Nazilə pəncərənin çölünü silib qurtaranda biləklərində xəfif sızıltı hiss etdi. Vedrəni ehmalca eyvandan içəri çəkdi, rezin çəkəcəyi divara söykəyib yorğun halda bir addım geri çəkildi. Günortanın günəşi şüşənin üstünə elə yayılmışdı ki, pəncərə görünmürdü. Elə bil divarda iri bir işıq parçası açılmışdı. Həyətdəki tut ağacının budaqları həmin işığın içində asta-asta yellənirdi. İşıq yarpaqların arasından süzülərək döşəməyə xırda qızılı ləkələr səpirdi. Bir sərçə gəlib budağa qondu. Başını yana əydi. Şüşədə öz əksini görüb dimdiyi ilə ehmalca bir dəfə vurdu. Sonra qanad çalıb uçdu. Nazilə gözlərini qıyıb pəncərəyə bir də baxdı. Şüşənin çölü indi su kimi şəffaf idi. İç tərəfdə, şüşənin aşağı küncündə isə balaca bir ovuc izi qalmışdı.. Oğlu səhər bağçaya getməzdən əvvəl burnunu şüşəyə söykəyib həyətdəki sərçələri saymış, sonra da ovcunu şüşəyə yapışdırıb:
– Ana, bax, əlim qaldı! – deyə uşaq sevinci ilə qışqırmışdı.
Elə bil uşaq pəncərəyə əlini yox, işığı yapışdırıb getmişdi. Günəş o ovucun içinə dolmuşdu.
Mətbəxdə divar saatının tıqqıltısından başqa səs yox idi. Nazilə əlini şüşəyə apardı. Barmaqları ovuc izinə toxunmağa az qalmış dayandı. Nədənsə, o izi silməyə ürəyi gəlmədi. Elə bil bir ovuc uşaqlığı yaş dəsmalla siləcəkdi. Dodaqlarının ucunda görünməyən bir təbəssüm titrədi.
– Axşam...
Söz yarımçıq qaldı. Kimə dediyini özü də bilmədi. Bəlkə pəncərəyə. Bəlkə də özünə.
Vedrənin suyunda günəş xırda-xırda parçalanmışdı. Nazilə vedrəni qaldıranda işıq da onunla birlikdə yelləndi. Vedrəni götürüb vanna otağına keçdi. Arxasında qalan pəncərə isə iki dünyanı ayıran şəffaf bir səssizlik kimi yerində dayanmışdı.
Mətbəxdən çaydanın fiti gəldi. Qazı söndürüb dəsmalla əllərini qurulayanda giriş qapısı elə çırpıldı ki, dəhlizdə asılmış açarlar bir-birinə dəyib cingildədi. Gələn Kamran idi. Gecə növbəsindən çıxmışdı. Gözlərinin altında yuxusuzluğun göyümtül kölgəsi vardı. Köynəyinin yaxası tərləmiş, saçları küləyin və tozun içindən keçib gəlmişdi.
– Ay Nazilə! Çay süz, əynimi dəyişib gəlirəm.
Səsini elə ucaltdı ki, elə bil dəhlizdə yox, həyətin o başında dayanmışdı. Kamran hər gün eyni sözlərlə evə girirdi. Evin havası onun səsi ilə birdən-birə dəyişdi. Nazilə Kamranı əzbər bilirdi. Hətta bəzən elə olurdu ki, Kamran hələ "çay süz" deməmiş fincan hazır olurdu. İnsan bəzən sevdiyi adamın gəlişini addım səsindən yox, vərdişlərindən tanıyır.
Kamran ayaqqabılarını çıxarıb mətbəxə keçdi. Çiynindəki çantanı stulun üstünə tulladı. Pencəyini oturacağa keçirib qalstuku yarıya qədər boşaltdı.
– Uf... İsti adamı diri-diri bişirir.
Nazilə pəncərəyə yaxınlaşıb pərdəni bir kənara çəkdi. Açıq qalan çərçivədən içəri dolan külək əvvəlcə pərdəni şişirtdi, sonra masanın üstündəki kağız salfeti asta-asta yerindən tərpətdi. Bir anlıq otaqdakı çay iyi tut yarpaqlarının qoxusuna qarışdı.
Kamran köynəyinin yaxasını iki barmağı ilə dartıb sinəsinə hava verdi.
– Lənət Yezidə!
Nazilə fincana iki qaşıq şəkər töküb qaşığı fincanda üç dəfə fırlatdı. Çayın rəngi bir anlıq bulanıb yenidən duruldu. Kamran çayını səkkiz il idi iki qaşıq şəkərlə içirdi. Nazilə bunu heç vaxt unutmurdu. Bəzən fikirləşirdi ki, insan sevdiyi adam haqqında əvvəlcə böyük şeyləri öyrənir. Sonra isə həyat yavaş-yavaş onu xırdalıqlara aparır. Çayı neçə qaşıq şəkərlə içdiyini, corabını birinci hansı ayağından geyindiyini, yarpaq dolmasını sarmısaqlı, yoxsa sarmısaqsız qatıqla yediyini... Elə bil evlilik tarixçələrinin əsasını məhz bu xırda vərdişlər təşkil edirdi.
Kamran gözlərini qıyıb pəncərəyə baxdı:
– Yaxşı silməmisən, içəridə ləkə qalıb.
Nazilə çiynini çəkdi:
– Vaxt çatmadı.
Kamran gülüb fincanı dodaqlarına yaxınlaşdırdı. Çayı elə hortuldatdı ki, səsi mətbəxə yayıldı.
Sonra fincanı nəlbəkiyə qoyub qaşlarını qaldırdı:
- Rəhmətliyin qızı, adam da hər gün "vaxtım olmadı" deyər? Eşidən elə bilər disertasiya müdafiə eləyirsən.
Gözucu pəncərəyə baxdı.
– Bir uşaqdı, o da günün yarısını bağçada keçirir. Vaxt hara gedir, vallah baş aça bilmirəm. Yoxsa vaxtı da vedrəyə töküb pəncərə ilə birlikdə yuyursan?
Özü dediyinə özü güldü. Nazilə gülmədi. İncimədi də. Öyrəşmişdi Kamranın duzssuz zarafatlarına.
– Qəribə adamsan. Camaat bayırı görmək üçün iç tərəfi silir, sən isə camaat görsün deyə çölünü silirsən. Eşitməmisən atalar da deyib: əvvəl evin içi sonra çölü.
Nazilə yenə dinmədi. Bu dəfə dodaqlarının ucuna kiçik bir təbəssüm qondurdu. Bu, cavab vermək istəməyən adamın təbəssümü idi. Kamran bilmirdi ki, son vaxtlar onun hər iynəli zarafatından sonra Nazilə əvvəlcə cavab axtarır, sonra həmin cavabı ürəyində cırıb atırdı.
Kamran fincanı masaya qoyub telefonu əlinə aldı. Bir neçə saniyə ekrana baxdı, sonra gülümsündü. Ardınca da qəhqəhə atdı:
– Ay səni...
Nazilə çevrildi:
– Nə olub?
– Bir qadın var, maraqlı yazılar yazır.
Nazilə sakitcə soruşdu:
– Kimdir?
– Bilmirəm. Səhifənin adı da qəribədir: "Pəncərənin o üzü". Şərhlər lap müsibətdir.
Nazilə başını əyib Kamranın boynuun dalından telefona boylandı:
“Təzə paltar almışam. Həyat yoldaşımdan eşitdiyim ilk söz "Neçəyə almısan?" oldu.
On gün əvvəl isə saçımı on santimetr kəsdirdim. Evə girən kimi dedi: "Yeməyə nə bişirmisən?”
Əvvəl əsəbiləşirdim. İndi yox. Çünki başa düşmüşəm... Bəzi kişilər elə hesab edir ki, krediti ödəyiblərsə, sevginin də aylıq ödənişini ediblər”.
Nazilə heç nə demədi. Telefonun ekranından gözünü çəkib sakitcə ütü masasının yanına keçdi. Kamranın iş köynəyini açıb səliqə ilə masanın üstünə sərdi. Ütünü asta-asta gəzdirdi. Elə bil parçanın qırışlarını yox, günün yorğunluğunu açırdı. Ütünün hər hərəkətində parçadan nazik buxar qalxırdı. Bir gözü köynəyin üstündə idi, o biri isə arabir Kamranı süzürdü. Diqqətlə baxdığı telefonun işığı onun üzünə düşürdü. Nazilə köynəyin qolunu çevirib ütülədi. Buxar yavaş-yavaş qalxıb bir anlıq Kamranın üzünü duman kimi örtdü. Heç başını da qaldırmadı. Barmağı ilə telefonun ekranını aşağı sürüşdürür, gah dodağının bir kənarı qaçır, gah da qəfil qəhqəhə çəkirdi. Hər şərhi oxuduyanda burnundan fitini itirmiş çaydan səsi çıxırdı. Bir an dodaqlarını sıxıb gülüşü boğmaq istədi. Amma qəhqəhə fontan verdi, bütün bədəni silkələnməyə başladı. Çiynindən tutmuş dizlərinə qədər hər yeri gülüşün ritminə qoşulmuşdu. Qəfil dizinə necə vurdusa, fincandakı çay titrədi.
– Ay səni... Ay zalım uşağı... Sən allahın adı bir qulaq as şərhə: "Narahat olma bacı. Mənim ərim saçımın nə rəng olduğunu yalnız kanalizasiya tutulanda görür..."
Ekranı bir az da aşağı sürüşdürür.
– Hə, bunu da dinlə: "Mənim ərim də paltar alanda "Neçəyə almısan?" deyir. Bir dəfə dedim, sənə pulsuz başa gəldi. Üç gündür düşünür ki, necə olub?"
Nazilə ütünü masanın üstünə dik qoydu. Ovcunu bir anlıq isti dəstəkdə saxladı. Sonra başını qaldırıb Kamrana baxdı. Baxışları onun üzündə gəzişdi. Güləndə qıyılan gözləri... Qıpqırmızı yanaqları... Çayın buxarından dumanlanan eynəyi... Telefonun işığında parıldayan sifəti... Bu adam ona yad deyildi. Səkkiz il idi eyni evdə yaşayır, eyni süfrə arxasında oturur, hər səhər eyni qapıdan çıxıb, hər axşam eyni qapıdan içəri girirdi. Amma elə bil bu gün ilk dəfə onun nəyə güldüyünü görürdü. Kamranın barmaqları birdən klaviaturanın üstünə qaçdı:
– Dayan e... Mən də bir dənə yazım. Cəld yazdı, sonra boğazını arıtlayıb ucadan oxudu: "Bacı, sənin ərin ikiayaqlı odundur!" Vaxt itirmədən “paylaş” düyməsini basdı. Telefonu qələbə qazanmış uşaq kimi havada yellədib soruşdu:
– Necə yazdım?
Nazilə dodaqlarını yüngülcə bir-birinə sıxıb gülümsədi:
– Pis deyil...
Bir anlıq sükut çökdü. Nazilənin baxışları Kamranın üzündən sürüşüb əllərinə qondu. O əllər indicə tanımadığı bir qadının haqqını müdafiə etmişdi.
Aradan xeyli zaman keçdi. Fəsillər dəyişdi, pəncərənin o üzündə tut ağacı iki dəfə yarpaqlayıb yenidən çılpaq qaldı.
Evdə çox şey əvvəlki kimi idi. Uşağın çantası hər səhər qapının ağzında hazır dayanırdı. Çaya yenə də iki qaşıq şəkər tökülürdü. Kamranın köynəkləri yenə ütülü olurdu. Yemək masasına oturanda ilk sualı yenə eyni idi:
– Çörək var?
İşdən danışırdı.
Rəhbərindən, benzinin bahalığından gileylənirdi.
Futbola baxırdı. Telefonunu vərəqləyirdi. Sonra yatırdı. Səhər durub yenə işə gedirdi.
Təkcə Nazilə dəyişmişdi. Nə səkkiz il əvvəlki Nazilə idi, nə də səkkiz gün əvvəlki. Əvvəllər evdə ən çox onun səsi eşidilirdi. Mətbəxdən otağa, otaqdan eyvana söz daşıyırdı. Təzə paltarını göstərirdi, saçının rəngini soruşurdu, baxdığı filmdən danışırdı, oxuduğu yazını ucadan səsləndirirdi. İndi də evdən çıxıb getməmişsdi, sadəcə səsi yavaş-yavaş çəkilmişdi.
Kamran az qala hər axşam eyni səhifədə oxuduğu yazılardan danışırdı. Bəzən ucadan oxuyur, bəzən şərhlərə gülür, bəzən qadına yazığı gəlir, bəzən də tanımadığı qadını tanımadığı adamlardan müdafiə edirdi.
Bənzər günlərin birində Kamran işdən bir az tez çıxdı.
Qapını açıb içəri girdi. Ev onu qəribə bir sükutla qarşıladı. Elə bil kimsə bütün səsləri yığıb özü ilə aparmışdı. Nə mətbəxdən çay qaşığının cingiltisi gəlirdi, nə uşağın otaqdan otağa qaçan ayaq səsləri. Sükut evin içinə su kimi dolmuşdu.
– Nazilə...
Kamranın səsi dəhlizdən keçib otaqlara yayıldı. Cavab gəlmədi. Uşağın ayaqqabıları da yerində deyildi. Kamran pencəyini stulun üstünə atdı. “Yəqin parka gediblər...” deyə fikirləşdi. Nazilə darıxanda uşağı da götürüb yaxınlıqdakı parka gedirdi.
Mətbəxə keçib çaydanı qazın üstünə qoydu. Qaz alışan kimi mavi alov çaydanın altını yaladı. Bir neçə saniyə sonra metaldan nazik bir dızıltı qalxdı. Kamran qonaq otağına keçib divanda uzandı. Naziləyə zəng vurmaq üçün telefonu aldı. Ekranda bildiriş var idi.
"Pəncərənin o üzü".
Yeni paylaşım.
Kamran barmağını ekranda sürüşdürüb səhifəni açdı.
Şəkildə günəş işığına qərq olmuş bir pəncərə vardı. Ağ tül pərdə küləyin qabağından bir az yana çəkilmişdi. Şüşənin aşağı küncündə balaca bir ovuc izi görünürdü. Kamran yazını oxumağa başladı.
“İnsan bəzən hiss etmədən ən yaxınındakı adamı itirir”.
Mətbəxdən çaydanın fit səsi qalxdı. Əvvəl nazik çıxan səs sonradan uzandıqca uzandı. Adətən bu vaxta qədər Nazilə qazı çoxdan söndürmüş olardı. Bu dəfə fit boş evdə sərbəst dolaşırdı. Kamran yerindən sıçrayıb mətbəxə qaçdı. Telefonu üzünə yaxınlaşdırdı. Pəncərənin qarşısında dayandı.
Şəkli böyütdü. Pərdə...
Bu qat...
Ovuc izi...
Kamran telefonu əlində saxlayıb uzun müddət pəncərəyə baxdı. Şüşənin o üzündə küçə vardı, bu üzündə illərlə görmədiyi bir həqiqət.
Çaydanın fiti hələ də evin içində dolaşırdı. Elə bil səs yox, illərin o üzündən qayıdan bir çağırış idi. Kamran gözlərini yumub bir neçə il əvvələ qayıtdı. İlk evləndikləri günlərdən biri idi. Axşam işdən gəlmişdi. Hələ çay istəmədən mətbəxə keçəndə, stolun üstündə buxarı qalxan fincanı görmüşdü.
Təəccüblə Naziləyə baxıb gülmüşdü:
– Sən münəccimsən, ay qız?
Nazilə də gülümsəyib demişdi:
– İnsan bəzən sevdiyi adamı addım səsindən yox, vərdişlərindən tanıyır.
Kamran əlini yavaşca şüşəyə toxundurdu. Günün istisini çoxdan itirmişdi. Soyuq idi. Elə bu an telefon titrədi. Yeni bildiriş gəldi:
"Pəncərənin o üzü” paylaşımını redaktə etdi".
Kamran əlləri titrəyə-titrəyə ekrana toxundu. Yazının sonuna iki cümlə əlavə olunmuşdu:
"Yalnızlığın ən ağır şəkli tək yaşamaq deyil, eyni evdə yaşayıb görünməməkdir."
Telefonun ekranı qaraldı. Qara şüşədə əvvəlcə pəncərə göründü, sonra ovuc izi, ən axırda isə öz üzü.