Nə qədər ki, göy üzünü əlimizdən almayıblar... - Səhərdən yeni şeirlər

Nə qədər ki, göy üzünü əlimizdən almayıblar...   - Səhərdən yeni şeirlər

11 Sentyabr 2023 10:03 836


YeniYaz.Az tanınmış şair Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Gözümüzün qabağında üsyanlar yatırıldı,
Gözümüzün qabağında yağmalandı bu vətən.
Meydanlar xaraba qaldı, heykəllər aşırıldı,
Cəngavərlər gözdən düşdü, qəhrəmanlar kürsüdən.

Gözümüzün qabağında ideallar qocaldı,
Gözündən od yağanların baxışları sozaldı,
Bitmək bilmədi bu nağıl, uzandıqca uzandı,
İgidləri atdan düşdü, kəndirbazları ipdən.

Gözümüzün qabağında dar ağacı quruldu,
Səngərimiz güllələndi, hədəfimiz vuruldu,
Satılanlar bir tərəfə, satanlar da yoruldu,
Aldananlar əldən düşdü, aldadanlar həvəsdən,
Gözümüzün qabağında yağmalandı bu vətən.

***

Heç öz başını sığallayacaq qədər
acıdınmı özünə,
Aynada özünə gülümsəyəcək qədər?!
Axı sən bu dünyada
ən sevilməli uşaq idin...

Kiçik də olanda, böyük də,
ana da olanda, bala da
ən çox sən anladın.
Küsəndə də, küsdürəndə də
ən çox sən ağladın.
Vuranda da, vurulanda da
ən çox sən ağrıdığın kimi...

Hamıdan inciyən uşaq,
gəl belə danışaq,
nə olsun bu dünyada
mütləq həqiqət yoxdu,
sevgilərin sonu ayrılıqdı,
nə bilim, xoşbəxtliklər nisbidi,
əsas odur ki,
sən doğru cavaba
ən yaxın adam idin...

***

Yamyaşıl bahar qız olmaq da olar,
Ağappaq qar qız olmaq da.
Qıpqırmızı üfüq olmaq da olar,
Masmavi dəniz olmaq da.

Dağ çayı kimi bulanmaq da olar,
Göz yaşı kimi durulmaq da.
Min yerdən qopduğun həyata
Yenidən vurulmaq da.

Nə qədər ki, ürəyimizi çıxarmayıblar sinəmizdən,
Göy üzünü əlimizdən almayıblar,
Ən məsum sevinclə də xoşbəxtik,
Ən müdrik hüznlə də.

Nə qədər ki, içimizdəki uşağın
Xoşbəxt bir anı yaşayır yaddaşımızda,
Nə qədər ki, ən qəşəng şəklimiz
Hələ gülümsəmir başdaşımızda...