Vüqar Əmrahın hekayəsi: La qarp -75

 Vüqar Əmrahın hekayəsi:  La qarp -75

09:20 28


Sərnişini olduğum təyyarə Fyumiçinoya(1) enəndə bir arzum vardı: mehmanxanaya çatım, əl-ayağımı uzadım, rahatca ölüm. Qismət olmadı. Uzun-uzadı gözləmədən sonra yükümüzü aldıq. Gecə saat dördün yarısı olduğu üçün hava limanından çıxan kimi taksi tutmağı qərarlaşdırdıq. Hər şey də elə burdan başladı. Boyu iki metr, çəkisi ən azı yüz əlli kilo olan nəhəng italyan, qarnını qabağa verib köynəyinin alıtından görünən göbəyi ilə, “Buonasera, buonasera signore” deyərək üstümüzə gəlib çamadanlarımızdan yapışdı. Həm də mənə elə gəldi ki, bu dəqiqə qırx altı ölçülü ayaqqabısı ilə mənim və dostum Əlinin üstündən keçəcək. Bir az çək-çevirdən sonra italyan Braqanzası ilə razılığa gəldik:

-Mediterrano batojja – gedəcəyimiz ünvanı söylədim.
Braqanza dərhal geri çevrilib soruşdu:
-La Govur?- Sualı eşidən Əli gözlərini bərəldib təəccüblə mənə baxdı.
-Si, sinyor – cavabında dilləndim.
-Nə qavırbazlıqdı, ə? Bu nə danışır? - Əlinin heyrəti mənə ləzzət verirdi.
-Qalacağımız mehmanxananın ərazisini soruşur. Yəqin bu adda bir neçə mehmanxana var (sonra gümanımda yanılmadığımı öyrəndim).
-Ayrı yerdə “bron” edə bilməzdin?
Gecənin bu aləmində yorğunluğumuza bir az şəkər qatmaq istədim:
– Onsuz da gec-tez yerimiz ora deyil? – zarafata saldım. Əli isə “axmaq zarafatdı” deməklə kifayətləndi.

Braqanza “Si” kəlməsini eşidən kimi qaza basdı və taksi bizi əsrarəngiz Romanın içərilərinə doğru apardı. Ax, Roma, Roma! Əbədi şəhər! Kolizei, Panteonu, daha yüzlərlə adı dillər əzbəri olan qədim abidələri ilə həmişəyaşar Roma! Getdikcə ulu əcdadlarıma hayqıraraq sual vermək istəyirdim:

-Bəs sizin tikdikləriniz hardadır, ey mənim şahlarım, xanlarım, bəylərim? Şəddadilərim, Rəvvadilərim, Şirvanşahlarım?! Ey mənim Pənah xanım, Çələbi xanım! Neft milyonçuları bir-birinin bəhsinə girib on-onbeş binanı tikməsəydilər Bakının gün-güzaranı necə olardı? Gələn qonaqlara nəyi göstərəcəkdiz? Şirvanşahların at tövləsini xatırladan sarayını? – qibtə, həsəd, heyrət Romanın ecazkar gecə mənzərəsində bir-birinə qarışıb məni çulğalamışdı. Gözücü baxanda Əlinin də eyni hissləri keçirdiyinə şübhəm qalmadı. Taksi sürətlə getdiyindən mənzərələr də bir-birini sürətlə əvəz edirdi. Yarım saatdan sonra qalacağımız mehmanxanaya çatdıq. Braqanza yükümüzü təhvil verib, dodağının altında nəsə məzıldandı. (Avropada qayda belədir: Yükü taksi sürücüsü təhvil alıb, təhvil verməyə və ingiliscə bilməyə borcludur). Düzü, bu mızıltını nə onun boy-buxununa, nə də köynəyinin altında görünən nəhəng göbəyinə yaraşdıra bilmədim. Hələ bu harasıdır? Arxasından buraxdığı qaz gecə saat dörddə Romanı titrətdi. (Bu qaz onun həm boy-buxununa, həm də köynəyinin altından görünən göbəyinə yaraşırdı). Mənə elə gəldi ki, Akvilon(2) özü onun arxasında məskən salıb. Amerika və Avropalıların belə axmaq şakəri olduğunu eşitmişdim, amma bu cürəsini gözləmirdim. Tərs kimi şikayət etmək də olmur. Sən sübut edənə qədər əşyayi-dəlil çoxdan havaya qarışıb qeyb olur. Nə isə... Əlehiqaza ehtiyac qalmasın deyə tələsik mehmanxana qapısının zəngini basdım. Braqanza gəldiyi kimi sürətlə getdiyindən, “Əlvida Braqanza! Səni heç vaxt unutmayacam” deyə bilmədim. Əli isə yorğun təbəssümlə bütün olanları izləyirdi.

Gecdən gec qapı açıldı. Növbətçi gözlərini ovxalaya-ovxalaya bizi içəri dəvət etdi. Onun sir-sifətini görən kimi anladım: məni daha böyük sürprizlər gözləyir. İcazə verin əvvəlcə növbətçini bir az təsvir edim: Dərhal gözə çarpan burnu idi. Uzun və dalğavarı. Rəngi sifətinin digər elementlərindən seçilirdi. Sanki, ortabab, eyni zamanda hansısa kefli heykəltəraş zibil qabına atmağa hazırlaşdığı məlzəmədən burun yonub bu adamın sifətinə yapışdırmışdı. Saçı qarğıdalı saçağına bənzəyirdi, rəngi isə heyrətamiz dərəcədə pis idi. Sanki, atası onu “əkəndə” penisinə xına qoymuşdu. Özü də iran yox hind xınası. Mən o rəngdə xınanı Kəlküttədə reinkarnasiyaya(3) kəskin ehtiyacı olan hindlilərin başında görmüşdüm. Sifətindəki çillər alt göz qapaqlarına qədər yayılmışdı. Göy gözləri, sarımtıl dişləri, donqar beli də bu tabloya əlavə etməliyəm. Kvazimodo(4) bunun yanında göyçək oğlan idi. Dərhal ona ad tapdım: “Sarı mişovul”. Gecə vaxtı bu adın hardan ağlıma gəldiyi mənimçün sirr olaraq qalsa da, ləqəb tam yerinə otururdu. Açarı alıb otağımıza tələsdik. Yatmazdan qabaq Branqaza və Akvilonun sağlığına bir-iki qədəh viski içməyi də unutmadıq...

Səhər xoş əhval-ruhiyədə oyanıb foyeyə düşdük. Sarı mişovul bizi görən kimi gülümsündü. Əli də öz növbəsində ona baxıb qəribə tərzdə gülümsündü. Sanki bununla: - "Satılıq inək kimi dişlərini ağartmasan olmaz?”- demək istədi. Gecə saat dörddə içdiyim viskinin təhkiyəsi, təsviri hələ mədəmdəydi. Çatmayan dialoqun yerini Sarı mişovula yaxınlaşaraq doldurmağa çalışdım:

-Siz bu gün də növbədəsiniz, sinyor? – sifətimə ciddi görkəm verib, sanki əlahiddə bir hadisə baş verəcəkmiş kimi soruşdum.
-Bəli, müsyö!- eyni ciddiyyətlə dilləndi.
-Müsyö? – guya təəccübləndim. Məlum oldu ki, Sarı mişovul fransızdır. Mehmanxana rəhbərliyi ilə iki gün növbədə qalmağı razılaşdırıb, sonra doğma şəhəri Ansiyə(5) gedəcəkmiş.
-Nə gözəl! Hələ iki gün burdayıq. – sevincimi gizlətmədən biruzə verdim. Guya Sarı mişovuldan uçmağa qanad istəyirdim - Biz də iki gündən sonra Ansiyə gedəcəyik.

O isə saralmış təbəssümü ilə qarşılıq verdi. Elə ordaca ağlıma axmaq fikir gəldi. Sarı mişovulla məzələnəcəm! Adətən, ağlıma gələn qəfləti fikirlər sonda parlaq nəticələr verir. Təəssüf ki, bu dəfə “kafi zərurət”(6) qanununu nəzərə almamışdım. Ansiyə gedəcəyimizi isə yalan demişdim. Belə planımız yox idi. Əvvəlcə Vyanaya, sonra isə Cenevrəyə getməyi planlaşdırmışdıq. Hardan biləydim ki, məni nələr gözləyir?

-Müsyo, mənə bir ünvanı tapmaqda kömək eləyə bilərsiz? – Sınıq-salxaq ingiliscəmlə soruşdum.

-Əlbəttə, böyük məmnuniyyətlə - mənimkindən daha yaxşı ingiliscəylə cavab verdi – Ünvanı deyin.

-La Qarp, 75!(7) – ağlıma gələn axmaq fikir bu idi. Üstəlik onu da bilirdim ki, bu ünvan artıq üç yüz ildir mövcud deyil. Sarı mişovul etinasızca ünvanı vərəqə yazıb dedi:

-Bilirsiz, müsyö, buna görə müvafiq yerə sorğu göndərməliyik. Xidmət haqqı kimi iyirmi avro ödəməlisiniz.

Burcutmağa yer yox idi. Ürəyimdə bütün dialoqlara söyə-söyə pulu ödəyib, Sarı mişovula sağ ol demədən gəzməyə getdim. Əli isə mənə qəribə baxırdı...

Gərək Roma kimi şəhərləri piyada gəzəsən. Bələdçisiz, filansız! Hisslərin, duyğularınla baş-başa! Bu mənim ilk səyahətim deyildi. Avropanın ən qabaqcıl ölkələrini, ən möhtəşəm şəhərlərini gəzsəm də, onların heç birində Sarı mişovul kimisinə rast gəlməmişdim. İndi Romanın küçələrini, meydanlarını dolaşdıqca fikrim onun yanındaydı. Axşam onun mənə nə deyəcəyini, hansı ünvanı göstərəcəyini maraqla gözləyirdim.

Və axşam həmin an gəldi. Məni görən kimi Sarı mişovulun gözləri işıqlandı, qaşları qalxdı, burun pərləri genəldi:
-Müsyo Selim!- əclaf adımı öyrənməyə də vaxt tapmışdı – Axı, ünvanı harda axtarmalı olduğumu demədiniz, Romada?
Yaman yerdə axşamlamışdım. “Bir gün belə getdi...” - ürəyimdə fikirləşsəm də, pərtliyimi biruzə vermədim:
-Əlbəttə Romada! Bura onunçün gəlmişəm! – özümə işgüzar görkəm verib, qətiyyətlə dilləndim.
-Yaxşı, sabah məşğul olaram!- eyni ciddiyyətlə cavab verdi.

Şarı mişovulla mənim aramda səhər və indi baş verən dialoqları izləyən Əli, məni darta-darta aparıb foyedəki kətillərin birində çiynimdən basaraq oturtdu:

-İndi sənə bir lətifə danışacam! – ayaq üstə qarşımda dayanıb, gülümsəyən gözlərini mənə zillədi. Gülüşünü zorla saxlayırdı: “Bizdə dəli Namiq vardı. Tanımayanlar elə bilirdi şadlıq evinin həyətindəki maşın dayanacağında işləyir. Toya gələn yad adamlar buna inanırdı. Həyətdə qələbəlik olanda, maşını arxaya verən sürücüyə istiqamət göstərirdi. “Ver, ver, ver!”, sürücü də ona arxayın olub, maşını arxaya verirdi. Birdən arxadakı maşına dəyib guppultu qopanda dəli Namiq bir ayağı qaçaraqda hündürdən sürücüyə qışqırırdı: “İndi düş, yediyin poxa bax!” – lətifəsini bitirib, niyəsə gülmədi. Yəqin, simamdakı əlacsızlıq ifadəsini görmüşdü...

-Hər şey aydındır! Qalsın qırmızı qulluğunda, Alik! - başqa söz tapmadım. Bu qədər yerinə düşən lətifə eşitməmişdim.
Bu həngamədən sonra gecə yata bilirsənsə, yat! Bir yandan aldığım təəssürat, digər yandan da Əlinin xorultusu. Əliylə bir yerdə qalanda adam yatmaqdan çox necə yatmaq barədə düşünür. İnsanın çürümə anı Əli xoruldayanda baş verir. Elə bil otuz sərxoş gürcü otuz sərxoş italyanla bir süfrə arxasında əyləşib və hərəsi də bir mahnı oxuyur: Xar-ço-xuur- xapp-çao-murr-lap-lump. Zalım balası yenə ritmik xoruldasa dərd yarıdır, adam ritmi tutub yatar. Birtəhər gözümü yumdum. Bu həşim doğramasının içində yuxu görməyə də macal tapdım. Görürdüm ki, Kolizeydə bənnalıq edirəm. Yuxarıdakı bənnanın hördüyü daş, xar-xuur-xapp kimi səslər çıxararaq başıma, sonra da diyirlənərək yerə düşür. Sarı mişovul da o daşı yerdən qaldırıb məndən yuxarıdakı bənnaya verir. Mən “sement!, sement!” deyə qışqırıram. O isə sarı dişlərini mənə göstərir. Mən də onun bu hərəkətinə təəccüblənib, heyfsilənirəm – “Verdiyim iyirmi avro burnundan gəlsin! Daşı niyə ona verirsən?”. Sonra bütün Kolizey silkələnməyə başlayır.

Elə bu dəmdə Əli məni silkələyib ayıldır:

-Vallah sən dəsgahsan! Vallah sən fəlakətsən! – gülməkdən ürəyi gedir – Lap prafessor ol, lap Ceyms Bond ol, iyirmi avroya sementi kim alır, hardan alır, başa düşən itin oğludur!

Mən hələ də key-kərrah dayanıb, gözlərimi tavana zilləyib ordan düşəcək daşı gözləyə-gözləyə, Əlinin nə dediyini anlamıram. Gecdən-gec yuxu gördüyümü mənə başa salır. Mən də öz növbəmdə Kolizeyi tikəni, Sarı mişovulu əkəni söyüb təzədən yatıram.

Səhər birtəhər açılır:

-Buncorno, müsyö Tibault! – təzəlikcə öyrəndiyin italyancanı Sarı mişovula tolazlayıb, adını öyrənməyimlə fəxr edirəm.

-Buncorno, müsyö Selim! - dişlər yenə saralır – Tibo, adım belə səslənir - Tibo! Bu gün sizin ünvanla ciddi maraqlanacam! - qətiyyətlə dillənir – Telefon nömrənizi mənə verin, sizi araya bilim.

Yadıma düşdü ki, fransızlar “Renaulta” Reno deyir. Qarşılıqlı nömrə alış-verişindən sonra öz dilimə şükür edib, söhbəti yekunlaşdırır, yenidən gəzməyə gedirəm. Ax, Roma, Roma! Ax, Akvilon! Romada Akvilonsuz keçinə bilməzsən. Bunu hər dükanda, hər kafedə başa düşürsən. Zalım uşaqlarının işləməklə araları yoxdur. Siyesta(8) bu fəlakəti daha da alovlandırır. Bu mədəniyyət mənim kimi işgüzar adamlara (Sizcə, bir ünvan üçün Romaya gələn adamı necə adlandırmaq olar?) daha pis təsir edir. Hara gedirsən ya “colazione”(9), ya “pranzo”(10), ya da “Merenda”(11)-dadır. Hələ təcili yardım maşınlarının aramsız səslənən eybəcər sirenalarını demirəm. İlahi, bu səsdə necə yaşamaq olar? Hətta, çağırış ünvanına gedəndə belə həmin maşınların sirenaları susmur. Camaat cəhənnəm, öz qulaqlarına da yazıqları gəlmir. Və bunu qəsdən elədikləri gün kimi aydındır. Zalım balaları! Dünyanın ölümlü-itimli olmağını bütün Roma camaatına eyni zamanda “başa salmaq” nəyə lazım? Bəlkə, Romalılar buna öyrəşib, bəs gələn turistlərin nə günahı? Sirenanı eşidən adamda “tabut sindromu” necə yaranmasın? Səlahiyyətim olsaydı bütün dünyada bu cür səsləri qadağan edərdim. Əminəm ki, Akvilon mənim əvəzimə bunu görür və gec-tez onları cəzalandıracaq! Artıq bu şəhər məni qıcıqlandırmağa başlayırdı. Burda yaşamaq üçün qabırğanın qalınlığının bir metr olması düşüncəsindəydim. Bu minvalla, gözüm onun-bunun qabırğasında birtəhər axşam elədim. Mənə elə gəlirdi ki, ancaq Sarı mişovulun yanında hüzur tapa bilərəm. Görək mənə hansı ünvanı göstərəcək? Ay güləcəm haaa...

Ay güldüm haaa!

Axşam məni görər-görməz:

-Müsyö Selim! Sizin ünvanı heç cür tapa bilmirəm. Axırda İtalian Sesiyə (Təxminən bizim statistika idarəsi kimi bir şeydi) müraciət etmişəm. Amma, dəqiq cavab almaq üçün gərək otuz avro da ödəyəsiniz.

...Yaxşı ki, adam ürəyində söyə bilir. Hələ üstündə dəvə kimi tüpürə bilsə lap qiyamət olur. Oğrun-oğrun ətrafıma baxdım. Əli yox idi. Sonra gözümün önünə Romalıların qabırğası gəldi. Daha sonra Sarı mişovulun üzündəki məsum ifadəni gördüm. Lap axırda Akvilonun dədəsinə rəhmət oxuyub xəlvəti otuz avro verdim. Təki ünvanı tapsın. Deyəsən, yalanıma özüm də inanmağa başlamışdım. Artıq məni Roma filan maraqlandırmırdı.

Axşam səyahətindən qayıdanda gözlərimə inanmadım. Sarı mişovulun yerində başqa adam dayanmışdı. Boy-buxunu, sir-sifəti... Yox, Sarı mişovula qətiyyən oxşamırdı.

-Sinyor, Selim! – məni görcək dilləndi – Müsyö Tibo sizin axtardığınız ünvan barədə danışıb. Özü sizə zəng edəcək.

-İnşallah! – bunu da Əli söylədi. Sanki “Ay sən öləsən, zəng elədi ha!” demək istədi.

Bu gün Romada son gecəmiz idi. Əli önündəki Moskateldən(12) qurtumlayaraq vaxtaşırı təkrar edirdi: “Kişinin başına iş gələr!”, “Əlli avroluq ünvan”, “Viva İtaliya”. Nə cavab verə bilərdim ki? Əli səyahətinin keyfini çıxarırdı. Əli xoşbəxt görünürdü. Görəsən Əli bilirdi ki, xoşbəxt adamın danışmağa hekayəsi olmur? Görəsən Əli bilirdi ki, “əlli avroluq” hekayə özü ilə xoşbəxtlik gətirə bilər?..

Beləə... Dostun tənəsinə dözmək daha çətindir...

Şahanə Vyana, cazibədar Cenevrə! Hər saraya, hər müzeyə, hər vitrinə baxanda Əli ciddi baxışlarını mənə zilləyib “soruşurdu”:

-Səncə giriş haqqı əlli avro olar? Görəsən əlli avro beh versəm bu “rolexi” sabaha qədər saxlayarlar? Məncə buranın dönəri əlli avrodan ucuz olmaz...

Gülümsəməkdən başqa çarəm qalmırdı. Nəsə fikirləşməliydim. Əks halda Əlinin tənəsindən qurtarmaq üçün Ansiyə gedib Sarı mişovulun evinə qeydiyyata düşməyə məcbur olacaqdım. Beləcə, yeyib-içdiyim burnumdan gələ-gələ beş günü başa vurdum.

Tiffaninin(13) dördüncü mərtəbəsindəki otağımda oturub fikrə dalmışdım. Sabah səyahətimin son günü idi. Əli bütün alış-verişini sabaha saxlamışdı: Hara gedəcək, nə alacaq... plan tuturdu. Mənimsə alış-verişdən, dükan-bazar gəzməkdən zəndeyi-zəhləm gedir. Sabah neyləyəcəyimi fikirləşirdim ki, telefonuma ismarıc gəldi.

-Sən planını tut Əli, mənim planımı Allah tutdu! – telefonun ekranındakı ismarıcı Əlinin gözü önünə tutdum: “Müsyö Selim, axtardığınız ünvanı tapmışam. Sən demə mənim şəhərim Ansidəymiş. Sabah sizi gözləyəcəm!” – ünvan dəqiq göstərilmişdi – şəhər, kücə, ev, mənzil, hətta saat da. Əli ismarıcı oxuyandan sonra adəti üzrə qımışdı:

-Əlli avro da hazırla, son beş gündə infilyasiya olmamış deyil.

İstehza etdiyinə şübhəm qalmadı. Üzümü çevirib qarşı binanın üzbəüz pəncərəsinə baxdım. İşığı yandığından otağın içərisi aydın görünürdü. Üstündə paltar adına heç nə olmayan gənc qız qulağında telefon var-gəl edirdi. Dilxor görünürdü. Ona demək istədim: Heç vaxt dərinə getmək lazım deyil! Uzaqdan sevmək yaxşıdır: hesapsız, kitapsız, gözləntisiz. Peşmanlıq yox, pərişanlıq yox, ayrılıq yox... Deyə bilmədim. Gözü mənə sataşan kimi, acıqlı-acıqlı pərdəni çəkdi. Əllərimi tavana uzatdım: “Əlinin pərdəsini çəkmək də mənə qismət olsun, ya Sarı mişovulun ismarıcını mənə göndərən Allah, duamı qəbul elə!” – xeyli rahatladım. İçimdəki boşluq götürülmüşdü. Artıq rahat yata bilərdim. Hava proqnozunda sabaha göstərilən yüngül yağış da kefimi poza bilməzdi.

Səhər bilet alıb yola düşdüm. Ansiyə çatanda narın yağış yağırdı. İslanmamaq üçün avtovağzalla yanaşı olan dəmiryolu vağzalının binasına girdim. (avtovağzalın qapalı binası yox idi). Dördkünc qoyulmuş oturacaqların birində əyləşdim. İçəridə ağlı-qaralı xeyli sərnişin vardı. Küncdəki royalda “Passagilla”nı (14) çalan adama bənd olan yox idi. Səs-küydə nə edəcəyimi düşünə bilmirdim. Sıxılıb küçəyə çıxdım. Qapının ağzında iki sərsəri dayanmışdı. Biri məndən papiros istədi. Anladığım qədəri papiros çəkənlərin hamısından bu xahişi edirdilər. Birinə papiros verdim. Əvvəl əlimdəki papiros qutusuna, sonra papirosun özünə baxıb fransızca nəsə dedi. Mimikasından papirosun markasına heyranlıq bildirdiyini başa düşdüm. (Əslinə qalsa, aldığım papirosun markası özümə də bəlli deyildi). Dediklərindən isə yalnız “mersi”ni anladım. Digəri üzümə məlul-məlul baxırdı. Ona da bir papiros üzatdım. Səxavətimdən heyrətlənib “mersi”ləri yağdırdılar. Bu “mersi”lər yağan yağışa qarışıb qəribə məstlik gətirdiyi üçün islanmaqdan qorxmayıb şəhəri gəzməyə başladım. Gəzdikcə miqrantlara qarşı dözümsüzlüyü də anlayırdım. Niyə də olmasın? Ya bu şəhərin qanunlarına hörmətlə yanaşmalısan, ya da rədd olub getməlisən! Onu da anlayırdım ki, burda sərsərilərə papiros hədiyyə edənə turist, papiros dilənənə miqrant deyirlər. Yox, mən indi nə turis, nə də miqrant idim. Mən indi öz xəyali Dulsineyasını axtaran Don Kixot idim.

Vaxt gəldi... Deyilən ünvana çatdım. Məninçün tanımadığım istənilən ünvan sirli aləmdir. Bağlı qapıların arxasında səni nə gözləyir - əsla bilmirsən. Sanki, o qapıların arxasında qulaqlarının duymadığı musiqini eşidirsən. Əlimi zəngə üzatdım. Mənə elə gəidi ki, evdəkilər ürəyimin nəğməsini eşidir: “Açıl qapım, açıl! Açıl taxtalım, açıl dəmirlim! Sən açılmasan arxamda bir qapı da açılmaz. Mənə açılmayan qapılarsız yaşamaq olmaz”(15).

İçəri girəndə gözlərimə inanmadım. Foyedəki divanda yan-yana qarı-qoca oturmuşdu. Gözləri gülürdü. Kişi sanki Sarı mişovulla bir almanın ikinci yarısı idi. Beynimdə bir anlıq ildırım çaxdı - “ Deyəsən xınanı atan yox, 14-cü Lüdovik qoyub” – düşünsəm də, dilimə gətirə bilməzdim. Sarı mişovul əlində hazır tutduğu əlli avroluq əskinası mənə uzadaraq gülümsəyən gözləri ilə ata-anasını göstərdi:

-Buyur, bu Bukinhem hersoqu, bu da Avstriyalı Anna!(16)

- Ax, Alik, Alik! Sənin pərdəni mən yox, Sarı mişovul çəkdi! Bu saat sənin bərəlmiş gözlərini görməkdən başqa arzum yoxdur! - bunu ürəyimdə dedim! Həm də öz dilimdə...


2026

-------------------

1. Roma hava limanı
2. Qədim roma mifologiyasında külək tanrısı
3. Dünyaya təkrar gəlməyə olan inanc
4. V.Hüqonun “Notr damm kafedralı” romanında obraz
5. Fransanın cənubunda kurort şəhəri. Avropanın on ən gözəl şəhəri arasındadır
6. Məntiqin 4-cü qanunu. Periodik olaraq təkrarlanan hadisələr növbəti dəfə tam tərsinə ola bilir
7. A.Dümanın “Üç müşketyor”romanında adı keçən ünvan
8. Günorta yuxusu və ya istirahəti. Aralıq dənizi və latın Amerikası ölkələrində qəbul olunmuş norma
9. Səhər yeməyi
10. Günorta yeməyi
11. Günorta və axşam yeməyi arasındakı yüngül yemək
12. Şərab növü
13. Cenevrədə otel
14. Hendelin bəstəsi
15. Ələkbər Salahzadənin şeyirindən parça
16. İngilis hersoqu və 14-cü Lüdovikin arvadı.Dümanın romanına görə La Qarp 75 ünvanında iki sevgili xəlvəti görüşürmüş