İlk dəfə ağlım hisslərimə qalib gələndə on yeddi yaşım vardı. On yeddi.
Orta məktəbin son sinfini bitirməyimə bir il qalırdı. Romanımda yazmaqdan vaz keçdiyim ilk sevgi macəram çoxdan başlamışdı. Qıpçaq sərkərdələri kimi qıyıq gözlü, gözlərinin ağı çox ağ, qarası çox qara, olduqca hündür, saçlarında bir tutam gümüş olan oğlan idi, düşərgədən bir-birimizi sevmişdik, biz şəhərə köçəndən sonra da o sözünə, vədinə sadiq qalıb, mənimlə evlənmək fikrinə düşmüşdü.
Valideynləri elçi gələndə babam da, bibilərim də, nənəm də, hamısı razı oldu. Hamı onu çox yaxşı oğlan kimi tanıyırdı, doğrudan da elə idi...
Anam ikilikdə mənimlə danışdı. Dedi ki, sevgiyə bir sözüm yoxdu. O qədər sevirsənsə, heç nə demirəm, get. Amma əvvəlcə mənə bax. Mənim həyatıma bax. Kənd yerində yaşayan başqa qadınların həyatına bax. O ailə səni oxuda bilməyəcək. Gedən kimi uşaqların olacaq. Bütün günü işləməkdən əldən düşəcəksən. Sevgi gə bir yerə qədərdir. Həyatın elə çətin olacaq ki, o sevginin də gözündə bir qiyməti qalmayacaq...Amma getməsən, əlimdən gələni edəcəm ki, sən oxuyasan.
Anamın özü çarəsiz, sözləri çox ağır idi. Daha doğrusu, ağırlıq o sözlərdəki həqiqətdə idi. Bunu başa düşmək üçün çox düşünməyə ehtiyac qalmırdı. Bunları deyəndə, bəlkə də o, məni inandırmaq üçün daha çox vaxt, daha çoz söz lazım olduğuna inanırdı. O oğlanla görüşdüyümü, danışdığımı hər biləndə nə qədər şillələnmişdim, üzümə hansı sözlər deyilməmişdi, yüz dəfə küsüb, ayrılmış, amma bir-birimizdən vaz keçməmişdik. On yeddi yaşın dəli-dolu, qaynayan sevgisi, qaynayan qan, tavana vuran hisslər...İndi o etiraz, göz yaşı, inad gözləyirdi.
Amma mən dedim ki, düz deyirsən. Getmirəm. Oxuyacam.
Oğlanın ailəsinə rədd cavabı verəndə sonra özü şəhərə gəldi. O cavabı özümdən eşitmək üçün. İndiyə qədər özümü də dəhşətə salan bir soyuqqanlılıqla dedim ki, qəti fikrim budur. İstəmirəm.
Həyatda doğrudanmı uğurlu bir adam ola bildimmi, bilmirəm. Amma hər dəfə qayıdıb o seçim anlarına baxanda, bir dəfə də, bircə dəfə də olsun, peşman olmadım. Ağrımadım. Təəssüf etmədim. Yaşımın ən məsuliyyətsiz, ən səhvlərə açıq vaxtında verdiyim o qərara həmişə hörmət elədim, o qərarın qiymətini bildim və heç vaxt "kaş ki" demədim...
On yeddi yaşında səhvlər edən, məsuliyyətsizlik edən, səhv qərarlar verən gənclərə baxanda isə, heç vaxt öz on yeddi yaşımla onları müqayisə etmirəm. On yeddi yaşımda ağlımın hisslərimə qalib gəldiyi ilə heç vaxt fəxr etməmişəm, nümunə də göstərməmişəm.
Çünki hisslərlə hərəkət etmək belə sinfidir. Hisslərlə qərar vermək üçün insanın belə bir lüksü olmalıdır. Bu lüks yoxdursa, ağılla hərəkət etmək sənin yeganə çıxış, xilas yolundur. Mənə on yeddi yaşımda əlli yaşlı insan məntiqi ilə qərar verməyə vadar edən şeyin adı həyat idi...
Həyatlar isə fərqlidir. Və hər kəsin həyatı özünündür, özünə aiddir və bu həyatla bağlı qərarı vermək də özünün haqqıdır. Buna görə də, heç kimi nə doğrusuna, nə yanlışına görə qınamaq bizim işimiz deyil...
Stendalın qəhrəmanı deyirdi ki, arzularımız bəzən bizi dar ağacına aparır.
Məzarın nurla dolsun, gözəl Zəhra! Kaş, arzuların səni ölümə aparmayaydı, amma sən o qısa ömrünü öz seçimin, öz qərarınla yaşadın. Sənin hekayən, qoy, yaşıdlarına həyatın bu üzünü də göstərsin və onların doğru seçim etmələrinə kömək etmiş olsun.