirdi. Dedim, bunlar çox maraqlı hadisələrdir, niyə bunları yazmırsan? Qayıdıb nə desə yaxşıdır? Dedi, bunları yazsam, nişanımı qaytararlar. Nişanının qaytarılmasından, boşanmaqdan qorxan adam nə yaza bilər? Üzüyünün qaytarılmasından qorxan adam yazıda nə qədər səmimi, nə qədər cəsarətli ola bilər? Bu söhbətin üstündən təxminən bir il keçəndən sonra kitabı çıxdı. Düşük, tamamilə həyatdan uzaq bir sevgi romanı yazmışdı. Oxuduqca ətim qram-qram yox, kilo-kilo tökülürdü.

Belə hallar çox olub. Çox maraqlı hadisələr, əhvalatlar danışıblar. Demişəm bunu yaz. Biri deyib ərimdən qorxuram, biri deyib arvadımdan qorxuram, biri deyib ki, “əşi sən nə danışırsan, ədəbiyyat tamam başqa şeydir”. Sonra kitabları çıxır. Görürsən ki, ölü bir kitab yazıb.

Bəzilərinə də intellektual pafos mane olur. Zirədə bir yunan futbolçu vardı. Deyəsən, tez-tez qırmızı kart alırdı. Bir dəfə Rəşad Sadığov onun haqqında demişdi ki, həyatda çox mehriban adamdır, amma meydana çıxanda elə bil dəli olur. İndi Rəşad Sadığovun sözü olmasın, xeyli yazı adam var ki, danışanda görürsən, çox maraqlı əhvalatlar, hadisələr danışır. Belə baxanda görürsən maraqlı adamlardır, azdan-çoxdan həyat görüblər. Elə danışdıqların bir az duzlayıb-istiotlasalar maraqlı kitab alınar. Amma əllərinə qələm götürəndə elə bil bunlara nəsə olur. Axmaq-axmaq, həyatdan uzaq hekayələr, romanlar yazırlar.

Azərbaycan yazıçıları cin iynədən qorxan kimi həyatdan qorxurlar. Bunun da ən əsas səbəbi azad olmamaqdır. Azad olmayan adam da azad adama nifrət edir. Ona görə də azad olmayan adamlar oxucuyla səmimi, açıq danışan yazıçıları hər fürsətdə gözdən salmağa çalışırlar. Min cür hoqqa çıxararaq həm özlərinə, həm də camaata təlqin edirlər ki, guya ədəbiyyat tamamilə başqa şeydir. Elə oxucuların da çoxu belə düşünür.

O ki, qaldı “sərhəd hardadır? ”, “yazıçı harda dayanmalıdır?” məsələsinə, bunu hər adam özü müəyyən edir. Əlbəttə, burda təcrübə, peşəkarlıq, ədəbi xammalı, həyatda gəldiyin nəticələri yaradıcılıq laboratoriyasından necə keçirmək də əhəmiyyətli rol oynayır. Şəxsi həyatdan yazmaq o demək deyil ki, əlinə qələmi götürüb birinci şəxsin dilindən bütün həyatını olduğu kimi yazırsan. Qətiyyən. Öz həyatını, hisslərini müxtəlif formalarda yaza bilərsən. Məsələn, “Çirkin ördək balası”nda Anderson özünü yazıb. Qreqor Zamza kimdir? Kafkanın özü.

– Bir az da “Pişiyə qalib gələn qəhqəhələr” kitabından danışaq. Bir-iki uğursuz istisnanı çıxmaq şərtilə son dövrlərdə iki müəllifin birlikdə kitab yazdığını xatırlamıram. Mənlə bir yerdə işlədiyiniz üçün tənqidlər də oldu ki, Seymur 25 yaşlı uşaqla kitab yazıb.

– Belə tənqidi münasibətlərin olması təbiidir. Yazıya qarşı çox tələbkaram. İstər yerli olsun, istərsə də xarici, heç bir yazıçının mükafatı, tirajı, vəzifəsi məni qorxuda bilməz. Yazı əgər pisdirsə, birbaşa deyirəm ki, pisdir. Əgər yazı yaxşıdırsa, birbaşa deyirəm ki, yaxşıdır. Yazıçının aldığı mükafatlar, tirajı, məşhurluğu məni zərrə qədər də maraqlandırmır. Artistliklə, intellektual pafosla, forma, nə bilim, struktur oyunları, yalançı parıltılarla məni aldatmaq, qorxutmaq demək olar ki, mümkün deyil. Əgər söhbət yazıdan gedirsə, tərif deməkdə çox xəsisəm.

Təvazökarlıqdan nə qədər uzaq görünsə də, deməyə məcburam ki, mən nəsri çox yaxşı bilirəm. Ona görə də sənin təbirincə desəm, 25 yaşlı uşaqla kitab yazmağım bəzi yoldaşların təəccübünə səbəb oldu. Mən çoxdan birlikdə kitab yazmaq istəyirdim. Yazılarının birində yazmışdın ki, istəyirəm yoldan keçən qoca bir kişini itələyim, yıxılsın beli sınsın. O cümləni oxuyanda dedim ki, bu adam dəliliyə meyllidir, bununla bir yerdə kitab yazmaq olar.

– Bu kitabda nə etmək istəyirdiniz, nəyi edə bildiniz, nəyi edə bilmədiniz? Ümumiyyətlə, kitab ürəyinizcə oldumu?

– Orxan Həsəni kitaba çox gözəl ön söz yazıb. Belə demək mümkündürsə, kitabın bütün anatomiyasını açıb. Mənim məqsədim karnaval estetikasında yazılmış hekayələrlə müasir dövrün mənzərəsini yaratmaq idi. Biz indi kütləvi təlxəklik, kütləvi çaşqınlıq dövründə yaşayırıq. Bunu kitabda göstərməyə nail oldum.

– Bu kitabı tək yazsaydız, necə olardı?

– Müasir həyatın ümumi xətləri, ab-havası, ahəngi mənə aydındır, amma detallardan çox da xəbərim yoxdur. Məktəbin yaxınlığında yaşayıram. Hər gün səhər gəzməyə çıxanda məktəbin qarşısından keçirəm. Hər gün müəllimləri, məktəbliləri görürəm. Mənim oxuduğum məktəblə hər gün qarşısından keçdiyim məktəbin arasında heç bir əlaqə, körpü, bağ qalmayıb. Tamamilə yeni insan tipləri ortaya çıxıb. Hərdən mənə elə gəlir ki, min il bundan əvvəl məktəbdə oxumuşam. Demirəm, o dövrdə hər şey əla idi. Qətiyyən. Sadəcə demək istəyirəm ki, hər şey o qədər dəyişib ki, mənim oxuduğum məktəblə bugünkü məktəb arasında min illik məsafə, uçurum yaranıb. Mən həyatdan çox uzaqlaşmışam. Sən isə gəncsən. Həyatın içindəsən. Əgər sənin müasir həyata aid yazdığın çoxlu vacib detallar olmasaydı, kitab çox quru, sönük alınacaqdı. Açığın desəm, mən bu kitabı tək yaza bilməzdim. Gücüm çatmazdı.

– Bəs kitabda ən xoşunuza gələn hekayə hansıdır və nə üçün həmin hekayəni daha çox bəyənirsiz?

– Kitabdakı hekayələrin hamısı bir-birindən aktualdır. Dil, mövzu, həm də forma cəhətdən hekayələr yenidir. Amma bununla belə “Yeni dövrün tələbləri”, “Seçilmiş qəzəllər”, “Soğan iyi verən bıçaq”, “Sarımsaqlı badımcan şorabası” hekayələri digərlərindən, məncə, daha yaxşı alınıb.

– Dediniz ki, biz indi kütləvi təlxəklik, kütləvi çaşqınlıq dövründə yaşayırıq. Niyə, hansı əsaslarla belə bir nəticəyə gəlmisiniz?

– Keçən il bu mövzuda “Kütləvi təlxəklik və tərbiyəsizlik dövrü” adlı yazı yazmışdım. Yaşadığım yerin yaxınlığında uşaq bağçası da var. Hər gün səhər gəzməyə çıxanda telefonla oynaya-oynaya bağçaya gedən uşaqları görürəm. Heç cürə başa düşə bilmirəm ki, bir valideyn bağçaya gedən uşağın əlinə necə, hansı ağılla, hansı məntiqlə, hansı başla, hansı şüurla telefon verə bilər? Bu suala cavab tapmaqda acizəm. Uşağın əlinə telefon vermək cinayətdir.

İki gün əvvəl marketə getmişdim. Marketdə bir qadın gördüm. Qadının yanında uşaq vardı. Qadın mal seçirdi, uşaq isə telefonla oynayırdı. Daha dəqiq desək, uşaq telefonun içinə girmişdi. Marketin müxtəlif şöbələrində bu ana-balaya bir neçə dəfə rast gəldim və hər dəfə də eyni mənzərəni gördüm. Qadın mal seçirdi, uşaq isə telefonun içinə girmişdi. Bu uşaq üçün ətraf aləm mövcud deyildi. Bir dəfə, bircə dəfə başını qaldırıb ətrafa baxmadı. Bu uşağın başını qaldırıb ətrafa baxdığın görmədim.

Mən öz uşaqlığımı xatırladım. Bazara, dükana getmək, xüsusilə böyüklərlə dükana getmək mənim üçün necə maraqlı idi... Evin böyük uşağı olduğuma görə çox vaxt çörək, qənd, sabun, gündəlik tələbat malları almağa məni göndərirdilər. Mən də üzüyola uşaq idim. Hara göndərirdilərsə, gedirdim. O vaxt indiki kimi hər küçənin başında, hər binanın altında market yox idi. Nəsə almaq üçün bir kilometr, iki kilometr, bəzən üç kilometr yol getməli idin. Etiraf edim ki, dükana getməkdə həm də maddi marağım vardı. Pulun qalanını özümə götürürdüm. Başqa maxinasiyalara da əl atırdım. Məsələn, çəkiylə nəsə alanda yarım kilo az alırdım. Ordan qalan pulu limonada verib elə mağazada da başıma çəkib içirdim. Yaxud donduram alıb yolda yeyirdim. Amma böyüklərlə dükana, bazara getmək daha maraqlı idi. Ona görə də malların düzülüşü, görünüşü, dükanlardakı, bazardakı ab-hava, söhbətlər, satıcılar yadımdadır. Bəs yaxşı, telefonun içinə girmiş uşaq gələcəkdə, qocalanda nə xatırlayacaq? Axı insan həyatı xatirələrdən ibarətdir.

Bəzi valideynlər qulaqları dinc olsun deyə telefonu verirlər uşağın əlinə. Deyirlər ki, qoy uşaq telefonla oynasın təki başı qarışsın, təki səsi çıxmasın. Daha fikirləşmirlər ki, uşağın əlinə telefon verməklə uşağın həyatın, gələcəyini məhv edirlər. Telefonla oynayan, telefona öyrəşən uşaq üçün canlı ünsiyyət, təbiət, dağ, meşə, dərə-təpə, dəniz, heyvanat aləmi, gəzmək, hərəkət eləmək, kitab-dəftər, məktəb, oxumaq, düşünmək tamamilə maraqsız olur. Uşaq fiziki, əqli cəhətdən inkişaf etmir. Sosiallaşmaqda əziyyət çəkir. Ümumiyyətlə, sosiallaşmağa maraq göstərmir. Mən burda heç bir Amerika kəşf etmirəm. Bu barədə ciddi həkimlər, alimlər, mütəxəssislər danışırlar, həyəcan təbili çalırlar. Uşağa telefon verən valideyn öz əliylə övladının həyatını, gələcəyini məhv edir. Deyir ki, a bala, al telefonla oyna, həyatını, gələcəyini məhv et, amma təki səsin çıxmasın, təki məni narahat etmə.

Uşaqları da qınamalı deyil. Uşaqlar daima böyükləri yamsılamaq istəyirlər. Böyüklər nəyə maraq göstərirlərsə, uşaqlar da ona maraq göstərirlər. Uşaqlar böyüklərə büt kimi baxırlar. Əgər böyüklər bütün günü telefonla oynayırlarsa, kitab, qəzet, jurnal oxumurlarsa, teatra, muzeyə getmirlərsə, təbiət qoynuna çıxıb açıq havada gəzmirlərsə, təbiətlə ünsiyyətdə olmaqdan, dağdan, meşədən, çaydan, ağaclardan həzz almırlarsa, əlbəttə ki, uşaqların da fikri-zikri ancaq telefonda olacaq.

Mən adamları hər gün kənardan müşahidə edirəm. Görürəm ki, bir ailə oturub kafedə hamısı başını soxub telefonun içinə. Ünsiyyət yoxdur, söhbət yoxdur. Başların telefonun içinə soxub yol gedirlər, yol keçirlər. Bir şeyi dəqiq başa düşmək lazımdır ki, bütün günü telefonla oynayan adamla narkoman arasında heç bir fərq yoxdur. Xülaseyi-kəlam, uşağın əlinə telefon verməklə uşağa narkotik maddə vermək mahiyyətcə eyni şeydir.

– Bütün bunlar sizə yaşadığımız dövrü kütləvi təlxəklik dövrü adlandırmağa əsas verir.

– Təsəvvür et ki, ildə bir kitab oxumayan, ildə bir dəfə teatra, ciddi konsertə getməyən adamların əllərində son model telefonlar var. Deməli, bu adamların daha da səviyyəsiz olması, müasir meymuna çevrilməsi üçün hər cür münbit şərait yaranıb. Təsəvvür et ki, canlı efirə çıxıb ağzına gələn söyüşləri söyən, atasının üzünə tüpürən bir uşaq ölkənin ən məşhur uşağına çevrilib. Bu uşağın vasitəsilə mağazalar, kafelər, restoranlar reklam olunur. Ağzına gələn söyüşləri söyən, atasının üzünə tüpürən bir uşaqla adamlar şəkil çəkdirirlər. Bu uşağın ciddi fanat ordusu var.
Yaxşı, bunun adı kütləvi təlxəklik dövrü deyilsə, bəs onda nədir? Sosial şəbəkələr insanlara məşhur olmaq imkanı yaradıb. Hər adam, hər media orqanı bu cazibənin qarşısında öz ləyaqətini, təmkinini, ciddiliyini qoruyub saxlamağı bacarmır. Bizim indi yaşadığımız dövr insandan təlxək olmağı, səviyyəsiz olmağı tələb edir. Məncə, insanlar qısa müddət ərzində baş vermiş bu qədər texnoloji yeniliklərə hazır deyildi.

Məsələnin faciəvi tərəfi həm də ondan ibarətdir ki, inkişaf etməmiş xalqlara, ölkələrə, adamlara texnoloji yeniliklər daha ağır zərbələr vurur. İnkişaf etmiş ölkələrdə institutlar, fondlar, dərnəklər, faydalı ənənələr əyləc rolun oynayır. İnkişaf etmiş ölkələrdə institutlar, fondlar, faydalı ənənələr azdan-çoxdan balansı qorumağa çalışırlar. İnkişaf etməmiş ölkələrdə bu əyləclər yoxdur. İnkişaf etməmiş ölkələrdə qaydasız döyüş gedir.

– Faydalı ənənələr deyəndə nəyi nəzərdə tutursunuz?

– Fondların, ayrı-ayrı fərdlərin mədəniyyətə, elmə, təhsilə sərmayə qoymasını nəzərdə tuturam. Orta statistik bir azərbaycanlı ildə on beş dəfə, iyirmi dəfə uşaqlarını da götürüb toya gedir. Amma ildə bir dəfə uşaqlarını götürüb muzeyə, teatra, ciddi konsertə aparmır. Orta statistik bir azərbaycanlı bir teatrın, bir muzeyin yolun tanımır. Amma ölkədəki bütün şadlıq evlərinin adını əzbər bilir. İnkişaf etmiş ölkələrdə varlı adamlar elmə, təhsilə, mədəniyyətə loru dildə desəm, maya qoyur. İnkişaf etməmiş ölkələrdə varlı adamlar, öz səviyyəsinə, zövqünə uyğun bir müğənni, aparıcı, nə bilim, meyxanadeyən adam tapıb ona pul xərcləyir. Mədəniyyətə pul xərcləməyən xalqın özünü mədəni xalq adlandırmağa mənəvi haqqı yoxdur. Sən sabah toy eləsən, toya rahat üç yüz adam çağıra bilərsən, amma kitabının təqdimat mərasiminə yüz adam yığa bilməzsən.