Ramil Əhməd
Bəlkə də, şahmat deyəndə bütün ədəbiyyatçıların ilk ağlına gələn Ştefan Svayqın “Şahmat” novellası olur.
Bu oyun barəsində bir çox şahmat ustaları maraqlı fikirlər desələr də, ən gözəl sözləri yazıçılar deyiblər.
Svayq şahmatı digər oyunlarından ayırır, şahmatı insanın kəşf etdiyi oyunlar arasında təsadüfün hər cür despotluğuna qarşı çıxan, yalnız ağıla və istedada söykənən şahmatı bir oyun kimi təqdim etməyi haqsızlıq hesab edir, onu elm, sənətlə müqayisə edirdi.
“Şahmat” novellası nə bu oyunu və yaxud hansısa şahmatçını öymək, tərifləmək üçün yazılıb, nə də hansısa qrossmeysterin həyatından bəhs edir. Əsərdəki şahmatçılar xəyali obrazlardır. Yazıçı şahmatdan bir simvol kimi istifadə edir. Həcm etibarı ilə əsl yay mövsümünə uyğun olsa da, mahiyyətcə İkinci Dünya müharibəsini, Hitleri və bir çox məsələləri əhatə edir. Svayq şahmat metaforasından ustalıqla istifadə edərək, çağının zalımlığını, insanlara edilən təzyiqləri sadə dil, axıcı bir təhkiyə ilə təqdim edib.
Əsərin dünyaca ünlü olmasında Svayqın həyatıyla bağlı olan amillərin də önəmi var. Məsələn, “Şahmat”ın yazıçının 1942-ci ildəki intiharından bir müddət öncə yazdığı son əsəri olması kimi...
Hadisələr Nyu-Yorkdan Buenos-Ayrese yola düşən böyük sərnişin gəmisinə minən bir nəfərin diqqət cəlb etməsiylə başlayır. Həmin sərnişin işıq sürətiylə yüksələn, şahmat üzrə gənc dünya çempionu Çentoviçdir. Onu gördükdən sonra təhkiyəçi şahmat oynamaq qərarına gəlir. Bir çempionla oynamaq onu hədsiz dərəcədə həyəcanlandırır. Amma üç gün boyunca ona yaxınlaşa bilmir. Çentoviçin diqqətini çəkmək üçün göyərtədə şahmat lövhəsi qoyaraq insanlarla oynamağa başlayır. Beləcə əsərə yeni bir obraz da daxil olur: Makkonnor. Məlum olur ki, Çentoviç yalnız pul qarşılığında şahmat oynayır. Makkonnor çempiona istədiyi məbləği verir. Oyunun nəticəsi isə gözlənilən kimi olur, bir qrup həvəskara qalib gəlmək dünya çempionu üçün iki vur iki qədər sadədir. Yalnız ikinci oyun bərabərliklə bitir. Bu isə qəfildən peyda olan doktor B.-nin sayəsində olur. Hamı bir anlıq onun da şahmatçı olduğunu, bəlkə də, bu gəmiylə Çentoviçlə eyni turnirə getdiyini düşünür. Beləcə, artıq gəmidə diqqəti üzərinə çəkən bir yox, iki şahmatçı olur.
Bir kitab insan həyatını bütünlüklə dəyişə bilərmi? Hansısa kitabın, sənətin insan həyatını tamamilə dəyişməsi uzun zamandır aktuallığını itirməyən mövzulardandır. Söhbət yaradıcılıqdan, sənətdən gedirsə, təbii ki burada dəqiq elmlərdəki sualların cavabları kimi ya “hə”, ya da “yox” deməklə iş bitmir. Birisi ədəbiyyatsız yox, polissiz dünyanın fərqli olacağını deyir, digərinin qəhrəmanı bir kitab oxuyur və həyatı dəyişir... Kəsəsi, hər sənətkar məsələyə öz fərqli cavablarını verib, verir və verəcək. Svayqın cavabı isə qısa şəkildə “hə”dir, bir az uzatsaq, - kitabın insan həyatını dəyişdirməsi həmin adamın ruh halından və şəraitdən asılıdır, - deyir. Yazıçının niyə məhz bu cür düşündüyünü, şərait dedikdə nəyi nəzərdə tutduğunu daha yaxşı anlamaq üçün doktor B.-nin həyat hekayəsi ilə tanış olmalıyıq:
O, faşizmin hədəfinə tuş gəlmiş milyonlarla insandan biridir. Yox, gözünüzün önünə əsir düşərgələrini, oradakı təhqirləri, işgəncələri gətirməyin. Onun həyatında belə şeylər olmayıb. O, önəmli bilgi və pul qazana biləcəkləri, olduqca yaxşı isidilmiş bir oteldə saxlanılan digər qrupa daxil edildi. Bir oteldə saxlanılmaq qulağa bütün şiddətlərdən, təzyiqlərdən uzaq olduğu fikrini oyadır. Əslində, burada edilənlər düşərgələrdəki fiziki işgəncələrin yanında daha dözülməz idi:
“Bizə heç nə eləmədilər, bizi heçliyin içinə atdılar. Bilindiyi kimi dünyada heç nə insan ruhuna heçlik qədər təzyiq edə bilməz. Ətrafıma və hətta öz bədənimə belə heçlik hakim idi. Bircə söz deməsi və bircə suala cavab verməsi qadağan edilən mühafizəçidən başqa insan üzü görmədim. Eşidiləcək, görüləcək, ediləcək heç nə yoxuydu”.
Doktor B.-ni bu boşluqdan qurtaran müstəntiqin otağında bir paltonun cibində tapdığı kitab olur. Bu kitabın şeir kitabı, Höte, ya Homer olmasını xəyal etsə də...”Bu qədər böyük təhlükəni gözə alaraq əldə etdiyim kitab şahmat albomuydu, yüz əlli ustanın oyunundan ibarət antologiya idi. Bağlı bir otaqda olmasaydım, hirslə kitabı pəncərədən çölə atardım, bu cür sarsaq şeylərlə dolu bir kitab nə işimə yaraya bilərdi ki?”
Bu kitaba qədər onun şahmat barəsində heç bir təsəvvürü yoxuymuş. Bu kitab sayəsində şahmatın təməl qaydalarını öyrənir, şahmat tarixinin bir çox mühüm qarşılaşmaları ilə tanış olur, dörd yüzə qədər oyunu əzbərləyir. Hücrə həbsində darıxması, zamanın ağır-ağır keçməsinin qarşısını almaq üçün o öz imkanları çərçivəsində şahmat lövhəsi yaradıb, fiqurlarını çörək qırıqlarından düzəldir. Daha sonra isə beynində xəyali şahmat lövhəsi hazırlayır və özü-özünə qarşı oynamağa başlayır...
Doktor B. müəyyən qədər Ştefan Svayqın özüdür. Hər ikisi faşizmin zərbəsinə məruz qalıb: Avropada faşizm küləyi əsəndən sonra yandırılan kitablar arasında Svayqın da əsərləri vardı, gestapo evində axtarışlar eləmiş, onu günahkar çıxarmaq üçün yüz cür bəhanə axtarırdılar. Bütün bunlara dözməyən yazıçı 1937-ci ildə həyat yoldaşı ilə birlikdə ölkədən qaçmış və Braziliyada məskunlaşmışdı. Braziliyaya sürgün illərində qələmə alıb və hadisələrin gəmidə baş verməsi, yəni ayaq basılası torpağın yoxluğu vətənsizliyi, yurdsuzluğu işarələyir. Hər ikisi ölümün yaxınlaşdığını hiss edir: doktor B. Artıq dəli olmağın bir addımlığındadır, Svayq isə bəlkə də, son əsərinin yazdığının fərqində idi. Hər ikisi təhsilli, kültürlü insanlardı...
Çentoviç obrazı isə Hitleri, ümumən faşizmin simvolu kimi göstərilir. Dünya çempionu olmasına baxmayaraq Çentoviçi kütbeyin, sənətdən uzaq, şahmatdan başqa heç nədən anlayışı olmayan bir robot kimi təqdim edir yazıçı. Onun şəklinin sabun reklamında istifadə edilməsi o zamanlar məşhur ifadəyə çevrilən Hitlerin yəhudiləri sabun köpüyünə çevirməsinə, məzmunundan xəbərsiz olaraq adını “Şahmat fəlsəfəsi” kitabının yazarı kimi təqdim olunmasına razılığı da yenə Hitlerə göndərmədir...
Yazıçının vurğuladığı digər məsələ isə heçlikdir. Yəni faşizmin dünyanı müharibə və dağıntılarla dolu bir heçliyə çevirməsi. Əslində, alt qatlarda düşünəndə həbs edilən doktor B. deyildi, ədəbiyyat, musiqi, əxlaq, sənət idi. Heçlik barədə isə yazıçını dediyi kimi nəsə demək çətin olduğundan romandan qısa bir abzasın bu yazımda olmasını istəyirəm:
“...amma boşluqda, zamansızlıqda keçən dörd ayın nə qədər davam etdyini heç kim nə bir başqasına, nə də özünə izah edə, ölçə, təsəvvür edə bilməz. İnsanın ətrafındakı eyni heçlik, eyni masa, çarpayı, ləyən və divar kağızının daimi səssizliyi, üzümə baxmadan yeməyi içəri uzadan mühafizəçinin, insanı dəli edəcək qədər boşluqda fırlanan eyni düşüncələrin insanı necə için-için yediyini kimsə kiməsə izah edə bilməz”.
Ştefan Svayq novellasına müəyyən real ştrixlər də qatıb. Məsələn, Çentoviçlə doktor B.-nin ilk oyunlarında taxtadakı daşların düzülüşü eynilə 1922-ci ildə Alyoxin və Boqolyubov arasında keçən qarşılaşmanın otuz səkkizinci həmlədən sonrası ilə eynidir.
Çentoviçin qələbəsi, doktor B.-nin məğlubiyyəti yazıçının artıq sənətin məhv olacağı, Avropanın yenidən əvvəlki dövrünə qayıdacağına olan ümidsizliyi idi və onu intihara sövq edən də məhz bu ümidsizlik idi. Svayq dünyanı iki rəngdə dəyərləndirir, barbarlıq və mədəniyyətin qarşıdurmasını rəmzi şəkildə şahmat lövhəsində ağ və qara fiqurlara bölmüşdü. Yalnız bu gün aradan uzun illər keçdikdən sonra Ştefan Svayq və Hitler arasındakı “şahmat oyunu”nda kimin kimi mat etdiyi açıqca görünür...