Şuşada vokalın sehrinə səyahət - Gülüstan Əkbər yazır...

Şuşada vokalın sehrinə səyahət   - Gülüstan Əkbər yazır...

09:21 38

İllərdir həsrətində olduğumuz Şuşanın səsi, daşı, suyu, havası indi yenidən bizi bağrına basır. Uzun illərin ayrılığından sonra qədəm qoyduğum Cıdır düzü sanki illərlə məni gözləmişdi. Hər addımda bir xatirə, hər baxışda bir həsrət vardı. 34 il əvvəl orta məktəb şagirdi ikən gəzdiyim bu torpaqlar indi həm tanış, həm də yad görünürdü. Dağılmış evlərin susqun daşları danışır, köhnəlmiş hasarlar, qocalmış ağaclar mənə suallar verirdi. Cavab tapmaq çətin olsa da, Şuşanın özü cavab olurdu: Vətənə dönmək, onunla nəfəs almaq...

Bu sükutun içində bir anda eşitdiyim zümzümə məni dayandırdı. Həzin və məlahətli bir vokal səsi, Şuşanın dağlarına, divarlarına hopmuş həsrəti dilləndirirdi. Geriyə döndüm və daşlı yollarla sakitcə zümzümə ilə Cıdır düzünə doğru irəliləyən səsin sahibinə yaxınlaşaraq təşəkkür etdim.

– Müğənnisiniz?
– Bəli, vokalistəm.
– Səsiniz çox gözəldir. Niyə tanımırıq sizi?
– İnşallah, tanıyarsınız…
– Adınız?
– Marianərmin.

O, səhnə adı kimi “Marianərmin” ləqəbindən istifadə etdiyini bildirdi.

– Oxuduğum böyük bir əsərin adıdır. Əsl adım Nərmin Əjdərovadır. Biz vokalistlərin repertuarında Həzrəti Məryəm anamıza həsr olunmuş "Ave Mariya" əsəri xüsusi yer tutur. Ona görə də “Mariya” adını öz adımla birləşdirərək səhnə adı olaraq götürmüşəm.

Nərminin özü də səsi qədər duyğulu idi. Bildirdi ki, Şuşaya gənc istedadların musiqi festivalına dəvət alıb. Ziyalı ailəsində dünyaya göz açan Nərminin atası tanınmış şair və filosof Hacı Loğman, anası Şuraxanım isə həkimdir. Uşaqlıqdan musiqiyə olan marağını ailəsi hər zaman dəstəkləyib. O, Adil İsgəndərov adına Mədəniyyət Sarayının musiqi şöbəsində fortepiano üzrə təhsil alıb, daha sonra Şuşa Humanitar Musiqi Kollecinin vokal şöbəsini bitirib. Onun vokal müəllimi isə Azərbaycanın sevilən opera sənətçisi Fidan Hacıyeva olub.



2017-ci ildə ATV kanalında keçirilən mahnı müsabiqəsində iştirak edən Nərmin müxtəlif televiziya layihələrində çıxış edib. Hazırda isə daha genişmiqyaslı bir layihə üzərində çalışır və musiqidə yeni üfüqlər açmağı qarşısına məqsəd qoyub. Opera sənətində özünəməxsus dəst-xətti ilə seçilən bu gənc ifaçı gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə uğurlar qazanacağına inam yaradır. Onun səsi təkcə texniki baxımdan deyil, emosional dərinliyi ilə də fərqlənir.

Söhbətimizin sonunda bizi axşam Xankəndində keçiriləcək konsertə də dəvət etdi:

– Heç ağlıma gəlməzdi ki, Şuşada olub, Xankəndində konsert verəcəyəm, – deyə gözləri dolaraq söylədi.

Bu sadə qarşılaşma, bir vokal səsinin ardınca başlayan hekayə, əslində bir millətin dirçəlişinin, bir xalqın öz torpağına dönüşünün, ruhunun musiqi ilə ifadəsinin simvoluna çevrildi.

Axşam konsertə qatıldım. Çox gözəl təşkil olunan tədbirdə gənc musiqiçilərlə yanaşı, Azərbaycanın milli geyimləri və Şuşanı tərənnüm edən rəsm əsərləri də nümayiş olunurdu. Hər detal vətən sevgisinin təcəssümü idi.

Marianərmin səhnəyə çıxanda aparıcı onu coşqu ilə təqdim etdi. İlk olaraq səsləndirdiyi "Ey Vətən" mahnısı salonda dərin duyğular oyatdı. Ardınca ifa etdiyi “Çıx yaşıl düzə” xalq mahnısı isə vətənin füsunkar gözəlliyini dinləyicilərin gözləri önündə canlandırdı:

Çıx yaşıl düzə,
Qonaq gəl bizə,
Gözüm yoldadır,
Xoş xəyaldadır…

Səhnədəki bu an təkcə bir ifa deyil, həm də Qarabağın qayıdan səslərinin, yaşanan duyğuların və gənc istedadların dirçələn ruhunun səsi idi. Marianərminin səsi isə xüsusi ilə seçilirdi. Adətən son zamanlar gənc ifaçılar estrada janrına daha çox üstünlük verirlər. Marianərmin isə klassik vokal səsi ilə fərqlənir, bu sahəyə yeni nəfəs gətirir. Onun opera sənətinə yönəlməsi və bu istiqamətdə inkişafı Azərbaycan musiqi sənətinə böyük töhfə verə bilər.

27 aprel tarixində Xankəndində keçirilən istedadlı gənclərin festivalında Marianərmin də diplomla mükafatlandırıldı. Bu uğur onun sənət yolunda ilk, lakin çox əhəmiyyətli addımlardan biridir.

Səhəri gün festival iştirakçıları Xankəndində növbəti musiqi proqramı ilə çıxış etdilər. Azad olunmuş torpaqlarımızda bu çal-çağırın gözəlliyini yaşamaq çox sevindirici idi. Musiqi sədaları sanki dünyanı öz ağuşuna almışdı.

Şuşa nəfəs alır. Musiqi ilə, ruhla, xatirələrlə…

Biz isə onun bu nəfəsini duyan, dinləyən və qoruyan bir xalq olaraq, tariximizi səsimizlə yaşadırıq.