“Sergi ata” “Zorba”ya qarşı - Seymur Baycan yazır...

“Sergi ata” “Zorba”ya qarşı  - Seymur Baycan yazır...

12 Sentyabr 2023 15:25 760


“Zorba”nı 25-30 yaşımda oxusaydım, yəqin ki, çox sevərdim. Amma indi müxtəlif təcrübələr əsərə tamamilə başqa gözlərlə baxmağı tələb edir.

Əsərin müqəddiməsində oxuyuruq:

“Qəlbimdə xüsusilə dərin izlər qoyan insanlar arasında seçim etməli olsaydım, ilk növbədə Homerin, Buddanın, Anri Berqsonun, Fridrix Nitşenin və Zorbanın adını qeyd edərdim”.

Əgər bu sözlər, müqəddimədə Zorbaya yüksək dozada vurulan bəy tərifləri olmasaydı Zorbanı şən və hazırcavab, şit bir təlxək kimi qəbul edə bilərdik. Müqəddimə işləri korlayır. Zorbaya, əsərə qarşı tələbkar olmağımıza, qəhrəmanın hər sözünün başına ip salmağımıza ciddi əsaslar verir.

Müəllif, Nikos Kazantzakis əsərdə adi, kağızdan, qələmdən, dəftərdən, kitabdan uzaq bir adamın müdrikliyini göstərmək istəyib. Amma istəyi bir qram da alınmayıb. Çünki Zorba müharibədən tutmuş ölümə, xoşbəxtliyə, bədbəxtliyə, əbədiyyətə, faniliyə, yeməyə, içməyə, yatmağa, oynamağa, çalmağa kimi hər mövzuya burnunu soxur və onun hər sözündə, hər cümləsində müəllif oxucunun gözünə girir. Müəllif hər yerdə, hər mövzuda Zorbanın əvəzinə danışır.

Məsələn, zəhmət olmasa, buyurun bu düşüklüyə baxın:

“Müdir, sən indi mənə gülürsən, ancaq mən sənə öz axmaqlıqlarım və ya belə deyək, öz mülahizələrim, yaxud da öz zəif nöqtələrim (vallah, bu üç şey arasında fərqi başa düşmürəm) haqqında yazıram, sən isə nə qədər istəsən, gülə bilərsən. Mən də sənin güldüyünə sevindiyim üçün gülürəm, elə bu da gülüşün sonun olmamasına dəlalət edir. Hər kəs özünəməxsus şəkildə ağlını itirir, amma, məncə, ən böyük ağılsızlıq, ümumiyyətlə, ağlını itirməməkdi”.

Burda danışan Zorba deyil. Burda müəllif danışır. Ən pisi də odur ki, müəllif çox yüngül, aşağı əyarlı, duzsuz, koloritsiz söhbətlər eləyir.

Yaxud başqa bir misal:

“Yadımdadır, biz bir dəfə kəndə gedirdik və qatırın üstündə bir qocaya rast gəldik. Zorba yumru gözlərini geniş açaraq qatıra diqqətlə baxırdı. Görünür, onun baxışlarında o qədər atəş və coşğunluq var idi ki, kəndli qorxu içində qışqırdı:
– Allah xatirinə, kirvə, onu gözə gətirmə! – Və qoca xaç çəkdi.
– Sən qocaya nə etdin? O niyə qışqırır? – mən soruşdum.
– Mən? Mən ona nə edə bilərəm? Sadəcə olaraq, onun qatırına baxdım. Bu sənə qəribə gəlmir?
– Nə?
– Təbiətdə qatırların da olması təəccüblü deyilmi?”.

Adi və müdrik adam həyata belə baxmır. Belə qondarma söhbətlər bədii təfəkkürü hələ formalaşmamış, yetişməmiş, çiy, kal adamlar üçün maraqlı ola bilər.

Həyatda həqiqətən adi, təmkinli və müdrik adamlar var. Əgər yazıçı əsərdə adi, müdrik, təmkinli adamın obrazın yaratmaq istəyirsə, onu maksimum olduğu kimi göstərməyə cəhdlər etməlidir. Bədii təfəkkürü formalaşmamış, çiy, kal oxucuların rəğbətini, alqışlarını qazanmaq naminə obraza bəzək-düzək vurmaq, obraza lazımsız mənalar yükləmək, obrazın əvəzinə danışmaq, hər mövzuya burun soxmaq olmaz. Hər obraz öz dilində danışmalıdır və onun danışığında həyata baxışları, təbiəti, təvazökar duruşu görünməlidir.
Məsələn, uzağa getməyək, “Sergi ata” əsərini götürək. Paşenka Sergi atanın ondan nə istədiyini, Sergi ata kimi ali bir zatın onun hüzuruna niyə gəldiyini heç cürə başa düşmür. Əgər Paşenka “ağıllı-ağıllı” danışsaydı, Sergi ataya düşük-düşük məsləhətlər versəydi, hər mövzuya burnunu soxsaydı obraz korlanacaqdı, ümumiyyətlə, bütün əsər zay olacaqdı. Niyə?

Elə adi adamlar var ki, müdrikdirlər, amma öz müdrikliklərindən xəbərsiz bir halda yaşayırlar. Əksər hallarda cəmiyyət, ətraf mühit adi adamların müdrikliyin görüb qiymətləndirə bilmir. Çünki adi adamın müdrikliyin görmək, qiymətləndirmək hər kəsin işi deyil.

Elə adamlar da var ki, cəmiyyətdə müdrik adam kimi tanınırlar, amma onlar müdrik deyillər. Həqiqətin ortaya çıxması onların vicdanından asılıdır. Müdrik (əslində, burda kamil sözündən istifadə olunmalıdır) olmadıqlarını hər hansı formada özləri bəyan etməlidirlər. Deməlidirlər ki, axtardığınız adam mən deyiləm. Mən hələ o zirvəyə çatmamışam. Gedin başqa yerdə müdrik adam axtarın. Əgər tanıyırsa, adamlara həqiqi ünvanı göstərməlidir. Müdrik olmayıb ətraf mühitin, cəmiyyətin müdrik kimi tanıdığı bəzi insanları vicdan-zad narahat etmir. Onlar elə həyatlarının sonuna qədər öz rollarına davam edirlər. Müdrik kimi tanınmaqlarının meyvələrini vicdansızcasına yeyirlər. İnsanları aldadırlar. Nəticədə ona inanan insanlar da çaşırlar. Həyat yollarında azırlar.

Paşenkayla Sergi atanın görüşü müdrik olub öz müdrikliyindən xəbəri olmayan adi bir insanla, cəmiyyətin, ətraf mühitin müdrik kimi tanıdığı, amma tam müdrik olmayan adamın görüşüdür. Ona görə Sergi ata səmimi bir şəkildə Paşenkadan necə yaşamağı öyrənmək istəyir. Öz müdrikliyindən xəbərsiz bir halda təvazökar həyat sürən Paşenka isə Sergi atanın ondan nə istədiyini başa düşmür.

***

Bir az da “Zorba”nın tərcüməsi haqqında yazmaq istəyirəm. Əlbəttə, “Zorba”nın tərcüməsi “Hisslərin tərbiyəsi”nin tərcüməsindən qat-qat səliqəlidir. Amma burda da Akop Martayan türkcəsinin təsiri və digər xətalar açıq-aşkar nəzərə çarpır.

Məsələn:

1) Bu artıq mənim əhval-ruhiyyəmlə bağlı olacaq. (Səh. 35)
Bu artıq mənim əhval-ruhiyyəmdən asılı olacaq.

2) Həyatda çox şeylər yaşadığına görə müasir hadisələr Zorbanın beynində köhnə-kürüş kimi yadda qalmışdı. (Səh. 39)
“Yaşadığına” sözünün yeri yoxdu. Başqa sözdən istifadə olunmalıdır.

3) Bəli, bəli, insanları aşırmaq həvəsi ilə alışıb-yanan, qaniçən vəhşi yamyamdı! (Səh. 46)
“Yamyam” yox, “adamyeyən”, ölən yeri, “vəhşi, barbar”.

4) Sən azadlıq duyğusundan dəli olmağa hazır olan balacadan böyüyə bütün əhalini bir arada nə vaxtsa görümüsən? (Səh. 49)
“Bir arada” nə deməkdir?

5) Qızlar məni görüncə gülüşləri səngidi. (Səh. 63)
“Görüncə” yox, “görəndə”.

6) Səni bu yamyamların içində yaşamağa məhkum edən o Şekspir kimdir? (Səh. 72)
Yenə də “yamyam”.

7) Zorba da bu maskanı cırmaqla onun ölməz dodaqlarını öpmək üçün səbirsizlənirdi. (Səh. 80)
Akop Martayan türkcəsinin təsiri.

8) Hər bir qadının qasnaq bağlamayan yarası olur. (Səh. 86)
“Qasnaq” yox, “qaysaq”. Məsələn, kiminsə ağrılı yerinə toxunanda deyir ki, yaramın qaysağını qoparma.

9) Kənddə gözlənilməz tufanın şən həyəcanı yaşanırdı. (Səh. 154)
Akop Martayan türkcəsinin təsiri. Kim “yaşanır”, “yaşandı”, “yaşadır” sözlərindən istifadə edirsə, bilin ki, həmin adamın dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalıb. “Yaşandı”, “yaşanır”, “yaşatdı” sözlərindən istifadə etmək dilin pozulmasının bariz göstəricisidir.

10) Çox üzgünəm. (Səh. 171)
Akopun təsiri.

11) Gəmilər sınıqlananda… (Səh. 187)
“Sınıqlananda” sözünün mənasın başa düşmədim.

12) Şahidlik mənə çox böyük üzüntü yaşatmışdı. (Səh. 244)
Akopun təsiri.

13) Qarı zəncirlənmiş hirsli it kimi nərildəməyə başladı. (Səh. 260)
İt nərildəmir, it mırıldanır.

14) Zorba, sən nə işlər çevirirsən? (Səh. 296)
“Çevirirsən” yox, sən “nə hoqqa çıxarırsan?”

15) Yaşadığım həzzdən ürəyim titrəyirdi. (Səh. 333)
Akopun təsiri.

16) Zorbanın yanında yaşanan həyat mənim ürəyimi daha da genişləndirmişdi. (Səh. 419)
Yenə də lənətəgəlmiş “yaşanan” sözü…

17) Onları ağırtərpənən, boynudönməz bir keçi arxasınca aparırdı. (Səh. 422)
“Ağırtərpənən” yox, “ləng, astagəl”.

Belə səhvlər tərcümənin ümumi nəticəsinə təsir göstərir. Tərcüməçiyə pozulmuş, aşınmaya məruz qalmış dilini qaydaya salmaq, həm də söz ehtiyatını artırmaq tövsiyə olunur. Bunu necə, hansı yollara etməyi “Hisslərin tərbiyəsi”nin tərcüməsi haqqında yazdığım yazıdan öyrənə bilər. Hamıya müvəffəqqiyətlər arzulayıram.

azlogos.eu